“Konstitusiya və
Suverenlik İli”: Yeni reallıqlar, strateji hədəflər
Azərbaycan qırx dörd günlük Vətən
müharibəsində qazandığı tarixi Qələbə
ilə ərazi bütövlüyünü, 2023-cü ilin
sentyabrında qəhrəman ordumuzun həyata keçirdiyi 24
saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa
etdi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi
işğalın aradan qaldırıldığı
bütün ərazilərdə bərqərar olundu. Prezident
İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı
ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi
Günü elan edildi. 30 illik erməni işğalına son
qoyaraq ərazi bütövlüyünü və
süverenliyini bərpa edən Azərbaycanda 2024-cü il
fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə
bütün ölkə ərazisində prezident, sentyabrın
1-də isə parlament seçkiləri keçirildi. Son illər
sürətli və dinamik inkişaf yolu keçən, tarixi
nailiyyətlər əldə edən Azərbaycan öz ərazi
bütövlüyünü və suverenliyini bərpa etdikdən
sonra ilk dəfə bütün ölkə ərazisində
keçirilən prezident seçkiləri çox
mühüm tarixi məqamları ilə yadda qaldı.
Ölkəmizin başçısının müdrik
və uzaqgörən siyasəti nəticəsində
2024-cü ildə Qarabağ Zəfəri siyasi-diplomatik
müstəvidə daha da möhkəmləndirildi, əsas hədəflərə
nail olundu. Azərbaycanın hərbi qüdrəti
artırıldı. Qarabağda
və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri
daha da sürətləndirildi. Zəngilana, Füzuliyə,
Laçına, Şuşaya və Xocalıya keçmiş məcburi
köçkünlərin mərhələli
qayıdışının təmin olunması istiqamətində
işlər uğurla davam etdirildi. Kəlbəcər, Cəbrayıl,
Ağdam və digər rayonlarda insanların doğma yurdlarına
qayıdışı ilə bağlı intensiv işlər
davam etdirildi.
Azərbaycan Respublikasının ərazi
bütövlüyünün və suverenliyinin tam bərpa
olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin
30-cu və Vətən müharibəsində qələbənin
5-ci ildönümünü nəzərə alaraq Prezident
İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci
il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan
edildi. Bu qərar hüquqi dövlətçilik və
suverenlik dəyərlərinin möhkəmləndirilməsi
baxımından xüsusi əhəmiyyətə malikdir.
Suverenlik və dövlətçilik müstəqil dövlətlərin
varlığını və inkişafını təmin edən
əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin
hüquqi və siyasi əsaslarını deyil, həm də
xalqımızın milli kimliyini və birliyini ifadə edir.
Qırx dörd günlük Vətən müharibəsində
əldə edilən tarixi Zəfər yalnız hərbi deyil,
həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin
möhkəmləndirilməsi anlamına gəlir.
Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə əzəli
torpaqlarımızın işğaldan azad edilməsi, ərazi
bütövlüyünün, dövlət suverenliyinin və
ölkənin bütün ərazilərində Azərbaycan
Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin
tam bərpasının qürurverici təntənəsini
yaşayır. Postmüharibə dövründə Qarabağ
və Şərqi Zəngəzurda yenidənqurma işləri,
məcburi köçkünlərin doğma torpaqlarına
qaytarılması və iqtisadi inteqrasiya layihələri
suveren dövlət anlayışının real təcəssümü
olub.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması
nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin
yarıtmaz fəaliyyəti cəmiyyət həyatının
bütün sahələrində kəskin böhrana, ölkədə
anarxiyanın yaranmasına gətirib çıxarmış,
dövlət idarəçiliyi mexanizmləri
formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların
azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi
mümkün olmamışdır.
1993-cü ildə xalqın tələbi ilə yenidən
hakimiyyətə qayıdan Ümummilli Lider Heydər
Əliyevin böyük xilaskarlıq missiyası sayəsində
ölkəmizdə cərəyan edən təhlükəli
proseslərin qarşısı alındı, ictimai-siyasi
sabitlik təmin edildi və müasir dövlət quruculuğu
üçün etibarlı zəmin yarandı. Ulu Öndərin
bilavasitə rəhbərliyi ilə hazırlanmış və
1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan
Respublikasının ilk Konstitusiyası ölkəmizdə
genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını
təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi, dünyəvi dövlət
quruculuğu, vətəndaşlarımızın layiqli həyat
səviyyəsinin, dünya ölkələri ilə dostluq və
əmin-amanlıq şəraitində əməkdaşlığın
təmin edilməsi kimi ali niyyətlərin həyata
keçirilməsi üçün mühüm qanunvericilik
bazası rolunu oynamışdır.
Böyük qürur hisssi ilə demək olar ki, bu
gün Azərbaycan dövləti xalqımızın milli
maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində
müstəqil siyasətini daha cəsarətlə,
prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə
və öz suveren hüquqlarına əsaslanaraq,
qarşıda duran strateji hədəflərə doğru
inamla irəliləyir.
Zahid Rza
İki sahil .- 2025.- 1 iyul (¹110).- S.4.