Rəşid Faxralının 70 illik
yubileyi qeyd edilib
Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda şair-publisist, ehtiyatda olan mayor, Birinci
Qarabağ müharibəsi
veteranı, Əməkdar
jurnalist Rəşid Faxralının 70 illik yubileyi keçirildi. Tədbirdə Müdafiə
Nazirliyinin əməkdaşları,
şairin qələm
dostları, ailə üzvləri, hərbçi
yoldaşları və
başqa qonaqlar iştirak etdilər.
Tanınmış jurnalist Dəyanət Osmanlı tədbiri açıq elan etdi. Azərbaycan Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anarın
adından yazıçı
Elçin Hüseynbəyli
tədbir iştirakçılarını
salamladı və Rəşid Faxralını
yubiley münasibətilə
təbrik etdi.
Azərbaycan Ordusu yaranan gündən Müdafiə
Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzetinin ilk əməkdaşı olmuş və hazırda da bu mətbu orqanda
çalışan Rəşid
Faxralıya Müdafiə
Nazirliyi rəhbərliyinin
təbrikini çatdırmaq
üçün Prezidentin
fərdi təqaüdçüsü,
Əməkdar incəsənət
xadimi, polkovnik Abdulla Qurbaniyə söz verildi. O, müdafiə nazirinin birinci müavini-Azərbaycan
Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin ünvanladığı
təbriki və hədiyyəni Rəşid
Faxralıya təqdim etdi. Bildirdi ki, Müdafiə Nazirliyi yarandığı
ilk aylardan Rəşid Faxralı könüllü olaraq ordu sıralarına gəlib. O da bildiyi jurnalistika sahəsində öz töhfəsini verib. Nazirliyin orqanı olan “Azərbaycan Ordusu” qəzetini yaradanlardan biri olduğu qeyd etdi. Prezidentin fərdi təqaüdçüsü
Abdulla Qurbanı dedi ki, xan
qızı Natəvanın,
xalq qəhrəmanı
Koroğlunun, Dədə-Qorqudun
portretlərinin bəzədiyi
zala toplaşmışıq.
Deyərdim ki, Azərbaycan Ordusunun Dədə-Qorqudu da Rəşid Faxralıdır.
Rəşid Faxralı həm ordu sıralarında xidmət etdiyi dövrdə, həm də ehtiyata buraxılandan sonra da ordu ilə
sıx əlaqədə
olub. O, bu illər ərzində daim ordu ilə
nəfəs aldığını,
İkinci Qarabağ müharibəsindən əvvəl
yazdığı publisistik
yazılarda, bədii və nəzm əsərlərində Azərbaycan
əsgərinin qəhrəmanlıq
obrazlarını yaradıb.
Onun ərsəyə gətirdiyi kitabların böyük hissəsinin məhz ordu ilə bağlı olduğunu bildirdi.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Rəşid Faxralının müasir Azərbaycan jurnalistikasının
tanınmış simalarından
biri olduğunu dedi. Bildirdi ki, onu lap
gənclik illərindən
tanıyıb və tanıdığı vaxtdan
da həmişə yazıb-yaratmaq onun başlıca qayəsi olub. Baş redaktor Rəşid Faxralını ucaldan da onun tükənməyən
özünəməxsus yaradıcılığı
olduğunu vurğuladı.
Dəyanət Osmanlı “Borçalı
İctimai Birliyi” adından Rəşid Faxralıya birliyin təsis etdiyi diplomu təqdim etdi.
“Azərbaycan Ordusu” qəzetinin ilk baş redaktoru
olmuş hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov 33 il əvvəli xatırladı. Bildirdi ki, ağır və mürəkkəb dövrdə Rəşid Faxralının və onun kimi başqa
vətənpərvər oğulların
birgə fəaliyyəti
ilə hərbi mətbuatın əsasını
qoyub.
“Cənab leytenant”,
“İgid əsgər”
və başqa hərbi vətənpərvərlik
mahnılarının müəllifi,
bəstəkar, dramaturq,
həkim Şahin Musaoğlu yubilyarı təbrik etdi. Qeyd etdi ki,
Rəşid Faxralını
Birinci Qarabağ müharibəsi illərindən
tanıdığını, onun necə vətənpərvər şair-publisist
olduğunu o zaman bilib. Şahin Musaoğlu Rəşid Faxralı ilə olan cəbhə xatirələrini tədbir
iştirakçıları ilə bölüşdü.
Araşdırmaçı,
tarix elmləri doktoru, professor, ehtiyatda olan polkovnik Mehman Süleymanov, tədqiqatçı
alim, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli Rəşid Faxralının
yaradıcılığından söz açdılar. Bildirdilər ki, Rəşid Faxralı hərb ədəbiyyatında
xüsusi yeri olan şairlərdəndir.
Filalogiya elmləri
doktoru, professor Bədirxan Başkeçidli
hərbi mətbuatın
yarandığı ilk
illərdə Rəşid
Faxralı ilə birlikdə çalışdığını
söylədi. Birgə
xidmət dövrü
ilə bağlı yaddaqalan hadisələri tədbir iştirakçılarına
danışdı.
Əməkdar mədəniyyət işçisi,
ehtiyatda olan polkovnik-leytenant Zöhrab İmanquliyev şair Rəşid Faxralının
şeirlərindən nümunələrlə
sözə başladı.
Söz sərrafının
necə ustalıqla poetik duyğularını
qələmə aldığını
önə çəkdi.
Yubilyara yaradıcılıq
uğurları arzuladı.
Əməkdar müəllim, döyüşçü,
ehtiyatda olan polkovnik-leytenant Bayram
Məmmədov dedi ki, Rəşid Faxralını hələ
Zəngilan işğal
olunmamışdan əvvəl
tanıyıb: “O zaman
Ermənistanla sərhəd
boyu müharibə gedirdi. Rəşid Faxralı döyüşlərin
getdiyi yerə düşmənlə üz-üzə
vuruşan əsgərlərin
yanına getmək istədiyini bildirdi. Döyüş meydanına
jurnalistin gedib çıxması nadir hadisə idi. Rəşid Faxralı həmişə ön cəbhəyə getməyə
can atırdı. Orada döyüşən
qəhrəman oğulları
görüb onlardan yazmaq istəyirdi. Rəşid Faxralı gördüyüm tək-tək
jurnalistlərdən idi.”
İş yoldaşları
adından Lalə Hüseynova, tələbə
yoldaşları adından
Aslan Şirəliyev,
“Respublika Xatirə Kitabı”nın baş redaktoru Nəzakət Məmmədova
və başqaları
yubilyar haqqında ürək sözlərini
dedilər. Rəşid Faxralıya uzun ömür və yaradıcılıq
uğurları arzuladılar.
Yubilyar tədbirini
təşkil edən Azərbaycan Yazıçılar
Birliyinin rəhbərliyinə
və dəvəti qəbul edib gələn hər kəsə öz dərin minnətdarlığını
bildirdi. Sonda xatirə şəkilləri
çəkdirildi.
Bəxtiyar Əliyev
İki
sahil.- 2025.- 4 mart, №39.- S.8.