Ayların sultanı Ramazan,
gecələrin
şahı isə Qədr gecəsidir
Ramazanda oruc tutmaq fitrə zəkatı verməklə
tamamlanır
İlahiyyatçı Hacı Gülağa
İsmayılov: Fitrə zəkatı sübh vaxtı bayram
namazını qılmazdan öncə verilməlidir
Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi
nədir?
Hansı şəxsin fitrə verməsi vacib
deyil?
Məlum olduğu kimi, bütün İslam
dünyası “on bir ayın sultanı” mübarək Ramazan
ayını yaşayır. Ramazan ayının orucunu tutmaq hər
bir insanın həyatında dönüş nöqtəsinə
çevrilir. İnsanın ruhu və cismi üçün son
dərəcə böyük əhəmiyyəti olan orucluq mənəviyyata
müsbət təsir göstərən İlahi gücə
malikdir. Ramazanın gecələrinin birində İslamın
müqəddəs kitabı “Qurani-Kərim”in nazil olduğu
ehtimal edilir.
Həmin gecə “Qədr gecəsi” və ya “Əhya gecəsi” adları ilə də tanınır. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir. Qədr gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Fitir bayramı Ramazan ayının ən gözəl anlarından, İslam dinində özünəməxsus yer tutan bayramlardan biridir. Günahların bağışlandığı, duaların qəbul olunduğu 11 ayın sultanı olan Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Maddi baxımdan imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir.
Sumqayıt Cümə məscidinin imamı,
ilahiyyatçı Hacı Gülağa İsmayılov hər
iki mövzu ilə bağlı “İki sahil”in suallarını
cavablandırıb.
Müqəddəs kitabımızın yer
üzünə eniş gecəsi
- Hacı, Qədr gecəsinin digər
günlərdən fərqi nədir?
- Allah dərgahında ayların şahı Ramazan, günlərin şahı cümə günü, gecələrin şahı isə Qədr gecəsidir. Qiyamətə qədər bütün insanlara, dünyaya və axirətdə rəhbər olan bir kitabın yer üzünə eniş gecəsidir. Müqəddəs kitabımız Qurani-Kərimin Ramazan ayında və həmin ayın son on gününün gecələrinin birində nazil olmasını Uca Rəbbimiz özü aydın şəkildə bəyan etmişdir.
“…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185)
Qurani-Kərimdə Qədr gecəsi ilə bağlı müstəqil surə vardır. Bu surə Məkkədə nazil olub, beş ayədən ibarətdir. Adı ilk ayədə keçən Qədr, yəni “Qədr gecəsi” sözündən götürmüşdür.
“Həqiqətən, Biz onu (Quranı) Qədr
gecəsi nazil etdik!” (Qədr
surəsi, ayə 1)
Min
aydan daha xeyirli
- Qədr
sözünün mənası nədir?
- Qədr
sözü “məqam, şərəf, dəyər, əzəmət”
mənalarına gəlir. Bu surə Quranın nazil olmasından,
gecənin böyük fəzilət və bərəkətindən,
o gecə kainatı bürüyən ilahi mərhəmətdən
bəhs edir:
1. Sən
Qədir gecəsi nədir, bilirsən?!
2. Qədir
gecəsi min aydan daha xeyirlidir!
3. O gecə
mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə
hər bir işdən dolayı (Allah dərgahından əmrlər
alaraq) yerə enərlər.
4. O gecə
dan yeri sökülənə kimi (büsbütün)
salamatlıqdır! (əmin-amanlıqdır).
Quranın
Qədr gecəsində hansı şəkildə nazil
olması barədə əsas iki rəy vardır:
1. Qədr
gecəsi Qurani-Kərim Lövhi-məhfuzdan dünya səmasına
bütöv şəkildə nazil edilmişdir. Sora isə 23
il müddətində Həzrəti Peyğəmbərə
(s) ehtiyac duyulduqca dünya səmasından Cəbrayil-Əmin
vasitəsi ilə gətirilmişdir.
2. Qədr
gecəsi Quran-Kərim bütünlüklə Lövhi məhfuzdan
Həzrəti Peyğəmbərin (s) mübarək qəlbinə
nazil olmuşdur.
Bütün
dünya müsəlmanları bu gecə ibadət, itaət,
zikir, dua münacatla oyaq qalaraq bəşəriyyəti
zülmətdən nura çıxaran, ölmüş qəlblərə
həyat verən, hidayət kitabı, İlahi vəhyin gəlişini
qarşılayırlar. Elə bir kitab ki, səmanın mələklərinin
müşayiəti ilə Kainatın ən şərəflisi,
Allahın sevimlisi Həzrəti Muhəmməd Əl-Mustafaya
(s) nazil olur.
Bu gecələrdə
bizlər Allahın əmrinə tabe olaraq, Rəsulunun vəsiyyətinə
sadiq qalaraq böyük sevinclə Müqəddəs
kitabımızı başımızın üstündə
tutaraq İlahi vəhyin gəlişini bayram edir, ona öz məhəbbət
və ehtiramımızı nümayiş etdirərək
müxtəlif məkanlarda, xüsusən məscidlərdə
cəm şəkildə sevincimizi ifadə edirik.
Allahla
daha yaxın olmaq, dua və ibadət etmək
- Qədr
gecəsində oyaq qalmağın fəlsəfəsi nədir?
- Qədr
gecəsində oyaq qalmağın fəlsəfəsi bu gecənin
xüsusi bir mənəvi və ruhani əhəmiyyət
daşıması ilə bağlıdır. Qədr gecəsi
(Laylat al-Qadr), İslamda ən möhtəşəm gecələrdən
biri sayılır və Ramazan ayının son on gecəsindən
birində, xüsusilə tək gecələrinin birində
olduğu qəbul edilir. Bu gecənin fəziləti, Quranda belə
ifadə olunmuşdur: "Qədr gecəsi min aydan daha
xeyirlidir."
Bu gecənin
əhəmiyyəti və oyaq qalmağın fəlsəfəsi,
bir çox dərin mənalar və məqsədlərlə əlaqəlidir.
Qədr gecəsi Allahın rəhmətinin bol olduğu, ibadətlərin
qəbul olunduğu, dualara cavab verildiyi və möminlərin
bağışlanması üçün xüsusi bir gecədir.
Qədr gecəsində oyaq qalmağın fəlsəfəsi
Allahla daha yaxın olmaq, dua və ibadət etmək,
keçmiş günahların bağışlanmasını
istəmək və nəfsin təmizlənməsi
üçün möhtəşəm bir fürsətdir. Bu
gecənin fəziləti insanın həm mənəvi, həm
də sosial həyatda daha yaxşı bir şəxsiyyətə
sahib olması üçün bir yol göstərir. Qədr
gecəsində oyaq qalmaq, bəndənin özünü
Allahın qarşısında təvazökar və sadiq bir
qulluqçu kimi hiss etməsi üçün çox önəmlidir.
Bu gecə, həmçinin gələcəkdə daha
yaxşı bir həyat qurmağı, İslamı daha dərindən
anlamağı və xəta və günahlardan uzaq
durmağı hədəfləyən bir ruhani ibadətdir.
Həmin
gecədə qılınan namazın böyük şərəfatı
var
- Qədr
gecəsinin vacib əməlləri hansılardır?
- Bu gecədə
edilən bəyənilən və savab olan əməllərdən
biri qüsl etməkdir. Qüsl edərkən belə niyyət
etməlidir: «Əhya gecəsinin qüslünü edirəm
qürbətən ilallah». Bu qüslün böyük
savabı vardır. Səhərə qədər oyaq qalıb
ibadətlə məşğul olmaq. Səhərə qədər
oyaq qalıb ibadətlə məşğul olmağın mənası
budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, sən
bu gecə mənə Quran nazil edirsən və mən də
bu gecə səhərə qədər oyaq qalıb onu
qarşılayıram.” Qədr gecələrində məscidə
getməyin mənası budur ki, insan öz məqsədini təyin
edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və
pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin
razılığını qazanmaq üçün Sənin
evinə gəlmişəm və gələcək xoşbəxtliyimi
müəyyənləşdirirəm.” Qədr gecəsində
qılınan namazın böyük şərəfatı
vardır. Qədr gecəsinin namazı məğrib və
işa namazları ilə sübh namazı arasındakı
vaxtda qılınır.
Fitrətə
qayıdış anlamı
-
Oxucularımıza fitrə sözünün mənasını
izah edərdiniz?
- “Fitr” kəlməsi
“orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Həmçinin
Fitr sözü ərəbcədən fitrətə
qayıdış anlamına gəlir. Yəni, bir ay boyunca
sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə
əhatələnən müsəlman öz fitri
yaradılışında olan yemək içmək və s.
halına qayıdır.
İslamın
ən vacib ibadətlərdən biri Zəkatdır
- Zəkat sözünün mənası
nədir? Fitrə zəkatla eyni əhəmiyyətə
malikdirmi?
- Zəkat
İslamın üçüncü rüknüdür və ən
vacib ibadətlərdən biridir. Çünki zəkat
ehtiyacı olanlara yardımın, zəngin və fəqirlər
arasında isə sevgi və sayğının nümunəsidir.
Zəkat malın artması və bərəkətli
olması, habelə mal sahibinin öz nəfsini islah edərək
təmizləməsi üçün bir vasitədir. Zəkat lüğətdə “təmizlik”,
“artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və
düzgün olmaq” mənalarına gəlir. İstilahi mənası
isə Allahın əmrinə uyğun olaraq müəyyən
malların müəyyən qədərini bəlli vaxtlarda
heç bir mənfəət güdmədən, yəni
sırf Allah rizası üçün yenə Onun əmr
etdiyi yerlərə vermək deməkdir.
Göründüyü
kimi, zəkatın həm lüğəvi, həm də
istilahi mənaları arasında əlaqə vardır.
Çünki zəkat zəkat verənlərin ruhunun təmizlənməsinə,
malının bərəkətlənib çoxalmasına səbəb
olur. Fitrə zəkatı isə imamların dilindən bu
cür qiymətləndirilib: “Hər bir şeyin zəkatı
olduğu kimi, insanın bədəninin zəkatı da orucluq
qurtardıqdan sonra fitrə verməklədir: “Bu mənada,
insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə
zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq
(ə) buyurur ki, həqiqətən, oruc tutmaq fitrə zəkatı
verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi
tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı
verən şəxs 1 illik özünü bəlalardan
sığortalamış olur.”
Bu
şəxslərə fitrə zəkatı vermək vacibdir
- Kimlər
fitrə zəkatı verməlidir?
-
İnsan gərək fitrə zəkatını qürbət
məqsədilə, yəni Allah-təalanın əmrini yerinə
yetirmək və bəndəçilik məqsədilə
versin və onu verən zaman fitrə vermək niyyətini
etsin. Fitr bayramı axşamı qürub vaxtı
aşağıdakı şərtlərə cavab verən
mükəlləfə özünün və ürfən
onun çörək yeyəni hesab edilən şəxslərin
fitrə zəkatını verməsi vacibdir.
1) həddi-buluğa
çatmış olmalıdır;
2) aqil
olmalıdır;
3)
huşsuz olmamalıdır;
4) yoxsul
olmamalıdır;
5) qul
olmamalıdır.
Qonağın
fitrə zəkatını vermək ev sahibinə vacibdir
- Ailədə
fitrə zəkatı vermək kimə vacibdir?
- Ailə
başçısı imkan olduğu təqdirdə
özünün və ürfən onun çörək yeyəni
hesab edilən şəxslərin (həyat
yoldaşının, uşaqlarının və s.) fitrə zəkatını
verməlidir. Həmçinin ev yiyəsinin evinə fitr
bayramı axşamı günəşin batmasından öncə
gələn və onun çörək yeyəni (hərçənd
müvəqqəti də olsa) hesab edilən qonağın fitrə
zəkatını vermək ev sahibinə vacibdir. Məsələn,
qürubdan öncə ev yiyəsinin evinə gələn, gecə
də onun evində qalan və ev yiyəsinin də onun
rahatlığı üçün lazımı imkanları
səfərbər etdiyi və xərclərini təmin etməyi
öz üzərinə götürdüyü qonaq hərçənd
bir şey yeməsə, yaxud öz yeməyi ilə iftar
açsa belə, ev yiyəsi onun fitrə zəkatını
verməlidir. Ancaq sadəcə iftar üçün dəvət
edilən və gecələməyən qonaq çörək
yeyən hesab edilmir və onun fitrə zəkatı ev yiyəsinin
öhdəsinə düşmür.
Fitrə
zəkatı bayram namazını qılmazdan öncə verilməlidir
- Fitrə
zəkatı nə vaxt verilməlidir?
- Fitrə
zəkatı bayram axşamı gün batan çağı və
ya sübh vaxtı bayram namazını qılmazdan öncə
verilməlidir. Əgər şəxs bayram namazı
qılmazsa zöhr azanına qədər fitrə zəkatını
imkansız şəxlərə çatdırmalıdır.
- Kimlərə
fitrə zəkatı verilməsi mümkündür?
- Özünün və ailəsinin
illik xərclərinə sahib olmayan və ailəsinin xərclərini
təmin edəcək bir gəliri də olmayan bir şəxs
fəqir hesab olunur. O şəxsin fitrə zəkatı verməsi
vacib deyil. Əksinə həmin şəxsə fitrə zəkatı
verilməlidir.
Pul versə
də kifayətdir
- Fitrə zəkatı nələrdən
verilməlidir?
- Fitr
bayramı axşamı qürub çağı qeyd etdiyim həddi-büluğa
çatmış və aqil olan, huşsuz, yoxsul və qul olmayan
şəxs özü və çörək yeyəni olan
şəxslər üçün adambaşına öz
şəhərində çox istifadə edilən buğda,
arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi ərzaq
mallarından müstəhəqqə bir “sa” (təqribən
üç kq-a bərabər olduğu deyilir) verməlidir.
Onun yerinə pul versə də kifayətdir. Lazım ehtiyata əsasən,
öz şəhərində çox işlənməyən
qidalardan, hərçənd bu qida buğda, arpa, xurma, yaxud
kişmiş olsa belə, verməməlidir.
Fitrə
zəkatını fəqir şəxsin
bank
kartına köçürmək icazəlidir
- Fitrə
zəkatının bank kartları vastitəsilə ödənilməsi
qəbulolunandırmı?
- Keçmişdə bank əməliyyatları
mövcud olmadığı və ya geniş
yayılmadığı üçün bu cür məsələlər
gündəmə gəlmirdi. Lakin son zamanlar virtual ödəniş
əməliyyatları geniş vüsət
qazandığı üçün fitrə zəkatının
da bu yolla verilməsinin caiz olub-olmaması barədə
müzakirələr aparılır. Bəzi İslam hüquq
alimlərinə görə, fitrə zəkatını fəqir
şəxsin bank kartına köçürmək icazəlidir.
Bu zaman diqqət edilməlidir ki, köçürülən
pul bayram axşamı məğrib zamanı ayrılan puldan
başqa pul olmasın. Yəni, insan məğrib zamanı fitrə
zəkatı niyyəti ilə müəyyən məbləğ
pulu ayırıb kənara qoysa, sonra kartında olan puldan fəqirə
göndərsə, düzgün sayılmaz. Virtual yolla pulu fəqirə
çatdırmaq istəyirsə, gərək kənara
qoyduğu pulu öz kartına köçürsün, sonra
öz kartındanfəqirin kartına yollasın, ya da məğrib
zamanı kartındakı puldan müəyyən məbləğ
ayırmağı niyyət etsin və onu fəqirin
hesabına yollasın.
Eyni
mövzu ilə əlaqədar məsələyə digər
islam hüququ alimləri fitrə zəkatı
üçün birbaşa bu cür virtual əməliyyatları
icazəli bilmirlər. Çıxış yolu budur ki, ya
insan özü fəqir şəxsdən vəkillik (yəni
onun səlahiyyətli nümayəndəsi olmaq) icazəsi
alsın, öz pulunu fəqirin vəkili olaraq qəbul etsin və
sonra həmin pulu fəqirin kartına yollasın. Ya da pulu əvvəlcədən
əmanət olaraq (fitrə niyyəti ilə deyil) fəqirin
kartına köçürsün, fəqir də pulu onun
adından kartdan çıxartsın və fitrə kimi
özünə götürsün, yəni insan gərək
pulu fəqirə göndərən zaman əmanət niyyəti
etsin.
Orxan
Vahidoğlu
İki
sahil.- 2025.- 19 mart, №50.- S.6.