Azərbaycan Atabəyləri dövlətinin
birinci xanımı Möminə xatının şəxsiyyəti
və fəaliyyəti
İnsanların ən qədim zamanlardan məskunlaşdığı
Azərbaycan ərazisində, o cümlədən onun
ayrılmaz tərkib hissəsi və mühüm mədəniyyət
mərkəzlərindən olan Naxçıvan bölgəsində
tarixin müxtəlif dövrlərində xalq sənətkarları
tərəfindən yaradılan zəngin mədəni irsin tərkibində
Orta əsrlər zamanı Naxçıvan şəhərində
və bölgənin digər yerlərində
ucaldılmış tarix-memarlıq abidələri xüsusi
yer tutur. Bu abidələrin bir hissəsi zaman keçdikcə
təbii və digər qüvvələrin təsirindən məhv
olaraq sıradan çıxsa da, müəyyən bir hissəsi
zəmanəmizə qədər nisbətən salamat və
yaxud da, yarımdağılmış vəziyyətdə gəlib
çatmışdır. Ona görə də, Orta əsr sənətkarlarının
əməyinin məhsulu olan bu abidələrin qorunub
saxlanması, tədqiqi, təbliği, bərpası və gələcək
nəsillərə çatdırılması çox
vacibdir.
Təqdirəlayiq haldır ki, ölkə ərazisində
indiyədək qalan tarix və mədəniyyət abidələri
yüksək səviyyədə dövlət
qayğısı ilə əhatə olunmuşdur. Müzəffər
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin genişmiqyaslı fəaliyyətində
xalqımızın minilliklər boyu yaratdığı mədəni
irsimizə, milli-mənəvi dəyərlərimizə diqqət
və qayğı xüsusi yer tutur. Biz dövlət
başçısının bu diqqət və
qayğısını onun Azərbaycan Respublikasının
Prezidenti kimi bütün fəaliyyəti ərzində həm
bütün Azərbaycan miqyasında, həm də konkret
olaraq Naxçıvan bölgəsindəki tarix və mədəniyyət
abidələrinə münasibətində görürük.
Cənab Prezidentin keçən il fevral ayının 21-də
imzaladığı sərəncamla Orta əsr şəhərsalma
mədəniyyətini özündə qoruyub saxlayan Ordubad
şəhərinə Dövlət Tarix-Mədəniyyət
Qoruğu statusu verildi. 22 may
2025-ci ildə isə tarix-memarlıq abidələrinə
yüksək dövlət qayğısının yeni bir
parlaq nümunəsinin şahidi olduq. Həmin gün cənab
Prezident “Naxçıvan şəhərində yerləşən
Möminə xatın türbəsi dünya əhəmiyyətli
tarix-memarlıq abidəsinin bərpası və
konservasiyası ilə bağlı tədbirlər haqqında”
Sərəncam imzaladı. Dövlət
başçısı bu sərəncamı Möminə
xatın türbəsinin özünəməxsus tarixi
görkəminin qorunub saxlanması və gələcək nəsillərə
çatdırılması məqsədilə
imzalamışdır. Bərpasına və qorunub
saxlanmasına, gələcək nəsillərə çatdırılmasına
çox böyük əhəmiyyət verdiyinə görə
dövlət başçısı türbədə bu
işlərin aparılması üçün sərəncamla
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir)
milyon manat vəsait ayırmışdır. Çünki Orta
əsr Azərbaycan memaqrlığının ən möhtəşəm
qollarından olan Naxçıvan memarlıq məktəbinin
banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin
1175-1186-cı illərdə ucaltdığı Möminə
xatın türbəsi Azərbaycan, geniş mənada Şərq
memarlığının nadir nümunələrindən
biridir. Bu möhtəşəm memarlıq abidəsi
1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan
Atabəyləri dövlətinin banisi Şəmcəddin Eldənizin
əmri ilə 1175-ci ildə vəfat edən xanımı
Möminə xatının xatirəsinə
ucaldılmışdır.
Bəs xatirəsinə
belə möhtəşəm türbə ucaldılan
Möminə xatın kimdir? Möminə xatın Azərbaycan
Atabəyləri dövlətinin əsasını qoyan Şəmsəddin
Eldənizin arvadı, dövlətin ən qüdrətli
hökmdarlarından Məhəmməd Cahan Pəhləvan və
Qızıl Arslanın anasıdır. Bu görkəmli
qadın – şəxsiyyətin adı elmi ictimaiyyətə
özünün qəbri üzərində Orta əsr
Naxçıvan şəhərinin Atabəylər
meydanında XII əsrin sonlarında inşa edilən,
hazırda indiki Əcəmi seyrəngahında əzəmətlə
ucalan türbənin üzərindəki əsas kitabə vasitəsi
ilə məlum olmuşdur. Sərdabəsində dəfn olunan
qadının adı ilə “Möminə xatın türbəsi”,
yaxud da, yerli əhali arasında “Atabəy günbəzi” kimi
tanınan abidənin yuxarı hissəsində - frizində
(qurşağında) göy kaşılı kərpiclərlə,
iri, hündürlüyü 90-sm-dən artıq hərflərlə
ərəb əlifbasının kufi xətti ilə
yazılmış kitabənin mətnindən aydın olur ki,
bu möhtəşəm abidə Azərbaycan Atabəyləri
dövlətinin banisi Şəmsəddin Eldənizin
xanımı Möminə xatının xatirısinə
ucaldılmışdır.
Möminə xatın gənc yaşlarında İraq
Səlcuq sultanı II Toğrulun həyat yoldaşı
olmuşdur. Hətta onun Sultan Toğruldan Arslanşah adlı
bir oğlu da dünyaya gəlmişdir. Sultan Toğrul 1135-ci
ildə vəfat etdikdən sonra taxt-taca sahib olan Sultan Məsud
onun dul arvadı Möminə xatını 1136-cı ildə
vaxtilə vəzir əs-Sumayrami tərəfindən qul kimi
satın alınan, ancaq, sonradan diribaşlığı,
yüksək qabiliyyəti, bacarığı sayəsində
II Toğrulun sarayında böyük nüfuz qazanan, bu səbəbdən
də sultanın şəxsi məmlükləri
sırasına keçirilən və sultan mətbəxinin
başçısı vəzifəsinə təyin edilən
Şəmsəddin Eldənizlə evləndirir. Möminə
xatının Atabəy Şəmsəddin Eldənizlə
izdivacından Atabəy Məhəmməd Cahan Pəhləvan
və Qızıl Arslan adlı iki oğlu və bir
qızı dünyaya gəlmişdi. Mənbələrdə
Möminə xatının doğum tarixi haqqında heç
bir məlumat gəlib çatmamışdır. Ancaq yeni
evlilikdən iki oğlan və bir qız dünyaya gətirməsinə
əsasən demək olar ki, Şəmsəddin Eldənizlə
evlənərkən Möminə xatın təxminən 30
yaşlarında olmuşdur.
Şəmsəddin Eldəniz bu evlilikdən qabaq, gəldiyi
ilk zamanlardan Eldənizlər sarayında böyük nüfuz
sahibi olmuş, hətta əmir rütbəsinədək
yüksəlmişdi. Bir sıra müsbət keyfiyyətləri
ilə hökmdarın diqqətini cəlb etmiş, nəticədə
Sultanın azyaşlı oğlu Arslanşahın atabəyi təyin
olunmuşdu. Həmin vaxtlar Şəmsəddin Eldəniz
özünün diqqətəlayiq, xeyirxah işləri ilə
bütün saray əhli kimi, dövrünün görkəmli
şəxsiyyətlərindən sayılan və İraq Səlcuq
sultanlığı sarayında böyük nüfuz və
söz sahibi olan birinci xanım, sultan II Toğrulun arvadı,
Arslanşahın anası Möminə xatının da diqqətini
özünə çəkə bılmişdi. Tarixə Azərbaycan
Atabəyləri dövləti kimi nəhəng bir dövlətin
qurucusu kimi daxil olan Şəmsəddin Eldəniz ona xüsusi
hörmət və iltifat göstərən bu
ağıllı qadının göstərişlərinə
həmişə canla-başla əməl edərək
heç bir vaxt saraydaxili münaqişələrə,
intriqalara qarışmamış və bir-birləri ilə kəskin
mübarizə aparan, gizli ədavət saxlayan əmirlərin
birləşdiyi hər hansı bir qrupun tərəfini
saxlamamış, bitərəf mövqe tutmuşdu. Bu vəziyyət
onun Möminə xatınla evlilyi dövründə də
davam etmişdi.
Şəmsəddin Eldənizlə evləndikdən
sonra Möminə xatın ərinin ən yaxın məsləhətçisinə
çevrilmişdi. Eldənizlər dövlətinin birinci
xanımı kimi Möminə xatın tədbirli siyasəti,
yüksək qabiliyyəti, bacarığı və
ağlı ilə sarayda və xalq arasında böyük
hörmət qazanmışdır. Bu səbəbdən də
o, Azərbaycan Atabəyləri (Eldənizlər) dövləti
kimi nəhəng bir dövlətin sosial-siyasi və mədəni
həyatında fəal rol oynamış, özünün
ağıllı məsləhətləri və tövsiyyələri
ilə dövlətin idarə olunmasında yaxından
iştirak etmişdir. Buna görə də, ərinin
böyük etibarını qazanmış Möminə
xatını Şəmsəddin Eldəniz ən yaxın
silahdaşı kimi ölkənin müxtəlif yerlərinə
səyahətləri zamanı özü ilə
aparmış, bütün məsələlərin,
xüsusilə dövlət əhəmiyyətli məsələlərin
həllində onun fikir, tövsiyyə və məsləhətlərini
həmişə dinləmiş və qərar verərkən
nəzərə almışdır.
Şəmsəddin Eldəniz bütün ömrü
boyu Möminə xatının tövsiyə və məsləhətlərini
nəzərə aldığı üçün heç
bir vaxt saray intriqalarına, fitnə-fəsadlara, saray
daxılı çəkişmələrə uymamış,
bütün məsələlərin həllində obyektiv
mövqe tutmuşdur. Atabəylər dövlətinin təşəkkül
və çiçəklənmə dövründə,
başqa sözlə desək Möminə xatının vəfatınadək
bu vəziyyət beləcə davam etmiş, Möminə
xatın dövlətin siyasi həyatında fəal rol
oynamışdır. O, ağlı və bacarığı
sayəsində məqsədyönlü manevrlər edərək
sarayda yaranan ziddiyyətləri vaxtında aradan qaldıra
bilmişdi. O, hətta 1161-ci ildə İraq sultanlığında
hakimiyyətə keçmiş Sultan II Toğruldan olan
oğlu Arslanşahla əri Şəmsəddin Eldəniz
arasında yaranan ziddiyyətləri aradan qaldıra və onlar
arasında normal münasibətlərin yaranmasına nail ola
bilmişdi.
Ağıllı, diplomatik və məqsədyönlü
gedişləri ilə Möminə xatın oğlu sultan
Arslanşahla Azərbaycan atabəyi Şəmsəddin Eldəniz
arasındakı ziddiyətləri aradan
qaldırmışdı. Nəticədə Arslanşahla
atalığı arasında münasibətlərin normal məcraya
düşmüşdü. Bununla da, Möminə xatın
oğlu ilə əri arasında baş verə biləcək
qarşıdurmaların, xoşagəlməz hadisələrin,
hətta reallaşacaq müharibələrin
qarşısını almışdı. Beləliklə, bu
cür ağıllı, tədbirli və cəsarətli
manevrləri sayəsində Möminə xatın Şəmsəddin
Eldənizin hakimiyyətinin möhkəmlənməsinə və
bütün sultanlığın gerçək sahibinə
çevrilməsinə nail olmuşdu. Oğlu Arslanşah isə
fəaliyyəti dövlət başçısı rolunun
formal icrası ilə məhdudlaşdırılmış
şəxsə çevrilmişdi. Heç təsadüfi
deyildir ki, Möminə xatının sağlığı
dövründə Azərbaycan Atabəyləri dövləti
yarandığı zamandan 1160-cı ilədək uğurlu təşəkkül,
1161-ci ildən sonra isə çiçəklənmə
dövrü keçirmiş, yüksək səviyyədə
inkişaf etmişdi
Möminə xatın saray əhli arasında olduğu
kimi, xalq arasında da böyük hörmət və nüfuz
qazanmışdı. Bu isə onun daima xalqla bir yerdə olması,
əhalinin taleyüklü məsələləri, vəziyyəti,
problemləri ilə yaxından maraqlanması nəticəsində
ədə olunmuşdur. Məlumdur ki, Möminə
xatının yaşadığı XII əsr Azərbaycanda
elmin, təhsilin və mədəniyyətin intibahı
dövrü olmuşdur. Möminə xatın məhz belə
bir dövrdə ölkədə elmin, maarifin və mədəniyyətin
inkişafına da diqqət və qayğı göstərmişdir.
Möminə xatın 1175-ci ilin oktyabr ayında vəfat
etmişdir. Adına əlavə olunan və türk
xalqlarında hökmdar arvadlarına, xüsusilə
xaqanların həyat yoldaşlarına verilən “xatın”
tituluna əsasən deyə bilərik ki, vəfat edərkən
o, təxminən 75 yaşında olmuşdur. Çünki,
“xatın” titulu türk xalqlarında 55-75 yaşlı
qadınlara müraciət forması olmuşdur.
Ölümündən sonra Naxçıvan şəhərində
dəfn olunan Möminə xatının qəbri üzərində
daim ona yüksək hörmət və ehtiramla yanaşan əri
Atabəy Şəmsəddin Eldəniz əzəmətli
türbə ucaldılması haqqında əmr vermişdir.
Ancaq, Şəmsəddin Eldəniz özü də Möminə
xatının ölümündən bir ay sonra
dünyasını dəyişdiyi üçün, türbə
atasını hakimiyyətdə əvəz edən Atabəy Məhəmməd
Cahan Pəhləvan tərəfindən inşa
etdirilmişdir. Üzərindəki kitabənin məlumatından
aydın olur ki, türbənin inşası hicri-qəməri
təqvimi ilə 582-ci ilin məhərrəm ayında (miladi
ilə, 24.03-23.04.1186-cı ildə) başa
çatdırılmışdır. Sağlığında
öz şəxsiyyətində birləşdirdiyi müsbət
və nadir keyfiyyətlərinə görə, bütün
ömrü boyu Naxçıvanda yaşayan və vəfat
etdikdən sonra orada da torpağa tapşırılan Möminə
xatının qəbri üzərində inşa edilən,
özündə Azərbaycan türk qadınının incələyini,
vüqarını, zəkasını, əzəmətini və
digər müsbət keyfiyyətlərini əks etdirən
türbənin əsas kitabəsində onun adı
“dünyanın və dinin şöhrəti, islamın və
müsəlmanların sərəfi” kimi epitetlər ilə
müşayiət olunmuşdur.
Sadalanan faktlar göstərir ki, Möminə xatın
ölkənin birinci xanımı olmaq etibarilə Azərbaycan
Atabəyləri dövləti kimi nəhəng bir dövlətin
ictimai-siyasi və mədəni həyatında, hətta
dövlətin idarə olunmasında fəal iştirak edən,
yüksək nüfuz və hörmət sahibi bir şəxsiyyət
olmuşdur. Bunu nəzərə alaraq vəfatından sonra
onun xatirəsinə qəbiri üzərində çox
möhtəşəm bir türbə
ucaldılmışdır. Türbə 1186-cı ildən bəri,
839 ildir ki, təbii qüvvələrin təsirinə mətanətlə
sinə gərərək Naxçıvan şəhərinin
mərkəzində əzəmətlə ucalır, seyr edənləri
öz əzəməti və gözəlliyi ilə heyran
edir, qəlblərini fərəh hissi ilə doldurur. Ona
görə də, müsəlman Şərqində
qadının - ananın şərəfinə ucaldılan ilk
abidələrdən biri olan Möminə xatın türbəsinin
ömrünü daha da uzatmaq, gələcək nəsillərə
ərməğan etmək üçün əsaslı tədbirlərin
həyata keçirilməsinə böyük ehtiyac var idi. Bu
baxımdan türbənin bərpası və konservasiyası
haqqında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən imzalanan sərəncam
vaxtında qəbul olunmuş mühüm dövlət sənədi
kimi böyük əhəmiyyətə malikdir. Buna görə
də, dövlət başçısının Möminə
xatın türbəsi ilə əıaqədar
imzaladığı bu sərəncam Naxçıvan Muxtar
Respublikası, geniş mənada Azərbaycan əhalisi,
xüsusilə ziyalılar tərəfindən böyük
razılıq və minnətdarlıq hissi ilə
qarşılanmışdır. Dövlət
başçısının Möminə xatın türbəsinə
diqqət və qayğısının parlaq ifadəsi olan bu
sərəncam Azərbaycan ərazisində indiyədək gəlib
çatan tarix və mədəniyyət abidələrinin,
bütövlökdə çox zəngin mədəni
irsimizin yüksək dövlət qayğısı ilə əhatə
olunmasının parlaq ifadəsidir. Buna görə də, cənab
Prezidentə minnətdarlığımızı bildirir,
genişmiqyaslı fəaliyyətində ona yeni-yeni uğurlar
arzulayırıq.
HACIFƏXRƏDDİN SƏFƏRLİ,
AMEA-nın müxbir üzvü, Naxçıvan
Dövlət Universitetinin professoru
İki sahil .- 2025.- 9 iyul (¹116).- S.6.