"Konstitusiya və
Suverenlik İli”: Azərbaycanın
hüquqi dövlətçilik
yolu
“Bizim Konstitusiyamız Azərbaycan Respublikasının
tarixi ənənələrini, xüsusiyyətlərini əks
etdirir. O, Azərbaycan Respublikasında demokratik hüquqi
dövlətin qurulmasını, ölkəmizdə olan
bütün vətəndaşların hüquq və
azadlıqlarını təmin edəcəkdir. Bu, bizim
özümüzün Konstitusiyamızdır, müstəqil
Azərbaycan Respublikasının Konstitusiyasıdır”.
Ulu Öndər Heydər Əliyev
Konstitusiya hər bir dövlətin hüquqi - siyasi
dayağı, suverenliyinin və idarəçilik sisteminin əsasını
təşkil edən ən mühüm sənəddir. Azərbaycan
Respublikasının Konstitusiya tarixi və suverenlik yolu 1918-ci
ildən 2025-ci ilə qədər bir neçə əsas mərhələlərdən
keçmişdir. Bu prosesdə Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması, Sovet hakimiyyəti dövrü, müstəqilliyin
bərpası, 1995-ci ildə müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasının qəbulu və
sonrakı illərdə aparılan islahatlar mühüm rol
oynamışdır. Azərbaycanın ilk müstəqillik
dövrü 28 may 1918-ci ildə qəbul edilən İstiqlal Bəyannaməsi
ilə başladı. İstiqlal Bəyannaməsi Azərbaycan
xalqının müstəqillik və özünüidarəetmə
hüququnun tanınması baxımından tarixi bir addım
idi. Bu hüquqi (həm də siyasi) sənəddə müstəqil
Azərbaycan dövlətinin yarandığı (xalq
cümhuriyyəti formasında) bəyan olunmuş, onun hakimiyyətinin
şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş,
həmçinin dövlətin əsas fəaliyyət prinsipləri
öz əksini tapmışdır. İstiqlal Bəyannaməsində
demokratik dövlətə məxsus atributların – hakimiyyətin
xalqa mənsub olması, vətəndaşların mülki və
siyasi hüquqlarının təmin edilməsi, bütün
xalqların və hər bir kəsin milli, dini və cinsi mənsubiyyətindən
asılı olmayaraq azad inkişafı üçün şərait
yaradılması, ən nəhayət, hakimiyyət
bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin
əsasını təşkil etməsinin bəyan edilməsi
suveren, demokratik, hüquqi dövlət yaradılması istəyini
nümayiş etdirirdi. İstiqlal Bəyannaməsinin
siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda
milli dövlətin siyasi əsaslarını, yəni demokratik
rejimli parlament respublikası idarəçilik formasını,
ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin
qanunverici orqan qarşısında məsuliyyət
daşımasını və ümumilikdə
parlamentçiliyin formalaşdırılmasını, daxili və
xarici, eyni zamanda milli siyasətin əsaslarını, vətəndaşların
hüquqi statusunun əsaslarını bərqərar edərək
möhkəmləndirdi.
Bu sənədlə Azərbaycan:
• Müstəqil dövlət elan olundu.
• Xalq hakimiyyəti prinsipi əsas
götürüldü.
• Hər kəsin hüquq bərabərliyi təmin
edildi.
• Demokratik dövlət quruluşu təsbit edildi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
dövlətin idarəçilik prinsiplərini müəyyən
edən bir sıra mühüm qanunlar qəbul edildi. 1918-ci
ilin dekabrında Azərbaycanın ilk parlamenti formalaşdı
və demokratik idarəçilik sisteminin təməli qoyuldu.
Lakin 1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən
işğal edildi və Azərbaycan SSRİ-nin tərkibinə
daxil oldu. Bu dövrdə Azərbaycan SSR-in hüquqi əsaslarını
müəyyən edən bir neçə Konstitusiya qəbul
edildi:
1921-ci il Konstitusiyası: Azərbaycan SSR-in ilk
Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan
Sovetlər qurultayında qəbul olunmuşdur. 5 bölmə,
15 fəsil və 104 maddədən ibarət olan bu Konstitusiya
Azərbaycanda sovet quruluşunun yarandığını, əməkçilərin
mənafelərinin və hüquqlarının qorunduğunu təsbit
etdi. Dövlət idarəçilik formasını kommunist
diktaturasının ən demokratik siyasi forma hesab etdiyi formada –
sovetlər respublikası formasında müəyyən edən
Azərbaycan SSR-in ilk Konstitusiyasında ali hakimiyyətin fəhlələrə
və əməkçi kəndlilərə, öz əməyi
ilə yaşayanların hamısına məxsus olduğu qeyd
olunurdu. Söz və mətbuat azadlığı,
yığıncaqlar, mitinqlər, küçə
yürüşləri azadlığı, vicdan
azadlığı, milli, irqi və dini mənsubiyyətindən
asılı olmayaraq bərabərlik hüququ, ictimai təşkilatlarda
birləşmək hüququ, pulsuz, ümumi və icbari təhsil
hüququ bu Konstitusiyada öz əksini tapmışdı.
Hüquq və azadlıqların verilməsi və onların həyata
keçirilməsinin təminatı ilə yanaşı,
1921-ci il Konstitusiyası vətəndaşların üzərinə
müəyyən vəzifələr qoyurdu. Əməklə
məşğul olma vacib vəzifə kimi qarşıya
qoyulurdu. Konstitusiya bərabərlik hüququnu təsbit etsə
də, bəzi kateqoriya şəxsləri seçki
hüququndan məhrum edirdi.
Azərbaycan SSR-in birinci Konstitusiyasına 14 mart 1925-ci
ildə 4-cü, 26 mart 1927-ci ildə 5-ci, 14 fevral 1931-ci ildə
7-ci və 11 yanvar 1935-ci ildə 8-ci Ümumazərbaycan Sovetlər
qurultayında dəyişiklik və əlavələr
edilmişdir.
1937-ci il Konstitusiyası: Bu Konstitusiya 14 fəsil və
155 maddədən ibarət idi. İqtisadi sahədə, cəmiyyətin
sinfi quruluşunda və milli qarşılıqlı
münasibətlərdə əmələ gəlmiş əsaslı
dəyişikliklər sosialist demokratiyası prinsipinə
uyğun surətdə dövlət orqanları sistemində və
seçki hüququ prinsipində bir sıra yeniliklərin təsbit
edilməsinə səbəb oldu. Hakimiyyət
orqanlarının hamısı gizli səsvermə yolu ilə
ümumi, müstəqim və bərabər seçki
hüququ əsasında seçilməyə başladı.
Əvvəlki Konstitusiyalardan fərqli olaraq Azərbaycan SSR-in
1937-ci il Konstitusiyası bir sıra yeni fəsilləri –
“İctimai quruluş”, “Vətəndaşların əsas
hüquq və vəzifələri”, “Naxçıvan
MSSR-nın ali dövlət hakimiyyəti orqanları”, “Məhkəmə
və prokurorluq” adlanan fəsilləri əhatə edirdi.
Sosialist federasiyasının tamhüquqlu üzvü kimi Azərbaycan
SSR-in “dövlət suverenliyi” formal da olsa onun
Konstitusiyasının müddəalarında ifadə
olunmuşdu: SSRİ-nin dövlət quruluşu
respublikaların federativ birliyi kimi müəyyən edilsə
də, Azərbaycan SSR tərkibində iki muxtar qurumun
olmasına baxmayaraq, unitar quruluşa malik idi.
1978-ci il Konstitusiyası: 1978-ci il aprelin 21-də Azərbaycan
SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında
Azərbaycan SSR-in yeni
Konstitusiyası qəbul olundu. Bu, Azərbaycan SSR-də qəbul
edilən sonuncu Konstitusiya idi. Bu Konstitusiya 11 bölmə, 22 fəsil
və 185 maddədən ibarət idi. Əvvəlki
konstitusiyalardan fərqli olaraq Azərbaycan SSR-in 1978-ci il
Konstitusiyası öz müsbət və həmin dövr
üçün cəsarətli, mütərəqqi müddəaları
ilə seçilirdi. Bu Konstitusiyanın “Dövlət və
şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların
hüquq və azadlıqlarının genişləndirilməsi,
onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla
zənginləşdirilməsi ilə səciyyələnirdi.
İlk dəfə olaraq məhz bu Konstitusiyada xalq hakimiyyətinin
bilavasitə demokratiya institutu olan referendum düzgün olaraq
ümumxalq səsverməsi kimi təsbit edilmişdir. Bu
Konstitusiyanın müsbət tərəflərindən biri də
odur ki, o referendumu ictimai rəy sorğusundan və qanun, qərar
layihələrinin müzakirəsindən fərqləndirirdi.
İlk dəfə olaraq ölkəmizin Konstitusiya tarixində
“xalq hakimiyyəti” və “demokratiya” terminləri məhz Azərbaycan
SSR-in 1978-ci il Konstitusiyasında qəbul olunmuşdur. Burada
deyilirdi ki, Azərbaycan SSR-də bütün hakimiyyət xalqa
məxsusdur.
Bu Konstitusiyada ilk dəfə Azərbaycan dili dövlət
dili kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili
statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq
qarşısında ən böyük tarixi xidmətlərindən
biri idi və Ümummilli Liderimiz bununla gələcək
müstəqil dövlətçiliyin milli rəmzlərindən
birini məharətlə qorumuş oldu.
Tarixdə elə şəxsiyyətlər olur ki,
onların fəaliyyəti xalqın, dövlətin inkişaf
yolunu müəyyən edir, qoyduqları irs isə gələcək
nəsillər üçün dövlətçilik ənənələrinin
yaşamasında inkişafın istiqamətini
formalaşdırır. Azərbaycan dövlətçiliyi
tarixində Ümummilli Liderlik zirvəsinə ucalan məhz
Heydər Əliyev olub. Azərbaycan tarixinin bütöv bir mərhələsi
böyük dövlət xadimi Heydər Əliyevin adı ilə
bilavasitə bağlıdır. 1978-cı ildə qəbul
edilmiş Azərbaycan SSR-in Konstitusiyasında dövlət
dili haqqında maddə yer alanda sovetlər ittifaqının on
beş respublikasından yalnız ikisinin - Gürcüstan və
Ermənistanın Konstitusiyalarında dövlət dili
haqqında maddə var idi. Ümummilli Lider Heydər
Əliyevin bu cəsur addımı
əslində, həmin dövrdə digər
respublikaların — Ukrayna, Belarus, Özbəkistan,
Qırğızıstan, Tacikistan, Türkmənistan,
Qazaxıstanın da ana dillərini öz konstitusiyalarında qəbul
etmələrinə yol açdı.
SSRİ-nin dağılması prosesində Azərbaycanda
18 oktyabr 1991-ci ildə referendumla
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu sənədlə
Azərbaycan Respublikasının tam müstəqil dövlət
olduğu elan edildi. Dövlətin hüquqi əsası Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olması prinsipi üzərində
quruldu və SSRİ-yə aid bütün qanunların qüvvədən
düşdüyü bildirildi.
Sovetlər Birliyindən ayrıldıqdan sonra Azərbaycan
SSR-nin Konstitusiyası (1978-ci il) artıq müstəqil
dövlətin reallıqlarına cavab vermirdi. Yeni siyasi sistem –
demokratik, hüquqi, suveren dövlət qurulurdu və bu da yeni
bir əsas qanun tələb edirdi. Müstəqil Azərbaycanın
hüquqi bazası yenidən qurulmalı idi. Sovet dövrünə
aid qanunvericilik sistemi müstəqil dövlət
üçün uyğun deyildi. Yeni Konstitusiya insan hüquq və
azadlıqlarını təmin edən, hakimiyyət
bölgüsünü (qanunverici, icra, məhkəmə),
hüquqi dövlət prinsiplərini təmin edən bir sənəd
kimi hazırlanmalı idi. Sovet iqtisadi sistemindən (mərkəzləşdirilmiş
planlı iqtisadiyyat) azad bazar iqtisadiyyatına keçid
üçün hüquqi zəmin yaradılmalı idi. Yeni
Konstitusiya mülkiyyət hüququ, sahibkarlıq
azadlığı və iqtisadi fəaliyyət prinsiplərini
tanımalı idi. Sovet ideologiyasından uzaq, milli dəyərlərə,
milli mənsubiyyətə əsaslanan bir Konstitusiya tələb
olunurdu. Xalqın iradəsini əks etdirən, dövlətçiliyin
milli əsaslara söykəndiyini göstərən bir sənədin
qəbuluna zərurət yaranmışdı. Azərbaycan beynəlxalq
aləmdə tanınmaq, digər dövlətlərlə bərabər
hüquqlu olmaq üçün universal dəyərlərə
uyğun Konstitusiyaya sahib olmalı idi. Bu, həm də BMT,
Avropa Şurası və digər beynəlxalq təşkilatlara
üzv olmaq baxımından önəmli idi. Bütün bu zərurətləri
nəzərə alaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
ilə ilk dəfə müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanaraq 1995-ci il
noyabr ayının 12-də ümumxalq səsverməsində
(referendumda) qəbul edilmiş və həmin ilin noyabrın
27-dən qüvvəyə minmişdir. Ulu Öndər Heydər
Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən,
hər il noyabrın 12-si ölkədə Konstitusiya
Günü kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, “bizim
Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini,
xüsusiyyətlərini əks etdirir. O, Azərbaycan
Respublikasında demokratik hüquqi dövlətin
qurulmasını, ölkəmizdə olan bütün vətəndaşların
hüquq və azadlıqlarını təmin edəcəkdir.
Bu, bizim özümüzün Konstitusiyamızdır, müstəqil
Azərbaycan Respublikasının Konstitusiyasıdır”. Ulu
Öndər yazırdı: "Konstitusiya elə bir sənəddir
ki, o, gərək uzun müddət yaşasın. Onun
ömrü uzun olmalıdır. Konstitusiya elə bir sənəddir
ki, o dövlətin təməl dirəklərindən birini təşkil
etməklə yanaşı, uzunmüddətli proseslərə
təsir gücünə malik olaraq həm bu günü, həm
də gələcəyi tamamilə əks etdirə bilməlidir”.
5 bölmə, 12 fəsil və 158 maddədən ibarət
olan Azərbaycan Respublikasının Konstitusiyası ölkənin
hüquqi - siyasi sistemini müəyyən etdi və
aşağıdakı əsas prinsipləri təsbit etdi:
1. Azərbaycan Respublikası müstəqil, demokratik,
hüquqi və unitar dövlətdir.
2. Hakimiyyət bölgüsü prinsipi təsbit olundu
- qanunvericilik, icra və məhkəmə hakimiyyətləri
bir-birindən ayrıldı. Qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir, icra
hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur,
məhkəmə hakimiyyətini isə Azərbaycan
Respublikasının məhkəmələri həyata
keçirir.
3. Əsas insan və vətəndaş hüquq və
azadlıqları təsbit edildi.
Hüquqi və
idarəetmə islahatları, yeni ictimai-siyasi reallıqlar,
insan hüquq və azadlıqlarının təkmilləşdirilməsi,
Azərbaycan qanunvericiliyinin Avropa və beynəlxalq standartlara
uyğunlaşdırılması, texnoloji və sosial dəyişikliklər
və bu kimi bir çox zərurətlər Azərbaycan
Respublikasının Konstitusiyasına üç dəfə
mühüm dəyişikliklərin edilməsinə səbəb
oldu. Konstitusiyada dəyişikliklərin edilməsi ilə
bağlı ilk referendum 2002-ci ildə keçirildi. Azərbaycan
Respublikası Prezidentinin 22 iyun 2002-ci il tarixli 722 saylı Fərmanına
əsasən "Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası referendum
aktının yeni layihəsi 24 avqust 2002-ci ilə təyin
olunmuş ümumxalq səsverməsinə (referenduma)
çıxarıldı. 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi
(referendumu) zamanı majoritar seçki sisteminə keçildi,
Prezidentin seçilməsi üçün üçdə
iki səs çoxluğu tələbi, sadə səs
çoxluğu tələbi ilə əvəzləndi və
s.
Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərin
edilməsi ilə bağlı ikinci referendum 2009-cu il martın
18-də keçirilmiş və sözügedən referendumla
qəbul edilmiş dəyişikliklər həmin ilin
martın 30-da qüvvəyə minmişdir.
2009-cu il martın 18-də ümumxalq səsverməsi
(referendumu) nəticəsində Azərbaycan
Respublikasının Konstitusiyasına 29 maddə üzrə dəyişikliklər
edilmişdir. Bu dəyişikliklər, dövlət idarəçiliyi,
insan hüquqları, seçki sistemi və digər sahələrdə
bir sıra əhəmiyyətli yenilikləri əhatə
edir. Referendum nəticəsində Konstitusiyaya Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinin qərarı
əsasında müharibə şəraitində hərbi əməliyyatların
aparılması seçkilərin keçirilməsini
mümkünsüz etdikdə Azərbaycan Respublikasının
Prezidentinin və Milli Məclisinin
çağrışının səlahiyyət müddətinin
hərbi əməliyyatların sonunadək uzadılması ilə
bağlı müddəalar daxil edildi, Prezidentin iki dəfədən
artıq seçilməsinə dair məhdudiyyət ləğv
edildi və s.
Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərin
edilməsi ilə bağlı sonuncu referendum 2016-cı ildə
keçirilmişdir. 18 iyul 2016-cı il tarixində Azərbaycan
Respublikası Prezidenti "Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikasının Referendum
Aktı layihəsi barədə Sərəncam imzaladı.
2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi
(referendumu) zamanı prezidentin səlahiyyət müddəti 5
ildən 7 ilədək artırıldı, vitse-prezidentlik
institutu yaradıldı, prezidentin vaxtından əvvəl vəzifədən
getməsi halında, yeni dövlət başçısı
seçilənədək onun səlahiyyətlərinin birinci
vitse-prezident tərəfindən icra edilməsi təsbit
edildi, insan və vətəndaş
hüquq və azadlıqları ilə bağlı bəzi
yeniliklər qəbul edildi. Bu dəyişikliklər Azərbaycanda
dövlət idarəçiliyinin gücləndirilməsinə
və hüquqi sistemin daha çevik olmasına yönəlmişdir.
Suverenlik - ölkənin daxilində və ondan kənarda
müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və
hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici
funksiyalarını azad və sərbəst şəkildə
dövlətin konstitusiyası və qanunları, beynəlxalq
hüququn hamılıqla tanınmış prinsipləri və
normaları əsasında həyata keçirmək, habelə
xalqın sərbəst və müstəqil şəkildə
öz idarəetmə formasını müəyyən etmək
hüququndan ibarətdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan
xalqının suverenlik arzusunu tarixi reallığa
çevirmiş, böyük qurbanlar bahasına əldə
olunmuş müstəqilliyi zamanın çətin
sınaqlarından çıxararaq qoruyub
saxlamışdır. Ulu Öndərin respublikamıza rəhbərlik
etdiyi illər ərzində xalqımızın tərəqqisi
naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil.
Azərbaycan xalqı öz böyük oğlu Heydər
Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli
dövlətçilik ideologiyasının şəriksiz
müəllifi kimi qəbul edir. Azərbaycan xalqı öz
suveren hüququnu bilavasitə ümumxalq səsverməsi -
referendum və ümumi, bərabər və birbaşa
seçki hüququ əsasında sərbəst, gizli və
şəxsi səsvermə yolu ilə seçilmiş
nümayəndələri vasitəsi ilə həyata
keçirir.
Azərbaycan Respublikası 30 ildən artıq
müharibə şəraitində yaşayaraq torpaqları
işğal altında qalan, suverenliyi və ərazi
bütövlüyü pozulan ölkə olmasına baxmayaraq,
mübarizə əzmi qırılmayan və daim inkişaf edən
bir ölkəyə çevrilib. Azərbaycan
Respublikasının Konstitusiyası ölkənin suverenliyini təsbit
etsə də, 1991-ci ildən etibarən Ermənistanın
torpaqlarımızı işğal etməsi səbəbindən ərazi
bütövlüyümüz pozulmuşdu. Lakin 2020-ci ilin
sentyabrın 27-də başlanan
44 günlük Vətən müharibəsində qazanılan
tarixi qələbə və 2023-cü ildə separatizmin tam
aradan qaldırılması nəticəsində ölkəmizin
suverenliyi bərpa edildi.
2020-ci ildə Vətən müharibəsində
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu düşmən üzərində
parlaq qələbə qazandı. Xalq öz Prezidentinin ətrafında
yumruq kimi sıx birləşdi və öz suverenliyini bir daha
bərpa etdi. Azərbaycan Respublikası bütün dünyaya
öz gücünü, birliyini, suveren olmaq istəyini yenidən
bəyan etdi. Buna görə biz suveren Azərbaycanın
xoşbəxt vətəndaşlarıyıq. Bu gün
artıq müstəqil, suveren Azərbaycan dövləti
inkişafının yeni mərhələsində ərazi
bütövlüyünü, suverenliyini qoruyan, tam təmin edən
bir ölkəyə çevrilib. Müharibədən sonra
işğaldan azad edilmiş torpaqlarda aparılan islahatlar, bərpa,
yenidənqurma işləri, həyat və yaşayış
üçün ən vacib məsələ olan yeni
infrastrukturun qurulması və dövlət tərəfindən
atılan digər müsbət addımlar ölkənin getdikcə
artan iqtisadi uğurundan xəbər verir.
Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən
biri kimi ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə
Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən
müharibəsində Qələbəmizin 5-ci
ildönümünü nəzərə alaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci
il "Konstitusiya və Suverenlik
İli" elan edilib. Ölkə başçısı cənab
İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı
ilə sentyabrın 20-si ölkəmizdə “Dövlət
Suverenliyi Günü” elan edilib. Bütün bu qalibiyyət ilə
Azərbaycan Respublikası dünyada yeni reallıqların
müəllifi kimi tanınır. Yeni reallıqlar isə Azərbaycanımızı
yeni uğurlara hədəfləyir. Azərbaycan Respublikası
tarixi inkişaf yolunda hər bir mərhələdə
dövlətin idarə olunma sistemini formalaşdırmaq və
milli dəyərləri qorumaq üçün böyük
addımlar atmışdır.
Azərbaycan Respublikası “Konstitusiya və Suverenlik
İli” çərçivəsində beynəlxalq
platformalarda öz mövqeyini daha da gücləndirmək
üçün bir sıra addımlar atmış və
atacaq:
Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda
suveren hüquqlarını daha da aktiv müdafiə edəcək;
Ermənistanla sülh müqaviləsinin imzalanması
istiqamətində yeni təşəbbüslər irəli
sürülür;
Qarabağ və Şərqi Zəngəzurun bərpası
üçün beynəlxalq investisiya cəlb edilir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində
iqtisadi və sosial sahələrdə də mühüm layihələr
həyata keçiriləcək:
İşğaldan azad olunmuş ərazilərdə
yenidənqurma işləri genişləndirilir və daha da
genişləndiriləcək. "Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı" çərçivəsində regionda
başlamış yenidənqurma və bərpa işləri
öz bəhrəsini verməkdədir. İşğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın
2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən
olunmuşdur;
Yeni iş yerlərinin
yaradılması və sahibkarlığın inkişafı
üçün güzəştlər tətbiq edilir və
ediləcək;
Enerji təhlükəsizliyi
və yaşıl enerji layihələri sürətləndirilir;
Sosial təminat sisteminin
gücləndirilməsi istiqamətində yeni addımlar
atılır.
Amin Budaqov,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
Dayanıqlı inkişaf statistikası şöbəsinin məsləhətçisi
İki sahil .- 2025.- 3 iyul (¹112).- S.3.