19 May: Türkiyənin şanlı mücadilə
tarixinin
başlanğıc günü
Mayın 16-19-da Mustafa Kamal Atatürkün
İstanbul-Samsun səfəri qurtuluş üçün
atılan ilk addımın simvolu kimi qəbul olunur
Türkiyə tarixinin önəmli
günü hesab edilən 19 May - Atatürkü anma, gənclik
və idman bayramı kimi qeyd edilir. Türkiyə Cümhuriyyətinin
digər tarixi günləri kimi, bu gün də böyük
öndər Atatürklə, onun türk milləti
qarşısında misilsiz xidmətləri ilə
bağlıdır. Eyni zamanda, bu günün əlahiddə
özəlliyi də var. 19 may həm də Atatürkün
doğum günü kimi qeyd olunur.
Tale elə gətirib ki, Türkiyə Cümhuriyyətinin qurucusu, dünyanın ən görkəmli sərkərdə və dövlət xadimləri sırasında yer almış Atatürkün rəsmi doğum günü tarixə naməlum qalıb. Atatürk isə 19 mayı - Türkiyənin qurtuluşu və istiqlalı uğrunda savaşa başladığı günü özünün doğum günü olaraq xalqına, türk gəncliyinə və bütövlükdə tarixə ərməğan edib. Mustafa Kamal 1881-ci ildə o vaxt Osmanlı imperatorluğunun tərkibində olan Balkanlardakı Rumeli vilayətində, Selanik şəhərinin (indiki Yunanıstanın Saloniki şəhəri) Qocaqasım məhəlləsində doğulub. Anası Zibeydə xanımın xatırladığına görə, oğlu Mustafa qış vaxtı, yanvarda dünyaya gəlib. Mustafadan savayı ailədə daha beş uşaq dünyaya gəlsə də, onlar kiçik yaşlarında vəfat ediblər.
Mustafa məktəb yaşına gələndə anası onun dini təmayüllü məktəbdə təhsil almasını, atası isə müasir təhsil verən ibtidai məktəbə getməsini istəyir. Sonuc atasının istəyi kimi olur və Mustafa 1887-ci ildə Selanikdəki Şəmsi Əfəndi ibtidai məktəbinə gedir. 1890-cı ildə atası vəfat edir. Bir müddət təhsildən kənarda qalan Mustafa hərbçi olmaq arzusuna düşür. 1898-ci ildə Mustafa Kamal Selanikdəki məktəbi bitirir və İstanbul hərbi məktəbinə daxil olur. 1902-ci ildə oranı da leytenant rütbəsi ilə başa vurur. Bundan sonra hərbi təhsilini 1902-1905-ci illərdə İstanbul Hərbi Akademiyasında davam etdirir. 1905-ci ildə tam hərbi təhsilini başa vuraraq ilk hərbi təyinatını alır, imperatorluğun cənubuna - Suriyanın paytaxtı Dəməşqə göndərilir. Burada o, Osmanlının ağır durumunu yaxından dərk edir.
“Ya istiqlal, ya ölüm!”
1906-cı ildə Mustafa Kamal bir neçə hərbçi
dostu ilə "Vətən və Hürriyyət"
adlı gizli cəmiyyət təşkil edir. Gənc və
ambisiyalı zabitlər dövlətin idarəçiliyini
sağlam əsaslar üzərinə qaytarmaq barədə
düşünürlər. Avropaya hərbi ezamiyyətə
göndərilən, Fransada hərbi təlimlərdə
iştirak edən Mustafa Kamal Osmanlı ordusunun rəqiblərindən
nə qədər geri qaldığını bir daha dərk
edir. 1912-1913-cü illərin Balkan müharibəsində
Osmanlının ağır məğlubiyyəti bu gerçəyi
sübut edir. Müharibə nəticəsində Osmanlı
altı əsrə yaxın nəzarət etdiyi Balkanları, o
cümlədən Mustafa Kamalın vətəni Rumelini itirir.
1915-ci ilin yazında Çanaqqala döyüşlərinin ilk
mərhələsində mayor Mustafa Kamalın 19-cü
diviziyası misilsiz rəşadət göstərir. Ona
polkovnik rütbəsi verilir. 1916-cı ildə Çanaqqala zəfərinin
ardından onu Diyarbəkirdəki ordu komandanlığına,
Rusiya ilə savaş cəhbəsinə göndərirlər.
Mustafa Kamal yolda ikən
ona general - Paşa rütbəsinin verildiyini eşidir. Onun
komandanlığı altında 1916-cı ilin avqustunda rus
ordusunun Diyarbəkir istiqamətində hücumlarının
qarşısı alınır, Bitlis və Muş azad edilir.
Bu uğurdan sonra Mustafa Kamal Paşa Osmanlının 2-ci ordu
(şimal-şərq istiqamətində) komandanı təyin
edilir. Lakin digər cəbhələrdəki məğlubiyyət
Osmanlının dünya savaşından qalib
çıxmasını mümkünsüz edir. 1918-ci ilin
oktyabrın 31-də Osmanlı Mudros sülhü müqaviləsini
bağlamağa məcbur olur. Türk qoşunları
tutduqları bir çox əraziləri, o cümlədən Cənubi
Qafqazı (Azərbaycanı) tərk etməli olurlar. Dövlət
faktiki olaraq idarəolunmaz vəziyyətə gəlmişdi.
1919-cu ilin yazında indiki Türkiyənin böyük hissəsi
işğal edilmiş, o cümlədən yunan
qoşunları ölkənin cənub-qərbini ələ
keçirmişdilər. İstanbuldakı Osmanlı hakimiyyəti
nə dövləti xilas etmək, nə də
işğalın qarşısını almaq iqtidarında
idi.
General
Mustafa Kamal İstanbuldakı təslimçi hakimiyyətlə
yolları ayırır. 1919-cu ilin mayın 16-da o, bir qrup
silahdaşı ilə "Bandırma" adlı gəmidə
İstanbulu gizlicə tərk edərək Samsuna gəlir.
Burada mayın 19-da Qurtuluş savaşının
başladığını elan edir. İstanbul hökuməti
ona mane olmağa çalışsa da, Mustafa Kamal Paşa
ordudakı vəzifələrindən istefa verdiyini bildirir. Həmin
il dekabrın 27-də qoşunları ilə Ankaraya gəlib
çıxan Mustafa Kamal bu şəhəri yeni Türkiyə
dövlətçiliyi uğrunda mübarizənin mərkəzi
elan edir. Mustafa Kamal Paşa 1920-ci il aprelin 23-də Ankarada
Türkiyə Böyük Millət Məclisinin (TBMM)
çağırılmasına nail olur. Ölkədə
faktiki ikihakimiyyətlik - bir tərəfdə iflas etmiş
imperatorluq hakimiyyəti, digər tərəfdə isə
xalqın iradəsini bir yerə toplayaraq vətənin
xilası uğrunda savaşan hərbçilər, Mustafa Kamal
Paşanın komandanlığı altında təşəkkül
tapan ordu vardı. 1921-ci il avqustun 22-də başlanan və
sentyabrın 13-də qalibiyyətlə başa çatan
Sakarya savaşı Türkiyə ordusunun gücünü
nümayiş etdirir. Sakarya zəfərindən sonra TBMM Mustafa
Kamala "Qazi" adı və marşal hərbi rütbəsi
verir. Qurtuluş savaşının zirvə nöqtəsi isə
1922-ci ilin avqustundakı "Böyük Taarruz"
("Böyük Hücum") əməliyyatı olur.
Avqustun 26-da sübh tezdən türk qoşunları baş
komandan Qazi Mustafa Kamal Paşanın əmri ilə düşmən
üzərinə hücuma keçir. 30 avqustadək
Eskişehir və Afyonu nəzarətə götürən
türk qoşunları baş komandandan "Ordular, hədəfiniz
Aralıq dənizidir!" əmrini alır. 15 günün
içində türk ordusu 100 kilometr enində cəhbə
boyunca 500-600 kilometr irəliləmiş, 150 minlik yunan ordusu
darmadığın edilmişdi.
30 avqust zəfəri
Türkiyənin tarixində və Mustafa Kamalın həyatında
yeni bir şərəfli səhifə açır. Türk
xalqı yenilməzliyini sübut etmiş, yeni Türkiyə
dövlətinin, Cümhuriyyətin ilk təməl
daşı qoyulmuşdu. Bir il sonra, 1923-cü ildə Mustafa
Kamal Paşa sərhədləri bütöv, müstəqil
Türkiyə Cümhuriyyətini elan edir. Artıq onun tarixə
Atatürk kimi düşməyə tam haqqı vardı.
Atatürk
və “19 May kodu”
Türkiyə
Cümhuriyyətinin ilk məhək daşının
atıldığı 1919-cu ildə Mustafa Kamal 38
yaşında idi. Böyük öndər ömrünün
19 ilini XIX əsrdə, 19 ilini XX əsrdə
yaşamışdı. İrəlidə ona biçilən
ömür payının daha 19 ili vardı. Ümumiyyətlə,
Mustafa Kamal Paşanın ömür yoluna nəzər salanda
19 rəqəmini diqqətdən qaçırmaq mümkün
deyil. ABŞ-ın Portland Universitetinin professoru Əziz İnan
Atatürkün həyatındakı tarix və rəqəmləri
əsas götürərək, “19 May kodu”nu ortaya
çıxarıb. İnan 19 May 2011-ci ilin Atatürkün
130-cu doğum günü olduğunu xatırladaraq, bu “kodu” da
Atatürkə hədiyyə etdiyini bildirib. O, Atatürkün
rəsmi ad günü qəbul edilən 19 May 1881, son doğum
günü 19 May 1938 və ölüm günü olan 10 noyabr
1938 tarixlərinin hamısının cümə
axşamına düşməsinə diqqət yetirib. Bundan əlavə,
Mustafa Kamal Atatürkün adı da 19 hərfdən ibarətdir.
O, 19-cu əsrin bitməsinə 19 il qalmış dünyaya gəlib.
19 May 1919-da Samsuna ayaq basaraq, “Qurtuluş Savaşı”nı
başladıb. 1881, 1919 və 1938-ci illərin hamısı 19
rəqəmi ilə bağlıdır. Yəni, 1881 = 19 x 99,
1919 = 19 x 101 və 1938 = 19 x 102. Bundan başqa, Atatürkün
anadan olmasının 130-cu ildönümü 19.05.2011 tarixinə
təsadüf edir. Bu rəqəmlərin də cəmi
(1+9+0+5+2+0+1+1) 19 edir. Həmçinin 2011-in tərsi olan 1102 də
19-a bölünür.
Mustafa
Kamalın şəxsi həyatı ilə bağlı da bir
neçə maraqlı faktları qeyd etmək yerin düşər:
Mustafa Kamal Atatürkün çox fərqli zövqü və
süfrə mədəniyyəti olub. Səhər yeməyini
sevməyən Atatürk axşam yeməyi üçün
yuxudan gec oyanardı. Türk qəhvəsi və siqareti
normadan artıq istifadə edər, axşam yeməyi zamanı
süfrəsində 10 nəfərdən az qonaq
olmasını sevməzdi. O inanırdı ki, insanları
tanımağın ən yaxşı yolu onlar ilə bir
süfrəyə əyləşməkdir. Buna görə də
sınamaq istədiyi bir şəxsi süfrədə
qarşısında, tərifləmək istədiyi şəxsi
isə yanında əyləşdirərdi.
Atatürkün
təmizlik və simmetriya ilə bağlı sərt
qaydaları mövcud idi. Dolmabaxça sarayında tez-tez tarixi
portretləri, evində, qonaq getdiyi yerlərdə belə əyri
duran əşyaları düzəldirdi. Onun bu
davranışı ömrünün sonuna qədər davam edib.
O, qonaq gələn əcnəbi dövlət
başçıları, rəsmilər və onların
ölkələri, mədəniyyətləri haqqında
öncədən məlumat toplayarmış. Qeyd olunur ki, əfqan
kralının Türkiyə səfəri öncəsində
Atatürk bir ay Əfqanıstanın tarixi, coğrafi
mövqeyi, mədəniyyəti haqqında xüsusi dərs
alıb. Həmçinin 1937-ci ildə ziyafət zamanı
Türkiyədı səfərdə olan Yaponiya vəliəhdi
Takamatsunu yapon mifologiyası və ədəbiyyatı
haqqında söhbəti ilə çox heyrətləndirib.
İngiltərə
kralı Eduardın Türkiyə səfəri zamanı
Atatürkün onun şərəfinə verdiyi ziyafətdə
bütün xidmətçilər türklərdən ibarət
olub. Ziyafət əsnasında servis göstərən türk
ofisiant müvazinətini itirərək yıxılır.
Atatürk üzünü krala tutaraq, “Mən xalqıma hər
şeyi öyrətdim, ancaq başqalarına xidmət etməyi
öyrədə bilmədim” - deyir. Atatürk ilə
bağlı bilinməyən bir məlumat da onun öz əli
ilə yazdığı “Həndəsə” kitabının bu
gün də Türkiyə məktəblərində tədris
edilməsidir. 44 səhifədən ibarət olan bu kitabda elmi
terminlər sadələşdirilib, tədrisin türk dilində
aparılması vurğulanıb.
Atatürkün
heyvanlara qarşı xüsusi sevgisi olub. Yalovaya getdiyi bir
gün qəssabdan 50 lirəyə aldığı və
sonradan Foks adlandırdığı itini çox sevərmiş.
Foks öldükdə Atatürkdən xəbərsiz onun dərisi
soyularaq maket formasında hazırlanaraq Atatürkə təqdim
edilib. Atatürk balaca dostunu bu halda görə bilməyəcəyini
bildirərək basdırılmasını istəyib. Lakin
onun bu arzusu yerinə yetirilməmiş və bu gün də
İstiqlaliyyət muzeyində sərgilənir.
Qeyd edək
ki, Mustafa Kamal Ataürk 10 noyabr 1938-ci ildə İstanbulda,
Dolmabaxça sarayında vəfat edib. Məzarı Ankarada,
Anıtqəbirdə yerləşir.
Sevinc
Azadi
İki
sahil.- 2025.- 17 may, ¹84.- S.6.