1 avqust - Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günüdür
Ana dilimiz mənəvi pasportumuz, ruhumuz, əbədiyyət
rəmzimizdir
«Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan
dilini sadəcə eşidərək, onun mənasını o
qədər bilməyərək, Azərbaycan dilinin nə qədər
şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə
qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər
bir millətin milliliyinin əsasıdır. Ona görə də
hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir
Azərbaycan dilini gərək ən incəliklərinə qədər
bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda
Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə
də, xalqımızın içində də Azərbaycan
dilini mütləq hakim dil etməliyik»
Ümummilli Lider Heydər Əliyev,
Ana dilimizi milli dövlətçiliyimizin
başlıca rəmzləri kimi dəyərləndirən, doğma dildə poeziyamızın
klassik nümunələrini yaradan sərkərdə, görkəmli
şair Şah İsmayıl Xətai gənclərə nəsihətində
yazırdı: «Vətənin bir ovuc torpağını bir
ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü
mücəffərdən üstün bildim. Dilimizin və Vətənimizin
əbədiyyən yaşaması üçün əlimdən
gələni etdim. Məni lənətlə yad etməyin.
Yaxşı nə etdimsə
davam etdirin, xətalarımı təkrar etməyin…
Atalar sizə üç əmanət qoyublar: Dilimiz, qeyrətimiz,
Mətənimiz.»
«Biz Azərbaycanda Azərbaycan dilinin hakim
olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini
təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitə , hansı ölkədə yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən
də istifadə etsin, o ölkənin şəraitinə
uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və
inkişaf etdirsin» söyləyən Ulu Öndər Heydər
Əliyevin xalqları birləşdirən
dilimizin saflığının qorunmasındakı xidmətləri
də əvəzsizdir. «Müstəqil Azərbaycan dövlətinin əsas ideyası
azarbaycançılıqdır», «Fəxr edə bilərik ki,
bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan
dilimiz var», «Biz indi müstəqil dövlət kimi, azad xalq
kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr
edirik», «Mən hər bir dilə öz hörmət və
ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz
dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə
bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada
tanınmış dildir. Xalqımızın adı da
tanınıb, respublikamızın adı da tanınıb,
dilimizin adı da tanınıb»
söyləyən Ulu Öndərin ən dəyərli
tövsiyələrindən biri də bu idi ki, xalqımızın mənəvi sərvəti,
dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməli,
müstəqilliyimizin başlıca rəmzləridən
olan dilimizi yaşatmaq hər birimizin vətəndaşlıq
borcudur.
…XIX- XX əsrlərdə dəfələrlə
latın qrafikalı əlifbaya keçmək
üçün səylər göstərilmişdir. Tarixdən
də bəllidir ki, müxtəlif zamanlarda təzyiq və təsirlərə məruz qalmışlar. Ötən
əsrin 30-ci illərində dil
məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta
milli respublikaların rəhbərləri də ana dili məsələsini
gündəmə gətirməkdə aciz idilər.Azərbaycan
dilinin əlifba islahatları dramaturq M.F.Axundov kimi digər maarifçi ziyalıları da düşündürmüş, bu
istiqamətdə müəyyən
addımlar atılmışdır. 1922-ci ildə Azərbaycan hökumətinin qərarı
əsasında Əlifba Komitəsinin
yaradılması, yeni tərkibə Azərbaycan dili üçün
latın qrafikalı əlifba tərtibinin tapşırılması bu istiqamətdə
atılmış ilk addım olsa da bu təşəbbüs
uzun sürmədi. 1 yanvar
1940-cı ildən latın əlifbası kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba
ilə əvəz olundu. Kiril qrafikasının dilimizin səs
quruluşuna uyğun gəlməməsi bir daha
ziyalıları əlifbanın
təkmilləşdirilməsi yolunda
düşünməyə vadar etdi.
Türk dünyasının birliyini təmin edəcək
bu missiyanı yerinə yetirmək isə uzaqgörən siyasətçi,
ən böyük azərbaycanlı
Ulu Öndər Heydər Əliyevə nəsib olmuşdur. 70-ci illərin ortalarından
başlayaraq SSRİ-ni təşkil edən respublikaların
ictimai-siyasi həyatında dil məsələsi yenidən
gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan
sonra milli dillərin sıxışdırılması prosesi
daha da gücləndirildi. Belə bir şəraitdə ana dili
məsələsinin təbliği ilə məşğul
olmaq cəsarət tələb edirdi. 1993-cü ildə hakimiyyətə
qayıdışı ilə bütün sahələrdə
köklü islahatlar aparan, dövlətin dil siyasətinə
millətin varlığını təsdiqləyən amil
kimi məsuliyyətlə
yanaşan Ümummilli Lider Heydər
Əliyev ziyalılarla
görüşü zamanı
dilimizin taleyi ilə əlaqədar
geniş müzakirə apardı. Süni məhdudiyyətlərə
rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində
öz mövqeyini hər zaman çox qətiyyətlə
qorumağa müvəffəq olmuşdur. Dövlət dili
uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider
ziyalıları, xalqı ana dilinin dövlət dili kimi
yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək
bütün qüvvələri səfərbər etmişdir.
Ümumi razılaşmaya əsasən, Azərbaycan dilinin
latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun
hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan
problemlərin həlli üçün xüsusi Sərəncamla
Dil Komissiyası yaradıldı.
Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi,
inkişafı, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli- mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi imkanları genişləndi.
Milli-mənəvi dəyərlərimizin qorunmasında xüsusi xidmətləri olan Ulu Öndərin
imzaladığı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında» (18 iyun 2001-ci il), «Azərbaycan Respublikasında
Dövlət dili haqqında» Azərbaycan Respublikasının
Qanunu» (30 sentyabr 2002-ci il) və « Azərbaycan Respublikasında dövlət dili
haqqında Qanunun tətbiq edilməsi
barədə» (2 yanvar 2003-cü il) fərmanlarının həyata
keçirilməsi ilə ədəbi
dilimizin fəaliyyət imkanları daha da genişləndirilmiş, üslub potensialları təkmilləşdirilmiş,
nitq mədəniyyətimizin qarşısında yeni üfüqlər
açılmışdır. Azərbaycan dilinə dövlət
dili statusunun verilməsində əvəzsiz rolu olan, 1978-ci il
aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali
Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası
Konstitusiyasının layihəsi və onun ümumxalq
müzakirəsinin yekunlarına həsr olunmuş VII
sessiyasında məruzə ilə çıxış edən
Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü
maddəni aşağıdakı redaksiyada vermək təklif
olunmuşdur: «Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir.» 1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanarkən dövlət
dilinin necə adlandırılması ilə bağlı
müxtəlif təkliflər irəli
sürülmüşdür. Təkliflərin çox
böyük əksəriyyətində ana dilimizin Azərbaycan
dili adlandırılması dəstəklənirdi. Geniş
müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan
dili olması öz əksini tapmışdır.
Ulu Öndər 9
avqust 2001-ci ildə «Azərbaycan əlifbası və
Azərbaycan dili
gününün təsis edilməsi haqqında» Fərmanı
imzalamaqla latın qrafikalı əlifbanın daha geniş miqyasda işlədilməsini
təmin etdi. Həmin fərmana əsasən hər il 1 avqust
tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Dilimizin inkişafında, təkmilləşməsində,
saflığının qorunmasında fədakarlıq göstərən
Ulu Öndərin xidmətlərini yüksək dəyərləndirən
və dil siyasətini davam etdirən, «Dil siyasətində sərhəd məhdudiyyəti
yoxdur» ideyasına sadiq qalan
Prezident İlham Əliyev « Azərbaycan dilində
latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə
tutulan və həlli vacib
prioritetləri müəyyənləşdirdi. Yenidən çapı nəzərdə
tutulan kitabların mətnlərinin elektron
daşıyıcıları və internet vasitəsilə
yayılması, latın qrafikasında «Azərbaycan ədəbiyyatının
virtual kitabxanası» yaradılması qarşıya məqsəd
kimi qoyuldu. Bu istiqamətdə görülən işlərin
nəticəsidir ki, «elektron
hökumət», «elektron dərslik», «elektron kitabxana» terminləri
yarandı və bu sahədə önəmli uğurlar əldə
olundu. «Azərbaycan Milli Ensklopediyanın nəşri
haqqında» Sərəncam imzalandı.
Dünya Azərbaycanlılarının, türk
dövlət və cəmiyyətlərinin dostluq,
qardaşlıq, və əməkdaşlıq
qurultaylarında, türkdilli
ölkələrin dövlət
başçılarının zirvə toplantılarında irəli
sürülən təklif və təşəbbüslər
əsasında da türk
birliyinin gücləndirən
oxşar dil və əlifbadan istifadə əsas amil kimi diqqətdə
saxlanıldı. Yekdil qərar əsasında
yaradılan TÜRKSOY-un təklifinə əsasən
türkdilli akademiyanın təsis olunması təşəbbüsünün
əsasında da oxşar və
ortaq dəyərlərə malik
xalqların birlik, həmrəylik istəkləri
dayanır. Bu gün artıq
işlək qurum kimi fəaliyyət göstərən Türkdilli Dövlətlərin
Parlament Assambleyasının türk dünyası birliyinin möhkəmləsində
xidmətləri əvəzsizdir. Türk dövlət və cəmiyyətləri
arasında
qarşılıqlı əlaqə və əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə
ortaq əlifbanın, ortaq türk televiziyasının
yaranmasıını əsasında da ünsiyyət vasitəsi olan dil
amili dayanır. «Azərbaycan dili o qədər zəngindir ki,
heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək
istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu
gün də qorumalıyıq. Biz Azərbaycan dilinin
saflığını təmin etməliyik» sözləri ilə
dilimizin saflığına dəyər
verən Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı»nın qəbulunda da məqsəd Azərbaycan
dilinin istifadə coğrafiyasını genişləndirmək,
dilimizi yad təsirlərdən qorumaq, dünya dilləri
qrupunda mövqeyini möhkəmləndirməkdir. Prezident
İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli «Azərbaycan
Milli Ensiklopediyasının nəşri haqqında”», eləcə
də 2007-ci il 30 dekabr tarixli «Dünya ədəbiyyatının
görkəmli nümayəndələrinin Azərbaycan dilində
nəşri nəzərdə tutulan əsərlərinin
siyahısının təsdiq edilməsi haqqında”» sərəncamları
ilə ana dilinin həyatımızın bütün sahələrində
müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və
reallıqlarını nəzərə alan dövlət
başçımızın imzası ilə «Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı»”nın təsdiqi
milli və mənəvi varlığımızın
güzgüsü olan ana dilimizin saflığının və
zənginliyinin qorunması baxımından mühüm tarixi
hadisə idi Prezident İlham
Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı «Azərbaycan
dilinin saflığının qorunması və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında»” Fərmanı
ana dilimizə daha bir qayğının ifadəsi oldu.
«Müstəqil dövlətin olmadığı
dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan,
assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti,
Azərbaycan dili, milli mənəvi
dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin
qorunub inkişaf etdirilməsi həm
də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin
və milli birliyimizin ən başlıca simvollarını
qorumaq kimi dəyərləndirilməlidir» söyləyən Prezident İlham Əliyevin
vurğuladığı kimi, bu gün dünyada 50 milyondan
çox insan üçün Azərbaycan dili ana dilidir: «Azərbaycan
dilinin müxtəlif tərcümə, izahlı, terminoliji,
etimolji lüğətlərinin hazırlanıb çap
olunmasında müşahidə olunan
nizamsızlığın aradan qaldırılması, Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların
folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi
kimi məsələlər də gündəmə gətirilməlidir.
Azərbaycan dili və mədəniyyəti milli və bəşəri
dəyərləri də ehtiva edir.»
Zənginliyi baxımından
dünya dilləri arasında xüsusi yeri olan Azərbaycan dilinin saflığının
qorunması üçün göstərilən səylər
ana dilimizə sədaqət, vətəndaşlıq borcumuzdur.
Xuraman İsmayılqızı
İki sahil .- 2025.- 29 iyul (¹130).- S.4.