Tamaşaçı
rəğbəti qazanan aktyor
Xalq artisti İlham Namiq Kamal: Həsrətində
olduğum heç bir obraz yoxdur
İlham Namiq Kamal. Ötən il oktyabrın
30-da Heydər Əliyev Sarayında 75 illiyi qeyd edilmiş bu
tanınmış aktyor indiyədək yaratdığı biri-birindən
maraqlı rolları ilə böyük tamaşaçı rəğbəti
qazanıb. Yaradıcılığında yumora və satiraya
meyil güclü olsa da, o, ən müxtəlif janrlarda olan əsərlərdə
də maraqlı obrazlar, yüksək sənət nümunələri
yaradıb. "Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərində
(“Qaynana”, “Bəyin oğurlanması”, “Qəribə adam”,
“Musiqi müəllimi”, “Arvadım mənim, uşaqlarım mənim”,
“Uzun ömrün akkordları” və s.), onlarla televiziya
verilişində satirik obrazlarda, "Mozalan” satirik
kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla
çıxış edən aktyor bu gün də səhnədədir.
Beləliklə, müsahibimiz Xalq artisti, professor, “Şöhrət” ordenli, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr kafedrasının məsləhətçi-professoru İlham Namiq Kamaldır.
- İlham Namiq Kamal… Bu ad çəkiləndə
üzlərə təbəssüm qonur. Bəs kimlərin
adı çəkiləndə İlham Namiq Kamalın
çöhrəsində təbəssüm yaranır?
- Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Yaşar Nuri, bir də Hacıbaba Bağırovun adları çəkiləndə… Onu da deyim ki, onların hər biri sevib-seçdikləri aktyorluq sənətində özlərini peşəkar sənətkar kimi təsdiqləyib. Bu mənada həmin sənətkarların mədəniyyət sahəsindəki xidmətləri barədə ayrıca söz açmağa ehtiyac yoxdur.
-
Hansısa rolunuz konkret bir şəxsin prototipidir?
-
Ümumiyyətlə, aktyorda, hər şeydən əvvəl,
güclü müşahidə qabiliyyəti olmalıdır.
Fikrimcə, bu başqa bir insanın cilidinə girməkdə,
başqa bir insanın obrazını yaratmaqda mühüm amillərdən
biridir. Bu mənada gördüyümüz insanların hərəkətləri,
danışıq tərzləri, yerişləri bizim beynimizə
yazılır. Amma aktyor bütün bunları ümumiləşdirməyi
bacarmalıdır. Belə deyək, tar, kaman simləri ilə
köklənir. Biz isə bu və ya digər obrazı yaradanda
təpədən-dırnağa qədər köklənirik.
Bütün bunlar əgər belə demək mümkünsə
içəridən, daxildən gəlməlidir. Mən də
bu və ya digər obrazı yaradanda müşahidələrimə
əsasın beləcə köklənirəm. Amma hansısa
rolum heç kimin prototipi deyil.
- Kifayət
qədər obrazlar ifa etmisiniz. Həsrətində
olduğunuz rol varmı?
- Elə
sənət adamları var ki, bu və digər rolun həsrətində
olduqlarını bildirirlər. Mənim isə həsrətində
olduğum heç bir obraz yoxdur. Bir də mən niyə obraz
həsrətini çəkməliyəm? Qoy o obraz həsrətimdə
olsun ki, onu İlham Namiq Kamal oynayacaq.
- Son
illər sizi yeni filmlərdə, teleseriallarda görmək
mümkün deyil. Bunun obyektiv və subyektiv səbəbləri
hansılardır?
-Mənim
aləmimdə dövlət səviyyəsində çəkilən
filmlərdə rejissor, rəssam, bəstəkar işi daha
peşəkarlıqla ortaya qoyulur. Təəssüf ki, son illərdə
dövlət səviyyəsində kifayət qədər film
çəkilmir. Yəni, demək istəyirəm ki,
hazırda çəkilən filmlərdə, teleseriallarda
peşəkarlıq o qədər də özünü
göstərmir. Mən isə peşəkarlıqlarına
inandıqlarımın filmlərində rol almağı
xoşlayıram. Elə bu kimi səbəblərdən dəvətlər
olsa da onlara əhəmiyyət vermirəm.
- Yeri gəlmişkən,
bəs bir Xalq artisti kimi ümumiyyətlə, televiziya
verilişləri barədə nə deyə bilərsiniz?
- Bəri
başdan deyim ki, Azərbaycan televiziya məkanında səviyyəsiz
verilişlər çoxdur. Mənim fikrimcə, insanların
zövqünü korlamağa xidmət edən həmin
verilişlər sanki bəzi telekanalların həyat tərzinə
çevrilib. Məgər həmin kanallar heç olmasa bir
film-tamaşa hazırlaya bilməzlərmi? Elə bu kimi səbəblərdən
mən bir qayda olaraq hər televiziya kanalında
görünmürəm. Bir qayda olaraq Azərbaycan
Televiziyasının, bir də İctimai Televiziyanın dəvətlərini
qəbul edirəm.
“Bədii
Şura yox dərəcəsindədir”
- Elə
isə yaradıcılığınızda nə kimi yeniliklər
var?
- Ötən
ilin sonlarında Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının səhnəsində görkəmli yazıçı-dramaturq
Sabit Rəhmanın "Əliqulu evlənir" komediyası əsasında
librettosunu yazdığım, rejissor kimi quruluş verdiyim, həm
də baş rolu ifa etdiyim "Əliqulu bu gün evlənir"
tamaşasını sənətsevərlərə təqdim
etmişəm. Bugünümüzlə səsləşən,
“kreslo xəstəliyinə” tutulan, ondan varlanmaq məqsədilə
istifadə edən vəzifə düşkünlərinin
iç üzünü açan bu tamaşanın bəstəkarı
Əməkdar incəsənət xadimi, mərhum Oqtay Rəcəbov,
şeirlərin müəllifi, Əməkdar incəsənət
xadimi Baba Vəziroğludur. Onu da deyim ki, "Əliqulqu bu
gün evlənir" tamaşası müəyyən səbəblərdən
14 il yubanıb. Rəhmətlik Oqtay Rəcəbova bu
tamaşanı görmək qismət olmadı. Yeri gəlmişkən,
bu tamaşa hazırda teatrın repertuarındadır.
- Səhv
etmiriksə, bu, sizin rejissor kimi Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının səhnəsində ilk işiniz
deyil.
- Elədir.
Mən "Əliqulqu bu gün evlənir"
tamaşasına qədər Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının səhnəsində “Şeytanın
yubileyi” və “Amerikalı kürəkən”
tamaşalarının da rejissoru olmuşam. Bu mənada "Əliqulqu bu
gün evlənir" sözügedən teatrda mənim
rejissorluğumla ərsəyə gələn
üçüncü tamaşadır. Nə gizlədim,
onların sayı daha çox ola bilərdi. Amma… Bu da mən
deyərdim ki, teatr aləmində davam edən şəxsiyyətə
pərəstişlə əlaqədardır.
- Sizcə,
bu nədən irəli gəlir?
- Ümumiyyətlə,
bu və ya digər teatrda Bədii Şura normal fəaliyyət
göstərəndə bir-birindən maraqlı tamaşalar
repertuara daxil edilir. O Bədii Şura ki, teatrın repertuar
siyasəti onun tərəfindən müəyyənləşməlidir,
tamaşalar yalnız şura üzvlərinin
razılığı əsasında hazırlanmalıdır.
Təklif olunan əsər Bədii Şuranın hər bir
üzvünə verilməli, onlar da oxuyub fikir bildirməlidirlər.
Amma nə yazıq ki, bu gün bədii şuralar yalnız
kağız üzərində fəaliyyət göstərirlər.
Bu mənada demək olar ki, teatrlarımızda Bədii
Şura yox dərəcəsindədir. Hətta mən deyərdim ki, səhnələşdirmək
üçün təqdim olunan əsərlərdən
onların xəbəri belə olmur. Elə bu kimi səbəblərdən
teatrlar dünya teatr məkanına inteqrasiya etməkdə
çətinlik çəkirlər. Halbuki, dövlət
başçısının bununla bağlı Sərəncamı
da var ki, Azərbaycan teatrı dünya teatr məkanına
inteqrasiya etməlidir.
- Xalq
artisti Nəsibə xanım Zeynalova demişdi ki, İlham Əhmədovu
oğlum Cahangir qədər sevirəm. Onunla radio-televiziyada və
bir çox tamaşalarda tərəf-müqabili olmuşam.
Bizim nəsildən sonra səhnəyə İlham kimi
istedadların gəlməsinə ürəkdən sevinirəm.
İlham müəllimin özü bu gün hansı aktyor
haqqında belə fikirdədir?
-
Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında onlarla tələbəm
fəaliyyət göstərir. Bu tələbələrimin hər
biri üzərinə düşən işin öhdəsindən
gəlməyə çalışır. Mən bu və ya
digər tamaşada onlarla tərəf-müqabil də oluram. Təkcə
bir faktı qeyd edim ki, "Əliqulqu bu gün evlənir"
tamaşasında 6 tələbəm iştirak edir.
Şübhəsiz, bu, böyük xoşbəxtlikdir. Mən
ümumiyyətlə, istedadlı gənclərə
inanıram. Həm də onları düzgün istiqamətləndirməyə
çalışıram. Həmişə də cəhd edirəm
ki, onlara yardımçı olum, onların sənət
yollarında bələdçilik edim. Unutmayaq ki, teatr aləmində
çalışmaq heç də asan deyil. Bu sənət
aktyordan dözüm, səbir tələb edir. Bütün
bunları mənə aşılayanlar, başqa sözlə
desək, məni bir aktyor kimi yetişdirənlər Adil
İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov kimi sənətkarlar
olublar. Lakin mən çox istedadlı, həm də deyərdim
ki, təkrarsız sənətkarımız Nəsibə
xanımdan fərqli olaraq, konkret ad çəkə bilməyəcəyəm.
“Dadaşbala
əməliyyatı” ilə bağlı xoş xatirə
- Sizin ən uğurlu
rollarınızdan biri Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı”nda Dadaşbala rolu olub. Əgər
bu tamaşaya qədər tamaşaçılar arasında “Əntərzadə”,
“Paşa Paşayeviç” kimi məşhurlaşmışdınızsa,
bu rol sizi həm də Dadaşbala kimi də tanıdıb. Hətta
eşitdiyimizə görə, bu tamaşanın uzun müddət
oynanılması da elə sizin uğurlu ifanızın
hesabına olub.
- Bu,
inkarolunmazdır. Hətta 1990-cı ildə bu tamaşa ilə
Naxçıvana da getmişdik. Mən bu tamaşaya Ulu Öndər
Heydər Əliyevi də dəvət etmək qərarına
gəldim. Onda Ulu Öndər hələ vəzifə
başında deyildi. Elə bu məqsədlə də
Ümummilli Liderin yaşadığı məkana üz tutdum…
Ulu Öndərlə bacısı gildə
görüşdüm. Bu dahi şəxsiyyət məni
çox səmimi qarşıladı və təklifimi məmnuniyyətlə
qəbul etdi. Ertəsi gün Ulu Öndər öz
yaxınları ilə bigə tamaşamıza baxmağa gəldi.
Tamaşadan sonra Ulu Öndər bizimlə
görüşdü. Çay süfrəsi arxasında
teatrlarla bağlı bizimlə söhbətlər etdi, biz bir
daha Onun sənətə, sənətkara necə yüksək
qiymət verdiyinin şahidi olduq. Həmin görüşdə
mən Ulu Öndərə "Dadaşbala əməliyyatı”nın
necə bir tamaşa olması ilə bağlı sual
ünvanladım. Ulu Öndər dedi ki, "Dadaşbala əməliyyatı"
yenidənqurma əleyhinə nümayiş etdirilən ilk
tamaşadır. Ümumiyyətlə, Ulu Öndər Heydər
Əliyev incəsənət adamlarına münasibətində
həmişə səmimiliyi ilə seçilib. Hətta Ulu
Öndər bizim iştirakımızla çəkilən
“Mozalan” kinojurnalının hər bir
biraxılışını maraqla izləyərdi.
Prezidentimiz İlham Əliyev də dahi şəxsiyyətin
yolunu uğurla davam etdirir. Kino, teatr, musiqi, tətbiqi sənət,
tarixi abidələrin qorunması və bərpası ilə
bağlı qəbul olunan Dövlət proqramları və cənab
Prezidentin ölkədə mədəniyyət sahələrinin
inkişafı ilə bağlı imzaladığı sərəncamları
dediklərimi bir daha təsdiq edir.
Cənab Prezident sənət adamlarına yüksək dəyər
verir. Hətta Prezidentimiz çıxışlarının
birində demişdir ki, Azərbaycanı dünyada tanıdan
bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız,
şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır.
- Son
illər yaddaşınıza əbədi həkk olunan
hansı hadisə olub?
- 44
günlük Vətən müharibəsi Azərbaycanın
siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin
xalqımızın milli birliyini və sarsılmaz iradəsini
bütün dünyaya göstərdi. Təbii ki, bu tarixi Zəfərin
əsas qəhrəmanı Ulu Öndər Heydər Əliyevin
siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev oldu. Nəticədə
ölkəmiz BMT Təhlükəsizlik Şurasının
münaqişə ilə bağlı dörd qətnaməsini
özü yerinə yetirdi. 2023-cü ilin sentyabrında isə
qəhrəman ordumuzun 23 saatlıq antiterror əməliyyatı
nəticəsində Qarabağda qondarma rejim özünü
buraxdığını elan etdi və bununla da dövlətimiz
özünün tam suverenliyinə nail oldu. Bax, bu iki
mühüm hadisə yaddışıma əbədi həkk
olunub. Hə, onu da deyim ki, işğaldan azad edilmiş ərazilərimizdə
bu gün aparılan geniş abadlıq-quruculuq işlərini
gördükcə ürəyim dağa dönür. Hətta
indi Xankəndidə Qarabağ Universiteti fəaliyyət
göstərir. Bir sözlə, Prezident İlham Əliyevin
bildirdiyi kimi, Qarabağ, Şərqi Zəngəzur ölkəmizin
daxili imkanları hesabına dirçəlir və hər
gün biz bunu əyani şəkildə görürük.
Yeri gəlmişkən, bu tarixi günləri bizə
yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı
bildirir, şəhidlərimizin ruhu qarşısında baş
əyir, qazilərimizə şəfa diləyirəm. Amma onu
da vurğulamağı özümə borc bilirəm ki,
dövlət başçımızın bu istiqamətdə
gördüyü işlərin misli-bərabəri yoxdur. Əsrlər
ötəcək, amma Müzəffər Ali Baş
Komandanımızın bu tarixi nailiyyətləri heç
zaman unudulmayacaq.
Teatr
Xadimləri İttifaqı yeni kurs götürüb
- Siz həm
də Teatr Xadimləri İttifaqının sədr
müavinisiniz. Bəlkə, bir
qədər də burada görülən işlərdən
söz açasınız?
- Bəri
başdan deyim ki, 7 ay öncə Xalq artisti Hacı
İsmayılov Teatr Xadimləri İttifaqının sədri
seçilib və elə o vaxtdan da bu qurum işini
günün tələbləri səviyyəsində qurmaq
niyyəti ilə yeni kurs seçib. Mən burada
yaradıcılıq işlərinə baxıram. Bildiyiniz
kimi, bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət
göstərir. Bu teatrlarda 700-dək aktyor və aktrisa
çalışır. Bayaq qeyd etdiyim kimi, ölkə rəhbərliyi
bütün sahələrdə olduğu kimi, teatr sənətinin
də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir.
Teatr binalarının əsaslı təmiri, incəsənət
ustalarının sosial rifah halının
yaxşılaşdırılması istiqamətində
atılan addımlar bunun bariz nümunəsidir. Biz də etimadı
doğrultmağa çalışırıq. Yeni kurs dedim. Məsələn,
artıq bu gün Teatr Xadimləri İttifaqı bu və ya
digər rayonda, şəhərdə fəaliyyət göstərən
teatrları paytaxta dəvət etmir, özü mütəmadi
onlara baş çəkir, problemləri ilə maraqlanır.
Bu yaxınlarda Azərbaycan Teatr Xadimləri
İttifaqının İdarə Heyətinin üzvləri Lənkəranda
və Gəncədə səyyar iclaslar keçirib. Bu ilin
aprelində Xaçmazda, may ayında isə Naxçıvanda
teatr və xalq teatrlarının iştirakı ilə
görüş keçirəcək. Bu yaxınlarda
İttifaqımız “Teatr fədaisi” medalı da təsis edib.
Bu, “Sənətkar” medalından, “Qızıl Dərviş”
mükafatından sonra üçüncü təsisatdır.
Yeri gəlmişkən, bildiyiniz kimi, 10 Mart - Milli Teatr
Günüdür. Həmin gün Azərbaycan teatrının
yaranmasının 152-ci ildönümü qeyd ediləcək.
Şübhəsiz, biz həmin günü daha təmtəraqlı
keçirməyə çalışacağıq. Hətta
ölkəmizin müxtəlif bölgələrində fəaliyyət
göstərən 44 nəfər sənət adamına
mükafatlar da təqdim edəcəyik.
- Bu qədər
işlərlə məşğul olan İlham Namiq Kamal dincəlməyə
vaxt tapa bilirmi?
- Asudə
vaxtım olan kimi dədə-baba yurduma, yəni
Şamaxının Sarıtorpaq məhəlləsinə
qaçıram. Bura gələndə elə rahatlanıram
ki...
Qvami Məhəbbətoğlu
İki
sahil.- 2025.- 28 fevral, №37.- S.8.