Ordum da var, yurdum
da!..
Azərbaycan Silahlı Qüvvələri-107
Azərbaycan
Silahlı Qüvvələri 107-ci ildönümünü
yüksək döyüş hazırlığı, milli ruh
və böyük qürur hissi ilə qarşılayır
Xalqın
iradəsini təcəssüm etdirən onun qurduğu dövlətdirsə,
dövlətin də varlığının zəmanəti onu
qorumaq iqtidarında olan ordudur. 26 İyun - Azərbaycan
Respublikasının Silahlı Qüvvələri Günü
hər bir azərbaycanlının qürur və iftixarla qeyd
etdiyi xüsusi bir gün olmaqla yanaşı, həm də tarixin səhifələrinə
nəzər salmaq üçün bir fürsətdir.
Milli ordunun 1918-ci ilin 26 iyunundan
başlayan yolu bu günümüzə qədər
keçdiyi keşməkeşli xronologiya ilə bizə
böyük güclərin və çirkin siyasətlərin
məngənəsindən sıyrılaraq var olmağın
çətinliklərini aşılayır. Dövlətçiliyimizin
yaşı ilə həmyaşıd olan milli ordumuzun
bolşeviklərin Azərbaycanı işğal etməsindən
sonra ləğv olunması, rəhbərlərinin məhv
edilməsi nə qədər acı bir səhifə olsa da,
SSRİ dövründə mərkəzi hakimiyyətin hərbi
siyasətində yurddaşlarımızın peşəkar hərbi
döyüş sahəsindən uzaq tutulmasına məqsədli
bir təhrik həyata keçirilsə də tarixin hər
dövründə qəhrəmanlar yetirən Vətənimizin
bu istiqamətdəki genetik varisliyini yox etmək mümkün
olmamışdır. Sovetlər Birliyinin ən “qatı”
zamanlarında, 1969-cu ildə rəhbərliyə gələn
Ümummilli Lider Heydər Əliyev uzaqgörən və
müdrik baxışı sayəsində hərbi sahənin
inkişafına təkan verəcək addımların
atılmasına nail oldu.
1971-ci ildə
Cəmşid Naxçıvanski adına hərbi liseyin
yaradılması və Vətəndə hərbi kadrların
yetişdirilməsi istiqamətində işlərin
başlanması Ulu Öndərin misilsiz xidmətlərindən
biri kimi yaddaşlara həkk olundu. Bu xidmət Azərbaycanın
yenidən müstəqillik qazanmasından sonra öz töhfələrini
verərək yeni ordu quruculuğu yolunda böyük rol
oynadı. Lakin müstəqilliyimizin ilk illərində
bütün sahələrdə olduğu kimi, orduda da
mövcud olan dağınıqlıq, səriştəsiz idarəetmə
cəsur Azərbaycan əsgərinin öz
bacarığını və qabiliyyətini istənilən səviyyədə
nümayiş etdirməsinə mane oldu. Bu qeyri-nizamiliyin və
naşılığın aradan qaldırılması isə
1994-cü ildə Ermənistanla atəşkəs
razılaşmasının əldə olunmasından sonraya təsadüf
edir. Ümummilli Lider Heydər Əliyevin və onun siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyevin
hərbi sahədə apardıqları islahatlar milli ordunun
yenidən qurulmasını və qüdrətli iradənin
nümayişçisinə çevrilməsini təmin etdi. Hərbi
sahəyə diqqətin artırılması həm də
orduda vacib cəhətlərdən birini təşkil edən
psixoloji amilin müsbət mənada dəyişməsini şərtləndirdi.
Ali Baş Komandana böyük inam, xalq-ordu birliyi məntiqi nəticəsini
2016-cı ilin aprelində, 2018-ci ilin mayında və ən nəhayət
2020-ci ilin noyabrında göstərdi. 44 günlük
müharibə zamanı ordumuzun göstərdiyi rəşadət
bir tərəfdən psixoloji hazırlığın, ruh
yüksəkliyinin nəticəsi idisə, digər tərəfdən
də keçən vaxt ərzində qazanılmış hərbi
biliklərin müharibə meydanında təzahürü idi.
2020-ci il sentyabrın 27-də etibarən Ermənistan
silahlı qüvvələrinin atəşkəs rejimini
pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən
mövqelərini iriçaplı silahlardan, artilleriya
qurğularından, minaatanlardan intensiv atəşə
tutması nəticəsində başlanan Vətən
müharibəsi xalqımızın qəhrəmanlıq
salnaməsinə yeni səhifələr yazdı. 44 gün
davam edən əks-əməliyyatlar nəticəsində
Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin,
Laçının, Qubadlının, Zəngilanın,
Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji
yüksəkliklərin işğaldan azad olunması ilə
bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan
Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin
17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik
təcrübəsinin, torpağına
bağlılığının, əsgər və zabitlərimizin
ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsi
idi. “Şuşasız bizim işimiz yarımçıq olar”
söyləyən Ali Baş Komandan İlham Əliyev ulu
babalarımızın əmanətini xalqımıza
qaytarmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini
də yerinə yetirdi. Döyüş əməliyyatlarında
ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz
olunması, yüksəkdəqiqlikli silahlardan istifadə,
mövcud nizam-intizam qələbənin başlıca amilləri
olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar
tərəfindən qəbul edilsə də, icra mexanizmi
“unudulan” qətnamələrin yerinə yetirilməsini
reallaşdırdı. “Otuz ilə yaxındır ki, Minsk qrupu
çərçivəsində danışıqlar
aparılır və bunun sonunda Ermənistan müntəzəm
olaraq hərbi təxribatlar törətməklə
danışıqlar prosesini iflic vəziyyətinə
salıbdır. BMT-dən başqa, bütün digər
aparıcı beynəlxalq təşkilatlar bizim haqlı
mövqeyimizi müdafiə edir…Ermənistan ordusunun bizim
torpağımızda nə işi var?! Heç kəs
üçün sirr deyil ki, «Dağlıq Qarabağ ordusu»nun
tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan
vətəndaşlarından ibarətdir” söyləyən
Prezident İlham Əliyev bildirirdi ki, biz haqq, ədalət,
torpaqlarımız uğrunda mübarizə aparırıq.
2020-ci ildə
baş verən Vətən müharibəsində qazanılan
tarixi Zəfərin davamı olaraq, 2023-cü il sentyabrın
19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində
Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi,
Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda
erməni separatizminə nəhayət son qoyuldu, ölkəmizin
ərazi bütövlüyü tam təmin edildi. İstər
44 günlük Vətən müharibəsi, istərsə də
bir günlük antiterror əməliyyatları zamanı Azərbaycan
Ordusu bütün dünyaya ləyaqətlə mübarizə
apardığını bir daha nümayiş etdirdi.
Qədim tarixə malik böyük bir xalqın tarixinə yeni bir Zəfər Günü bəxş edən ordumuzun növbəti dövr ərzində də Vətənimizin sərhədlərini ləyaqətlə qoruyacağına şübhə yoxdur. Dövlətimizin müdafiə sənayesinə və ordu inkişafına göstərdiyi diqqət bu gün də ən yüksək səviyyədə davam etdirilir. Azərbaycanın milli maraqlarına xidmət edən beynəlxalq hərbi əməkdaşlıq proqramları həyata keçirilir. Dost, qardaş Türkiyə ilə birgə təşkil olunan təlim toplanışları yüksək zabit hazırlığı sahəsində müsbət nəticələr verir. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını qəbul edən, etibarlı müttəfiq kimi tanığımız və ordusunun yüksək peşəkarlığı ilə seçilən İsrail, Pakistan kimi dövlətlərlə bu sahədə davam etdirilən işlər də Azərbaycan ordusunun qüdrətinin daha da sarsılmaz olacağına şübhə yeri qoymur. Vətən sərhəddən başlayır! Vətənimiz də, onun sərhədləri də sənə əmanətdir, Azərbaycan ordusu! Bu çətin və şərəfli işində sənə ayıq-sayıqlıq, əzm və ruh yüksəkliyi arzulayırıq! Bayramın mübarək!
Sevinc Azadi
İki sahil.- 2025.- 24 iyun, ¹107.- S.3.