Qərbi Azərbaycana
qayıdışa BMT dəstəyi
2020-ci il Vətən müharibəsində
qazanılmış şanlı Zəfər, 2023-cü ildə
suverenliyimizin tam bərpası, hazırda Qarabağ və
Şərqi Zəngəzurun yenidən qurulması,
keçmiş məcburi köçkünlərin öz evlərinə
qayıdışı Qərbi azərbaycanlılarda da
böyük ruh yüksəkliyi yaradıb. Bu gün onlar da
yurd-yuvalarına qayıtmaq istiqamətində fəal
mübarizə aparırlar. Bu mənada Qərbi Azərbaycan
İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri
olduqca təqdirəlayiqdir. Xatırldaq ki, Qərbi Azərbaycanda
– Ermənistan ərazisində 1918–1921, 1948–1953 və
1987–1991-ci illərdə sistemli və total şəkildə
etnik təmizləmə həyata keçirilib və təcavüzkar
ölkədə bir nəfər belə soydaşımız
qalmayıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu etnik təmizləmə
böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə
Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana
verilməsi ilə ölkəmizin əsas hissəsinin onun
ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini
kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət
edib.
Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq
gündəliyə də daxil edilib. Hətta artıq Ermənistandan
zaman-zaman deportasiya olunmuş Qərbi azərbaycanlıların
ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının
bərpası hazırda beynəxalq aləm tərəfindən
də dəstəklənməkdədir. Belə ki, İslam
Əməkdaşlıq Təşkilatının (İƏT)
Nazirlər Şurasının iyunun 21-22-də Türkiyənin
İstanbul şəhərində keçirilmiş 51-ci
sessiyasının yekun Bəyannaməsinə Qərbi Azərbaycan
məsələsi barədə bənd daxil edilib. Bu, 3-4 iyul
tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının
(ECO) Xankəndidə keçirilən 17-ci Zirvə
görüşünün yekununda qəbul edilmiş Xankəndi
Kommünikesində də öz əksini tapıb. Bir neçə
gün öncə isə BMT katibliyi Prezident İlham Əliyevin
2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara
şəhərində “Qərbi Azərbaycana
qayıdış insan hüquqlarının aliliyinin
mühüm şərti kimi” mövzusunda keçirilmiş
beynəlxalq konfransın iştirakçılarına
müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik
Şurası və Baş Assambleyasının rəsmi sənədləri
kimi yayıb. Şübhəsiz, Qərbi Azərbaycan məsələsini
prinsipial və ardıcıl şəkildə beynəlxalq
gündəmdə saxlayan Prezident İlham Əliyevin
sözügedən müraciətinin BMT-nin rəsmi sənədi
kimi yayılması bir daha Qərbi Azərbaycana
qayıdış məsələsinə beynəlxalq dəstəyin
artırılmasından xəbər verir. Bu mənada həmin
sənədi Qərbi Azərbaycana qayıdışa BMT dəstəyi
kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, Azərbaycan
QHT-ləri də müxtəlif beynəlxalq tədbirlərdə
bu mövzuda məsələlər qaldırırlar.
Xatırladaq ki, Azərbaycan Prezidentinin sözügedən
həmin müraciətində deyilirdi ki, “böyük Ermənistan”
xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana
və Türkiyəyə qarşı ərazi
iddialarının yer alması Qərbi azərbaycanlıların
qayıdışına imkan vermir: “Ermənistan qonşu
dövlətlərə qarşı ərazi iddialarına son
qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası
və qorunması üçün addımlar atmalı, bu məqsədlə
UNESCO-nun monitorinq missiyasına icazə verməli,
qayıdış mövzusunda İcma ilə dialoqa
başlamalıdır”. Lakin soydaşlarımızın Qərbi
Azərbaycandan guya könüllü köçdüklərini
iddia edən Ermənistan bütün bunlara məhəl qoymur.
Prezident, həmçinin xatırlatmışdı ki, Qərbi
azərbaycanlıların qayıdış istəyi Ermənistana
qarşı ərazi iddiası demək deyildir və Ermənistan
həmin istəyi bu formada təqdim etmək cəhdlərindən
əl çəkməlidir.
Qərbi Azərbaycan İcması bununla bağlı
yaydığı bəyanatda sülh yolu ilə təhlükəsiz
və ləyaqətli şəkildə qayıdış məsələsinə
beynəlxalq aləmin dəstəyinin əldə edilməsi
istiqamətində səylərini davam etdirəcəyini
bildirib. Bu isə o deməkdir ki, İcma Ermənistan hökumətindən
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və
digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə
götürdüyü öhdəliklərinə uyğun
olaraq, Qərbi azərbaycanlıların öz evlərinə
qayıdışına şərait yaratmağı tələb
etməkdən əl çəkməyəcəkdir. Bir sözlə, qayıdış
reallaşana qədər bu məsələ İcmanın
gündəliyindən çıxmayacaqdır. Bu da bir daha
sübut edir ki, Qərbi azərbaycanlılar da gec-tez təhlükəsiz
şəkildə öz doğma yurdlarına qayıdacaqlar.
Qvami Məhəbbətoğlu
İki sahil .- 2025.- 31 iyul (¹132).- S.5.