Qanun qohum evliliklərinə
“yox” deyir
Səbəbsiz deyil!
Azərbaycanda gələcək nəsillərin
sağlamlığının qorunması və anadangəlmə
xəstəliklərin qarşısının alınması
məqsədilə iyulun 1-dən etibarən aralarında nikah
bağlanmasına yol verilməyən qohumların dairəsi
genişləndirilir. Bu dəyişikliklərin mahiyyəti və
tətbiqi ilə bağlı “İki sahil”in suallarını
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin (AQUPDK)
Hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi
Leyla Abdinova cavablandırır.
-“Ailə Məcəlləsi”nə edilən
mühüm dəyişikliklə bağlı
oxucularımıza ətraflı məlumat verərdiniz...
-Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən
mühüm dəyişiklik nəticəsində nikahın
bağlanmasına yol verilməyən şəxslərin dairəsi
genişləndirilmiş və mövcud hüquqi çərçivəyə
məhdudiyyətlər əlavə edilmişdir. Əgər əvvəllər
yalnız– valideyn və övlad, baba və nəvə,
bacı və qardaş, habelə övladlığa
götürmə münasibətlərində olan şəxslər
arasında nikaha yol verilmirdisə, yeni dəyişiklik bu
siyahını daha da genişləndirir. Qanuna əsasən,
artıq aşağıdakı qohumluq münasibətləri əsasında
da nikah bağlanması qadağan edilir:
Eyni bioloji baba və ya nənəyə malik olan
bacı və ya qardaşların övladları arasında –
Bu dəyişiklik əmioğlu ilə əmiqızı,
dayıoğlu ilə dayıqızı, yaxud xalaoğlu ilə
xalasıqızı kimi ikinci dərəcəli qan
qohumlarının nikahını əhatə edir və
onların arasında nikaha yol verilməməsi qanunla təsbit
olunur. Əmi və ya dayı ilə qardaşının və
ya bacısının qızı arasında – Bu hal əminin və
ya dayının bacısı və ya qardaşı
qızı ilə nikah bağlamasını nəzərdə
tutur.
Bibi və ya xala ilə qardaşının və ya
bacısının oğlu arasında – Bu dəyişiklik
bibinin və ya xalanın qardaşı və ya bacısı
oğlu ilə nikah bağlamasını əhatə edir və
bu cür nikahların da hüquqi baxımdan yolverilməz
olduğu müəyyən edilmişdir.
-Qanun yalnız bioloji qohumluğa əsaslanır, yoxsa
hüquqi (məsələn, övladlığa götürülmüş
şəxslər) də nəzərə alınır?
-Qanuna əsasən, qardaşların və (və ya)
bacıların yanlız ümumi bioloji baba və (və ya) nənəsi
olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi
(dayı) və qardaş (bacı) qızı, həmçinin
bibi (xala) və qardaş (bacı) oğlu arasında
nikahın bağlanmasına yol verilməməsi qət
edilmişdir.
-Bəs bu dəyişikliyin tətbiqinə nəzarəti
hansı dövlət orqanı həyata keçirəcək?
-Nikaha daxil olmaq istəyən şəxslər
arasında qohumluq münasibətlərinin olub-olmaması
Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə
qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra
hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi
tərəfindən yoxlanılacaqdır. Əgər bu məlumatların
sistem vasitəsilə əldə edilməsi mümkün
olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və
onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin
surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin
sənədlərin əldə edilməsi mümkün
olmadıqda qohumluq əlaqələrinin
olub-olmadığının müəyyənləşdirilməsi
üçün əlavə sənədlər tələb
oluna bilər.Yoxlama nəticəsində yuxarıda qeyd olunan
qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat
orqanı tərəfindən həmin şəxslərin
nikahı qeydə alınmayacaqdır.
-Bu qadağa beynəlxalq hüquq və ya digər
ölkələrin qanunvericiliyi ilə nə dərəcədə
uzlaşır?
-Bu qadağa yalnız Azərbaycanda mövcud deyildir.
Bir sıra ölkələrin qanunvericiliyində də qohum
nikahları qadağan edilmişdir. Belə qadağaların
qoyulmasının başlıca səbəbi ölkədə
gələcək nəsillərin və genofondun
qorunmasıdır. Qohum nikahları sağlam ailələrin
formalaşması üçün hər zaman təhdid
olmuşdur. Belə nikahların mövcudluğu
sağlamlıq imkanları məhdud olan uşaqların
dünyaya gəlməsinə, genetik xəstəliklərin
artmasına, sosial cəhətdən həssas qrupların
sayının çoxalmasına birbaşa təsir göstərmişdir.
BMT-nin Uşaq Hüquqları Konvensiyası və İnsan
Hüquqları üzrə Avropa Konvensiyası ailə
institutunun və uşaqların müdafiəsini əsas
götürərək, dövlətlərə gələcək
nəsillərin rifahını qorumaqla bağlı öhdəliklər
müəyyən edir. Genetik risklər daşıyan
nikahların məhdudlaşdırılması bu öhdəliklərin
yerinə yetirilməsi baxımından hüquqi və etik cəhətdən
əsaslandırılmış hesab olunur.
-Yeni qadağanın tətbiqi zamanı kənd yerlərində
rast gəlinən qohum evlilikləri ilə bağlı
hansı maarifləndirmə tədbirləri
planlaşdırılıb?
-Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi gənclərin erkən nikahın və
qohumlar arasında nikahın mənfi nəticələrinə
dair məlumatlılıq səviyyəsini artıran tədbirlər
keçirir, maarifləndirici vəsaitlər, sosial reklamlar
hazırlayır və onların dövlət orqanları
(qurumları), yerli özünüidarəetmə orqanları,
qeyri-dövlət təşkilatları və gənclər
arasında yayılmasını təşkil edir, tabeliyindəki
uşaq və ailələrə dəstək mərkəzlərinin
vasitəsilə əhali arasında maarifləndirmə
işini təşkil edir, erkən nikahın və qohumlar
arasında nikahın mənfi nəticələrinə dair tədqiqatlar
aparır, onların nəticələri ilə ictimaiyyəti
tanış edir. Eyni zamanda, Gənclər
və İdman, Səhiyyə
Elm və Təhsil Nazirlikləri, Gənclər Fondu, , Tibbi
Ərazi Bölmələrini İdarəetmə Birliyi
(TƏBİB) və İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi, Yerli icra hakimiyyəti orqanları gənclər
arasında erkən nikahdan və qohumlar arasında nikahdan olan
uşaqların sağlamlığına mənfi təsirinə
dair maarifləndirmə işi aparırlar. Sadalanan dövlət
orqanları gənclər arasında maarifləndirmə sahəsində
həyata keçirilən tədbirlər barədə məlumatları
hər ilin 20 dekabr tarixinədək Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinə
təqdim edib, özlərinin rəsmi internet saytlarında yerləşdirməlidirlər.
Dövlət Komitəsi orqanlardan daxil olan məlumatları
ümumiləşdirir və hər növbəti il
yanvarın sonunadək özünün rəsmi internet
saytında dərc edir və bu barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
-Qanunun pozulması halında nəzərdə tutulan
hüquqi məsuliyyət nədən ibarətdir? (inzibati,
cinayət, nikahın ləğvi və s.)
-Qeyd olunan qanun pozuntusu, yəni, qanunla qadağan
edilmiş qohumluq münasibətləri əsasında nikah
bağlama cəhdi birbaşa inzibati və ya cinayət məsuliyyəti
doğurmur. Lakin bu cür evliliklər qanunvericilik
baxımından hüquqi nəticələr doğurmur və
dövlət qeydiyyatına alınması mümkün deyil.
Başqa sözlə desək, belə evliliklər hüquqi
qüvvəyə malik olmayan evlilik sayılır. Bu isə gələcəkdə
ciddi hüquqi fəsadlara səbəb ola bilər. Nikahın rəsmi
qeydiyyata alınmaması səbəbi ilə ailə hüququ
subyektlərinin (ərin və arvadın) hüquq və vəzifələri
yaranmır. Miras hüququ, aliment, birgə mülkiyyətin
bölünməsi, vergi və sosial təminatlar kimi hüquqi
münasibətlərdə tərəflər dövlət
müdafiəsindən məhrum olurlar. Belə evlilikdən
doğulmuş uşaqların hüquqi statusunun müəyyən
edilməsi (atalığın tanınması və s.) çətinlik
yarada bilər. Qanunsuz nikah cəhdi
müəyyən edilərsə, nikah aktı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən qeydə
alınmır və Ailə Məcəlləsinin 25-ci maddəsinə
əsasən məhkəmə qaydasında etibarsız sayılır.
Beləliklə, qanunvericilikdə birbaşa sanksiya, yəni,
inzibati və ya cinayət məsuliyyəti nəzərdə
tutulmasa da, nikahın dövlət qeydiyyatından keçməməsi
şəxs və ya ailə üzvləri üçün
hüquqi nəticələrə və müdafiəsizlik vəziyyətinə
səbəb ola bilər.
-Əhalinin genetik sağlamlığının
qorunması baxımından bu dəyişiklik hansı elmi əsaslara
söykənir?
-Qohum nikahlarının məhdudlaşdırılması
və ya qadağan edilməsi bir sıra elmi tədqiqatlara,
tibbi statistikaya və beynəlxalq təcrübəyə əsaslanır.
Elmi araşdırmalar sübut edir ki, qan qohumları
arasında bağlanan nikahlar nəticəsində doğulan
uşaqlarda genetik xəstəliklərin yaranma riski əhəmiyyətli
dərəcədə yüksəlir. Bu risk əsasən
autosom-resessiv yolla keçən irsi xəstəliklərlə
bağlıdır. Belə ki, hər iki valideyndə eyni
genetik mutasiya daşıyıcılığı olduqda,
doğulan uşaqlarda həmin mutasiyanın klinik təzahür
etmə ehtimalı artır. Araşdırmalara əsasən,
qohum olmayan şəxslərin nikahından doğulan
uşaqlarda irsi xəstəliklərin yaranma ehtimalı təxminən
2-3% təşkil etdiyi halda, birinci və ikinci dərəcəli
qan qohumları arasında bağlanan nikahlarda bu göstərici
8-12%-ə qədər yüksəlir. Yəni, bu ehtimal 3-5 dəfə
artıq olur. Bu da o deməkdir ki, qohum nikahlarından
doğulan uşaqlarda irsi metabolik pozuntular, anadangəlmə
inkişaf qüsurları, eşitmə və görmə
çatışmazlıqları, sinir sistemi xəstəlikləri,
əqli və fiziki inkişaf ləngimələri kimi bir
sıra ağır patologiyalar müşahidə oluna bilər.
-Qohum evliliklərinin qarşısının
alınması üçün bundan sonra daha hansı
hüquqi və sosial addımlar planlaşdırılır?
-Qanunun qüvvəyə minməsinə baxmayaraq, əhalinin,
xüsusilə də ailə qurmağa hazırlaşan
cütlüklərin qohum evliliyinin təsirləri/fəsadları
haqqında mütəmadi olaraq məlumatlandırılmasına
yenə də ehtiyac vardır. Qadağa ilə yanaşı, vətəndaşların
belə halların qarşısının alınmasında
yaxından iştirak etməsi fəallıq göstərməsi
də cəmiyyətdə qohum evlilikləri ilə
bağlı düzgün fikrin, münasibətin
formalaşmasına öz töhfəsini verəcəkdir. Bu
qadağa sağlam gələcəyin, sağlam ailələrin
qurulmasında əhəmiyyətli rol oynayacaqdır. Maarifləndirmə
və məlumatlandırma tədbirləri sistemli şəkildə
aparılacaq və ixtisaslaşmış mütəxəssislərin
iştirakı ilə həyata keçiriləcəkdir.
-Bu dəyişiklik nikah yaşına
çatmamış şəxslərin müdafiəsinə və
onların hüquqlarının qorunmasına hansı əlavə
imkanlar yaradır?
Mütəxəssislər bir çox hallarda erkən
evlilik və qohum evliliyi faktlarını birlikdə qeyd edirlər.
Sevindirici haldır ki,1 iyul tarixindən etibarən, artıq Ailə
Məcəlləsində müstəsna hallarda nikah
yaşının 1 yaş azaldılmasını nəzərdə
tutan 10.2-ci maddə də qüvvədən düşür və
bundan sonra qanunvericiliyə əsasən heç bir sui-istifadə
halına yol verilməyəcəkdir. Qanunda erkən evlilk
dedikdə yetkinlik yaşına çatmayan şəxslə
nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan
ittifaq nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin
adının dəyişdirilməsi, yəni “Qadını
nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən
evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən
edilməsi cinayətdən zərər çəkmiş
şəxslərin dairəsini genişləndirir. Məcəlləyə əlavə
edilən 176-2-ci maddə on altı yaşına çatmayan
şəxsin erkən evliliyinin təşkilinə görə
valideynlər və ya yetkinlik yaşına çatmayanları
tərbiyə etmək vəzifəsi daşıyan şəxslər
və ya erkən evliliyə daxil olan yetkinlik yaşına
çatmış şəxs üçün məsuliyyət
müəyyən edir. Bu maddədə nəzərdə
tutulmuş cinayətə görə məsuliyyət erkən
evliliyə daxil olan yetkinlik yaşına çatmış
şəxsə münasibətdə həmin şəxslə
zərərçəkmiş şəxsin yaş fərqi
beş ildən çox olduqda yaranır. Yetkinlik yaşına
çatmayanlar barəsində keçirilən elçilik,
nişan mərasimlərinin qarşısının
alınması üçün sözügedən qanunla
İnzibati Xətalar Məcəlləsinə əlavələr
edilmişdir. Bu əlavələrə əsasən, 16
yaşına çatmamış şəxsin erkən
nikahının təşkili, bu yaşda olan şəxsə
dair evlilik sövdələşməsinə daxil olunması,
erkən nikahla bağlı mərasimlərin keçirilməsi
və dini kəbinin kəsilməsi inzibati məsuliyyət
yaradan hallar kimi müəyyən edilmişdir. Bu əməllərə
görə daha geniş subyektlər dairəsi
üçün inzibati məsuliyyət nəzərdə
tutulmuşdur. Həmçinin ictimai iaşə obyektlərini
idarə edən şəxslər tərəfindən erkən
evliliklə bağlı mərasimlərin (nişan, toy və
digər mərasimlər) keçirilməsinə və
yetkinlik yaşına çatmayan şəxslər barəsində
dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə
tutun 189-2 və 189-3-cü maddələrin məcəlləyə
əlavə edilməsi erkən evliliklə mübarizədə
mühüm addımlardandır. Ümumiyyətlə, son illər
erkən evlilik, erkən nikah hallarının sayında da
azalmalar müşahidə olunur. Təbii ki, göstəricilərin
azalması hələ işin bitməsi demək deyildir. Məlumatlandırma
və maarifləndirmə davam edəcəkdir, qanunla müəyyən
edilən hər bir hala ciddi nəzarət olacaqdır.
-Müsahibə üçün təşəkkür
edirik.
Yaqut Ağaşahqızı
İki sahil .- 2025.- 8 iyul (¹115).- S.6.