Ülviyyə Həmzəyeva: İşğaldan azad
edilmiş
ərazilərimizdəki abidələrin hər
daşında həm mədəniyyətimizin,
həm də tariximizin silinməz izləri var
Maddi
irsimiz
Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan
silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən
sonra işğaldan azad olunmuş Qarabağ və Şərqi
Zəngəzur nəhəng quruculuq, dirçəliş
meydanına çevrilib. Bu ərazilərimizdə tarixi-mədəni
irsin bərpa və konservasiyası da diqqət mərkəzindədir.
Xatırladaq
ki, azad olunmuş ərazilər
üzrə 705 tarix və mədəniyyət abidəsi
dövlət qeydiyyatına alınıb. Amma həmin abidələrin
bir qismində inventarlaşdırma işləri mina təhlükəsi
səbəbindən istənilən səviyyədə
aparılmayıb.
Milli Məclisin
deputatı Ülviyyə Həmzəyeva mövzu ilə
bağlı “İki sahil” qəzetinə
açıqlamasında bildirdi ki, Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində həyata
keçirilən genişmiqyaslı quruculuq və abadlıq
işləri dövlətimizin gücünü,
xalqımızın iradəsini və milli kimliyimizə olan sədaqətimizi
bir daha nümayiş etdirir: “Prezident İlham Əliyevin rəhbərliyi
ilə ən qədim yaşayış məskənlərindən
olan Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa
və yenidənqurma işləri bu torpaqlara yeni həyat verir.
İşğal dövründə tamamilə
dağıdılmış şəhər və kəndlər,
mədəni irs nümunələri və infrastruktur yenidən
qurulur, tarixi ədalət bərpa edilir.
Dövlət
başçısının strateji baxışı sayəsində
azad edilmiş ərazilərdə sürətli infrastruktur
layihələri həyata keçirilir. Füzuli, Zəngilan və
Laçında beynəlxalq hava limanlarının istifadəyə
verilməsi bölgənin inkişafını sürətləndirən
mühüm addımlardan biridir. Eyni zamanda, yeni yollar, tunellər,
dəmir yolları və avtomobil magistralları çəkilir,
kənd təsərrüfatı və sənaye
zonalarının yaradılması istiqamətində
mühüm layihələr həyata keçirilir. Bu, həm
keçmiş məcburi köçkünlərin doğma
torpaqlarına təhlükəsiz və rahat
qayıdışını təmin edir, həm də
Qarabağın və Şərqi Zəngəzurun ölkə
iqtisadiyyatına inteqrasiyasını gücləndirir”.
Şərqi Zəngəzur və Qarabağ bölgələrində ermənilər tərəfindən tarixi-mədəni mirasımızın yerlə-yeksan edildiyini, 5 minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyinin, Dövlət Xalça Muzeyinin filialının, Laçın rayonundakı Ağoğlan məbədinin, Xocalıdakı XVIII əsrə aid Əsgəran qalasının, Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyinin və başqa mədəniyyət ocaqlarının talandığını xatırladan millət vəkili, həmçinin vurğuladı ki, Prezident İlham Əliyevin tapşırığı ilə tarixi və mədəni irsin bərpasına xüsusi önəm verilir: “İşğaldan azad edilmiş ərazilərimizdə yerləşən abidələrin hər daşında həm mədəniyyətimizin, həm də tariximizin silinməz izləri var. Odur ki, ermənilər tərəfindən vandalizmə məruz qalmış məscidlər, türbələr, karvansaraylar tarixi qalalar və dini abidələr də sürətlə bərpa olunur. Şuşada Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa, Mamayı, Saatılı məscidlərinin, eləcə də Ağdam Cümə məscidinin bərpa edilməsi, Molla Pənah Vaqifin məqbərəsinin, Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyinin bərpası və bu istiqamətdə görülən digər işlər Azərbaycanın mədəni irsinə verdiyi önəmin göstəricisidir. Füzulidə, Zəngilanda və digər məkanlarda dağıdılmış məscidlər, tarixi binalar və muzeylər yenidən qurularaq əvvəlki görkəminə qaytarılır. Yeri gəlmişkən, Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Bütün bunlar təkcə maddi irsin bərpası deyil, həm də xalqımızın öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmasının göstəricisidir. Bir sözlə, ərazi bütövlüyümüzün tam bərpasından ötən qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizdə mədəniyyət abidələrinin bərpası istiqamətində mühüm işlər görülüb. Yeri gəlmişkən onu da vurğulayaq ki, dini və mədəniyyət abidələrimizin bərpasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Fond tərəfindən bu istiqamətdə aparılan işlərə Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulmasını, eyni zamanda, Mehmandarovların malikanə kompleksinin təmirini, Zəngilan məscidinin tikilməsini, Ağdam Cümə məscidinin bərpasını və s. misal göstərmək olar”.
Həmsöhbətimiz, eyni zamanda bildirdi ki, həmin mədəniyyət abidələrinin sırasına yeniləri də əlavə olunur: “Məsələn, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Bu komplekslər həm 30 illik işğal dövründə Azərbaycan xalqının keçdiyi çox çətin yolu göstərəcək, eyni zamanda, 44 gündə 30 illik işğala son qoyan müzəffər Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirəcək. Fevralın 25-də isə dövlətimizin başçısı Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb. Şübhəsiz, onların hər biri möhtəşəm mədəniyyət abidəsi kimi dillərə düşəcək”.
Millət vəkilinin fikrincə, işğaldan azad edilmiş ərazilərdə görülən bu işlər beynəlxalq ictimaiyyətə də açıq mesaj verir: “Azərbaycan dövləti öz tarixinə sahib çıxır, bu torpaqları dirçəldir və gələcək nəsillər üçün yaşanacaq bir vətən yaradır. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və xalqın iradəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur nəinki yenidən qurulur, eyni zamanda, Azərbaycanın iqtisadi, mədəni və turizm mərkəzlərindən birinə çevrilir. Bu uğurlu prosesin davam edəcəyinə və azad edilmiş torpaqlarımızın tezliklə tam bərpa olunacağına inanıram”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 8 mart, №43.- S.6.