Belə məqamlarda
humanizm
prinsipləri kənarda qalır
Əfv sərəncamları humanizm və mərhəmət aktıdır
Rəşad Məcid: Ümid
edirəm ki, “Konstitusiya
və Suverenlik
İli” çərçivəsində yaxın aylarda Azərbaycan Prezidenti tərəfindən Əfv
Sərəncamının imzalanmasının
şahidi olacağıq
Prezident yanında Əfv
Məsələləri Komissiyasının
2025-ci ilin ötən
dövründə üç
iclası keçirilib.
Növbəti iclasların
keçiriləcəyi nəzərdə
tutulur. Humanizmin dövlət siyasətinin
mühüm tərkib
hissəsi olduğu Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti addımın
atılması Prezident
İlham Əliyevin çoxşaxəli
fəaliyyətində humanizm
prinsiplərindən qaynaqlanır.
Prezident
yanında Əfv Məsələləri Komissiyasının
üzvü, Azərbaycan
Mətbuat Şurasının
sədri Rəşad Məcid mövzu ilə bağlı “İki sahil” qəzetinin suallarını
cavablandırır.
- Əfv Sərəncamı
kimlərə tətbiq
edilə bilər?
- Əfv məsələləri
Azərbaycan Prezidentinin
müstəsna səlahiyyətlərindən
biridir. Əfv sərəncamları humanizm
və mərhəmət
aktıdır. Azərbaycan
Respublikasının Prezidenti
yanında Əfv Məsələləri Komissiyasına
ünvanlanan müraciətlər
Komissiyanın katibliyində
araşdırılır. Qanunvericiliyə
uyğun olan müraciətlər Komissiyanın
müzakirəsinə çıxarılır.
Prezident tərəfindən
imzalanan Əfv Sərəncamı Azərbaycan
məhkəmələri tərəfindən
məhkum edilmiş şəxslərə və
ya başqa dövlətlərin məhkəmələri
tərəfindən məhkum
olunmuş və cəzalarını Azərbaycanda
çəkən Azərbaycan
vətəndaşlarına, əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə
tətbiq edilə bilər.
- Məhkum əfv olunmaq üçün Komissiyaya nə vaxt müraciət edə bilər?
- Yüngül cinayətlərdə
ittiham olunan məhkumlar həbs müddətinin 3-də bir
hissəsi keçdikdən
sonra Əfv Məsələləri Komissiyasına
müraciət edə
bilərlər. Ağır
cinayətlərlə ittiham
olunan məhkumlar isə həbs müddətinin ən azı yarısı keçdikdən sonra müraciət etmək hüququ qazanırlar. Qanunvericiliyə uyğun olaraq bu məsələlər
komissiyanın katibliyində
müzakirə olunduqdan
sonra müxtəlif qurumlardan, eyni zamanda, cəzaçəkmə
müəssisəsindən məhbus haqqında rəylər alınır,
sənədlər hazırlanır.
Sonra həmin sənədlər
Komissiyanın iclasında
müzakirə olunur.
Mənfi rəy verilmiş
məhkumun
müraciətinə müsbət rəy verilə də bilər
- Əgər məhkumun Komissiyanın builki iclaslarında müraciətinə
baxılmayıbsa növbəti
ildə yenidən baxılırmı?
- Qanunvericiliyin tələblərinə
uyğun olaraq Komissiyaya olunan müraciətlərə münasibət
bildirilir. Səsvermə
yolu ilə qərarlar qəbul olunur. Katiblikdə qanunvericiliyin tələblərinə
cavab verməyən, yaxud da müddət məsələsinə görə
qalan müraciətlər
növbəti illərdə
baxılması üçün
hazırlana bilər. Eyni zamanda, Komissiyanın
mənfi rəy verdiyi müraciətlərə
növbəti illərdə
məhkumlar yenidən
müraciət edə
bilmək hüququna malikdirlər. Təcrübədə
belə hallar mövcuddur. Məhkumun müraciətinə müxtəlif
səbəblərdən Komissiya
tərəfindən mənfi
rəy verilsə də, amma sonrakı
illərdə adıçəkilən
qurum tərəfindən
baxılıb müsbət
qərar verilə bilər.
Ömürlük azadlıqdan məhrum olunan məhkumların da
Əfv Komissiyasına müraciət
etmək hüququ var
- Yaxud hər hansı məhkum haqqında Komissiya tərəfindən müsbət
rəy verilməyibsə
həmin şəxs yenidən müraciət edə bilərmi?
- Bəli, edə bilər. Katibliyin və Komissiyanın mənfi rəy verdiyi müraciətə baxmayaraq, məhkum növbəti dəfə müraciət edə bilər. Təkrar müraciətə yenə
də komissiyada baxılır. Əvvəlki
ildə mənfi rəy verilmiş məhkumun müraciətinə
növbəti illərdə
müsbət rəy verilə də bilər.
Narkotik, oğurluq, soyğunçuluq,
quldurluq, adam oğruluğu…
- Komissiya ümumiyyətlə,
hansı məhkumlar haqqında müsbət rəy vermir?
- Əfv məsələləri
fərdi müraciətlərə
əsaslanır. Hər
bir məhkumun fərdi qaydada müraciəti müzakirəyə
çıxarılır. Cinayət
araşdırılır. Cinayət
haqqında məlumat Komissiya üzvlərinə
verilir. Müxtəlif
qurumların, hüquq-mühafizə
orqanlarının rəyi
orada öz əksini tapır. Müzakirələr nəticəsində
Komissiya münasibətini
bildirir. Əsasən adıçəkilən qurumun
üzvlərinin ümumiləşmiş
fikri olur ki, narkotik, oğruluq, soyğunçuluq, quldurluq,
adam oğruluğu məsələlərində ittiham
edilən, məhkum olunan şəxslərin müraciətləri çox
zaman mənfi rəylə
qəbul olunur.
Ömürlük həbsə məhkum edilənlər
arasında elə cinayətlər
törədənlər olur
ki...
- Ömürlük azadlıqdan
məhrum edilən məhkum Əfv Komissiyasına müraciət
edə bilərmi?
- Ömürlük azadlıqdan
məhrum olunan məhkumların da Əfv
Komissiyasına müraciət
etmək hüququ vardır. Komissiya tərəfindən ötən
illərdə belə
müraciətlərə çox
baxılıb. Bəzi
hallarda hətta müsbət rəy verildiyi məqamlar da olub. Ömürlük azadlıqdan məhrum olunan şəxsin cəzası 15, 20 illik həbs cəzası ilə əvəzləndiyi
hallar da olub. Ümumiyyətlə, bu barədə Komissiyada hər il müraciətlərə
baxılır. Qanunvericilikdə
belə məqam var
ki, ömürlük cəzası
olan dustaqların 20 il
həbsdən sonra məhkəməyə müraciət
etmək hüququ var.
Ali Məhkəmə bu
işlərə yenidən
baxa bilər. Ömürlük cəzanı
20 ildən sonra 5, 10 ilə dəyişə, yaxud da başqa cəza verə bilər. Fikrimcə, Ali Məhkəmədə ömürlük
həbslərə belə
müraciətlər əsasında
baxılması mümkün
ola bilər. Ömürlük
həbsə məhkum
edilənlər arasında
qandonduran cinayət əməlləri törədənlər
də olur. Belə məqamlarda humanizm prinsipləri kənarda qalır. Bu məsələlərdə hər
hansı güzəştlərdən
söhbət getməsi
mümkün deyil.
Təəssüf ki, əfv müraciətləri iclaslar
başladıqdan sonra yada düşür
- Əfv Komissiyasına müraciətlər yalnız
qurumun iclasları zamanı mümkündürmü?
- Əfv Komissiyasına il boyu müraciət etmək olar. Təəssüf ki, bizim bir çox məhkumların yaxınları
və qohumları tərəfindən əfv
müraciətləri ancaq
Əfv Komissiyasının
iclasları başladıqdan
sonra yada düşür.
İl ərzində beş,
on müraciət daxil
olmadığı halda,
iclasların başladığı
son bir ayda 20-30-a yaxın müraciət daxil olub. Bu məsələlərdə maarifləndirici
məqamlar da vacibdir. Məhkumların yaxınları
bilməlidirlər ki, əfv
üçün müraciətlər
Komissiyanın katibliyində
araşdırılır, sonra
müvafiq sənədlər
hazırlanır. Həmin
sənədlər əsasında
müxtəlif hüquq-mühafizə
orqanlarından rəylər
alınır. Bu isə
öz növbəsində
2-3 ay çəkən proseslərdir.
Ona görə də Komissiyanın iclasları başlananda elə müraciətlər olur
ki, icra üçün
bu il üçün
çatmır. Məhkumların
yaxınlarına, qohumlarına
bildirmək istəyirəm
ki, əfvlə bağlı
qanunvericilikdə nəzərdə
tutulan tələblər
əsasında il ərzində
Əfv Komissiyasına
müraciət edə
bilərlər.
Komissiya öz işini aprel ayının
sonlarında yekunlaşdıracaq
-
2024-cü il də daxil
olmaqla indiyədək
neçə əfv Sərəncamı imzalanıb?
- Azərbaycanın müstəqillik
tarixində 70 əfv Sərəncamı imzalanıb.
Bu Son illərdə ən
çox məhkuma şamil olunan əfv Sərəncamı
cənab İlham Əliyev
tərəfindən Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində
imzalandı. Bu Sərəncam
802 nəfər məhkuma
şamil olundu. Bu il də “Konstitusiya və Suverenlik İli”dir.
Bu ildə də arzu edərdik ki, imzalanacaq Sərəncam daha çox məhkumu əhatə etsin.
- Bu il təqribən nə qədər məhkum əfv olunmaq üçün müraciət
edib? Ötən il olunan müraciətlərə
yenidən baxılacaqmı?
- Əfv Komissiyasına həddindən artıq müraciət daxil olmaqdadır. Bu il də bildiyimə görə,
5000-dən artıq müraciət
daxil olub. Amma bu müraciətlərin əksəriyyəti qanunvericiliyin
tələblərinə uyğun
gəlmir. Ona görə
də ünvanlanan müraciətləri Komissiyanın
katibliyi aydınlaşdırır.
Təxminən Əfv
Komissiyasına 700-ə yaxın
müraciət ünvanlanıb.
Komissiya öz işini davam etdirir. Bu həftə Komissiyanın artıq
3-cü iclası keçirildi.
Növbəti həftələrdə
də Əfv Komissiyasının iclasları
keçiriləcək. Çox
güman ki, Komissiya öz işini aprel ayının sonlarında yekunlaşdıracaq.
Komissiya öz işini bitirdikdən sonra bütün sənədlər toplanaraq
cənab Prezidentə təqdim olunacaq. Əfv Sərəncamı
ölkə başçısının
müstəsna hüququdur.
Ümid edirəm ki, yaxın aylarda Azərbaycan Prezidenti tərəfindən Əfv
Sərəncamının imzalanmasının
şahidi olacağıq.
Orxan Vahidoğlu
İki sahil.- 2025.- 6 mart, №41.- S.8.