Əsrə bərabər neftçi ömrü...
Nüsrət Xəlilov-100
Azərbaycanda
neftçi peşəsinin qədim tarixi var. Çünki
odlar yurdu olan ölkəmizin neft tarixi də ta qədim
dövrlərə gedir. Təsadüfi deyil ki, dünya neft
tarixinin ilkləri məhz Azərbaycan neftçilərinin
adı ilə bağlıdır. Gecə-gündüz dənizdə
və quruda yorulmaq bilmədən çalışan, yeni
uğurlara imza atan neftçilərimiz hər zaman Azərbaycanda
böyük hörmətə layiq insanlar olub. Bu gün də
belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır.
Bu şərəfli peşə sahiblərindən biri də
neft tarixinə adını yazdıran neftçi-geoloq,
professor Nüsrət Xəlilov olub.
Neft sənayesinin veteranlarından
sayılan Nüsrət Yusif oğlu Xəlilov
1925-ci ilin may ayının 9-da Göyçay şəhərində
anadan olmuşdu. 1937-ci ildə ailəsi ilə birlikdə
Bakı şəhərinə köçmüş Nüsrətin
Böyük Vətən müharibəsi başlayanda 16
yaşı var idi. Onun böyük qardaşı Əbdülhəmid
Xəlilov 28 yaşında Bakı şəhər partiya komitəsinin
katibi idi. O vaxtlar vəzifəli şəxslər
övladlarını, qardaş və bacılarını hərbi
zavodlara, mədənlərə və başqa çətin
sahələrə işləməyə göndərirdilər.
Qardaşı Nüsrətə məsləhət
görmüşdü ki, o axşam məktəbinə daxil
olsun, gündüzlər isə hərbi zavodda işləsin.
Hələ sağlığında həmin illəri Nüsrət
Xəlilov belə xatırlayırdı:
“Rostov şəhərindən köcürülmüş
hərbi radio zavoduna məni 3-cü dərəcəli
elektrik vəzifəsinə təyin etmişdilər. Bu zavodda
işləyənlərin 90 faizini müxtəlif millətlərin
nümayəndələri təşkil edirdilər. Onlar sxem
üzrə müharibə şəraitində istifadə
olunan radiocihazları yığırdılar. Mən də
elektrik kimi bəzi detalları lehimləyirdim. Zavodda iş həddindən
artıq cox idi. Lehim aparatları tez-tez yanıb sıradan
çıxsa da, mən onları təmir edirdim.”
Nüsrət Xəlilov zavodda
2 il işlədikdən sonra 18 yaşı tamam olanda orduya
çağırılır. 77-ci Azərbaycan diviziyasında
döyüşlərdə iştirak etdi. 1943-cü ilin
iyulundan başlayaraq siravi əsgər kimi vuruşur. Rostovdan
Dnepr çayına kimi böyük döyüş yolu
keçmişdi. Döyüşlərlə bağlı xatirələrindən
danışarkən Nüsrət müəllim o günlərin
həyəcanını yaşayırdı:
“Döyüşlər çox
çətin və
qanlı gedirdi. Dnepr çayını keçməyə cəhd
edərkən 1943-cü ilin 22 dekabrında ağır
yaralandım. Hospitalda müalicə olunduqdan sonra 3 aylıq
tank məktəbini bitirdim.”
N.Xəlilov 1944-cü ilin may ayından bir
tankçı kimi vuruşmağa başlamışdı. Bu
illərdə müharibədə üstünlük Sovet
Ordusunun əlində idi. Faşistlər Sovet Ordusunun
hücumlarına davam gətirməyərək, bütün cəbhə
boyu qaçırdılar. Döyüşlərin birində
onun vuruşduğu tank korpusu 200 min alman əsgər və
zabitlərini, hətta generallarını da mühasirəyə
almışdı. Düşmən əvvəl çox
güclü müqavimət göstərsə də sonradan ərzaq
və sursatları qurtardığı üçün təslim
olurdular. Bu döyüşlərdə göstərdiyi
şücaətə görə Nüsrət müəllim
Böyük Vətən müharibəsi ordeni ilə təltif
olunmuşdu. Müharibədən sağ-salamat qayıdan
Nüsrət müəllim vətən uğrunda xidmətlərinə
görə 2 orden və 13 medalla təltif olunmuşdu.
Müharibədən sonra Nüsrət Xəlilov Azərbaycan
Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsinə
qəbul olmuş və 1951-ci ildə oranı bitirmişdi. O,
30 il Gürgən və Sahil dəniz kəşfiyyat idarəsində
baş geoloq vəzifəsində
çalışmışdı. 30 il ərzində 10 neft və
qaz yataqlarının açılmasında bilavasitə
iştirak etmişdi.
Bir-birinin ardınca dənizdə açılan
neft yataqları gənc geoloqun elmi axtarışlara olan həvəsini
daha da artırırdı. Bunun nəticəsi olaraq 1962-ci ildə
o, istehsalatdan ayrılmamaqla “Abşeron arxipelaqının
şimal-qərb hissəsinin geoloji quruluşu və
neftli-qazlılığı perspektivliyi” adlı dissertasiya
işini müdafiə etmişdi. N.Xəlilov Abşeron
bankasında Qala hövzəsi adlanan sahədə quyu
qazılmasını təklif etmişdir və həmin quyular
sənaye əhəmiyyətlı qaz fontanı vurmuşdu.
1974-ci ildə Nüsrət Xəlilov “Bakı
arxipelaqının geoloji quruluşu və yüksək anomal
lay təzyiqi şəraitində neft-qaz axtarışı, kəşfiyyatı
işlərinin effektivliyini yüksəltmək yolları”
mövzusunda doktorluq dissertasiyasını müdafiə
etmişdi.
N.Xəlilov tərəfindən geologiya
elmində ilk dəfə olaraq “Bulla-dəniz”
yatağında osmotik halların anomal yüksək lay təzyiqlərinin
əmələ gəlməsi və onlara qarşı
mübarizə metodu hazırlanmışdı. Bu proseslər
laboratoriya şəraitində osmoqraf cihazı vasitəsi ilə
yoxlanmış və yüksək nəticə
alınmışdı.
1982-ci ildə Xəzər dənizində geologiya elminin inkşafinda
böyük əməyinə görə və neft-qaz
yataqlarının kəşfində, mənimsənilməsində
Nüsrət Xəlilova Azərbaycan Respublikasının
“Əməkdar geoloq” adı verilmişdi.
30 il dənizdə çalışdıqdan
sonra o, 1980-cı ildən Dövlət Neft-qaz Layihə Elmi Tədqiqat
İnstitutunda (indiki Neftqazelmitədqiqatlayihə İnstitutu) Dəniz
neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı
laboratoriyasının müdiri vəzifəsinə təyin
olunub. Nüsrət müəllim həyatının 59 ilini Xəzər
dənizinin geologiyasına, neftlik və
qazlılığına və başqa sahələrinə həsr
etmişdi. Onun elmi əsərləri, Azərbaycanın,
keçmiş SSRİ-nin və başqa ölkələrin
jurnallarında çap olunmuş və onun tədqiqatlarına
istinadlar edilib.
N.Xəlilov 1 elmlər doktoru
və 3 elmlər namizədi hazırlamışdır. O, 3 dəfə
70, 75 və 80 illik yubileyi münasibətilə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin Fəxri fərmanı
ilə təltif edilmişdi. Nüsrət Xəlilov I və II
dərəcəli Böyük Vətən müharibəsi
ordenləri və 14 medalla təltif olunmuşdu.
Əməkdar geoloq, professor, geologiya-mineralogiya
elmləri doktoru Nüsrət Xəlilov neft sənayesinin
inkişafında göstərdiyi xidmətlərinə görə
Prezident İlham Əliyev tərəfindən 2006-cı ilin 19
sentyabr tarixli Fərmanı ilə Prezident təqaüdünə
layiq görülmüşdü.
Görkəmli alim 2012-ci ildə vəfat edib.
Yaşasaydı may ayının 9-da Nüsrət Xəlilov 100
illik yubileyini qeyd edəcəkdi. İndi Nüstət Xəlilov
doğmalarının, yaxınlarının və neft sənayesində
çalışanların xatirələrində
yaşayır.
Mehman
Yusifov,
Elm və
Təhsil Nazirliyinin Neft və
Qaz
İnstititunun baş mütəxəssisi
İki sahil.- 2025.- 6 may, ¹76.- S.9.