İcbari tibbi sığorta rəqəmsallaşır
Aynurə Əhmədova: Elektron seçim mexanizmlərinin
təkmilləşdirilməsi, rəqəmsal inteqrasiya və
yeni klinikaların əlavə olunması sayəsində vətəndaşların
tibbi xidmət seçimləri daha da genişlənəcək
İcbari tibbi sığorta sistemi ölkəmizdə
səhiyyənin əlçatanlığını və
keyfiyyətini artırmaq məqsədilə həyata
keçirilən ən mühüm sosial islahatlardan biridir. Bu
sistemin əhatə dairəsinin genişlənməsi və vətəndaşların
tibbi xidmətlərdən bərabər və effektiv şəkildə
yararlanması üçün aparılan maarifləndirmə
və təşkilati tədbirlər xüsusi önəm
daşıyır.
Bütün bu məsələlərlə bağlı
suallarımızı İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr
departamentinin rəhbəri Aynurə Əhmədova
cavablandırır.
-Özəl tibb müəssisələri
ilə əməkdaşlıq genişləndikcə vətəndaşların
seçim imkanları necə dəyişəcək? Bu sahədə
hansı yeni imkanlar təqdim olunacaq?
-İcbari tibbi sığorta ölkə üzrə tətbiq
olunmağa başlayanda İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi ilkin mərhələdə 20 özəl
klinika ilə müqavilə bağlamışdı. Zamanla vətəndaşların
özəl sektora olan tələbatı və tibb müəssisələrinin
infrastruktur potensialı nəzərə alınaraq həm
paytaxtda, həm də regionlarda yeni müqavilələr
imzalanmış, hazırda özəl tibb müəssisələrinin
sayı 192-yə çatmışdır.
Gələcəkdə özəl tibb müəssisələri
ilə əməkdaşlığın genişlənməsi
vətəndaşlara daha çevik, rahat və keyfiyyətli
tibbi xidmətlərə çıxış imkanı
yaradacaq. Elektron seçim mexanizmlərinin təkmilləşdirilməsi,
rəqəmsal inteqrasiya və yeni klinikaların əlavə
olunması sayəsində vətəndaşların tibbi xidmət
seçimləri daha da genişlənəcək. Bu isə
pasiyent məmnuniyyətini artırmaqla yanaşı, göstərilən
tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə
töhfə verəcək.
-Sığorta paketi gələcəkdə
doğuşa hazırlıq kurslarını analar
üçün təlimləri və psixoloji dəstək
xidmətlərini əhatə edə bilərmi?
-İcbari tibbi sığortanın ilkin tibbi-sanitariya
yardımı çərçivəsində müxtəlif
ilkin səhiyyə xidmətləri mövcuddur. Məsələn,
ana südü ilə qidalanmaya dair məsləhətlərin
verilməsi, sağlam həyat tərzi və
yenidoğulmuşlara qulluq xidmətləri əks olunub. Eyni
zamanda, əhali arasında sanitar maarifləndirmə işinin
aparılması da bu xidmətlərin tərkib hissəsidir.
Bundan əlavə, ilkin tibbi-sanitar müəssisələrinə
müraciət edən şəxslərə ilkin psixoloji
yardım da göstərilir.
Hazırda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi
ilə bağlı Agentlik və TƏBİB birgə layihə
həyata keçirir. Layihə çərçivəsində
ilkin səhiyyə xidməti çərçivəsində
göstəriləcək tibbi, profilaktik, maarifləndirmə
xidmətlərinin çeşidinin, sayının, keyfiyyətinin artırılması və bu sahəyə
ayrılan maliyyə vəsaitlərinin xidmətlərin
çeşidinə uyğun tənzimlənməsi
planlaşdırılır.
-Gələcəkdə
vətəndaşların xaricdə tibbi müalicəyə
göndərilməsi prosesinin sığorta ilə əlaqələndirilməsi
mümkündürmü?
-Hazırda
sığortaolunan vətəndaşlar Xidmətlər Zərfi
çərçivəsində tibbi xidmətlərdən
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində
və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutu və mərkəzlərində
istifadə edə bilirlər. Əgər dövlət tibb
müəssisələrində müvafiq tibbi xidməti
göstərmək mümkün deyilsə, o zaman Agentliyin
müqavilə bağladığı özəl tibb müəssisələrinə
göndəriş verilir.
Vətəndaşların xaricdə tibbi müalicəyə
göndərilməsi məsələsi isə hazırda Səhiyyə
Nazirliyi tərəfindən nizamlanır və bu proses
birbaşa sığorta ilə əlaqələndirilmir.
-İcbari tibbi
sığorta çərçivəsində vətəndaşların
tibbi xidmətlərdən istifadə zamanı
qarşılaşdığı problemlərin (gözləmə
müddətləri, xidmət keyfiyyəti, yönləndirmə
mexanizmləri və s.) araşdırılması və
operativ həlli üçün Agentlik tərəfindən
hansı institusional və texniki mexanizmlər tətbiq edilir?
-Bu məsələ
Agentliyin prioritet istiqamətlərindən biridir. Vətəndaşların
qarşılaşdığı çətinliklərin
operativ həlli üçün bir neçə mexanizm tətbiq
olunur. Əsas vasitələrdən biri 1542 Çağrı
Mərkəzidir — buraya daxil olan şikayətlər operativ
şəkildə qeydiyyata alınaraq müvafiq şöbələrə
yönləndirilir. Bundan əlavə, vətəndaşlar
its.gov.az portalı- zəng sifarişi, elektron müraciət,
onlayn çat bölmələri və Agentliyin sosial media
kanalları vasitəsilə də müraciətlərini
elektron qaydada təqdim edə bilirlər. Bu sistem müraciətlərin
izlənməsi və statistik təhlili üçün əlverişli
imkan yaradır. Bundan əlavə, regional filiallarımızda
vətəndaşlar birbaşa filial rəhbərləri ilə
görüşərək problemlərini yerində bildirə
bilirlər.
Bununla yanaşı, Agentlik tərəfindən
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində
monitorinqlər aparılır. Monitorinqlər həm dövlət
tibb müəssisələrində icbari tibbi sığorta
proseslərinin təşkili, həm də göstərilən
xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi
üzrə təşkil olunur. Monitorinq zamanı əsas
götürülən meyarlar Xidmətlər Zərfindəki
tibbi xidmətlərin təşkili, qəbul və qeydiyyat
işinin tənzimlənməsi, kompüterlərin internetə
çıxış imkanları, maddi-texniki bazanın
mövcudluğu və digər məsələləri əhatə
edir. Tibbi xidmətin keyfiyyəti dedikdə isə pasiyentlərin
tibb müəssisəsinə edilmiş ilkin müraciətindən,
onun elektron qeydiyyatından başlayaraq bütün müayinə
və müalicə prosedurlarını özündə birləşdirən
və hər mərhələsinə nəzarət tələb
edən zəncirvari mexanizm əsas götürülür.
Cari ilin ilk yarısında paytaxt üzrə TƏBİB-in
tabeliyindəki 25 dövlət tibb müəssisəsində,
regionlar üzrə isə 61 dövlət tibb müəssisəsində
monitorinqlər həyata keçirilib.
Agentlik ictimai iştirakçılığı və
şəffaflığı artırmaq məqsədilə
“Açıq qapı” günləri və media-turlar təşkil
edir, media və vətəndaş cəmiyyəti nümayəndələrini
proseslərlə şəxsən tanış edir. Məqsədimiz
vətəndaşların sığortadan rahat və maneəsiz
şəkildə istifadə etməsini təmin etmək, xidmətlərin
keyfiyyətini davamlı şəkildə artırmaqdır.
-Vətəndaş
müraciətlərinin statistik təhlili,
cavablandırılması və ictimaiyyətlə
paylaşılması hansı formalarda həyata keçirilir?
-İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi vətəndaş
müraciətlərinin effektiv idarə olunmasına və
operativ cavablandırılmasına xüsusi önəm verir.
Bu proses sistemli yanaşma əsasında həyata keçirilir
və müraciətlər kateqoriya, mövzu, forma və zaman
üzrə təhlil olunur.
Vətəndaş müraciətləri məzmununa əsasən
təkliflər, ərizələr və şikayətlər
üzrə qruplaşdırılır. Bununla yanaşı,
müraciətlərin aid olduğu mövzular üzrə – məsələn,
səhiyyə xidməti, göndəriş prosesi və sair
istiqamətlərdə də ayrıca təsnifat
aparılır.
Müraciətlərin zaman üzrə təhlili də
aparılır – aylıq, rüblük və illik hesabatlar
hazırlanır. Gələn müraciətlərin
formalarına görə də fərqləndirmə
mövcuddur, yəni məktub, elektron poçt, “e-Tabib”
platforması və sosial media vasitəsilə daxil olan
müraciətlər ayrıca qeyd olunur.
Bütün rəsmi və yazılı müraciətlər
elektron sənəd dövriyyəsi sistemi vasitəsilə qəbul
edilir və qeydiyyata alınır. Bu sistem müraciətlərin
operativ şəkildə aidiyyəti bölmələrə
yönləndirilməsini və cavabların vaxtında
hazırlanmasını təmin edir. Cavablandırma prosesində
həm elektron məktub, həm də fiziki məktubla vətəndaşlara
rəsmi cavablar göndərilir. Əgər müraciət təcili
məlumatlandırmanı tələb edirsə, vətəndaş
əvvəlcə telefon zəngi ilə ilkin məlumatlandırılır.
Bundan başqa, vətəndaşlar birbaşa Agentliyin
regional filiallarına da müraciət edə və yerindəcə
cavab ala bilirlər. Vətəndaşlarla birbaşa ünsiyyət
üçün Agentliyin rəhbərliyinin qəbul günləri
də təşkil olunur
-Vətəndaşların
icbari tibbi sığorta sisteminin mahiyyəti, hüquqları və
tibbi xidmətlərə çıxış imkanları barədə
məlumatlandırılması istiqamətində Agentlik tərəfindən
hansı maarifləndirici tədbirlər həyata
keçirilir? Bu sahədə media ilə əməkdaşlıq
və ictimaiyyətlə əlaqə necə qurulub?
-Agentlik tərəfindən əhalinin icbari tibbi
sığorta sistemi haqqında məlumatlılıq səviyyəsinin
artırılması istiqamətində sistemli və məqsədyönlü
maarifləndirmə tədbirləri həyata keçirilir. Bu
tədbirlər vətəndaşların hüquqları,
tibbi xidmətlərə çıxış imkanları və
ümumilikdə sistemin mahiyyəti barədə dolğun və
əlçatan məlumatın təmin olunmasına yönəlib.
Maarifləndirmə fəaliyyətləri media, sosial
şəbəkələr, ictimai və təhsil müəssisələri
ilə əməkdaşlıq əsasında geniş miqyasda
aparılır. 2024-cü ilin II yarısında onlayn media, televiziya,
radio və internet platformalarında 1406 məlumat
yayımlanıb. Mediadan daxil olan 260 sorğunun 96%-i operativ
cavablandırılıb, digərləri aidiyyəti üzrə
yönləndirilib. Agentliyin sosial media hesablarında 1666
paylaşım edilib, 1718 istifadəçi sorğusu
cavablandırılıb.
Maarifləndirmə tədbirləri həmçinin
dövlət və qeyri-dövlət qurumlarında, orta və
ali təhsil müəssisələrində, dini icmalarda təşkil
olunub. Yalnız cari ilin birinci yarısında 143 tədbirdə
(20-si Bakıda, 123-ü regionlarda) 8800-dən çox vətəndaş
icbari tibbi sığorta haqqında məlumatlandırılıb.
Media və QHT nümayəndələrinin sistemlə
daha yaxından tanışlığı üçün
Pirallahı Tibb Mərkəzi və Qobustan RMX-na media-turlar təşkil
olunub. Eyni zamanda, “1542” Çağrı Mərkəzində
“Açıq qapı” günü keçirilib. Burada
iştirakçılar zənglərin
cavablandırılması prosesi ilə tanış olub və
təqdim edilən yeni xidmətlər barədə məlumatlandırılıblar.
Media ilə əməkdaşlıq çərçivəsində
ASAN Radioda "1 sual, 1 cavab" rubrikasında, ARB TV-də
“Güvənli Sabah” verilişində (11 buraxılış),
“Facebook” üzərindən “Sığorta vaxtı” (17
canlı yayım, 14-ü DOST TV ilə birgə), “Instagram”
üzərindən “Sığorta xətti” (15 canlı
yayım) vasitəsilə ictimaiyyətə məlumatlar təqdim
olunub.
Bundan əlavə, Bakı Metropoliteninin 18
stansiyasında 40 lövhə, DOST mərkəzlərinin 21
monitorunda, Məşğulluq filialı və tibb müəssisələrindəki
706 monitorda maarifləndirici videoçarxlar yayımlanıb. Həmçinin
icbari tibbi sığorta və sağlam həyat tərzinə
dair 32 növ çap materialı hazırlanaraq
paylanılıb.
-İcbari tibbi sığorta sistemində rəqəmsallaşma
prosesi ilə bağlı hansı təkmilləşdirmə
işləri aparılır?
-Agentlik cari ildə rəqəmsallaşma
sahəsində əhəmiyyətli addımlar atıb. Bu
prosesin əsas məqsədi vətəndaşlara tibbi xidmətlərlə
bağlı məlumatlara daha operativ və şəffaf
çıxış imkanı yaratmaqdır.
Agentliyin rəsmi saytında texniki və funksional
yeniliklər həyata keçirilib. Bu məqsədlə saytda
“Tibb müəssisələrinin axtarış sistemi” bölməsi
yenilənib. Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq
elmi-tədqiqat institutları və mərkəzlərində
göstərilən tibbi xidmətlər sistemə inteqrasiya
edilib. Bu dəyişikliklə vətəndaşlar artıq
icbari tibbi sığorta çərçivəsində
müraciət edə biləcəkləri bütün
dövlət tibb müəssisələrini vahid platforma
üzərindən asanlıqla axtarıb tapa bilirlər.
Həmçinin “e-Tabib” mobil tətbiqi yenilənib.
Hazırda istifadəçilər göstərilən tibbi
xidmətləri qiymətləndirmək üçün məmnuniyyət
sorğularında iştirak edə bilirlər. Tətbiqə
“Xəbərlər”, “Maarifləndirici hekayələr” və
“Sağlam hamiləlik” kimi bölmələr də əlavə
olunub ki, bu da məlumatlılıq və istifadəçi təcrübəsini
artırır.
Eyi zamanda Agentliyin, TƏBİB-in və İnnovasiya və
Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü
ilə “myGov” portalında “Tibb məlumatlarım” bölməsinə
"Ailə həkimim", "Həkim müraciətlərim",
"Laborator analiz nəticələrim",
"Sağlamlıq haqqında tibbi arayış",
"Sürücülük vəsiqəsi üçün
tibbi arayış", "İnstrumental diaqnostik müayinə
nəticələri" və "Tibbi göndərişlər"
kimi məlumatlar inteqrasiya edilib. Məlumatları elektron (PDF)
formatda yükləmək mümkündür. Bu isə vətəndaşların
xəstəxanaya əlavə müraciət etmədən
bütün tibbi məlumatlarını vahid platformadan izləməsinə
şərait yaradır
Bu rəqəmsal təkmilləşdirmələr nəticəsində
tibbi məlumatlara çıxış daha çevik, şəffaf
və vətəndaş yönümlü şəkildə təşkil
olunub. Sistem həm səhiyyə xidmətlərinin monitorinqi,
həm də vətəndaş məmnuniyyətini artırmaq
baxımından böyük əhəmiyyət
daşıyır.
- Bəs, İcbari tibbi
sığorta çərçivəsində ayrılan maliyyə
vəsaitlərinin bölgüsü necə həyata
keçirilir?
-İcbari tibbi sığorta fondunun büdcəsi Azərbaycan
Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq
edilir. Fərmana əsasən, Fondun gəlir və xərcləri
müəyyən edilir. İcbari tibbi sığorta çərçivəsində
ayrılan vəsait əsasən Xidmətlər Zərfi
çərçivəsində dövlət və özəl
tibb müəssisələri tərəfindən təqdim
edilən xidmətlərin dəyərinin ödənişinə
və fondun büdcəsinin təsdiqi barədə Fərmandan
irəli gələn digər məsələlərin maliyyələşdirilməsinə
yönəldilir.
Yaqut Ağaşahqızı
İki sahil .- 2025.- 25 iyul (¹ 128).- S.6.