Köç yollarından qəzet köşklərinədək…
Müsahibə
Sözün nəfəsi yaddaşın izidir, onu yaşadanlar isə qələmə məsuliyyətlə sarılan, həqiqəti zamana daşıyan insanlardır. Nəriman İsa oğlu Zeynallı bu missiyanı həyatının mənasına çevirmiş ziyalılardandır. 1960-cı ildə Laçın şəhərində dünyaya gələn, Bakı Dövlət Universitetində ali təhsil alan Nəriman müəllim ömrünü mətbuatla yoğurmuş, sözə vicdanla xidmət etmişdir. 1992-ci ildə doğma torpağından didərgin düşsə də nə Laçını, nə də peşəsini unutmayan bu qələm sahibi 2024-cü ilin sentyabrında "Böyük Qayıdış" Proqramı çərçivəsində yenidən Vətən ocağına qayıtdı.
Qayıtdı və susmadı – Laçının informasiya məkanına yeni ruh, yeni nəfəs gətirdi. Onun rəhbərliyi ilə "Mətbuat Yayımı" MMC-nin Laçın sahəsi bərpa edildi, şəhərin müxtəlif yerlərində qəzet köşklərinin yaradılmasına start verildi. Müsahibəmiz əsnasında Nəriman müəllimlə doğma yurda dönüşün təəssüratlarından, Laçının informasiya sahəsində baş verən yeniliklərdən, medianın bölgədəki rolundan, publisist fəaliyyətindən və Böyük Qayıdışın mənəvi tərəflərindən söz açacağıq.
- Laçına 33 ildən sonra dönüş sizə hansı mənəvi hissləri yaşatdı və ilk qarşılaşdığınız
dəyişikliklər nə
oldu?
- Laçına ilk gəlişim
2023-cü ilin aprel ayının 19-da olub. Bu səfər Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin dəstəyi
və Azərbaycan Televiziyasının təşkilatçılığı
ilə təşkil olunmuşdu. Səfərin
məqsədi Həmzə
Sultan sarayı haqqında
veriliş hazırlamaq
idi. Mən və bir neçə
yaxın qohumlarım Həmzə Sultan nəslinin
nümayəndəsi kimi
tarixçi alimlərin
qatıldıqları bu
səfərdə iştirak
edirdik. Səfərimiz
çox uğurlu oldu. Bu səfər AzTV-nin Xəbərlər proqramında geniş işıqlandırıldı. “525-ci qəzet”də “İşığın hər
zaman gur yansın, Laçın” sərlövhəli
məqaləm dərc
olundu. 31 il sonra keçmiş həyatı
bir anlığa kino kimi gözlərimin önünə gətirdim.
Bunlardan danışmaq
da, yazmaq da çox çətindir. Onda təsəlli tapırsan
ki, artıq biz bu yurda qayıtmışıq
və bura sənindir. Yol boyu kəndlər, şəhərlər dağıdılıb,
hər bir yeri kollar örtüb,
çaylar öz məcrasını dəyişib.
Elə bil ki, hər bir tərəf
sənə baxır və bir sual
verir: Bizi niyə atıb getdiniz? Bu suala Ali Baş Komandan İlham Əliyev görkəmli bir sərkərdə kimi, şəhidlər öz qanları bahasına, əsgərlər
isə öz qəhrəmanlıqları ilə
cavab verdilər. Dəyişməyən bir
möhtəşəm uca
dağlar, bir də yalçın qayalar idi. Dağlara
olan borcumuzu qurub yaratmaqla qaytaracağıq. Binələrdə
çadırlar qurub,
yaylaqlara qoyun-quzu, arı ailələri köçürəcəyik. Qara
zurnanın səsi dərələrə, dağlara
yayılacaq. Bütün
dünyaya sübut etdik ki, bu yurdların
əzəli və əbədi sakinləri bizik. İkinci səfərim 2024-cü ilin
sentyabrında ailə
üzvlərimlə birlikdə
ata evinə köçəndə olub.
Artıq biz Laçın
şəhərində məskunlaşmışıq
və oranın daimi sakiniyik.
- Qəzet köşklərinin
bərpası ideyasının
reallaşması bölgə
əhalisinin informasiya
təminatına necə
təsir göstərəcək?
- Qəzet köşklərinin
bərpası yəqin
ki, məskunlaşan sakinlərin,
informasiya təminatına
müsbət təsirini
göstərəcək. İşğaldan
azad olan rayonlar içərisində
ilk “Mətbuat Yayımı”
MMC-nin ilk filialı Laçında açılması nəticəsində
sakinlər və qonaqlar qısa bir müddətdə gündəlik mətbuatla
tanış olacaqlar.
- Sizcə, mətbuat
bölgədə təkcə
informasiya vasitəsi deyil, həm də ictimai birləşdirici güc
ola bilərmi?
- Bəli, mətbuat bu gün təkcə
informasiya vasitəsi deyil. Eyni zamanda,
ictimai bir gücə malikdir. Əbəs yerə onu dördüncü hakimiyyət adlandırmırlar.
Mətbuatın cəmiyyətdə
rolu danılmazdır.
İctimai fikrin formalaşmasında mətbuat
böyük rol oynamaqla yanaşı, hər zaman informasiya məkanını genişləndirir.
Dövlətimizin də
mətbuata dəstəyi
və qayğısı
daim artır. Eyni zamanda, milli mətbuatın cəmiyyətin
maariflənməsi istiqamətindəki
xidmətləri, ictimai
şüurun yüksəldilməsi
məqsədilə gördüyü
işlər həm də ictimai birləşdirici güc kəsb edir. Sözsüz ki, bu güc bölgələrdə
də öz təsirini göstərir.
- Laçın sakinlərinin
informasiya ehtiyaclarını
müəyyənləşdirmək üçün hansı üsullardan istifadə edirsiniz?
- SSRİ
dönəmində hər
rayonda “Sayuzpeçat”
adlı yayım təşkilatı var idi.
Laçın şöbəsi
əhalinin sayına görə respublikada ən çox abunə və satış yolu ilə mətbuatı yayırdı. Laçınlıların
həmişə mətbuata
marağı olub. Bizim ailə ziyalı ailə idi. Atam, anam,
bacım müəllim,
qardaşım iqtisadçı
idi. Müxtəlif qəzet və jurnallara 120-150 manatlıq abunə yazılırdıq.
Bu məbləğ həmin
dövr üçün
bir idarə rəisinin aylıq əmək haqqına bərabər idi. Rayonun idarə və təşkilatları
hələlik Ağcabədi
rayonunda Taxta Körpü qəsəbəsində
fəaliyyət göstərir.
Artıq rayonda 3000 nəfərdən çox
əhali məskunlaşıb.
2025-2026-cı illərdə bu rəqəm 15 – 20 min nəfər olacaq. İndi
biz hər bir işi sıfırdan başlayırıq. Ona görə
də müəyyən
çətinliklərimiz olacaq.
Bakıdan Laçına
olan məsafə 420
km-dir. Hər gün rayona mətbuatı çatdırmaq o qədər
də asan olmayacaq. Mətbuat yayımı sahəsində
uzun müddət təcrübəmə əsaslanıb,
çalışacağam ki, bu işin öhdəsindən
gəlim.
- Sizin fikrinizcə, Böyük Qayıdış
prosesi çərçivəsində
medianın hansı rolu oynaması daha məqsədəuyğundur?
- Böyük Qayıdış
prosesi çərçivəsində
medianın rolu böyükdür. Biz dövlət
səviyyəsində rayona
köçürülən zaman səhər saat 6-7 radələrində artıq
10-a yaxın telekanal məndən müsahibə
götürdü. Saat
10-da bir neçə sayt, səhəri gün isə bir neçə qəzet mənim ailə üzvlərimlə
birlikdə Laçına
köçməyim haqqında
məlumat yayımladılar.
Media nümayəndələri hər gün işğaldan azad olunan rayonlarda köçkünlərin sayı,
köç karvanının
yerlərə çatması,
məskunlaşması, onların
işlə təmin olunması haqqında dəqiq məlumatlar verirlər.
- Yazılarınızda daha
çox hansı mövzulara üstünlük
verirsiniz və bu mövzuların ictimai təsiri sizcə, nədən ibarətdir?
- Müxtəlif qəzetlərdə
çap etdirdiyim məqalələrdə Laçının
təbiəti, əhalisi,
faydalı qazıntılar,
tarixi abidələri və şəxsiyyətləri
haqqında oxuculara məlumatlar çatdırmağa
çalışıram. Eyni
zamanda, Laçın şəhərinin salınması,
işğaldan öncəki
vəziyyəti və
işğaldan sonra görülən işləri
daim mətbuatda işıqlandırıram. Bununla
da həm laçınlıları,
həm Laçına
gələn qonaqları,
həm də bütün Azərbaycan gənclərinin maariflənməsinə,
Laçın haqqında
məlumat əldə
etmələrinə və
onları maraqlandıran
və düşündürən
suallara cavab tapmalarına dəstək
oluram.
- Ailənizin Laçında
uyğunlaşma prosesi
necə keçir? Xüsusilə həyat yoldaşınızın yeni tədris
mühitindəki rolu barədə nə deyə bilərsiniz?
-
1993-cü ildə radio verilişlərinin
birində eşitdim
ki, dünyada bir neçə milyon qaçqın var. Verilişin
aparıcısı qeyd
edirdi ki, onların öz ata-baba yurdlarına qayıtmaları
boş xülyadır.
Fikirləşirdim, görəsən,
bu bizə də aiddir mi? Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra
bu ümidsizliyə
son qoyuldu. Ümummilli
Lider tədbirlərdə
işğal olunmuş
rayonların adlarını
bir-bir deyir və qeyd edirdi
ki, biz bu torpaqlara mütləq qayıdacağıq.
Bəli, artıq biz qayıtdıq və məskunlaşdıq. Bizim
yaşayış tələbatımızı
ödəyəcək hər
bir şərait yaradılmışdır. Həyat
yoldaşım öz elinə, obasına bağlı bir insandır. Qeyd edim ki, biz Laçına köçməzdən əvvəl
o, Sabunçu rayonundakı
81 saylı tam orta məktəbdə riyaziyat
müəllimi işləyirdi.
O, Laçın azad olunan zaman burada işləmək üçün
dəfələrlə Şərqi
Zəngəzur təhsil
idarəsinə müraciət
etmişdi. Bu ilin mart ayından artıq Zabux kənd orta məktəbində çalışır. Hər
gün avtobusla Zabux kəndinə gedib gəlir. İşindən və kollektivdən məmnundur.
Bütün bunlar onun Vətənə bağlılığını
və sonsuz məhəbbətini sübut
edir.
-Uzun illər məcburi köçkün
həyatı sürmüş
biri kimi ata ocağında yaşamaq sizə hansı xatirələri və gələcəyə
dair hansı ümidləri verir?
- Məcburi köçkünlük
dövründə mən
valideynlərimlə birgə
yaşamışam. Böyük
qardaşım qonşum
olub. O, uzun müddət rayonda rəhbər vəzifələrdə
çalışıb. 20 ilə
yaxın Laçın
rayon vergi idarəsinin
rəisi olub. Biz Bakıya birlikdə gəlmişdik. İndi isə
onlarsız qayıtdıq.
Ən çətin anlar bunlar idi.
Ata evində indi mən yaşayıram. Yəqin ki, bacılarım,
qardaşım və onların uşaqları
da tezliklə yeni tikilən
mənzillərlə təmin
olunacaqlar.
-Bu dəyərli söhbətə
vaxt ayırdığı,
düşüncələrini səmimiyyətlə bölüşdüyü
üçün Nəriman
müəllimə təşəkkür
edirik.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 22 iyun, ¹106.- S.7.