“Xidmət et, dəyər
yarat və iz qoy!”
Samir Abdullayev: Bu yanaşma hər addımımda mənə
yol göstərir
Gənclər cəmiyyətin gələcəyidir,
onlarla işləmək isə strateji baxış və sosial
məsuliyyət tələb edir. Bu
çağırışı peşəyə, həyat tərzinə
çevirənlərdən biri də “İki sahil” qəzetinin
bu dəfəki müsahibi – Samir Abdullayevdir. Tələbəlik
illərindən liderlik və təşəbbüskarlıq
nümunəsi göstərən Samir bu gün də gənclərlə
maarifləndirici layihələr həyata keçirir,
onların inkişafına töhfə verir.
-Özünüzü oxucularımıza necə təqdim
edərdiniz?
-Mən, Samir Abdullayev. Azərbaycan Turizm və Menecment
Universitetinin məzunuyam. Təhsil aldığım dövrdə
Tələbə Gənclər Təşkilatının və
Tələbə Həmkarlar İttifaqının sədri kimi
aktiv fəaliyyət göstərmiş, müxtəlif layihələrə
və tələbə təşəbbüslərinə rəhbərlik
etmişəm. 2023-cü ildə universitetlərarası
“İlin ən yaxşı tələbə Gənclər Təşkilatı
Sədri” mükafatına layiq görülmüşəm.
Turizm sahəsində də aktiv fəaliyyət göstərirəm.
2022-ci ildə “İlin Ən Yaxşı Turizm Bələdçisi”
adına layiq görülmüşəm və bu gün də
dövlət qonaqları üçün tur proqramları həyata
keçirirəm. Xüsusilə Qarabağ bölgəsində
beynəlxalq nümayəndələrə və turistlərə
bələdçilik edirəm. Beynəlxalq arenada da ölkəmi
fəxrlə təmsil etmişəm. Məsələn,
Özbəkistanda keçirilən Türk Dünyası Turizm
Gəncləri Festivalında Azərbaycan komandasının rəhbəri
olmuşam. Təqdimatımızla türk dilli ölkələr
arasında birinci yerə çıxmışıq. Qrant
qazanan uğurlu layihələrimə “Gənc turizm liderləri
düşərgəsi”, “Gənc iqlim elçiləri” və
“Ekoloji gələcək” layihələri daxildir. Hazırda
magistr təhsilimi dövlət təqaüdü ilə
Rusiyanın Volqa Dövlət Texnologiya Universitetində davam
etdirirəm. Eyni zamanda, hazırda Pirallahı Gənclər
Evində çalışıram. Gənclərlə birgə
layihələr, təlimlər və maarifləndirici fəaliyyətlər
təşkil edir, həftəsonları isə turizm bələdçisi
kimi fəaliyyətimi davam etdirirəm. Həm gənclərlə
işləməyi, həm də ölkəmin turizm
potensialını tanıtmağı həyatımın əsas
missiyalarından biri hesab edirəm. Məni fərqləndirən
əsas dəyərlər – məsuliyyət, davamlı öyrənmək,
insanlara dəyər qatmaq və milli kimliyə
bağlılıqdır. Həyat fəlsəfəm isə
qısadır: “Xidmət et, dəyər yarat və iz qoy!” Bu
yanaşma hər addımımda mənə yol göstərir.
-Gənclərlə iş sahəsində bu qədər
aktiv olmağınızın səbəbi nədir?
-Gənclərlə işləmək sadəcə bir
iş deyil, çağırışdır. Onların
potensialına inanmaq və inkişaflarına dəstək
olmaq məni ruhlandırır. Bu istiqamətə yönəlməyimdə
həm şəxsi təcrübələrim, həm də tələbəlik
dövründə rastlaşdığım nümunəvi gənc
liderlər rol oynayıb. Gənclərdən enerji alıram və
eyni enerjini onlara qaytarmağa çalışıram.
- Həm tələbə, həm də gənclər
təşkilatlarının sədri kimi fəaliyyət sizə
nə qazandırdı?
-Mənə liderlik anlayışını dərindən
öyrətdi. Komanda qurmaq, insanları dinləmək, qərar
vermək və çətinliklərə qarşı birlikdə
mübarizə aparmaq bacarıqlarımı
formalaşdırdı. Hər təşəbbüs bir dərs,
hər uğur bir motivasiya, hər çətinlik isə təcrübə
oldu.
-Qarabağ bölgəsində turizm bələdçisi
kimi çalışmaq sizin üçün nəyi ifadə
edir?
-Bu, mənim üçün təkcə bir vəzifə
deyil – şərəfli missiyadır. Qarabağ
torpaqlarını qonaqlara tanıtmaqla həm şəhidlərimizin
ruhuna sayğımı ifadə edirəm, həm də bu
bölgənin dirçəlişinə töhfə verirəm.
Hər addımda həm tarix danışır, həm də gələcəyin
turizm xəritəsi qurulur.
- Beynəlxalq tədbirlərdə ölkəni təmsil
etmək sizə nə qazandırdı?
-Özbəkistanda Türk Dünyası Turizm Gəncləri
Festivalında ölkəmi təmsil etmək böyük məsuliyyət
idi. Komanda rəhbəri olaraq həm təqdimata rəhbərlik
etdim, həm də milli kimliyimizi doğru şəkildə
tanıtmağa çalışdım. Bu təcrübə mənə
qlobal düşünməyi, eyni zamanda, yerli dəyərlərə
daha çox bağlanmağı öyrətdi.
-Qrant qazanan layihələrinizin əsas qayəsi nədir?
-Layihələrim gənclərin maarifləndirilməsi,
ətraf mühitə həssaslıq və turizmə
marağın artırılması üzərində qurulub.
Marağım universitet illərində formalaşdı və
zamanla daha da dərinləşdi. Gələcəkdə isə
daha genişmiqyaslı layihələr planlaşdırıram
– xüsusilə rəqəmsal turizm və ekoloji təhsil sahələrində.
-Magistr təhsilini Rusiyada davam etdirməyin
üstünlükləri nələrdir?
-Volqa Dövlət Texnologiya Universitetində
aldığım təhsil mənə texnologiya ilə idarəetmənin
sintezini öyrədir. Burada qazanılan bilik və şəbəkə
imkanlarını Azərbaycana gətirərək gənclərlə
iş və turizm sahəsində yeniliklərə imza atmaq
niyyətindəyəm. Beynəlxalq təcrübə yerli
inkişaf üçün mühüm açardır.
-Gənclər siyasətinə töhfə vermək
arzunuzun səbəbi nədir?
-Bugünkü Azərbaycan gənci istedadlıdır,
amma dəstəyə, doğru yönə və imkanlara ehtiyacı
var. Əsas çağırışlar – passivlik, informasiya
qıtlığı və motivasiya
çatışmazlığıdır. Mən bu
boşluğu real layihələrlə, motivasiyaedici
platformalarla doldurmaq istəyirəm.
- Çoxşaxəli fəaliyyət zamanı
vaxtı necə idarə edirsiniz?
-Planlaşdırma və prioritetləşdirmə. Hər
günüm öncədən planlı olur. Vaxtı doğru
idarə etmək, balansı qorumaq və özünə də
zaman ayırmaq uğurlu fəaliyyətin əsas şərtidir.
Həm layihə, həm bələdçilik, həm də təhsil
sahəsində bu prinsip mənə kömək olur.
-Azərbaycanın turizm və gənclər sahəsində
ehtiyac duyduğu yeniliklər nələrdir?
-Ən vacibi – innovativ yanaşma və beynəlxalq
inteqrasiyadır. Gənclər üçün smart
platformalar, yerli turizm üçün rəqəmsal alətlər
və interaktiv öyrənmə üsulları tətbiq edilməlidir.
Beynəlxalq təcrübəni yerli ehtiyaclara
uyğunlaşdırmaq əsas hədəfimdir.
-Maraqlıdır, bu qədər işin-gücün
arasında asudə vaxtınızı dəyərləndirirsinizmi?
-Asudə vaxtlarımı şəxsi inkişaf və
peşə təkmilləşdirməsinə yönəldirəm.
Turizm bələdçisi kimi daim yeni tur marşrutları
hazırlayır, Azərbaycanın bölgələrini daha dərindən
tanımaq üçün araşdırmalar aparıram. Eyni
zamanda, yeni layihə ideyaları üzərində
düşünür və onların yazılı təqdimatlarını
hazırlayıram. Xarici ölkələrdə gənclər
siyasəti və turizm sahəsində baş verən yenilikləri,
beynəlxalq xəbərləri izləyir, bu bilikləri yerli
təşəbbüslərə tətbiq etməyə
çalışıram. Bu fəaliyyətlər mənə
həm aktual qalmağa, həm də qlobal düşüncə
ilə yerli fəaliyyətlərə yön verməyə
kömək edir.
-Gələcəyə baxışınızda
özünüzü hansı rolda görürsünüz?
-Mən özümü gələcəkdə gənclər
siyasəti, turizm və davamlı inkişaf sahəsində
strateji qərarlar verən, icra edən və dəyişikliyə
liderlik edən bir şəxs kimi görürəm. İstəyirəm
ki, mənim fəaliyyətim yeni liderlərin yaranmasına, gənclərin
inkişafına və Azərbaycanın beynəlxalq imicinin
möhkəmlənməsinə töhfə versin.
Yaqut Ağaşahqızı
İki sahil .- 2025.- 2 iyul (¹111).- S.8.