Bakı
qlobal şəhərsalma gündəminin mərkəzinə
çevrilir
İqtisadçı ekspert : WUF13 Forumunun təşkili
Azərbaycanın şəhərsalma sahəsində
formalaşdırdığı yanaşmanı beynəlxalq
ictimaiyyətə təqdim etməsi üçün əhəmiyyətli
imkandır
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkədə həyata keçirilən şəhərsalma
proqramları həm sosial-iqtisadi inkişafı təşviq
edir, həm də müasir və dayanıqlı
yaşayış mühitlərinin yaradılmasına yönəlir.
Bu siyasətin əsas prinsipi insan mərkəzli
yanaşmadır. Yəni, şəhərlərin planlaşdırılması
zamanı insanların həyat keyfiyyətinin
artırılması, xidmətlərə əlçatanlıq,
yaşıl zonaların yaradılması, enerji səmərəliliyi
və davamlı nəqliyyat sistemləri kimi faktorlar əsas
götürülür. Eyni zamanda, ətraf mühitin
qorunması da Azərbaycanın şəhərsalma
strategiyasının ayrılmaz hissəsidir. Məsələn,
“ağıllı şəhər” və “ağıllı kənd”
layihələri təkcə texnoloji innovasiyalarla deyil, həm
də ekoloji balansın qorunması, alternativ enerji mənbələrinin
istifadəsi və karbon izinin azaldılması ilə fərqlənir.
Bu da ölkənin iqlim dəyişikliklərinə
qarşı dayanıqlı inkişaf modelinə sadiqliyini
nümayiş etdirir.
Azərbaycanın bu istiqamətdə atdığı
ardıcıl və strateji addımlar beynəlxalq miqyasda da
diqqət mərkəzindədir. Bu maraq öz təzahürünü
2026-cı il mayın 17–22-də
Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma
Forumu (WUF13) kimi mötəbər tədbirdə tapır.
Forumun BMT-nin İqlim Dəyişikliyi üzrə COP
konfranslarından sonra ikinci ən böyük qlobal platforma
kimi qiymətləndirilməsi Azərbaycanın şəhərsalma,
davamlılıq və ətraf mühit sahələrində
artıq aparıcı mövqedə dayandığını
göstərir. WUF13-ün Bakıda keçirilməsi zamanlama
və məzmun baxımından da xüsusi əhəmiyyət
daşıyır. 2026-cı il BMT-nin aparıcı təsisatı
olan Məskunlaşma Proqramı (UN-Habitat) üçün bir
sıra tarixi hadisələrin – “Habitat I” konfransının 50,
“Habitat II”nin 30 və “Yeni Şəhər Gündəliyi”nin
10 illiyi ilə yadda qalacaq. Bu yubileylər BMT-nin şəhərsalma
üzrə keçdiyi yolu təhlil etmək və gələcək
üçün strateji istiqamətləri müəyyənləşdirmək
baxımından mühüm imkan yaradır. Belə bir məqamda
Bakının ev sahibliyi etməsi isə Azərbaycanın bu
prosesdə sadəcə iştirakçı deyil,
aparıcı tərəfdaş olduğunu göstərir.
İqtisadçı ekspert Eldəniz Əmirov
mövzu ilə bağlı “İki sahil”ə
açıqlamasında bildirdi ki,
Bakının belə mötəbər beynəlxalq tədbirə
ev sahibliyi etməsi, təbii ki, həm mühüm, həm də
simvolik hadisədir: “Bu, Azərbaycanın son illərdə
şəhərsalma sahəsində atdığı ciddi
addımların və beynəlxalq əməkdaşlığa
açıq, təşəbbüskar mövqeyinin bariz
göstəricisidir. Son dövrlərdə ölkəmiz
saysız-hesabsız beynəlxalq tədbirlərə ev
sahibliyi etmiş, bu prosesləri yüksək səviyyədə
və uğurla icra etmişdir. Bu təcrübə,
şübhəsiz ki, WUF13 kimi qlobal əhəmiyyətli tədbirin
təşkili zamanı da öz müsbət təsirini
göstərəcək”.
Ekspertin fikrincə, şəhərsalma mədəniyyətinin
formalaşması baxımından Azərbaycan təkcə
paytaxtla kifayətlənmir: “Bütün ölkə üzrə
bu mədəniyyətin yenidən qurulması istiqamətində
yeni bir mərhələyə başlanılıb.
Bakının Baş planının hazırlanması ilə
yanaşı, işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı yenidənqurma işləri həyata
keçirilir. Ağıllı kənd və şəhər
konsepsiyaları, yaşıl enerji zonalarının
yaradılması kimi təşəbbüslər bu prosesin
ayrılmaz hissəsidir. Bütün bu addımlar müasir
planlaşdırma prinsiplərinə əsaslanan şəhər
konseptlərini əks etdirir. Bu təcrübə həm şəhərlərin
dayanıqlı şəkildə genişləndirilməsi, həm
də şəhərsalma sahəsində çalışan
beynəlxalq mütəxəssislər üçün ciddi
maraq doğurur. Bakı həm geosiyasi mövqeyinə, həm
də son illərdə həyata keçirilən irimiqyaslı
infrastruktur layihələrinə, sürətli şəhərsalma
inkişafına və estetik baxımdan dəyişən
simasına görə diqqət mərkəzindədir.
Paytaxtımızın zəngin mədəni irsi, müasir
memarlıq nümunələri və nəqliyyat
infrastrukturunun yeni mərhələyə keçməsi bu
cür mötəbər beynəlxalq tədbirlərin burada
keçirilməsini şərtləndirən əsas amillərdəndir”.
Eldəniz Əmirov hesab edir ki, Bakıda keçiriləcək
Ümumdünya Şəhərsalma Forumu ikitərəfli əhəmiyyətə
malikdir : “Bir tərəfdən bu, Azərbaycanın
böyüyən və modernləşən şəhər
modelini beynəlxalq ictimaiyyətə təqdim etmək
imkanıdır. Digər tərəfdən isə Forum ölkə
daxilində mövcud problemləri və
çatışmazlıqları daha dərindən
anlamağa, bu istiqamətdə beynəlxalq təcrübədən
faydalanmağa geniş imkan yaradacaq. Onsuz da Bakı artıq
“Beynəlxalq Tədbirlər Şəhəri” statusu
qazanıb. Bu kontekstdə yanaşdıqda, WUF13 Forumunun təşkili
Azərbaycanın şəhərsalma sahəsində
formalaşdırdığı yanaşmanı beynəlxalq
ictimaiyyətə təqdim etməsi üçün əhəmiyyətli
imkandır. Həmçinin bu, ölkəmizin şəhərsalmaya
dair yanaşmalarını, prioritetlərini və strateji
baxışını qlobal ictimaiyyətlə
paylaşması üçün də dəyərli fürsətdir”.
Nigar Orucova
İki sahil .- 2025.- 10 iyul (¹117).- S.6.