Qarabağda nəhəng quruculuq işləri həm hüquqi,
həm də mənəvi
qələbəmizin təzahürüdür
Müsahibə
Qarabağda aparılan genişmiqyaslı
bərpa və quruculuq işləri təkcə bir bölgənin fiziki dirçəlişi deyil,
bütövlükdə Azərbaycanın
tarixi, milli-mədəni
kimliyi və ruhunun yenidən doğuluşudur. Bu prosesin rəmzi və real mərkəzində
isə, şübhəsiz
ki, Şuşa şəhəri dayanır.
Şuşa təkcə
qədim mədəniyyət
beşiyi deyil, həm də xalqımızın qürur
yeri, Vətən sevgisinin təcəssümüdür.
Milli Məclis
sədrinin müavini Ziyafət Əsgərov
İkisahil.TV-yə müsahibəsində
qeyd edib ki, Qarabağda həyata
keçirilən layihələr
-ağıllı kənd-şəhər
modeli, ekoloji yanaşmalar, mədəni
irsin bərpası və ən əsası, Böyük Qayıdışın təmin
olunması dövlətin
və xalqın bu torpağa verdiyi dəyərin bariz nümunəsidir.
- Ziyafət müəllim, Qarabağda
dirçəliş prosesi
yalnız bərpa işləri ilə məhdudlaşmır. Qarabağ
Azərbaycanın ərazi
bütövlüyü və
suverenliyinin təcəssümüdür.
Bu torpağın bərpası beynəlxalq
hüquq və dövlət hüququ baxımından hansı əhəmiyyət kəsb
edir?
- Bu gün
Qarabağda atılan hər bir addım
ölkəmizin suveren
hüquqlarının tam
şəkildə həyata
keçirilməsinin göstəricisidir. 2020-ci ildə əldə etdiyimiz möhtəşəm Qələbə
yalnız hərbi sahədə deyil, həm də hüquqi və siyasi baxımdan Azərbaycanın beynəlxalq
mövqelərini daha da gücləndirdi. Dövlətimiz bu Zəfərlə həm də BMT Nizamnaməsinə,
Helsinki Yekun Aktına və digər beynəlxalq hüquq normalarına söykənən bir prinsipi-ərazi bütövlüyünü
qorumaq hüququnu öz gücü ilə reallaşdırdı.
Hazırda Qarabağda
həyata keçirilən
dirçəliş prosesi
beynəlxalq hüquq müstəvisində bir neçə strateji aspektdə əhəmiyyətlidir.
Birincisi, Azərbaycan suverenliyinin tam bərpasını faktlarla
və əməli addımlarla təsdiq edir. İkincisi, bu ərazilərdə qurulan yeni həyat
-ağıllı kənd
və şəhər
konsepsiyası, ekoloji yanaşma və modern idarəetmə sistemi göstərir ki, Azərbaycan bu torpaqlarda yalnız fiziki deyil, hüquqi və sosial sabitlik də yaradır. Üçüncüsü isə
Böyük Qayıdış
prosesində vətəndaşlarımızın
doğma yurdlarına qayıtması, onların
hüquq və azadlıqlarının təmin
olunması, mülkiyyət
hüquqlarının bərpası
beynəlxalq insan hüquqları konvensiyalarına
tam uyğundur. Bu, həm də
işğal dövründə
Ermənistanın həyata
keçirdiyi qeyri-qanuni
məskunlaşma və
hərbi təcavüz
siyasətinə cavab olaraq hüququn və ədalətin qələbəsidir.
Bu baxımdan
Qarabağda aparılan
dirçəliş işləri
həm daxili hüquqi legitimliyi, həm də beynəlxalq hüququn üstünlüyünü nümayiş
etdirən nümunəvi
modeldir. Bu gün dünya bir daha şahid
olur ki, Qarabağ Azərbaycandır
- həm siyasi, həm hüquqi, həm də mənəvi baxımdan.
- Bu günlərdə
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı
ilə Şuşada
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
mövzusunda tədbir
keçirildi. Sizcə,
belə bir tədbirin məhz Şuşada keçirilməsi
hansı simvolik və strateji məna daşıyır?
- Azərbaycanın azad edilmiş ərazilərində, xüsusilə
də Şuşada keçirilən hər bir tədbir, təkcə bir tədbir deyil- o, milli iradənin, dövlətin gücünün
və suverenliyimizin təntənəli nümayişidir.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı
ilə Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda
tədbir də məhz bu baxımdan
son dərəcə əhəmiyyətli idi.
Bu tədbirin
məhz Şuşada keçirilməsi çoxqatlı
siyasi və simvolik məna daşıyır. Şuşa
artıq təkcə Azərbaycanın deyil, həm də türk dünyasının,
bölgənin siyasi və mədəni mərkəzlərindən birinə
çevrilməkdədir. Qlobal
siyasi düzənin dəyişdiyi regional və beynəlxalq münasibətlərdə dərin
transformasiyaların baş
verdiyi bir vaxtda belə bir tədbirin Şuşada reallaşdırılması
Azərbaycanın yeni
geosiyasi reallıqlarda
öz sözünü
deməyə qadir olduğunu bir daha nümayiş etdirdi.
Tədbir iştirakçıları
-yerli və xarici ekspertlər, siyasi xadimlər, elm və ictimaiyyət
nümayəndələri bir
daha şahid oldular ki, Azərbaycan
həm öz daxili dirçəlişini,
həm də qlobal platformalardakı fəallığını uğurla
və paralel şəkildə həyata
keçirir. Müzakirə
edilən mövzular, verilən mesajlar Azərbaycanın sülh,
əməkdaşlıq və
ədalətə əsaslanan
mövqeyini bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Qarabağda həyatın bərpası,
suverenliyin tam bərqərar olunması və beynəlxalq əlaqələrin gücləndirilməsi
istiqamətində atılan
addımlar, sözün
əsl mənasında,
yeni dünya düzəninə Azərbaycanın
mühüm töhfəsidir.
Bu tədbir həm də YAP-ın siyasi düşüncə platformasının
çevikliyini, qlobal çağırışlara cavab
vermək bacarığını
göstərdi. Azərbaycanın
strateji baxışlara
malik siyasi iradəsi və liderlik mövqeyi bir daha Şuşadan
bütün dünyaya
bəyan edildi.
- 2021-ci ildə imzalanmış Şuşa
Bəyannaməsi Azərbaycan-Türkiyə
münasibətlərində yeni bir mərhələnin
əsasını qoydu
və artıq bu sənəd ölkəmizin siyasi tarixində strateji əhəmiyyətə malik
sənəd kimi qiymətləndirilir. Sizcə,
bu Bəyannamə gələcəkdə iki
qardaş dövlət
arasında münasibətlərin
hansı sahələr
üzrə dərinləşməsini
və yeni strateji istiqamətlərin
formalaşmasını təmin
edəcək?
- 2021-ci il iyunun
15-də Şuşa şəhərində
imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə
münasibətlərinin ən
yüksək zirvəyə
çatdığını təsdiqləyən mühüm
siyasi və tarixi sənəddir. Bu sənəd sadəcə iki qardaş ölkənin münasibətlərinin hüquqi
əsaslarını genişləndirməklə
kifayətlənmir, eyni
zamanda, bölgədə
və daha geniş coğrafiyada yeni geosiyasi balansın formalaşmasında
da həlledici rol oynayır. Bəyannamə ilə Azərbaycan və Türkiyə arasındakı
müttəfiqlik rəsmi
şəkildə təsbit
edildi. Bu isə iki ölkənin
təhlükəsizlik, müdafiə
sənayesi, enerji, nəqliyyat, iqtisadiyyat, mədəniyyət və
təhsil sahələrində
əməkdaşlığının daha da dərinləşməsinə
real zəmin yaratdı. Xüsusilə hərbi-strateji sahədə
birgə təlimlər,
informasiya təhlükəsizliyi
və müdafiə sənayesində təcrübə
mübadiləsi yeni mərhələnin əsas
göstəricilərindəndir. Bu, həm də
bölgədə sülhün
və sabitliyin qorunmasında mühüm
amildir. Şuşa Bəyannaməsinin bir başqa əhəmiyyətli
tərəfi isə türk dünyasını
birləşdirən geosiyasi
körpü rolunu oynamasıdır. Türkiyə
və Azərbaycanın
siyasi birliyi Orta Asiya ölkələri
ilə daha sıx inteqrasiyaya imkan verir və
Türk Dövlətləri
Təşkilatının güclənməsinə
xidmət edir. Bəyannamənin imzalanmasının
məhz Şuşada baş verməsi isə tarixi məna daşıyır.
Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün
bərpasının dünyaya
nümayişidir və
Qarabağ Zəfərinin
beynəlxalq müttəfiqlik
çərçivəsində təsdiqidir. Hesab edirəm ki, Şuşa Bəyannaməsi
iki qardaş dövlətin təkcə
bu günü deyil, gələcək onilliklərini də müəyyənləşdirən strateji yol xəritəsidir.
Bu sənəd əsasında əməkdaşlıq
daha da genişlənəcək
və Azərbaycan-Türkiyə
münasibətləri nümunəvi
müttəfiqlik modelinə
çevriləcək.
- İşğaldan
azad edilmiş ərazilərdə tarixi və dini abidələrin
bərpası prosesi dövlət səviyyəsində
xüsusi diqqət mərkəzindədir. Sizcə,
bu addımlar Qarabağın milli kimliyinin, mədəni irsinin və tarixi yaddaşının bərpası baxımından
hansı strateji və mənəvi əhəmiyyətə malikdir?
- İşğaldan azad edilmiş ərazilərdə aparılan
bərpa və yenidənqurma işlərinin
əsas istiqamətlərindən
biri, bəlkə də ən önəmlisi - tarixi və dini abidələrin
bərpasıdır. Bu
məsələ sadəcə
memarlıq nümunələrinin
yenidən qurulması
deyil, həm də milli kimliyimizin,
mədəni irsimizin və tarixi yaddaşımızın bərpası
baxımından strateji
əhəmiyyətə malikdir.
30 ilə yaxın
işğal dövründə
Ermənistan tərəfindən
Qarabağ və ətraf bölgələrdəki
abidələrimizə qarşı
görünməmiş vandalizm
törədildi. Məscidlərimiz,
türbələrimiz, alban
kilsələri, qəbiristanlıqlar
sistemli şəkildə
dağıdıldı, təhqir
edildi və izləri silinməyə çalışıldı. Bu,
təkcə Azərbaycanın
tarixi-mədəni irsinə
deyil, ümumilikdə
bəşəriyyətin mədəni
dəyərlərinə qarşı
yönəlmiş cinayət
idi. Bu gün
isə Azərbaycan dövləti işğaldan
azad edilmiş torpaqlarda tarixi və dini abidələrin
bərpasını milli
ideoloji xəttin mühüm tərkib hissəsinə çevirib.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə
nəzarəti ilə
həyata keçirilən
bu layihələr Qarabağın azərbaycanlı
kimliyinin dünyaya bir daha bəyanıdır.
Bu bərpa
prosesi həm də gələcək nəsillərə ötürüləcək
mənəvi mirasdır.
Gənclər bu torpaqlarda atalarının izlərini görəcək,
kimliyini, tarixini və mədəniyyətini
canlı şəkildə
hiss edəcək. Qarabağda və Şərqi Zəngəzurda
həyata keçirilən
bu layihələr, təkcə maddi-mədəni
irsimizin deyil, həm də mənəvi bütövlüyümüzün
qorunmasıdır.
- Ziyafət müəllim, müasir dövrdə beynəlxalq hüququn prinsiplərinin tez-tez pozulduğu, gücün hüquqdan üstün tutulduğu bir zamanda Azərbaycanın
suverenliyini təmin etməsi və beynəlxalq hüquqa söykənən mövqeyini
qoruması hansı hüquqi və geosiyasi əhəmiyyət
kəsb edir?
- Müasir beynəlxalq
münasibətlər sistemində
ciddi təlatümlərin,
regionlararası qarşıdurmaların
və beynəlxalq hüququn selektiv tətbiq olunduğu halların artdığı
bir dövrdə Azərbaycanın tutduğu
prinsipial mövqe mühüm strateji və hüquqi əhəmiyyət daşıyır.
Dövlətimizin rəhbərliyi
ilə həyata keçirilən məqsədyönlü
siyasət nəticəsində
Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa
etməklə yanaşı,
beynəlxalq hüququn
əsas norma və prinsiplərinə tam uyğun şəkildə hərəkət
etmişdir. 44 günlük
Vətən müharibəsi
təkcə hərbi uğur deyil, həm də siyasi və hüquqi qələbə
idi. Çünki Azərbaycan uzun illər boyu BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin icrasını
sülh yolu ilə təmin etməyə çalışdı.
Lakin beynəlxalq ədalətsizlik fonunda ölkəmiz öz gücünə, qanuni hüququna əsaslanaraq torpaqlarını azad etdi. Azərbaycanın suverenliyi yalnız ərazi bütövlüyünün
təmin olunması ilə yekunlaşmır. Bu gün işğaldan
azad olunmuş ərazilərdə aparılan
bərpa və yenidənqurma prosesi, əhalinin Böyük Qayıdış Proqramı
çərçivəsində doğma torpaqlara köçürülməsi, tarixi-mədəni
irsin bərpası Azərbaycanın öz ərazisində tam suveren şəkildə hərəkət etdiyini və beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini
tam şəkildə təmin etdiyini sübut edir. Geosiyasi baxımdan da Azərbaycanın bu mövqeyi regionda sabitliyin, əməkdaşlığın və beynəlxalq hüquqa əsaslanan yeni nizamın qurulmasına töhfə verir. Azərbaycan bu gün yalnız
regional yox, qlobal səviyyədə də hüququn və ədalətin müdafiəçisinə çevrilib.
Xücusilə qeyd edərdim ki, Prezident İlham Əliyevin qətiyyətli
siyasəti və diplomatik uzaqgörənliyi,
həmçinin milli maraqları əsas tutan hüquqi yanaşması nəticəsində
Azərbaycanın beynəlxalq
aləmdə etibarlı
tərəfdaş, söz
sahibi və prinsipial mövqeli dövlət imici daha da möhkəmlənmişdir.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz
İki sahil.- 2025.- 22 iyun, ¹106.- S.4.