Xalq Cümhuriyyətinin irsi müasir dövlətçiliyimizin
bünövrəsidir
Biz müstəqilliyi
yalnız bərpa etməmişik, onu möhkəmləndirmişik və
əbədiləşdirmişik
Tarixdə bəzi
günlər vardır
ki, onlar millətlərin taleyində
dönüş nöqtəsinə
çevrilir. 1918-ci ilin
28 mat tarixi Azərbaycan xalqı üçün belə bir gündür. Həmin gün əsrlər boyu arzulanan müstəqillik reallaşdı, Azərbaycan
Xalq Cümhuriyyəti
(AXC) yaradıldı. Bu,
yalnız xalqımızın
deyil, bütün Şərqin və müsəlman aləminin ilk dünyəvi, demokratik və hüquqi parlament respublikası kimi tarixə düşdü.
AXC-nin qurulması ilə qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın
öz müqəddəratını
təyin etməyə
qadir olduğunu nümayiş etdirdi. Bu sənəd insan hüquqları, xalq hakimiyyəti və bərabərlik prinsipləri ilə Cümhuriyyəti dövrünün
qabaqcıl dövlətləri
sırasına çıxardı.
Cəmi 23 ay fəaliyyət göstərməsinə
baxmayaraq, AXC Azərbaycanın
siyasi-hüquqi tarixində
silinməz iz qoydu. Milli parlament
və hökumət quruldu, dövlət atributları qəbul edildi, ordu yaradıldı,
təhsil və mədəniyyət sahəsində
islahatlara başlanıldı,
xarici əlaqələr
quruldu və beynəlxalq tanınma istiqamətində mühüm
addımlar atıldı.
Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından
azad etməsi xalqın öz torpaqlarını müdafiə
etmək iradəsini nümayiş etdirdi. Qəbul edilən qanunvericilik aktları isə ölkənin hüquqi, sosial və iqtisadi inkişafı üçün
möhkəm təməl
formalaşdırdı.
Cümhuriyyətin ən
mühüm hədəflərindən
biri də beynəlxalq aləmdə tanınmaq və diplomatik əlaqələr
qurmaq idi. Birinci Dünya müharibəsinin nəticəsi
olaraq formalaşan yeni beynəlxalq düzəndə Azərbaycanın
yeri və rolu müəyyən edilməli idi. Bu məqsədlə Azərbaycan hökuməti
Avropanın bir sıra ölkələrinə
rəsmi məktublar göndərdi və Paris Sülh Konfransında ölkəmizin müstəqilliyinin
tanınmasına çalışdı.
Bu istiqamətdə atılan addımlar nəticəsində Azərbaycan
Xalq Cümhuriyyəti
de-fakto şəkildə
tanındı və beynəlxalq hüququn subyekti statusunu qazandı. Bu tanınma sonradan baş verən bolşevik işğalından
sonra belə Azərbaycanın müstəqil
dövlət kimi tamamilə yoxa çıxmasının qarşısını
aldı və gələcək nəsillərə
müstəqillik ideyasını
miras qoydu.
Cümhuriyyət həm
maarif, həm ədalət gətirdi
Azərbaycan Xalq
Cümhuriyyəti, tarixə
yalnız ilk demokratik, hüquqi və dünyəvi Şərq respublikası kimi deyil, həm
də milli dirçəliş və
dövlət quruculuğu
baxımından mühüm
bir mərhələ kimi daxil olub.
Bu dövrdə əldə edilən nailiyyətlər, xüsusilə
təhsil, mədəniyyət
və ədliyyə sahəsində atılan addımlar Cümhuriyyətin
maarifçi və hüquqi mahiyyətini aydın şəkildə
göstərir. 1918-ci ilin
avqustunda qəbul olunan “Xalq maarifinin,
məktəblərin milliləşdirilməsi
haqqında” qərar milli kimliyin möhkəmləndirilməsi və
təhsil sahəsində
dönüş nöqtəsi
oldu. Bu qərarla Azərbaycanda təhsilin ana dilində aparılması
təmin edildi. O vaxta qədər təhsilin böyük hissəsi rus və fars dillərində
həyata keçirilirdi
və bu vəziyyət xalqın öz mədəni irsinə yiyələnməsini
ciddi şəkildə
məhdudlaşdırırdı. Ana dilində təhsilin tətbiqi isə milli şüurun formalaşmasına,
milli mədəniyyətin
inkişafına və
maarifləndirmənin geniş
kütlələrə çatdırılmasına
xidmət edirdi.
Təhsil sahəsində
atılan ən mühüm addımlardan biri də 1919-cu ilin sentyabrında Bakı şəhərində
universitetin açılması
haqqında qanunun qəbul edilməsi oldu. Bu qərar
Cümhuriyyətin gələcək
milli və peşəkar kadr potensialının formalaşdırılması
istiqamətində strateji
əhəmiyyət daşıyırdı.
Bakı Dövlət Universitetinin təsis edilməsi və onun üçün Nizamnamənin hazırlanaraq
təsdiq olunması milli dövlətçiliyin
intellektual dayaqlarını
formalaşdırmaq məqsədinə
xidmət edirdi. Universitetin yaradılması
ilə yanaşı, orta və ali
ixtisas məktəblərinin,
həmçinin müxtəlif
mədəniyyət və
elmi ocaqların açılması üçün
də ciddi hazırlıqlar aparıldı.
Bu addımlar bir daha göstərdi
ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız müstəqil siyasi qurum deyil,
həm də mədəni və elmi tərəqqiyə yol açan maarifçi bir dövlət idi.
Ədliyyə sisteminin
qurulması və hüquqi islahatlar da Cümhuriyyətin ən mühüm fəaliyyət sahələrindən
biri olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gün
– 1918-ci il mayın
28-də Ədliyyə Nazirliyinin
də əsası qoyuldu. Bu fakt
Cümhuriyyət rəhbərlərinin
hüquqi dövlət
modelinə sadiqliyini və ədalət prinsipini dövlət idarəçiliyinin əsası
kimi qəbul etdiklərini təsdiqləyir.
Həmin dövrdə
ədliyyə orqanlarının
və məhkəmə
sisteminin fəaliyyətini
tənzimləyən mühüm
hüquqi sənədlər
qəbul olundu. Xüsusilə 1918-ci il noyabrın 14-də Azərbaycan
Məhkəmə Palatasının
Əsasnaməsi və
noyabrın 22-də Ədliyyə
Nazirliyinin Əsasnaməsinin
təsdiqlənməsi bu
sahədə strukturlaşmış
və müasir hüquqi mexanizmlərə
uyğun idarəçiliyin
əsasını qoydu.
Müstəqilliyin keşiyində:
Ulu Öndərin xilaskarlıq yolu
Müstəqilliyi qorumaq,
saxlamaq o müstəqilliyi
əldə etməkdən
qat-qat çətin bir vəzifə idi. Bu dərin
mənalı sözlər
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin
əsas mahiyyətini əks etdirir. Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqilliyə
nail oldu. İkinci dəfə bu tarixi fürsət
1991-ci ildə gerçəkləşdi.
Lakin müstəqilliyin
əldə olunması
qədər, onu qoruyub inkişaf etdirmək də olduqca çətin və məsuliyyətli bir missiya idi.
Bu missiyanı isə yalnız güclü liderlik, siyasi iradə və xalqa sədaqət
hissi ilə həyata keçirmək mümkün idi. Məhz Ulu Öndər
Heydər Əliyev bu tarixi rolu
üzərinə götürərək
Azərbaycanın dövlət
müstəqilliyini möhkəmləndirdi
və gələcək
inkişafın əsasını
qoydu.
1991-ci il oktyabrın
18-də qəbul edilən
“Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında” Konstitusiya
Aktı Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və ideoloji irsinə əsaslanaraq müasir dövlətimizin onun varisi olduğunu təsbit etdi. Lakin kağız üzərində elan olunmuş müstəqillik
reallıqda ciddi təhlükələrlə qarşı-qarşıya
idi. Daxili siyasi qarşıdurmalar, iqtisadi böhran, Ermənistanın hərbi
təcavüzü və
separatçı meyllər
ölkəni parçalanma
həddinə gətirib
çıxarmışdı.
Belə bir şəraitdə xalqın
çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə
sabitliyi təmin etdi, hüquqi islahatlara start verdi, ordu quruculuğunu
gücləndirdi və
Azərbaycanın beynəlxalq
müstəvidə tanınmasını
təmin etdi. Ulu Öndər, dövlətçiliyin yalnız
qoruyucusu deyil, həm də gələcəyə aparan
yolun memarı oldu. 1993-cü il oktyabr ayının 3-də
xalqın dəstəyi
ilə Prezident seçilən Ulu Öndər müstəqilliyin
formal deyil, real və dayanıqlı
mahiyyət qazanması
üçün vacib
addımlar atdı.
Heydər Əliyevin
rəhbərliyi ilə
Azərbaycan öz geosiyasi mövqeyindən səmərəli istifadə
edərək beynəlxalq
enerji və nəqliyyat layihələrinə
qoşuldu, regionun lider dövlətlərindən
birinə çevrildi.
Milli dövlətçiliyin
əsas sütunları
möhkəmləndirildi, azərbaycançılıq
ideologiyası dövlət
siyasətinin əsas istiqamətinə çevrildi,
milli-mənəvi dəyərlərə
və tarixə bağlılıq ön plana çəkildi.
Ulu Öndərin
təşəbbüsü ilə atılmış ən rəmzi addımlardan biri də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının
bərpası oldu.
1990-cı il noyabrın
17-də Naxçıvan Ali
Məclisinin sessiyasında
bu bayraq muxtar respublikanın rəsmi simvolu kimi qəbul edildi. Bu, sovet
rejiminin hələ mövcud olduğu bir vaxtda verilmiş
cəsarətli və
tarixi qərar idi. Həmin qərar Azərbaycanın
müstəqilliyə aparan
yolunun ideoloji əsasını qoydu və milli dirçəlişin
rəmzinə çevrildi.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə üçrəngli
bayrağın Zəfər
yürüşü
Azərbaycan Respublikasının
üçrəngli bayrağının
bu gün işğaldan azad olunmuş torpaqlarımızda
dalğalanması yalnız
ərazi bütövlüyümüzün
deyil, həm də tarixi ədalətin bərpasının
rəmzidir. Bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olmaqla yanaşı, Prezident İlham Əliyevin gələcək nəsillərə
miras qoyduğu mühüm dövlətçilik
əmanətidir. Tarixi
irsə sədaqət
və dövlətçilik
ənənələrinin qorunması
müasir Azərbaycanın
inkişaf strategiyasının
əsasını təşkil
edir. Bu siyasətin təcəssümü
kimi 2007-ci ildə Bakıda İstiqlal Bəyannaməsi abidəsinin
açılması, Cümhuriyyətin
90 və 100 illik yubileylərinin qeyd olunması, eləcə də 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi göstərilə bilər.
Həmin il təsis olunan “Cümhuriyyətin 100 illiyi”
medalı da tarixi yaddaşın yaşadılması baxımından
simvolik əhəmiyyət
daşıyır. 2021-ci ildə
qəbul edilən “Müstəqillik günü
haqqında” Qanunla 28 May – Müstəqillik Günü, 18 Oktyabr – Müstəqilliyin Bərpası
Günü kimi təsbit olunaraq dövlətçilik tariximiz
hüquqi sistemdə öz əksini tapdı və Cümhuriyyətin hüquqi
varisliyi bir daha rəsmiləşdirildi.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasətin
mərkəzində dövlət
müstəqilliyinin qorunması
və milli maraqların təmin olunması dayanır. Bu siyasətin kulminasiya nöqtəsi
2020-ci ildə Müzəffər
Ali Baş Komandanın rəhbərliyi
ilə əldə olunan Qarabağ Zəfəri oldu. İşğaldan azad edilmiş ərazilərdə
üçrəngli bayrağımızın
yenidən ucaldılması
həm hərbi-siyasi uğurun, həm də milli iradənin
təntənəsidir.
Bu gün Azərbaycan dünyada suverenliyini qoruyan, ərazi bütövlüyünü
təmin edən və müstəqilliyini əbədi edən güclü bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz müstəqilliyi yalnız
bərpa etməmişik,
onu möhkəmləndirmişik
və əbədi etmişik”.
Nigar Orucova
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.8.