Gələcəyin həkimi, bu
günün nümunəvi tələbəsi…
Solmaz Əliyeva: Prezident təqaüdçüsü
olmaq sadəcə tələbəlik həyatına təsir
etmir, həm də bu ada layiq davranmağı, dövlətin
etimadını doğrultmağı tələb edir
Azərbaycanda həyata keçirilən uğurlu gənclər
siyasəti istedadlı və savadlı gənclərin
intellektual inkişafına geniş imkanlar açır. Gənclərə
göstərilən bu yüksək diqqət və dəstək
nəticəsində ölkəmizdə çoxsaylı
uğur hekayələri yazılır. O uğurlardan biri də
2023-cü ildə dördüncü ixtisas qrupu
üçün keçirilən qəbul imtahanında 682,3
bal toplayaraq ən yüksək
nəticə göstərmiş, Azərbaycan Tibb Universitetinin
stomatologiya fakültəsinə dövlət sifarişi əsasında
qəbul olunmuş, Prezident təqaüdçüsü
adını qazanmış Solmaz Əliyevaya məxsusdur. O, həm
akademik nailiyyətləri, həm də davranışı ilə
yaşıdlarına nümunədir.
- Uğura gedən yolda hansı amilləri zəruri hesab edirsiniz?
-Uşaqlıqdan elmə, oxumağa böyük
marağım olub. Elə bu maraqla da imtahanlara disiplinli
hazırlaşmağa başladım. Yüksək nəticə
gözlənilirdi və mən bunu qarşılamaqla kifayətlənə
bilməzdim, əsas məqsədim potensialımı tam
reallaşdırmaq idi. Oxumaq mənim üçün bir məqsəd
deyil, həyat tərzinə çevrildi. Öyrənməyə
olan sevgim konkret hədəflərdən belə üstün
idi. İnanıram ki, işi sevən insan üçün
uğur qaçılmazdır. Bilikli olsalar da, özünə
inanmayanların uğursuzluqlarını görmüşəm. Buna görə hər imtahana ciddi
yanaşır, daim sınaqlarda iştirak edir, hər dəfə
daha yüksək nəticə hədəfləyirdim. Bu, həm
təcrübə, həm də həyəcanı idarə etmək
baxımından vacib idi. Digər əsas faktor inamdır.
- Valideynlərinizin və müəllimlərinizin
uğur yolundakı rolunu necə xarakterizə edərdiniz?
-Valideynlərimin, yaxınlarımın və müəllimlərimin
dəstəyi danılmazdır. Onlar heç zaman məndən
dəstəklərini əsirgəməyiblər. Xüsusilə
motivasiya baxımından anamın rolu çox
böyükdür. O, eyni zamanda, riyaziyyat müəllimim olub.
Uşaqlıqdan məndəki potensialı ilk olaraq o
görüb və özümü daha da inkişaf etdirmək
üçün mənə geniş imkanlar yaradıb. Məntiqimi,
yaddaşımı, sürətimi artırmaqda böyük əməyi
var. Atam isə ümumi cərrahdır. O, yalnız tibb sahəsinə
deyil, həm də fəlsəfə, ədəbiyyat və digər
sahələrə marağımı artırıb. Onun sayəsində
zehnimdə bədii düşüncə və
yaradıcılıqla zəngin bir “daxili kitabxana”
formalaşıb. Müəllim sözü mənim
üçün dərin anlam daşıyır. Onlarla birlikdə
hər bir çətinliyin öhdəsindən gəlməyə
çalışmışıq. Mənə yalnız bir fənni
deyil, həyatın özünü tədris edən, əziyyəti
böyük olan və haqqını heç zaman ödəyə
bilməyəcəyim insanlardır. İnanıram ki,
universitetimizdəki professor-müəllim heyətinin dəstəyi
ilə bu uğurlarım daha da davamlı olacaq. Onlara da sonsuz təşəkkür
edirəm.
-Stomatologiya ixtisasını seçməyinizin əsas
səbəbləri nələr oldu?
-Potensialıma bələd olan hər kəs məndən
dördüncü ixtisas qrupunu seçəcəyimi gözləyirdi.
Halbuki uşaqlıqdan bəri ətrafımdakılara qəti
şəkildə həkim olmayacağımı söyləyirdim.
Lakin 9-cu sinifdə oxuyarkən bir gün anam mənə
stomatologiya ixtisasını təklif etdi. Qəribədir ki, bu
təklifə yox deyə bilmədim. Abituriyentlik illərində
bir neçə dəfə stomatoloq qəbulunda iştirak
etdikdən sonra bu sahənin həqiqətən də
çoxsaylı üstünlüklərə malik olduğunu
gördüm. Valideynlərim də bu qərarımı tam dəstəklədilər
və marağımın dərinləşməsində
mühüm rol oynadılar. Tibb ixtisasına dövlət
sifarişi əsasında asanlıqla qəbul ola biləcəyim
halda, ixtisas seçimi zamanı kodlaşdırmaq
mümkün olan 15 yerdən yalnız birini doldurmuşdum. Həmin
yerdə isə məhz Stomatologiya fakültəsini qeyd
etmişdim. Kodlaşdırmadan əvvəl artıq
balımın stomatologiya ixtisasının keçid
balını xeyli üstələdiyini bilirdim. Əgər ilk
sıraya ümumi tibb ixtisasını yazsaydım,
böyük ehtimalla ora qəbul olunacaqdım. Lakin mənim istəyim
fərqli idi. Elə buna görə də birinci yerə qətiyyətlə
stomatologiyanı yazdım. Sonrakı yerləri doldurmağa
ehtiyac qalmadı. Mən özümə başqa seçim
şansı buraxmamışdım: ya stomatologiya, ya da
heç nə. Maraqlıdır ki, müəllimlərim də
daxil olmaqla bir çoxları mənim bu ixtisası
seçdiyimi yalnız qəbulun nəticələri
açıqlananda öyrəndilər. Bu qərar onların əksəriyyəti
üçün təəccüblü oldu. Hər kəsin
dilində eyni sual var idi: “Bu qədər balla nəyə
görə stomatologiya?”
Mənim isə cavabım belə olurdu: “Bilirsiniz ki, mənim
dördüncü qrupu seçməyimin yeganə səbəbi
məhz bu ixtisas idi. Başqa nəyi seçə bilərdim
ki?..”
Stomatologiya daha çox özəl sektorun tərkib
hissəsi kimi formalaşır. Bizim ixtisasda artıq
dördüncü kursdan etibarən həkim-mütəxəssis
kimi fəaliyyət göstərmək mümkündür. Həkim
üçün son dərəcə vacib olan praktik
bacarıqlar isə aşağı kurslardan başlayaraq dərs
prosesində sistemli şəkildə öyrədilir. Məhz
bu və digər üstünlüklər stomatologiya fakültəsini
seçməyimdə həlledici rol oynadı. Məncə,
universitetimizin, klinikamızın atmosferi, dekanlıqda
çalışanların səmimiyyəti,
anlayışı ilə tanış olanlar bu fakültəni
sevməyə bilməz.
-Təhsilin insan həyatında oynadığı rolu
necə xarakterizə edərdiniz?
- Təhsil almaq insanın
dünyagörüşünü genişləndirir, obyektiv
düşüncə tərzini formalaşdırır.
Müasir dünyada təhsil həm də sosial statusun
açarıdır. Təhsilli insan özünə daha
dayanıqlı gələcək qurur, özünü, cəmiyyətdəki
rolunu, hüquqlarını tanımağa müvəffəq
olur. Yenilikləri kəşf etməyə, dəyişən
həyat şəraitinə uyğunlaşmağa daha hazır
vəziyyətdə olur. Bu, həm fərdi, həm ailə, həm
də milli cəhətdən tərəqqi deməkdir.
-Orta məktəb və universitet həyatınızdan
ən unudulmaz xatirələr hansılardır?
- İbtidai sinifdən bəri daha çox intellektual
oyunlarda qrup şəklində iştirak etdiyimiz dönəmlər
mənim üçün unudulmaz olub. Xatırlayıram ki, Elm
və Təhsil Nazirliyi tərəfindən keçirilmiş
"Nə? Harada? Nə zaman?" adlı oyunda komandamız
1-ci yeri tutmuşdu. Qalib komandanın başçısı
kimi çox qürur duyurdum. Abşeron rayonu üzrə
keçirilən "Əlaçı" televiziya
müsabiqəsinin seçim turunda iştirakımı
xatırlayıram. Qızlar arasında ən çox balı
mən toplamışdım. Universitetə qeydiyyat
üçün gəldiyimiz gün də xatirimdədir.
Yaddaşımda sonrakı dərin izləri isə müəllimlərim
qoyub.
-Prezident təqaüdçüsü adını
daşımaq sizin üçün nə ifadə edir?
- Qəbul olunduğum il Prezident təqaüdçülərinin
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və
Dövlət İmtahan Mərkəzi ilə birgə
görüşü təşkil olunmuşdu. Həmin tədbirdə
bu təqaüdə ilk dəfə Ulu Öndər Heydər
Əliyev tərəfindən layiq görülmüş şəxslər
də iştirak edirdi. Onların
çıxışlarını, həyat hekayələrini
və uğurlarını dinlədikcə anladım ki,
Prezident təqaüdçüsü olmaq yalnız tələbəlik
illərinə təsir göstərmir, bu ad, eyni zamanda, insanın
sonrakı fəaliyyətində də məsuliyyət
daşımasını zəruri edir. Həm qəbul
olunduğum il, həm də hazırda fakültəmin yeganə
Prezident təqaüdçüsü olaraq bu adı
daşımaq mənim
üçün dövlət tərəfindən seçilmək,
millətin gələcəyinə ümid kimi görülmək
deməkdir. Bu status sadəcə maliyyə dəstəyi deyil,
böyük bir etimadın və təmsilçilik məsuliyyətinin
ifadəsidir. Fakültəmi, tələbəlik mövqeyimi və
öz prinsiplərimi ləyaqətlə təmsil etmək
üçün daim çalışıram. İstər
davranışımda, istər təhsilimdə, istərsə
də digər fəaliyyət sahələrində bu ada layiq
qalmaq mənim üçün hər zaman əsas məqsədlərdən
biri olub.
-Universitetdəki elm və tədris mühitini necə
qiymətləndirirsiniz?
- Universitetimizin tədris mühiti kafedralar və
klinikalar kimi bir-birindən fərqli, lakin bir-birini tamamlayan hissələrin
ahəngindən ibarətdir. Bu iki mühüm mühiti birləşdirən
isə ağxalatlarımızdır. Anatomiya, histologiya,
farmakologiya kimi kafedraların səssizliyində addımlayarkən
özünü daha çox öyrənən və axtaran
biri kimi hiss edirsən. Klinikalarda isə kurslar irəlilədikcə
artıq “kiçik həkim” kimi formalaşmağa
başlayırsan. Kafedralarda müəllimlərin
baxışları ilə, klinikalarda isə pasiyentlərin
baxışları ilə qarşılaşırsan. Biz bu iki
dünyanın arasında yavaş-yavaş həkim oluruq. Bu
mühit bizə təkcə tibbi biliklər deyil, həm də
həyat dərsləri öyrədir: kitab səhifələrində yox,
ömür səhifələrində yazılmış dərsləri...
-Tələbəlik illərində sizi ən çox
ruhlandıran məqamlar nələrdir?
-Mühazirələrdə məni sadəcə
baxışlarımdan belə anlayan, seminarlarda motivasiya verən,
fərqli yanaşmaları ilə seçilən müəllimlərim...
Qrup yoldaşlarımın “sən bacararsan”, “sən bilərsən”
demələri... Birlikdə
hazırlaşdığımız, yuxusuz keçirdiyimiz gecələrdən
sonra əldə olunan uğurlu imtahan nəticələri və
o nəticələrin ardınca gələn rahatlıq
hissi əvəzedilməz
duyğulardır. Kitabda oxuduqlarını ilk dəfə real həyatda
gördüyün və əminliklə tətbiq edə
bildiyin anlar var. Hansı ki, təkcə
biliyin deyil, həm də cəmiyyətə faydanın
olduğunu dərk edirsən. Məni ruhlandıran da məhz
bu hisslərdir.
-Dövlətin gənclər üçün
yaratdığı şəraiti və onlara verdiyi dəstəyi
necə qiymətləndirirsiniz?
-Təqaüdlər, mübadilə proqramları,
müxtəlif kurslar və elmi işlər üzrə
keçirilən müsabiqələr gənclərin həm
yerli, həm də beynəlxalq təhsil imkanlarını əhəmiyyətli
dərəcədə genişləndirir. Akademik uğur əsas
dəyər kimi təşviq olunur. Yüksək nəticə
göstərən tələbələrə verilən dəstək
isə rəqabət ruhunu və inkişaf istəklərini
daha da gücləndirir. Bu təşviq yalnız ölkə
daxilində deyil, onun hüdudlarından kənarda da gənclərin
inkişafına töhfə verir. Bununla yanaşı, dəstək
təkcə təhsil sahəsi ilə məhdudlaşmır.
Sağlam həyat tərzini təşviq edən marafonlar,
idman festivalları, düşərgələr təşkil
olunur. Gənclərin sosial layihələrə cəlb
olunması və müxtəlif könüllülük fəaliyyətlərinə
qoşulması da çox təqdirəlayiqdir. Bütün
bunlar ictimai məsuliyyət hissini, vətənpərvərlik
ruhunu və liderlik bacarıqlarını
formalaşdırır. Dövlət tərəfindən
yaradılan bu imkanları olduqca müsbət qiymətləndirirəm.
-Gələcəkdə özünüzü harada
görürsünüz və hansı planlarınız var?
-Gələcəkdə
rezidentura təhsili almağı və müxtəlif
ixtisasartırma kurslarında iştirak etməyi
planlaşdırıram. Stomatologiya sahəsini və onun
müxtəlif istiqamətlərini dərindən mənimsəmək
istəyirəm. Hədəfim ən müasir texnologiyaları
tətbiq etməklə ağız boşluğu ilə
bağlı bütün problemlərin həllinə nail
olmaqdır. Bildiyimiz kimi, bir çox insan stomatoloq qəbuluna
getməkdən çəkinirlər. Bir qadın həkim
olaraq bu qorxuları və yanaşmaları dəyişmək
istəyirəm.
-Sonda həmyaşıdlarınıza hansı
tövsiyələr vermək istərdiniz?
-Həyatın hər anını dəyərləndirmək,
gənclik çağlarını dolu-dolu yaşamaq, həm
elmi, həm də mənəvi baxımdan inkişaf etmək
vacibdir. Əgər məqsədimiz savadlı və cəmiyyətə
faydalı kadr olmaqdırsa, təhsil aldığımız
ixtisasdan asılı olmayaraq mütləq daim
oxumalıyıq. Yorulduğumuz anda özümüzə
xatırlatmalıyıq ki, bizim yerimizdə olmaq istəyən
neçə-neçə gənc var. Onlar hələ hədəfə
doğru irəliləyərkən, biz artıq yoldayıq.
Zirvələri fəth etmək və qarşıya
çıxan çətinliklərin öhdəsindən
layiqincə gəlmək üçün isə dayanmadan
çalışmaq gərəkdir.
-Müsahibə üçün təşəkkür
edirik, gələcək fəaliyyətinizdə uğurlar
arzulayırıq.
Yaqut Ağaşahqızı
İki sahil .- 2025.- 31 iyul (¹132).- S.6.