Şərəfli yolun, fədakar
xidmətin günü - 2 İyul
Hər bir cəmiyyətin sabitliyi, hüququn aliliyi və
vətəndaşların təhlükəsizliyi məhz
hüquq-mühafizə orqanlarının fəaliyyətindən
asılıdır.
Azərbaycan polisi 1918-1920-ci illəri əhatə edən
fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin
müdafiəsində mühüm rol oynayıb. Daha sonra Azərbaycanın
Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində
inkişaf edərək, qanunçuluğun və ictimai
asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə
zəngin təcrübə qazanıb.
Tarixə nəzər salsaq görərik ki, dövlətçiliyin
əsas sütunlarından olan daxili işlər
orqanlarının möhkəm nizam-intizama, yüksək
peşəkarlığa malik qurum kimi formalaşması Ulu
Öndərin adı ilə sıx bağlıdır. Heydər
Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi 1969-1982-ci illər daxili işlər orqanlarının
tarixində əsaslı dönüş mərhələsi
olub. Həmin dövr polisin təşkilati və ideoloji cəhətdən
möhkəmlənməsi, şəxsi heyətin milli ruhda
formalaşması ilə əlamətdardır. Bu istiqamətdə
atılan addımların nəticəsi idi ki, 1988-ci ildə
Ermənistanın Azərbaycana hərbi təcavüzü
başlayanda düşmənin qarşısına
çıxan ilk nizami qüvvə milis, sonrakı illərdə
Daxili Qoşun hissələri oldu.
İşğalçılarla döyüşlərdə
1700-ə yaxın polis əməkdaşı və hərbi
qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər
isə yaralandı. Göstərdikləri igidliyə görə
67 nəfər Azərbaycanın Milli Qəhrəmanı
adına, 1143 nəfər orden və medallara layiq görüldü.
Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra polisin fəaliyyətində də yeni
inkişaf dövrü başladı. Ulu Öndərin 1998-ci
ildə imzaladığı Fərmana əsasən, iyulun 2-nin
“Azərbaycan polisi günü” elan edilməsi Onun daxili işlər
orqanlarına verdiyi dəyərin daha bir parlaq təzahürü
oldu.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə
də Daxili Qoşunların döyüş
hazırlığının yüksəldilməsi daim diqqətdə
saxlanılıb, müasir silah və texnika ilə təminat,
şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində bir çox mühüm qərarlar qəbul
olunub. Müzəffər Ali Baş Komandanın xüsusi diqqət
və qayğısının nəticəsi olaraq hazırda
Daxili Qoşunlar qarşıya qoyulan istənilən
döyüş tapşırığını yerinə
yetirməyə qadirdir. Daxili Qoşunların peşəkar
kadr özəyinin formalaşmasında, şəxsi heyətin
yüksək döyüş hazırlığında
Türkiyə Silahlı Qüvvələri, o cümlədən
Jandarm Baş Komandanlığı ilə əməkdaşlığın
rolunu da xüsusi qeyd etmək lazımdır. Eyni zamanda,
nazirliyin fəaliyyətinin beynəlxalq standartlara
uyğunlaşdırılması, ən müasir
texnologiyalarla təchizatı yüksək səviyyəyə
çatdırılıb, elektron xidmətlər, veb-sayt,
“qaynar xətt” və digər informasiya resursları
yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində
fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu
təmin edən innovativ təşəbbüslər orqan və
hissələrdə qanunçuluğun qorunmasını, xidmətin
səmərəsini və operativliyini artırıb. Daxili
İşlər Nazirliyinin (DİN)-in səlahiyyətindəki
məsələlərlə bağlı rəsmi ərizə,
şikayət, təklif və ya sorğunu “E-Polis” mobil tətbiqi
vasitəsilə onlayn göndərmək mümkündür.
Beynəlxalq standartlara cavab verən infrastruktura və
maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin,
qanunçuluğun və hüquq qaydasının qorunması
üzrə peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş
hüquq-mühafizə orqanıdır. Prezident İlham
Əliyevin diqqət və qayğısı nəticəsində
davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın
qanunla qorunan hüquq və mənafelərinin etibarlı
müdafiəsində, cinayətkarlığa, onun transmilli
mütəşəkkil növlərinə qarşı
mübarizədə adekvat cavab tədbirləri görməyə
imkan yaradır. Daxili işlər orqanları hər zaman vəzifə
borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.
Vətən müharibəsində
qazanılmış tarixi Zəfərdə polis orqanları əməkdaşlarının
və hərbi qulluqçularının da müstəsna xidmətləri
olub. Çətin döyüş
tapşırıqlarını uğurla yerinə yetirən
Daxili Qoşunların xüsusi təyinatlıları
düşmənin yüzlərlə canlı qüvvəsini
və döyüş texnikasını məhv edərək qəhrəmanlıq
salnaməsi yaradıblar. Bu müharibədə Daxili
Qoşunların şəxsi heyətindən 66 nəfər
şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb.
Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına
döyüşmüş Daxili Qoşunların əməkdaşlarından
1690 nəfəri Prezident İlham Əliyevin
imzaladığı sərəncamlarla müxtəlif orden və
medallara, o cümlədən 4 nəfər Vətən
Müharibəsi Qəhrəmanı adına layiq
görülüb.
Ümumiyyətlə, istər Birinci Qarabağ
döyüşlərində, istərsə də 44
günlük Vətən müharibəsində daxili
qoşunların hərbi qulluqçuları və polis əməkdaşları
ön cəbhənin müxtəlif istiqamətlərində
işğalçılara qarşı mətinliklə
döyüşüblər.
2024-cü il sentyabrın 19-da Xankəndi şəhəri
və ona yaxın ərazilərdə yerləşmiş Ermənistan
ordusunun qalıqlarının basdırdığı
minaların partlaması nəticəsində
daha 6 nəfər, o cümlədən polis əməkdaşlarımız
həlak olub. Həmin gün Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin
başladığı lokal xarakterli antiterror tədbirləri
zamanı qarşıya qoyulan tapşırıqların yerinə
yetirilməsində polis əməkdaşları yüksək
peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı
zamanı DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə
yüksəlib.
Vətən müharibəsindən sonra
işğaldan azad olunmuş ərazilərdə dövlətimizin
başçısının Fərmanı ilə Azərbaycan
Respublikasının inzibati ərazi bölgüsünə
müvafiq olaraq yaradılan və hər rayon üzrə
xüsusi idarəetməni həyata keçirən müvəqqəti
komendantlıqların fəaliyyətinin təşkilinin
DİN-ə həvalə edilməsi Azərbaycan polisinə
göstərilən yüksək etimadın daha bir göstəricisi
oldu. Ölkəmizin bütün ərazilərində, o
cümlədən işğaldan azad olunan şəhər və
rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən
layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları
göstərilən etimadı doğrultmaq üçün
gecə-gündüz uğurla xidmət aparırlar.
Eləcə də 2024-cü ildə Azərbaycan Polisi
Günü ərəfəsində nazirliyin müxtəlif
struktur qurumlarına aid dörd yeni inzibati bina istifadəyə
verilib. Həmçinin kibercinayətlərə qarşı əks
tədbirlərin gücləndirilməsi, sistemli və daha məqsədyönlü
aparılması, müvafiq sahədə vətəndaş məmnunluğunun
təmin edilməsi məqsədilə DİN-in Kibercinayətkarlıqla
Mübarizə Mərkəzi üçün yeni inzibati bina
tikilib.
Bu gün ölkəmizdə sabitliyin, ictimai
asayişin keşiyində qətiyyətlə dayanan Azərbaycan
polisi cinayətkarlıqla mübarizədə də öz fədakarlığı
ilə seçilir. Azərbaycan polisi mütəşəkkil
cinayətkar qruplaşmalara, narkotiklərin qanunsuz dövriyyəsinə,
eləcə də dövlətin konstitusion quruluşuna
çıxanlara qarşı qətiyyətlə mübarizə
aparır.
DİN əməkdaşları işğaldan azad
olunan bölgələrin təhlükəsiz əraziyə
çevrilməsi məqsədilə xidməti vəzifələrini
layiqincə həyata keçirirlər. Böyük
Qayıdış prosesinin sürətləndirilməsi və
təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə
Qarabağ və Şərqi Zəngəzurda qarşıya
qoyulan tapşırıqlar böyük əzmlə icra olunur.
Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən
təmizlənməsi işi xidmətə cəlb edilən
daxili işlər orqanları əməkdaşlarının əsas
fəaliyyət istiqamətlərindən biridir.
Bu gün biz yalnız hüquq-mühafizə
orqanlarının uğurlarını deyil, həm də
onların keçdiyi çətin və şərəfli
yolu xatırlayırıq. Hər bir polis əməkdaşı
bu torpaqda sabitliyin, təhlükəsizliyin və hüququn
qoruyucusudur. Onların əməyinə dəyər vermək,
onları anlayışla qarşılayıb dəstəkləmək
hər bir cəmiyyətin vətəndaşlıq borcudur. Qoy
Azərbaycan polisi daim güclü, cəmiyyətin
inamını doğruldan və hüququn keşiyində
qürurla dayanan bir qurum olsun. 2 İyul-yalnız bir tarix deyil,
bu peşəyə könül verən insanların əzmini,
sədaqətini və Vətən sevgisini ehtiva edən bir
gündür.
Səbinə Qorxmaz
İki sahil .- 2025.- 2 iyul (¹111).- S.6.