Sosial şəbəkələrin
təbliğ etdiyi həyat tərzi, saxta münasibət
obrazları, görünüş və status üzərində
qurulan əlaqələr....
Psixoloq gənclər arasında münasibətlərin
niyə bu qədər çətinləşməsinin səbəblərini
izah edib
Bu gün gənclər arasında münasibətlər
niyə bu qədər mürəkkəb və gərgin
görünür? Kişilərin qadınlara qarşı
artan inamsızlığı, qadınların ailədə rəhbər
olmaq istəyi, dəyişən qadın obrazı və
getdikcə silinən mental dəyərlər bütün bu
suallar bizi bir nöqtəyə aparır: Münasibətlərdə
güvən və rollar niyə dəyişir?
Psixoloq Aytən Ələkbərova mövzu ilə
bağlı “İki sahil” TV-yə müsahibəsində bu dəyişikliklərin
psixoloji və sosial səbəblərinə aydınlıq gətirdi.
-Aytən xanım, bugünkü gənc oğlanlarda
qızlara qarşı artan inamsızlığın
kökündə hansı psixoloji və sosial faktorlar
dayanır?
-Gənc oğlanlarda qızlara qarşı artan
inamsızlıq, təkcə fərdi travmaların və ya
şəxsi təcrübələrin nəticəsi deyil, eyni
zamanda, cəmiyyətin formalaşdırdığı sosial
mühitin və informasiya axınının
yaratdığı psixoloji təzyiqin nəticəsidir.
İlk növbədə, müasir dövrdə münasibətlərə
dair gözləntilər və standartlar çox dəyişib.
Sosial şəbəkələrdəki
“ideallaşdırılmış” həyat tərzi, saxta
münasibət obrazları, görünüş və status
üzərində qurulan əlaqələr kişilərdə
qadınlara qarşı daha ehtiyatlı, şübhəli və
bəzən də qoruyucu davranışlara səbəb olur.
Eyni zamanda, kişilər arasında bu
inamsızlığın formalaşmasında erkən
yaşdan onlara aşılanan gender rolları və
“kişilik” anlayışı da mühüm rol oynayır.
Onlardan daim güclü, nəzarətçi və
emosiyalarını gizlədən tərəf olmaları tələb
edilir. Bu isə münasibətlərdə açıq dialoqu
və qarşılıqlı anlaşmanı çətinləşdirir.
Gənc oğlanlar özünü ifadə edə bilmədikdə
və qarşı tərəfin niyyətini tam anlamadıqda,
bu, zamanla güvənsizlik hissinə çevrilir. Digər tərəfdən,
bəzi hallarda ailədə, yaxın çevrədə və
ya əvvəlki münasibətlərdə yaşanmış
xəyanət və ya emosional travmalar da
inamsızlığın əsasını təşkil edir.
Xüsusilə də mediada tez-tez yayılan aldadılma və
xəyanət mövzulu məlumatlar bu qorxuları daha da dərinləşdirir.
Beləliklə, kişilər özlərini qorumaq
üçün münasibətlərə emosional məsafə
ilə yanaşmağa və qarşı tərəfdə
daim şübhə axtarmağa meyilli olurlar. Bütün bu
amillər nəticəsində bugünkü gənc
oğlanlarda formalaşan inamsızlıq təkcə
qadınlara qarşı deyil, ümumiyyətlə, münasibət
qurmağa və bağlılıq yaratmağa qarşı bir
narahatlıq və qorxuya çevrilir. Bu isə sağlam
münasibətlərin yaranmasını çətinləşdirir
və şəxsi inkişafın qarşısını
alır. Problemin həlli isə ilk növbədə emosional
savadlılığın artırılması, gender bərabərliyi
mövzusunda maarifləndirmə və ailə daxilində
sağlam ünsiyyət nümunələrinin qurulmasından
keçir.
-Qadınların ailə içində dominantlıq
istəyi ilə psixoloji ehtiyac arasında fərq necə
qoyulur? "Mən idarə etməliyəm"
düşüncəsi hansı uşaqlıq travmalarından
və ya ailə modelindən qaynaqlana bilər?
-Qadının ailə içində dominant olmaq istəyi
ilə onun psixoloji ehtiyacları arasındakı fərqi
ayırd etmək üçün ilk növbədə
davranışın arxasındakı motivasiyanı anlamaq
lazımdır. Bu, sadəcə idarə etmək arzusu, nəzarəti
əlində saxlamaq istəyi deyil, bəzən çox daha dərin
bir ehtiyacın-təhlükəsizlik, dəyərli olmaq və
qəbul edilmək istəyinin ifadəsidir. “Mən idarə
etməliyəm” düşüncəsi çox vaxt
uşaqlıqda yaşanmış emosional
çatışmazlıqlardan, nəzarətsiz və xaotik
ailə mühitindən qaynaqlanır. Əgər uşaq ikən
çevrəsindəki böyüklər etibarsız olubsa, məsələn,
valideynlər arasında münaqişələr, atanın ailədən
uzaq olması və ya ananın daim gücsüz, aciz rolda
olması müşahidə edilibsə bu uşaqda belə bir
mesaj formalaşır: “Yalnız özümə güvənə
bilərəm, hər şeyi mən idarə etməliyəm, əks
halda dağılıram.” Həmçinin valideynin, xüsusilə
də ananın öz övladını “kiçik dost”, “məsləhətçi”,
“dayaq” kimi görməsi, yəni, onu yaşına uyğun
olmayan məsuliyyətlərə cəlb etməs qız
uşağında erkən yaşdan “Mən cavabdehəm”
rolunu formalaşdırır. Bu isə sonrakı həyatda münasibətlərdə
bərabərlik yerinə nəzarət ehtiyacı ilə
müşayiət olunan dominant davranışlara gətirib
çıxarır. Bəzən də qadının
dominantlığı sadəcə özünü qoruma
mexanizmidir. Əgər o, emosional olaraq dəfələrlə
travma alıbsa və ya bir zamanla qərar vermək imkanından
məhrum olubsa, onda sonrakı münasibətlərdə idarəetməni
əlində saxlamaqla özünü təhlükədən
qorumağa çalışır. Çünki nəzarət
onun üçün güvən və sabitlik deməkdir.
Burada əsas məsələ budur ki, qadının dominant
davranışı əslində “güclü olmaq” deyil,
çox vaxt “zəiflik göstərməyə qorxu”dan
doğur. Bu fərqi anladıqda həmin qadının əslində
nəzarət etməyə deyil, emosional təhlükəsizliyə
ehtiyacı olduğu görünür. Psixoloji müdaxilə
zamanı bu davranışın kökündə duran
travmalarla işləmək, qadının daxili güvənini
bərpa etmək və münasibətlərdə sağlam sərhədləri
formalaşdırmaq əsas məqsədlərdən biri olur.
-Mental dəyərlərin silinməsi əslində
azadlıqdırmı, yoxsa istiqamətsizləşmə? Gənclər
bu sərhədsizliklə nə edəcəyini bilirmi?
-Bu məsələ çox mürəkkəb və
çoxşaxəlidir. Bu prosesə psixoloji baxımdan
yanaşdıqda onu təkcə azadlıq və ya istiqamətsizləşmə
kimi qruplaşdırmaq düzgün olmaz. Əslində, mental
dəyərlər insanın şəxsiyyətini,
dünyagörüşünü və davranış modelini
formalaşdırır. Onların dəyişməsi və ya
zəifləməsi həm müsbət, həm də mənfi
nəticələrə səbəb ola bilər. Bir tərəfdən,
müəyyən dərəcədə köhnəlmiş, məhdudlaşdırıcı
və stereotipik dəyərlərdən azad olmaq gənclərə
yeni fikirlərə açıq olmaq, fərdi azadlıq və
seçim imkanlarını genişləndirmək
şansı verir. Bu, onların şəxsiyyət
inkişafı və özünüifadəsi
üçün vacibdir.
Digər tərəfdən, əgər mental dəyərlər
tamamilə itirilsə və ya əvəzində aydın və
stabil bir dəyər sistemi qurulmazsa, bu, istiqamətsizliyə,
mənəvi boşluğa və qarışıqlığa
gətirib çıxara bilər. Gənclər bu vəziyyətdə
öz kimliklərini tapmaqda, həyat məqsədlərini
müəyyən etməkdə çətinlik çəkə,
daxili narahatlıq və stress yaşaya bilərlər. Nəticədə,
mental dəyərlərin dəyişməsi prosesində
balansın qorunması önəmlidir. Gənclərin sərbəst
düşüncə və seçim azadlığı təmin
edilməli, eyni zamanda onlara möhkəm, universal insan prinsipləri
əsasında formalaşan dəyər sistemi təqdim
olunmalıdır ki, onlar həm azad olsunlar, həm də həyatlarında
sabit istiqamət və mənəvi dayaq tapa bilsinlər.
-Stress və maddi çətinliklər evlilik
münasibətlərinə necə təsir edir və bu vəziyyətlərdə
nə etmək lazımdır?
-Stress və maddi çətinliklər evlilik
münasibətlərinə ciddi təsir göstərə bilər.
Çünki onlar həm fərdi, həm də cütlük
səviyyəsində emosional gərginliyi artırır. Maddi
problemlər ailədə narahatlıq, qeyri-müəyyənlik
və gələcəyə dair qorxular yaradır ki, bu da tərəflərin
bir-birinə olan etibarını və duyğusal
yaxınlığını zəiflədə bilər. Stress
isə insanın özünü idarəetmə qabiliyyətini
azaldır, səbirsizlik və anlaşılmazlıqların
yaranmasına şərait yaradır, nəticədə
münaqişələrin sayı və şiddəti arta bilər.
Belə vəziyyətlərdə ilk növbədə
cütlüklərin açıq və dürüst
ünsiyyət qurması vacibdir. Bir-birinin hisslərini,
narahatlıqlarını dinləmək və
qarşılıqlı dəstək göstərmək
münasibətlərin möhkəmlənməsinə kömək
edir. Maddi çətinlikləri birlikdə planlamaq, prioritetləri
müəyyənləşdirmək və həll yolları
üzərində birgə düşünmək ailədə
həmrəylik hissini gücləndirir.
Eyni zamanda, streslə başa çıxmaq
üçün fərdi olaraq da emosional resursların
qorunması, məsələn, rahatlama texnikaları, idman və
ya psixoloji dəstək almaq önəmlidir.
-Evlilikdə hər iki tərəfin fərdi
azadlığının qorunması münasibətlərə
necə təsir edir?
-Bu məsələ sağlam və balanslı
münasibətlərin vacib şərtlərindən biridir.
Cütlüklərin bir-birinə yaxınlığı,
birlik hissi nə qədər vacibdirsə, onların şəxsi
sərhədlərinin tanınması və hörmətlə
qarşılanması da bir o qədər önəmlidir.
Psixoloji baxımdan fərdi azadlıq insanın öz
maraqları, hobbiləri, dostluq münasibətləri və
şəxsi inkişafına vaxt ayıra bilməsi onun daxili
rahatlığını və emosional sabitliyini təmin edir.
Bu isə dolayısı ilə münasibətə də
pozitiv təsir göstərir. Əksinə, tərəflərdən
birinin özünü sıxılmış, nəzarət
altında və ya azadlığını itirmiş hiss etməsi
münasibətlərdə gərginlik, inciklik və emosional
uzaqlaşma yarada bilər. Bu vəziyyət bir müddət
sonra passiv aqressiya, ünsiyyətin pozulması və hətta
ayrılığa qədər gedib çıxa bilər. Fərdi
azadlığın qorunması tərəflərin bir-birindən
uzaqlaşması demək deyil. Əksinə, bu,
qarşılıqlı hörmətin və inamın göstəricisidir.
Hər iki tərəf öz şəxsi məkanına sahib
olduqda və bu məkan münasibət daxilində təbii
şəkildə tanındıqda, insanlar özlərini daha dəyərli
qəbul olunmuş və azad hiss edirlər. Bu da münasibətlərdə
daha sağlam emosional bağlantı yaradır. Eyni zamanda,
azadlığın sərhədləri aydın şəkildə
müəyyən olunmalıdır. Yəni, cütlüklər
hansı sahələrdə birlikdə qərar verməli,
hansı sahələrdə isə fərdi qərar
hüququna malik olduqlarını qarşılıqlı şəkildə
razılaşdırmalıdırlar. Bu balans bir tərəfdən
əlaqənin güclü olmasını, digər tərəfdən
isə fərdin daxili bütövlüyünün
qorunmasını təmin edir. Azadlıq və yaxınlıq
bir-birinə zidd deyil, doğru şəkildə
tarazlaşdırıldıqda onlar bir-birini gücləndirən
iki sütundur.
-Aytən xanım, münasibətlərin sağlam və
hörmətə əsaslanan şəkildə qurulmasında
valideynlərin münasibət
nümunəsinin rolu nə qədər önəmlidir və
bu nümunə gələcək münasibətlərə
necə təsir göstərir?
-Evlilik münasibətlərində
qarşılıqlı hörmətin bünövrəsini
qoyan ən əsas faktorların biri cütlüyün valideyn
nümunəsindən aldığı təsirlərdir. Hər
bir insanın münasibətlər haqqın ilkin
anlayışı və münasibət qurma
bacarığı ailə mühitində, valideynlərinin
bir-birinə münasibətindən formalaşır. Bu
nümunə sadəcə uşaqlıq dövrü
üçün deyil, gələcəkdə evlilik münasibətlərinin
keyfiyyəti üçün də əsas göstəricidir.
Valideynlərin bir-birinə qarşı göstərdiyi
hörmət, anlayış, dəstək və
qarşılıqlı ehtiram cütlüklər
üçün bir növ “emosional xəritə” rolunu
oynayır. Bu xəritə onların gündəlik münasibətlərində
necə davranacaqları, konfliktlərin öhdəsindən necə
gələcəkləri, fikir ayrılıqlarını necə
idarə edəcəkləri və bir-birinə necə
yaxınlaşacaqları barədə dolğun istiqamət
verir. Əgər valideynlər münasibətlərində
bir-birinin sərhədlərinə hörmətlə
yanaşıb, ünsiyyətdə empatiya göstəribsə,
cütlüklər də eyni nümunə əsasında
münasibətlərində hörmətin vacibliyini dərk
edir, bunu təcrübəyə çevirir. Digər tərəfdən,
valideynlər arasında hörmətsizlik, tənqid, soyuqluq və
ya hətta zorakılıq müşahidə edən insanlar
evlilikdə hörmətin nə olduğunu, onu necə ifadə
etməli olduqlarını bilməyə bilər və ya
yanlış modellər əsasında qurmağa
çalışarlar. Bu, münasibətlərdə
davamlı gərginlik, anlaşılmazlıq və emosional
uzaqlaşmaya gətirib çıxara bilər. Məsələn,
belə cütlüklərdə bir tərəf öz fikrini
ifadə etməkdən qorxar, digəri isə hakimiyyət və
ya nəzarət vasitəsilə münasibətləri idarə
etməyə çalışar. Bu, qarşılıqlı
hörmətin yoxluğu ilə nəticələnir və
uzun müddətdə münasibətlərin pozulmasına səbəb
olur. Qarşılıqlı hörmət, sadəcə
xoş sözlər deyil, hər iki tərəfin fikrinin dinlənilməsi,
emosional ehtiyaclarının qəbul edilməsi və fərdi
sərhədlərə hörmətlə
yanaşılması deməkdir. Valideyn nümunəsi bu sahədə
cütlüklərə davranış kodeksi yaradır. Məsələn,
problemlər yarananda sakit və açıq dialoqla, bir-birinin
fikrinə hörmətlə yanaşmaq, tənqid etmək
yerinə dəstəkləyici olmaq, qarşı tərəfi
aşağılamaqdan qaçmaq və.s
Bu nümunə, həmçinin münasibətlərdə
hörmət və sevginin bir-birindən ayrılmaz olduğunu
göstərir. Valideynlərinin bir-birini dəyərli və bərabər
tərəfdaş kimi görməsi cütlüklərin
öz aralarında da qarşılıqlı hörmət əsasında
sevgi və bağlılıq qurmasına zəmin yaradır.
Hörmət olmadan sevgi uzun müddət davam etməz, sevgi isə
hörmətsizliyi aradan qaldırmaq üçün motivasiya
verə bilməz.
Səbinə Qorxmaz
İki sahil .- 2025.- 3 iyul (¹112).- S.6.