Mina terrorunun
memarı - Ermənistan
Bu gün ölkəmizin üzləşdiyi ən
aktual problemlərdən biri minaların və
partlamamış hərbi sursatların (PHS) geniş
yayılmasıdır. Keçmiş münaqişələrin,
xüsusən də Qarabağ müharibəsinin bu
qalıqları mülki əhalinin həyatı
üçün ciddi təhlükə yaratmaqda davam edir,
iqtisadi inkişafa mane olur və bərpa işlərini çətinləşdirir.
Ermənilər 30 illik işğal dövründə ərazilərimizi
dünyada analoqu olmayan sistemlə minalayıblar. Azərbaycanın
12 faizdən artıq ərazisi minalarla çirkləndirilib.
Otuz ilə yaxın işğalçılıq
dövründə bu əraziləri minalamış ermənilər
beynəlxalq konvensiyalara zidd olaraq xəritələri Azərbaycan
tərəfinə təqdim etmirlər. Yalnız müəyyən
ərazilərin mina xəritəsi əsirlərin
qarşılığında verilib ki, bunun da 75 faizi
yanlışdır. Qarabağ ərazisinin relyefi və
minaların çoxluğu nəzərə alınsa, demək
olar ki, ümumilikdə minaların təmizlənməsi uzun
illər ərzində mümkün ola bilər. Azad edilmiş
ərazilərimizdə minalanma səviyyəsi heyrətamiz dərəcədə
yüksəkdir. Laçın, Kəlbəcər, Füzuli,
Ağdam və digər rayonlarımızda vəziyyət daha
acınacaqlıdır. Təkcə Ağdam şəhərində
97 min mina basdırılıb. Azərbaycan tərəfi dəfələrlə
beynəlxalq təşkilatlara məlumat versə də Ermənistan
tərəfi bu gün müxtəlif bəhanələrlə
minalanmış sahələrin tam xəritəsini təqdim
etməkdən boyun qaçırır.
Azərbaycanda minaların insan həyatına
vurduğu zərər danılmazdır. Yüzlərlə
mülki şəxs bu məkrli cihazların qurbanı olmaqla,
ölüm, yaxud amputasiya kimi həyati xəsarətlər
alır. Bu günlərdə Ağdam rayonunun Papravənd kəndi
ərazisində Ağdam Rayon Polis Şöbəsində polis
serjantı kimi çalışan Xəyyam İsmayılov
piyada əleyhinə minaya düşüb. Məlumata görə,
onun sağ ayağı topuqdan amputasiya edilib. Qeyd edək ki,
2020-ci il Vətən müharibəsinin bitməsindən sonra
Azərbaycanda mina qurbanlarının ümumi sayı 399 nəfərə
çatıb. Bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyi "X" hesabında paylaşım edilib. "Ermənistanın
mina ilə çirklənmiş ərazilərin tam və dəqiq
xəritələrini təqdim etməkdən davamlı şəkildə
imtina etməsi bu ərazilərdə yaşayan mülki şəxslər
və digər insanlar üçün ciddi təhlükə
yaradır. Beynəlxalq ictimaiyyət bu humanitar hüquq
pozuntuları qarşısında səssiz
qalmamalıdır", - deyə paylaşımda qeyd edilib.
Minalar təkcə insan həyatı deyil, təbiət
üçün də uzunmüddətli təhdid yaradır.
Azad olunmuş torpaqlarımızda minlərlə hektar ərazidə
basdırılan minalar əkin yerlərini zəhərləyir,
bitki örtüyünü məhv edir. Bundan əlavə,
minalar su resurslarına da ciddi zərər vurur. Torpağın
kimyəvi tərkibini dəyişdirən partlayışlar
zamanı zəhərli maddələr yeraltı su mənbələrinə
sızaraq ətraf mühitin çirklənməsinə səbəb
olur. Bu da həm insanların, həm də heyvanların
sağlamlığına mənfi təsir göstərir.
Minaların təmizlənməsi ekosistemin bərpasında əsas
şərtdir.
Minalar Azərbaycanda iqtisadi inkişafa da əngəllər
yaradır. Həmin ərazilərdə kənd təsərrüfatı
fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb.
Geniş münbit torpaq sahələri əlçatmaz olaraq
qalır. Yolların, məktəblərin
və səhiyyə müəssisələrinin tikintisi də
daxil olmaqla infrastrukturun inkişafı da ləngiyir, bu da
münaqişədən sonra yenidənqurma və inkişaf səylərinin
tempini aşağı salır. Vəziyyətin
ağırlığını dərk edən Azərbaycan
hökuməti beynəlxalq təşkilatlarla birlikdə minatəmizləmə
əməliyyatlarında fəal iştirak edir. Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
çirklənmiş ərazilərin təmizlənməsi və
minaların təhlükələri barədə məlumatlılığın
artırılması istiqamətində yorulmadan fəaliyyət
göstərir. Bu səylərə baxmayaraq, çirklənmənin
miqyası genişdir və minalardan təmizləmə həm gərgin zəhmət tələb
edir, həm də təhlükəli
prosesdir. Qeyd edək ki, "Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər
Planına əsasən, 2022-2025-ci illər ərzində 215
min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə
tutulub. Plana uyğun olaraq 3 il ərzində 159 min hektardan
artıq ərazi (73,95 faizdən artıq) minalardan təmizlənib.
Hazırda minatəmizləmə əməliyyatları intensiv
şəkildə davam etdirilir. İşğaldan azad olunan ərazilərdə
ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,
Dövlət Sərhəd Xidməti və 4 özəl
şirkətin birgə əməyi nəticəsində mart
ayı ərzində 4556 hektar ərazi minalardan təmizlənib.
105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9755
partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Sülh və təhlükəsizlikdən, haqq və ədalətdən
dəm vuran bütün beynəlxalq təşkilatlar, eləcə
də sayılıb-seçilən dövlətlər 2020-ci
il 10 noyabr tarixli üçtərəfli Bəyanatın
6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində
hərbi fəaliyyəti, minaların daşınmasını
və yerləşdirməsini davam etdirən Ermənistanın
mina terrorunun qarşısının alınması
üçün riyakar Hayastan hökumətinə ciddi təzyiqlər
göstərməli, minalanmış ərazilərin təmizlənməsi
ilə bağlı ölkəmizə dəstək verməlidirlər.
Daim ikili standartlar siyasəti yürüdən təşkilatlar
regionda uzunmüddətli sülhdə maraqlıdırlarsa o
zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq
göstərərək həqiqi mina xəritələrinin Azərbaycana
təhvil verilməsində israr etməlidirlər. Hər kəs
anlamalıdır ki, ermənilər öz öhdəliklərini
yerinə yetirib müharibə cinayətlərindən əl
çəkməyənə qədər regionda uzunmüddətli
sülhdən söhbət gedə bilməz.
Sevinc Azadi
İki sahil .- 2025.- 2 iyul (№111).- S.6.