31 Mart
soyqırımı yalnız bir xalqın
deyil, bütün
insanlığın faciəsidir
31 Mart soyqırımı Azərbaycan tarixində ən faciəvi hadisələrdən biridir. 1918-ci ildə bolşevik-daşnak qüvvələri tərəfindən törədilən bu qırğın minlərlə günahsız insanın həyatına son qoydu. Tarixi faktlar, arxiv sənədləri bu faciənin miqyasını tam şəkildə anlamağa imkan verir.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix
İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Vaqif
Abışov “İki sahil” qəzetinə müsahibəsində
31 Mart soyqırımının səbəbləri, nəticələri
və bu faciənin törədilməsində beynəlxalq
güclərin rolu ilə bağlı fikirlərini
bölüşdü.
- Vaqif müəllim, sizcə, 31 Mart
soyqırımının baş verməsində beynəlxalq
güclərin rolu hansı səviyyədə idi?
- 1918-ci il 31 Mart soyqırımı Azərbaycan tarixində ən böyük faciələrdən biridir. Bu hadisənin əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci ildə xüsusi Sərəncam imzalamış və bu günü "Azərbaycanlıların Soyqırımı Günü" elan etmişdir. Hər il 31 mart tarixində bu faciə dövlət səviyyəsində anılır. Azərbaycan dövləti bu məsələni dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasına xüsusi diqqət yetirir. Məqsəd erməni təcavüzkarlığını, onların türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımını beynəlxalq səviyyədə sübut etməkdir. Ermənilər müxtəlif dövrlərdə, şəraitin uyğun olduğu zamanlarda türk-müsəlman əhalisinə, xüsusən də azərbaycanlılara qarşı kütləvi soyqırımlar törədiblər. Onlar yaşayış məntəqələrini qarət edib, evləri yandırıb, minlərlə günahsız insanı qətlə yetiriblər. XX əsrdə dəfələrlə bu cür soyqırımlarla üzləşmişik. 1905-1906-cı illərdə, 1918-ci ildə və daha sonra Qarabağ hadisələri zamanı ermənilərin törətdikləri vəhşiliklər bunun bariz nümunəsidir. Ermənistan ərazisindən – Qərbi Azərbaycandan 250 mindən çox azərbaycanlı deportasiya olunmuş, bir çoxları isə soyqırımına məruz qalmışdır. 1918-ci ilin mart ayında baş verən hadisələrə Sovet Rusiyası xüsusi təsir göstərmişdi. Həmin dövrdə Azərbaycanda üç əsas quberniya – Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarında əhalinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. Belə bir coğrafiyada ermənilərin özbaşına qırğın törətməsi mümkün deyildi. Soyqırımının həyata keçirilməsində əsas güc Sovet hakimiyyəti və bolşeviklər idi. Onlara kömək edən isə erməni daşnak dəstələri və Erməni Milli Şurasının silahlı birləşmələri idi. Bolşeviklərə maliyyə və silah dəstəyi verən birbaşa Sovet Rusiyası olmuşdu. 1917-ci ilin dekabrında Rusiyada Sovet hakimiyyəti qurulduqdan sonra Bakı bolşeviklərinə Leninin göstərişi ilə 500 min rubl göndərilmişdi. Bu, o dövr üçün olduqca böyük məbləğ idi və əsas məqsəd Şərqi Anadoluda ermənilər üçün xüsusi şərait yaratmaq, Bakı bolşeviklərinə dəstək vermək idi. 1918-ci ilin iyun ayında Stepan Şaumyanın başçılıq etdiyi bolşeviklərə 30,8 milyon rubl, iyul ayında isə 50 milyon rubl ayrılmışdı. Bu maliyyə yardımları ilə bolşeviklər Azərbaycan ərazisini öz nəzarətləri altına almağa çalışırdılar.
Mart soyqırımı zamanı beynəlxalq münasibətlər də mühüm rol oynayırdı. Həmin dövrdə Birinci Dünya müharibəsi gedirdi və Antanta dövlətləri erməniləri himayə edirdi. Xüsusilə, İngiltərə və ABŞ ermənilərə siyasi və hərbi dəstək göstərirdilər. Antantanın nümayəndəsi Lional Denstervilin hərbi qüvvəsi İrandan Azərbaycanın cənub bölgəsinə gəlib rus və menşevik qüvvələrinə kömək edirdi. Məqsəd türk ordusunun Gəncədən Bakıya yürüşünün qarşısını almaq idi. Paris Sülh Konfransında ABŞ Prezidenti Vudro Vilson erməniləri himayəsinə götürdü və Şərqi Anadoluda erməni dövləti yaratmaq planı irəli sürüldü. Lakin Vilsonun göndərdiyi nümayəndə bölgəni araşdırdıqdan sonra buranın ermənilər üçün dövlət qurulmasına uyğun olmadığını bildirmişdi. 31 Mart soyqırımının qarşısının alınmasında Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı ordusu mühüm rol oynadı. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hökumət erməni daşnaklarının törətdikləri qırğınların qarşısını almaq üçün tədbirlər görməyə başladı. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan hökumətinə dəstək verərək Bakı qırğınının dayandırılmasında və şəhərin azad olunmasında həlledici rol oynadı.
- 31 Mart soyqırımı ilə
bağlı əsas tarixi mənbələr hansılardır?
Bu soyqırımı hadisələrini sübut edən arxiv sənədləri
və şahid ifadələri mövcuddurmu?
- Ermənilərin 1918-ci ildə Azərbaycan torpaqlarında törətdikləri soyqırımla bağlı kifayət qədər arxiv sənədləri və elmi tədqiqat əsərləri mövcuddur. Bu sənədlər yalnız Azərbaycan arxivlərində deyil, Rusiya arxivlərində, rus və Qərb tədqiqatçılarının əsərlərində, Türkiyə araşdırmalarında və Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin əsərlərində də əksini tapmışdır. Azərbaycan Dövlət Arxivi və Azərbaycan Siyasi Sənədlər Arxivində ermənilərin törətdikləri vəhşilikləri açıq şəkildə göstərən hüquqi sənədlər saxlanılır. 1918-ci il iyulun 15-də bu cinayətlərin araşdırılması və nəticələrinin üzə çıxarılması məqsədilə Fövqəladə Tədqiqat Komissiyası yaradıldı. Komissiya Ələkbər bəy Xasməmmədovun rəhbərliyi altında fəaliyyət göstərirdi və 1918-ci ilin avqustundan 1920-ci ilin aprel ayına qədər Bakı, Şamaxı, Quba, Lənkəran, Kürdəmir, Göyçay, Gəncə quberniyalarında tədqiqatlar aparmışdır. Komissiya tərəfindən toplanan sənədlər 36 cild, 3500 vərəqdən ibarətdir və bu gün də Azərbaycan arxivlərində qorunur. Bu sənədlər yalnız türk-müsəlman əhalisinin deyil, həmçinin rus, yəhudi, polyak, latış, gürcü və digər millətlərdən olan insanların izahatlarına əsaslanır. Məsələn, 1918-ci il martın 30-dan aprelin 1-dək təkcə Bakıda baş verən qırğınlar nəticəsində 10 mindən çox insan öldürülmüşdür. Bakı qəzası üzrə Fövqəladə Tədqiqat Komissiyası 6 cild, 740 vərəq həcmində sənəd toplamışdır. Şamaxı qəzası üzrə isə 7 cild, 925 vərəqdən ibarət sənədlər toplanmış və burada 8023 nəfərin qətlə yetirildiyi sübut olunmuşdur. Quba qəzasında aparılan araşdırmalar nəticəsində 3 cild, 451 vərəqdən ibarət sənədlər əldə edilmiş və 167 kəndin tamamilə dağıdıldığı, 4000-dən çox insanın qətlə yetirildiyi müəyyən olunmuşdur. Gəncə quberniyasında, xüsusilə Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzurda da ciddi qırğınlar qeydə alınmışdır. Zəngəzur qəzası üzrə 2 cild, 800 vərəqdən ibarət sənədlərdə 115 kəndin dağıdıldığı və 7729 nəfərin qətlə yetirildiyi sübut edilmişdir. Zəngəzurda baş verən hadisələrlə bağlı 55 qərar layihəsi, Şuşa ilə bağlı 11, Cəbrayılla bağlı 10, Cavanşirlə bağlı isə 1 qərar layihəsi hazırlanmışdır.
Bu qırğınlar təkcə insan itkisi ilə məhdudlaşmır, evlər yandırılmış, əmlak qarət olunmuş və əhali məcburi köçkün vəziyyətinə düşmüşdü. İrəvan quberniyasında baş verən hadisələr də Cənubi Qafqaz Seyminin protokollarında öz əksini tapmışdır. 1918-ci il fevralın 10-da yaradılan Seym erməni silahlı dəstələrinin törətdiyi soyqırımı dəfələrlə müzakirəyə çıxarmış və bununla bağlı Fövqəladə Tədqiqat Komissiyası yaradılmışdı. Bu Komissiyanın hesabatına əsasən, Uluxanlı, Dəvəli, Hacıilyas və İrəvan şəhərinin ətraf kəndlərində ermənilərin böyük qırğınlar törətdiyi sübut olunmuşdur. Ermənilər 1918-ci il hadisələrindən əvvəl peşəkar şəkildə silahlanmış, "Daşnaksütyun" partiyasının rəhbərliyi altında təşkilatlanmış və erməni kilsəsinin himayəsi ilə təbliğat aparmışdılar. Üçmüədzin kilsəsi, Şərqi Anadolu və Qafqazda fəaliyyət göstərən erməni təşkilatları bu qırğınların əsas ideoloji və maddi dayaqlarını təşkil edirdi.
Məmməd Səid Ordubadinin 1905-1906 ci illər hadisələrinə həsr etdiyi "Qanlı sənələr" əsərində göstərildiyi kimi, bu hadisələrin başlıca səbəblərindən biri "Daşnaksütyun" partiyasının terror siyasəti, hökumət məmurlarının etinasızlığı, müsəlmanların beynəlxalq məsələlərdən bixəbər olması və ermənilərin avtonomiya qurmaq niyyəti olmuşdur. Bu səbəblər 1918-ci ildə baş verən hadisələrlə böyük oxşarlıq təşkil edir və sübut edir ki, erməni siyasəti heç vaxt dəyişməmişdir. Azərbaycan dövləti isə tarixən həmişə humanist mövqe nümayiş etdirmiş, qonşularına qarşı ədalətli və sülhsevər siyasət yürütmüşdür. Qarabağ hadisələri zamanı da beynəlxalq ictimaiyyətin Azərbaycana ciddi təzyiqlər göstərə bilməməsinin əsas səbəbi məhz bu humanist yanaşma olmuşdur. Azərbaycan həmişə qonşuları ilə iqtisadi, mədəni və sosial əlaqələrə üstünlük vermiş, təcavüz siyasətindən uzaq durmuşdur.
- Sizcə, Zəngəzurda
qırğınların daha geniş miqyas almasının əsas
səbəbi nə idi?
- Zəngəzur qəzası, o cümlədən Gorus, Mehri və digər ərazilər erməni silahlı dəstələrinin ən fəal olduğu bölgələrdən biri idi. Xüsusilə Andranik və Dro kimi terrorçuların rəhbərlik etdiyi silahlı birliklər burada Azərbaycan hakimiyyətinin bərqərar olmasına imkan vermirdi. Ermənilər Dağlıq və keçilməz meşəlik ərazilərdən istifadə edərək, burada üstünlük qazanmağa çalışır, peşəkar terror qrupları formalaşdırırdılar. Ümumilikdə, Zəngəzur qəzasında 10063-dən çox azərbaycanlı bu qırğınların qurbanı olub. Bunun əsas səbəbləri Andranikin, Dronun və rəhbərlik etdikləri digər erməni hərbi birləşmələrinin bölgədə daha aktiv fəaliyyət göstərməsi, Zəngəzurda əhalinin 90%-nin azərbaycanlı olmasına baxmayaraq, onların təşkilatlanmaması və silahlı dəstələrinin olmaması, Azərbaycan türklərinin arxasında güclü bir dövlətin dayanmaması, hərbi rəhbərliyin olmaması, eləcə də ermənilərin Rusiyanın tam dəstəyini alması, Şaumyanın Andranikə 1 milyon rubldan çox vəsait göndərməsi və bunun nəticəsində erməni silahlı dəstələrinin daha da güclənməsi idi.
1918-ci ildə Zəngəzurda törədilən qırğınlar təkcə bu bölgə ilə məhdudlaşmadı. Ümumiyyətlə, İrəvan quberniyasında da kütləvi soyqırımlar həyata keçirildi. Məsələn, Culfa rayonunun Qulxan kəndində 1200-dən çox ev dağıdılmış, bütün əhali məhv edilmişdi. Burada 115 kənd tamamilə yerlə-yeksan edilmişdi. Seym tərəfindən verilən rəsmi raportlarda göstərilir ki, həmin ərazilərdə bir dənə də olsun ev salamat qalmamışdı. Andranik Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra belə öz hökumətini yaratmağa çalışdı və separatçı fəaliyyətlərini davam etdirdi.
Tarix göstərir ki, ermənilər təkcə 1918-ci ildə deyil, 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə deportasiyalarla, 1988-1990-cı illərdə isə Qarabağ münaqişəsi ilə azərbaycanlılara qarşı ardıcıl soyqırımlar və etnik təmizləmə həyata keçirmişlər. Bu faciələrin bir daha təkrarlanmaması üçün Azərbaycan dövləti güclü milli birlik, hərbi potensial və beynəlxalq müttəfiqlik siyasətini daim inkişaf etdirməlidir. Xüsusilə türk dövlətləri ilə əlaqələrin daha da sıxlaşdırılması, hərbi qüdrətin artırılması və gələcək nəsillərə bu tarixi həqiqətlərin düzgün çatdırılması vacibdir.
- Vaqif müəllim, soyqırımını
törədənlər istəklərinə nail ola bildilərmi?
- Mən
deyərdim ki, həmin vaxt nail ola bildilər. Ancaq müvəqqəti.
1918-ci il martın 30-u, 31-i və aprelin 1-də Şaumyanın
başçılığı ilə bolşeviklər,
onları dəstəkləyən menşeviklər, eserlər
və “Daşnaksütyun” partiyası Bakıda müvəqqəti
hakimiyyət qurmağa nail oldular. 1 avqustdan 15 avqusta qədər
burada Sentrokaspi diktaturası fəaliyyət göstərdi.
Lakin sentyabrın 17-də Müzəffər Türk Ordusu Azərbaycan
Ordusu ilə birlikdə Bakını həm bu
qruplaşmalardan, həm də ingilis qüvvələrindən
təmizlədi və Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən
Bakıya köçdü. Beləliklə, beş ay yarım
müddətində bu qüvvələr Bakıda hakimiyyətdə
qalsalar da, sonda devrildilər və Azərbaycan Xalq Cümhuriyyəti
öz hakimiyyətini bərpa etdi.
1920-ci il
aprelin 28-də Sovet ordusu Azərbaycanı işğal edərək
Cümhuriyyətin varlığına son qoydu. Təkcə
1920-1921-ci illərdə 48 mindən çox insan qətlə
yetirildi. Bəzi mənbələr bu rəqəmin 80 minə
çatdığını bildirir. Sonrakı dövrlərdə,
xüsusilə 1948-1953-cü illərdə deportasiyalar,
1988-1990-cı illərdə isə Qarabağda ermənilərin
törətdikləri soyqırımlar və
qırğınlar xalqımıza yeni faciələr gətirdi.
Nəhayət, 2020-ci il sentyabrın 27-də rəşadətli
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə əks-hücuma keçərək erməni
işğalına son qoydu. 44 günlük Vətən
müharibəsi nəticəsində erməni qüvvələri
Azərbaycan ərazilərindən qovuldu. Daha sonra 2023-cü
il sentyabrın 19-20-də cəmi 23 saat ərzində
Qarabağda qalan erməni separatçı qüvvələri
məhv edildi və Azərbaycan öz suverenliyini tam bərpa
etdi.
- Bu
gün Mart soyqırımından hansı ibrət dərslərini
almalıyıq?
-Biz
zaman-zaman soyqırımlarına və terror hadisələrinə
məruz qalmışıq. XX əsrin əvvəllərindən
ortalarına və sonlarına qədər bu hadisələrin
qurbanı əsasən türk, müsəlman və azərbaycanlılar
olmuşdur. Təəssüf ki, bəzən qəflət
içində olmuşuq. 1828-ci
ildə Türkmənçay müqaviləsi ilə Quzey Azərbaycan
çar Rusiyası tərəfindən işğal edildikdən
sonra ermənilər Qarabağa, Naxçıvana, İrəvana
və digər ərazilərə köçürülmüş,
onlara xüsusi üstünlüklər verilmiş,
silahlandırılmış və orduya cəlb edilmişlər.
Həmin dövrdə türk-müsəlman əhalisinə
münasibət isə olduqca pis idi. Onlar nəinki orduya
çağırılmırdılar, hətta 1887-ci ildə hərbi
xidmətdən azad edilmək üçün müsəlmanlardan
xüsusi vergi alınırdı.
Birinci Dünya müharibəsi zamanı çar
Rusiyasının ordusunda Türkiyəyə qarşı
döyüşən 8 erməni polku mövcud idi. Bizim isə
cəmi bir polkumuz – Türk-Tatar Süvari Polku var idi və o da
qarışıq tərkibdə fəaliyyət göstərirdi.
Bakıda, İrəvanda, Qubada qırğınlar törədən
generalların əksəriyyəti məhz bu erməni
polklarının rəhbərləri olmuşdular.
Biz
1905-1907-ci illərdəki hadisələrdən 1918-ci ilə qədər,
hətta 1988-ci ilə qədər eyni təhlükə ilə
üz-üzə qalmışdıq. Sovet dövründə
70 il ərzində ermənilər yeni planlar quraraq
hazırlıqlar görmüş və 1988-ci ildə yenidən
Azərbaycana qarşı ərazi iddiaları
qaldırmış, Qarabağda qırğınlara
başlamışdılar. Biz isə bu hadisələrin
qarşısında bəzən hazırlıqsız
olmuşuq. Lakin indi tam fərqli
bir mərhələdəyik. Dövlətimizin
apardığı güclü daxili və xarici siyasət nəticəsində
torpaqlarımız azad edilib və bundan sonra mövqeyimiz daha
da möhkəmlənəcək. Düşmənin yenidən
torpaqlarımıza təcavüz edəcəyini
düşünmək belə mümkün deyil. Əgər
belə bir cəhd olarsa, Azərbaycan layiqli cavab verəcəkdir. Ona görə də hər zaman
ayıq-sayıq olmalıyıq. Tarixin bizə
yaşatdığı bu acı hadisələrdən dərs
çıxarmalıyıq. Uşaq bağçalarından
başlayaraq orta məktəblərdə, ali təhsil müəssisələrində
gənclərimizə bu həqiqətləri olduğu kimi
çatdırmalıyıq. Bunu heç bir xalqa və ya millətə
qarşı nifrət təbliğatı kimi yox, tarixi hadisələri
olduğu kimi anlatmaq məqsədilə etməliyik.
Çünki gələcək nəsillərimiz
keçmişdəki faciələrin bir daha təkrarlanmaması
üçün tarixi yaxşı bilməlidirlər.
- Sizcə,
31 Mart soyqırımı beynəlxalq hüquq çərçivəsində
necə qiymətləndirilməlidir? Soyqırımı
qurbanlarının miqyasını tam şəkildə beynəlxalq
ictimaiyyətə çatdırılması üçün
Azərbaycan dövləti hansı addımları atır?
- Azərbaycan
Xalq Cümhuriyyəti dövründə – 1918-1920-ci illərdə
– 31 Mart soyqırımı iki dəfə rəsmi olaraq qeyd
olunub və həmin dövrdə Azərbaycan mətbuatında
bu faciə ilə bağlı geniş yazılar dərc
edilib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra isə 1998-ci il martın 26-da Ulu Öndər Heydər
Əliyevin imzaladığı Sərəncama əsasən,
31 Mart Azərbaycanlıların Soyqırımı
Günü kimi rəsmi qaydada qeyd olunmağa başladı. O
vaxtdan etibarən hər il 31 mart tarixində təkcə Azərbaycan
daxilində deyil, həm də dünya azərbaycanlıları
və türkləri tərəfindən bu faciə
anılır. Beynəlxalq təşkilatların diqqətinə
çatdırılan bu tarix təkcə Bakıda deyil, həm
də Zəngəzurda, İrəvanda, Gəncədə və
digər bölgələrdə törədilmiş
soyqırımları ifşa etmək üçün
mühüm platformaya çevrilib.
Bu
soyqırımı törədənlər erməni
silahlı birləşmələri və onların
arxasında dayanan qüvvələr olub. Tarix boyu ermənilər
kilsənin, diasporun və bəzi beynəlxalq güclərin dəstəyi
ilə Azərbaycan və Türkiyəyə qarşı
müxtəlif təxribatlar həyata keçiriblər. Lakin
Azərbaycan dövləti bu faciələri dünya ictimaiyyətinə
sübutlarla təqdim edib və faktlarla çıxış
edib. Bu gün Azərbaycan
öz suverenliyini tam bərpa edib və güclü dövlət
kimi tarixdən dərs çıxarıb. Bundan sonra da belə
təcavüzlərin qarşısı qətiyyətlə
alınacaq, Azərbaycan xalqının təhlükəsizliyi
təmin olunacaq. Azərbaycan dövləti hər zaman
xalqının tarixi faciələrinə sahib
çıxıb və bu soyqırımları unutdurmamaq
üçün mühüm addımlar atıb. Xüsusilə,
2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı
ilə 31 Mart soyqırımının 100 illiyi geniş şəkildə
qeyd olundu. Bu, Azərbaycan dövlətinin öz
xalqının əzablarını dünya ictimaiyyətinə
çatdırmaq və bu faciələrin bir daha təkrarlanmaması
üçün atdığı qətiyyətli
addımlardan biri oldu. Dövlətimiz bu kimi sərəncamlarla
təkcə soyqırımı qurbanlarının xatirəsini
anmır, həm də beynəlxalq aləmə sübut edir
ki, bu qətliamlar ermənilər tərəfindən sistemli
şəkildə və müxtəlif dövrlərdə
törədilib. 1918-ci il soyqırımı da məhz ermənilərin
xarici qüvvələr tərəfindən
silahlandırılması və istiqamətləndirilməsi nəticəsində
baş verib. Tarix dəyişsə də, Azərbaycanın
mövqeyi dəyişməz qalır: dövlətimiz bu təxribatlara
qarşı həmişə ayıq-sayıq olub və olacaq.
Bu gün Azərbaycan xalqı öz dövlətinin
yanında birləşib, onun apardığı siyasəti dəstəkləyir
və tarixi ədalətin bərpa olunması
üçün mübarizəsini davam etdirir.
- Vaqif
müəllim, dolğun müsahibəyə görə sizə
təşəkkür edirik.
Nigar
Orucova
İki
sahil.- 2025.- 15 mart, №48.- S.5.