Azərbaycan nefti
İkinci
Dünya müharibəsi
illərində
Qələbə-80
(SON)
1943
1943-cü il həm ön, həm də arxa cəbhənin fəaliyyətində köklü dəyişikliklər ili oldu. Neft hasilatının azalmasına baxmayaraq, cəbhə xəttində irəliləyən sovet ordusunun motor yanacağı və sürtkü materiallarına olan tələbatı tam ödənilirdi. Neft məhsullarına tələbat 1942-ci illə müqayisədə 1943-cü ildə 123%, 1944-cü ildə 145%, 1945-ci ildə isə 172% olmuşdu.
SSRİ Neft Xalq Komissarlığının
1942-ci il 15 dekabr tarixli əmrinə əsasən,
“Azneftkombinat” Orconikidzeneft, Kirovneft, Stalinneft və
Qaradağneft trestlərinin nəzdində istismar qazma
kontorları təşkil etməli idi. Lakin bu qərarı həyata
keçirmək üçün texnika yox dərəcəsində,
ixtisaslı işçi və mühəndis kadrlar
çatışmırdı. Bunlar nəzərə
alınaraq, 1943-cü ilin sonunda neft sənayesinə 15 min nəfərdən
çox yeni çağırışçı cəlb
olundu, cəbhədən ixtisaslı neftçilər
vaxtından əvvəl geri qaytarıldı. 1943-cü ildə
Azərbaycanda “Azneftkəşfiyyat” tresti bərpa olundu, həmin
ilin axırlarından etibarən qazma işləri intensivləşməyə
başladı, neft kəşfiyyatı bərpa edildi. 1943-cü ildə 919 quyu
istismara verilmişdi ki, bu quyulardan da 840,9 min ton neft hasil
olunmuşdu.
1943-cü
ildə, texnika, texnologiyanın təşəkkül
tapmadığı bir vaxtda dəniz seysmik kəşfiyyat
üsulu hazırlanır, seysmik məlumatlardan, tədqiqatların
nəticələrindən istifadə olunur. Yeni yataqların kəşfi
və istismarına görə geoloq-alim Əliəşrəf
Əlizadə SSRİ Dövlət mükafatı olan Stalin
mükafatına layiq görülür.
Müharibənin
ağır illəri genişmiqyaslı axtarış və kəşfiyyat
işlərini dayandırsa da, işlər əsasən
Suraxanı, Qaraçuxur, Bibiheybət, Çaxnaqlıar və
Nefçala yataqlarında davam etdirilmişdi. Abşeron
yarımadasının əsas laylarında stratiqrafik
yataqların axtarışı aparılır və perspektivli
hesab edilən neft-qaz rayonlarında yeni axtarış obyektləri
müəyyən edilirdi. Gəncə rayonu ərazilərində
aparılan kəşfiyyat işləri nəticəsində
Naftalan sahəsində yüksək oktanlı neft yataqları
aşkar edildi. Bu kəşfiyyata görə bir çox geoloq
1943-cü ildə SSRİ Dövlət Mükafatına (II dərəcəli)
layiq görüldülər. Ancaq onlar mükafatlarını
müdafiə fonduna bağışlayaraq vətənpərvərliklərini
nümayiş etdirmişdilər.
1943-cü
ildə Maştağa sahəsində axtarış kəşfiyyatı
bərpa edilmiş, sahənin neft-qazlılığı
sübut olunmuşdu. Sonrakı qazmalar nəticəsində
Buzovna ilə Maştağa arasında neft yataqları müəyyən
edilmişdi. Artıq müharibədən sonrakı dövrlərdə
Buzovna-Maştağa yatağı Azərbaycanın neft
hasilatının artımına əhəmiyyətli töhfə
vermişdi. Bu yatağın aşkarlanmasına görə
geoloq Baba Baba-zadə və həmkarı Cəfərov 1947-ci
ildə SSRİ Dövlət Mükafatının I dərəcəsinə
layiq görülmüşdülər.
1944
1944-cü
ildən bütün neft hasilat trestlərində qazma
kontorları yaradıldı. Bu kontorlar neft hasilatının
artırılması və yeni neft yataqlarının
axtarışı üçün etibarlı baza rolunu
oynadı. Xüsusilə həmin ildə dəniz qazma trestinin
yaradılması Xəzərdə axtarış-kəşfiyyat
işləri üçün əlverişli şərait
yaratdı. Hələ müharibənin davam etdiyi dövrdə Bakı rayonunda
geoloji-kəşfiyyat işləri sahəsində bir sıra
mühüm elmi nailiyyətlər əldə edildi. Bunlardan
biri 1944-cü ildə geoloq Ağaqurban Əliyevin rəhbərliyi
altinda Azərbaycan neft ekspedisiyası tərəfindən dənizdə
kəşfiyyatın seysmik üsulu və onun köməkliyi
ilə müxtəlif dərinliklərdə neft
yataqlarının aşkarlanması idi. 1944-cü ilə qədər
SSRİ-də və dünyanın bir sıra digər ölkələrində
dəniz buruqları üçün özüllər dənizin
dibinə 30-40 metr gedən polad dirəklər üzərində
quraşdırılırdı. Lakin bu üsul çox zəhmət
tələb edən, bahalı və mövsümü
xüsusiyyət daşıyan idi. 1944-cü ilin sentyabr
ayının 24-də dəniz qazıma quyuları
üçün özüllərin konstruksiyalarının
ixtirası üzrə ümumittifaq müsabiqəsi elan olundu.
1945-ci ildə neftçi-mühəndislər Yusif Səfərov
və başqaları dəniz özülləri
üçün borulu yığılıb-sökülən
konstruksiya üsulu təklif etdilər. Bu blok-konstruksiya istənilən
hava şəraitində qazma üçün
özülün tez quraşdırılmasını təmin
edirdi. İri bloklar zavodlarda hazırlanırdı ki, bu da
quraşdırma işlərini sürətləndirirdi.
Artıq
1944-cü ilin sonlarında Bakının
neft-maşınqayırma zavodları neft sənayesinin
ehtiyaclarını demək olar tamamilə ödəyrdi.
İndiki Suraxanı, Binəqədi, Bibiheybət və
Qaradağ rayonlarından dörd yeni qazma kontorunun təşkil
edilməsi qərara alındı. İlk vaxtlar
avadanlığı, demək olar, hissə-hissə əldə
edirdilər, sonralar az miqdarda da olsa, ABŞ-dan avadanlıq gətirilirdi.
1944-cü
ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı
ilə müharibə illərində ikinci dəfə 502
neftçi SSRİ-nin orden və medalları ilə təltif
edildi.
1944-cü
ildə həyata keçirilən tədbirlər nəticəsində
Azərbaycanda qazma müəssisələrinin işində
dönüş yarandı, hasilat qazmasının həcmi və
sürəti artdı. Qazmada əmək məhsuldarlığı
xeyli yüksəldi. Əgər 1942-ci ildə bir qazma
işçisinə 33 metr qazma işi düşürdüsə,
1944-cü ildə bu göstərici 45 metr idi.
Quyu fondu
üzrə işlərin
yaxşılaşdırılmasına bir sıra amillər
kömək edirdi. 1944-cü ildə neft hasilatında fəhlələrin
sayı 1943-cü illə müqayisədə 1400 nəfər
artdı. Lazım olan kadrları müharibə veteranları,
təqaüdçülər, habelə cəbhədən
qayıdan əlillər sırasından seçirdilər.
Qazmaçı köməkçiləri demək olar ki,
qadınlar, qızlar və əsasən də yeniyetmələr
əvəz edirdi. Minlərlə gənc ordu sıralarına
çağırışdan geri qaytarılaraq neft sənayesinə
göndərildi. Daha sonrakı illərdə bu yeniyetmələr
sırasında Sosialist Əməyi Qəhrəmanı Qurban
Abbasov (Neftçi Qurban), Musa Bayramov,
Qaraş Əmirov və başqaları kimi məşhur
neftçilər yetişdi. Cəbhədə qazanılan
uğurlar neftçiləri ruhlandırırdı.
1945
Müharibə
başa çatdıqdan sonra Azərbaycan neftçilərinin
qarşısında respublikanın aparıcı sənayesində
müharibənin nəticələrini aradan qaldıraraq
qısa müddətdə neft hasilatının
artırılmasını təmin etmək vəzifəsi
dururdu. Qazma təşkilatları 1945-ci ildə böyük əzmlə
işlədilər, qazma qurğularının sayı 70-ə
çatdırıldı, 150 yeni quyu istismara verildi.
Bununla belə
müharibədən sonrakı illər də Azərbaycanın
neft sənayesi üçün çətin oldu. Müharibə
vaxtı mədənlərə böyük ziyan vurulmuşdu.
Neft quyularının çoxunun məcburi surətdə
konservləşdirilməsi sonralar işləri xeyli çətinləşdirmiş
və onlardan bir çoxunu bərpa etmək mümkün
olmamışdı. Bunun nəticəsi idi ki, müharibənin
sonlarında neft hasilatı kəskin surətdə
azalmış və 1945-ci ildə cəmi 11,5 milyon ton neft
hasıl edilmışdi.
Müharibə
illərində Azərbaycanda neft emalı və neft kimyası
sahəsində 60-dan çox yeni müəssisə tikldi,
200-dən artıq məhsulun, o cümlədən 9 markada
aviasiya benzininin, 8 növdə dizel yanacağının
istehsalına başlanıldı. İkinci Dünya Müharibəsində
qələbənin təmin olunmasına Bakı nefti və
ondan alınan neft məhsulları ümumbəşər əhəmiyyətli
tarixi missiyanı həyata keçirdi – Alman faşizminin məhvinə
vəsilə oldu.
Təəssüf
ki, müharibədən sonra SSRİ rəhbərliyi
Bakının Qələbənin əldə edilməsində
tarixi rolunu qiymətləndirmədi. Rusiya alimi və politoloqu
A.Sevastyanov bu barədə yazır: “Müharibədən
sonrakı illərdə bayramlarda, ildönümlərində
sovet rəhbərlərindən kiminsə Qələbədə
Bakı neftinin rolu haqqında durub
danışmağını heç xatırlamıram.
Bakıya “Qəhrəman şəhər” fəxri adı
verilmədi. Yada düşmədi, görmədilər,
gözə dəymədi, sənəd çatmadı və
sair və ilaxır... SSRİ-nin taleyi 1941-ci və 1942-ci illərin
payızında nazik simdən asılı qaldı. Bakı
neftçilərinin sayəsində bu nazik sim
qırılmadı”.
Yalnız
1977-ci ildə SSRİ Bakının faşizm üzərində
qazanılan qələbəyə verdiyi böyük töhfəni
tanıdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 24
noyabr tarixli Fərmanında deyilirdi: “1941-1945-ci illər
Böyük Vətən Müharibəsində faşist
işğalçıları üzərində Qələbənin
qazanılmasında böyük xidmətlərinə və təsərrüfat
və mədəni quruculuqda zəhmətkeşlərin
qazandıqları uğurlara görə Bakı şəhəri
Lenin ordeni ilə təltif edilsin”.
1993-cü
ildə Azərbaycan xalqının istək və tələbi
ilə hakimiyyətə gələn Ümummilli lider Heydər
Əliyev bütün sahələrdə yüksəlişə
doğru dönüşün əsasını qoyduğu
kimi, 9 May Qələbə Gününə və Böyük
Vətən müharibəsi veteranlarına qarşı
ögey münasibəti də birdəfəlik aradan
qaldırdı. 1994-cü ildən başlayaraq 9 May Qələbə
Gününün rəsmi dövlət bayramı səviyyəsində
qeyd edilməsi, müharibə veteranlarına diqqət və
qayğının artırılması, imtiyazların verilməsi,
cəmiyyət həyatında aktiv iştirak etmələrinə
imkanların yaradılması onların həyat, qurub-yaratmaq
enerjisini daha da gücləndirdi. Təsadüfi deyil ki, Ulu
öndər Heydər Əliyev müharibə
veteranlarını “Xalqımızın qızıl fondu”
adlandırırdı.
Dahi
liderin siyasətini bütün sahələrdə uğurla
davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev
cənabları veteranlarımızın həyatının,
sosial rifahının yaxşılaşdırılması
üçün mühüm tədbirlər həyata
keçirir. Bu gün Azərbaycanın müharibə
veteranları müstəqil dövlətimizin qayğısı
ilə tam əhatə olunmuşlar. Möhtərəm
Prezidentimiz İlham Əliyev cənabları hər il
böyük Qələbənin ildönümü ərəfəsində
müharibə iştirakçılarının
döyüş və əmək cəbhələrində
göstərdikləri şücaətin qiymətləndirilməsi,
onların sosial vəziyyətlərinin yaxşılaşdırılması
ilə bağlı müvafiq sərəncamlar imzalayır.
Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə
veteranlarına hərtərəfli qayğı və diqqət
Azərbaycanda dövlət siyasətinin başlıca
prioritetlərindən biridir.
İkinci
Dünya müharibəsinin veteranları xalqımızın fəxridir.
Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq
bu gün də böyük hörmətlə
xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi
ehtiramla yad olunur. Böyük Qələbənin
qazanılmasından 80 il keçsə də, İkinci
Dünya müharibəsində misilsiz şücaət
göstərmiş xalqımızın xidmətləri
heç vaxt öz əhəmiyyətini itirmir. Azərbaycan
övladlarının qəhrəmanlığı heç
vaxt yaddaşlardan silinməyəcək.
Vüqar
Həsənov,
araşdırmaçı-jurnalist
İki
sahil.- 2025.- 17 may, ¹84.- S.5.