Türkiyədən Naxçıvana
daha bir
qapı açıldı
Bu
gün tarixi bir gün idi: Dünyanın
çalxalandığı, anbaan dəyişdiyi bir dönəmdə
Azərbaycan-Türkiyə birliyi daha bir mühüm layihə
ilə möhkəmləndi. Prezidentlər İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə
istifadəyə verilən İğdır-Naxçıvan qaz
boru xətti regional birlik və gələcək inkişaf
baxımından müstəsna əhəmiyyət kəsb
edir.
Xatırlayırıq
ki...
35 il əvvəl
Naxçıvan blokadaya düşəndə və Türkiyə
ilə sərhəddəki “Ümid” körpüsü istifadəyə
verilən ərəfədə qardaş ölkənin
İğdır, Ağrı, Aralıq kimi bölgələri
ölkənin ümumi inkişafından kifayət qədər
geri qalırdı. Asfalt yollar, təbii qaz, dayanıqlı
enerji, dəmir yolları yox dərəcəsində idi.
Əhali çiy kərpicdən tikilən şəraitsiz evlərdə
yaşayırdı, sənaye inkişaf etməmişdi,
yalnız kənd təsərrüfatı əsas gəlir mənbəyi
kimi ön sırada dayanırdı.
Lakin “Sədərək-Dilucu”
körpüsünün açılışından
sonra ticarət və tranzit imkanları xeyli genişlənən
bu bölgələr Naxçıvanla, Azərbaycanla
iqtisadi-ticarət əlaqələrinə görə sürətlə
inkişaf edərək müasir mərhələyə gəlib
çatdılar.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası
qoyulan bu əlaqələr öz növbəsində
Naxçıvanın da blokadasının yarılmasına,
tranzit imkanlarının genişlənməsinə, diyarın
quruculuq, inkişaf xəritəsinin zənginləşməsinə
rəvac verdi.
Qısası, tarix və
zaman təsdiq etdi
ki, regionda həyata keçirilən bütün
böyük layihələrdən hər iki qardaş ölkə
böyük fayda görür. Bu gün "Bakı-Tbilisi-Ceyhan”
neft, "Bakı-Tbilisi-Ərzurum” qaz, “Bakı-Tbilisi-Qars” dəmir
yolu, TANAP, TAP kimi dünya miqyaslı faydalı layihələrə
“İğdır-Naxçıvan” qaz kəməri, eləcə
də artıq tikinti mərhələsində olan
“Qars-İğdır-Naxçıvan” dəmir yolu xətti də
qoşulur...
Əsas
məsələ: Bir mənbədən asılılıq
aradan qalxır
2023-cü
il sentyabrında əsası qoyulan
İğdır-Naxçıvan Qaz Boru Xəttinin
Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə
imkan verməklə onun bir mənbədən
asılılığını aradan qaldırır.
Layihənin “Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023–2027-ci illər üçün
Dövlət Proqramı”nın prioritetləri
sırasında yer alması bir daha təsdiq edir ki, dövlətimizin
başçısı Naxçıvanın hərtərəfli
inkişafı və enerji təhlükəsizliyini
özünün siyasi və dövlətçilik fəaliyyətində
əsas istiqamət kimi götürüb.
İğdırdan
Sədərək rayonuna
qədər uzunluğu 97,5 kilometr təşkil
edən kəmərin gündə 2 milyon kubmetr, ildə isə
730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malik
olması kifayət qədər yaxşı göstəricidir.
Gələcəkdə boru kəmərinin ötürücülük
qabiliyyətini iki dəfədən çox artırmaq
mümkündür ki, bu da Naxçıvanın qaza tələbatınının
dayanıqlığını şərtləndirir, artan əhali
və sənaye sahələrinin də tələbatını
ödəyir.
Mübadilə
daim riskli idi
Bəllidir
ki, hazırda Naxçıvana qaz nəqli İran vasitəsilə,
ölkələrimiz arasında bağlanan svop müqaviləsi
əsasında həyata keçirilir. Azərbaycan və
Türkiyə mediasına açıqlamalar verən ekspertlər
bildirir ki, Naxçıvana İran üzərindən
qazın nəqli digər ölkələr arasındakı
"mavi yanacaq" mübadilələri ilə müqayisədə
bir neçə dəfə bahadır.
İran xidmət haqqını dünyada qəbul edilmiş qiymətlərdən
daha yüksək səviyyədə tuturdu, Azərbaycandan 15 faiz həcmində
natural qaydada qaz alırdı.
Bu, Azərbaycan üçün əlavə
sərfiyyat idi. Halbuki bu tip dəyişmələrdə
dünyanın əksər ölkələrdən ən
çox 5 və 7 faiz haqq nəzərdə
tutulur. Bəzən isə qonşu ölkə bu mübadilədən
siyasi təsir vasitəsi kimi də istifadə etməyə
çalışırdı.
Bu baxımdan deyə bilərik ki, mübadilə daim riskli idi və
2021-ci ildə bir neçə günlük olsa da
Naxçıvana qaz verilişinin
dayandırıldığının şahidi olmuşduq.
Xatırladaq ki, Azərbaycanla İran arasındakı
sözügedən proseslə bağlı müqavilənin
müddəti 2025-ci ildə bitir.
“Əsas cəhət həm də ondan ibarətdir
ki, hazırda gündəmdə Zəngəzur dəhlizinin
açılması var və artıq Azərbaycan öz ixrac
potensialının şaxələnməsini, buraxlış,
nəql, ixrac imkanlarını genişləndirmək istiqamətində
bu dəhliz üzərindən də prosesləri həyata
keçirməyi mümkün hesab edir.
Belə
olduğu halda, İgdır-Naxçıvan xətti ikinci dəfə
"Revers" statusuna malik olacaq, geri işləmə
imkanlarını əldə edə biləcək. Artıq Azərbaycan
qazının məhz Naxçıvan-İgdır istiqamətində
də şaxələnəmiş ixracını təmin etmək
olacaq”-deyə mütəxəssislər vurğulayır.
Qısası, bu kəmərin
ən vacib əhəmiyyəti həm də
ondan ibarətdir ki, hər iki istiqamətdə hərəkət
edə biləcək. Zəngəzur dəhlizinin
açılması ilə Naxçıvan tranzit bir məkan
kimi iqtisadi müstəviyə daxil olacaq. Bu, iqtisadiyyatın
şaxələnməsinə, minlərlə iş yerinin, sənaye
parklarının açılmasına şərait yaradacaq.
Avrasiyanın
enerji xəritəsi dəyişildi
Bu gün
Azərbaycan regionun əsas enerji qovşağıdır və
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında əhəmiyyətli rol oynayaraq Avrasiyanın
enerji xəritəsini dəyişdi.
Prezident
İlham Əliyev tərəfindən
“Yaşıl enerji zonası” elan edilən Naxçıvanla
bağlı həyata keçirilən bu layihə
Naxçıvanın, eləcə də Azərbaycanın
enerji müstəqiliyini gücləndirir, Türkiyə ilə
iqtisadi-tranzit bağları daha da möhkəmləndirir.
Az əvvəl başa çatan təntənəli
açılış mərasimində Prezident İlham
Əliyev bildirdi ki, İğdır-Naxçıvan qaz xətti
layihəsi Türkiyə Azərbaycan
qardaşlığında tarixi önəmə sahibdir.
Dövlət başçısı qədim Azərbaycan
torpağı olan Naxçıvanın bir əsrdir ki, Azərbaycanın
əsas hissəsindən ayrı düşdüyünü,
tarixi ədalətsizliklə üzləşdiyini,
Naxçıvanda yaşayan əhalinin illərlə dərin
məhrumiyyət və böhran şəraitində
yaşadığını önə çəkdi, 90-cı
illərdə ümummilli lider Heydər Əliyevin
Naxçıvanı işğaldan qoruduğunu, “Ümid”
körpüsünün Naxçıvanın qorunması və
inkişafına böyük töhfə verdiyini diqqətə
çatdırdı:
“Həyata keçirilən
bu böyük layihələr
Türk dünyasının birliyinə mühüm töhfədir”.
Qardaş
ölkə Prezidenti
R.T. Ərdoğanın da fikirləri diqqəti cəlb etdi:
“İndi həyata keçirdiyimiz layihə Azərbaycanla tale
birliyinin növbəti nümunəsi olacaq”.
Qapılar açılır
Bu gün
həm də yaxın illərdə gerçəkləşdiriləcək
Türkiyə-Naxçıvan elektrik xətti layihəsinin də
siqnalı verildi. Deməli,
tarixi önəm kəsb edən uğurlu layihələr hələ
bitməyib. Böyük strateji önəmə və əlverişli
coğrafi mövqeyə sahib olan Naxçıvanın
qapıları bütün dünyaya açılmaqdadır…
Sahil Tahirli,
“Naxçıvan MR Televizya
və
Radio Verilişləri” QSC-nin sədri
İki sahil.- 2025.- 6 mart, №41.- S.7.