İslamofobiya
müasir cəmiyyətlərin
ədalət prinsiplərinə
sadiq qalmaq imtahanıdır
Daim islamofobiya
ilə mübarizə
aparan Azərbaycanın
bu istiqamətdə prinsipial, ardıcıl və öncül mövqe sərgiləməsi
hər zaman yüksək qiymətləndirilir
“İslam qorxusu”
mənasını verən
islamofobiya dedikdə həm də bu qorxudan doğan
və bütün müsəlmanlara qarşı
olan nifrət hissi nəzərdə tutulur. Belə demək mümkünsə,
islamafobiya əsassız
mühakimə içində
çırpınan insanların,
aciz qalmış qaragüruhların ortaya atdığı bir düşüncə formasıdır.
İslamofobiya, əsasən
Qərb ölkələrində
yayılmış bir
ideologiyadır. Bu gün də Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti
öz canlarının
daim təhlükə
altında olduqlarını
qeyd edirlər. Təbii ki, bunda Qərb dünyasında nəşr
edilən qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də internet vasitəsilə yayımlanan bir çox məlumatların
və saytların rolu danılmazdır. Kütləvi informasiya vasitələri ilə yanaşı, bir sıra təəssübkeş
və tolerantlıqdan
kənar siyasət adamlarının, politoloqların
və ictimai xadimlərin İslamın
və müsəlmanların
əleyhinə edilən
çıxışları da gözardı edilməməlidir. Bütün
bu baş verən neqativ halların fonunda müsəlmanların cəmiyyətdən
xaric edilməsinə və onlara qarşı baş qaldıran nifrət hissinə nəyin səbəb olması gün işığı
kimi aşkara çıxmaqdadır.
Prezident İlham
Əliyev Bakıda
40-a yaxın ölkədən
alimlərin, beynəlxalq
təşkilatların ekspertlərin,
din xadimlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin
iştirakı ilə
“İslamofobiya: Qərəzin
ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda
keçirilən beynəlxalq
konfransın iştirakçılarına
müraciətində bildirilib
ki, islamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında
və müsəlmanların
mənfi obrazının
yaradılmasında dağıdıcı
rolu olan bəzi media orqanlarının fəaliyyətidir:
“Bu media qurumları məqsədyönlü
şəkildə ekstremizm,
terrorizm və bu kimi anlayışları
İslamla eyniləşdirərək
dinimizə qarşı
qərəzli təsəvvür
yaradır, dinimizi təhlükə mənbəyi
kimi aşılayır
və ona terror damğası vurmağa çalışırlar.
Ölkənin ictimai-siyasi
və sosial-iqtisadi həyatında mövcud problemləri İslam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq
və qorxu hisslərini alovlandırırlar”.
Azərbaycan müxtəlif
mədəniyyətlər arasında
ahəngdar münasibətləri
dəstəkləyir, qarşılıqlı
anlaşmaya nail olunması naminə sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində davamlı olaraq bir çox qlobal təşəbbüslər
irəli sürür.
Multikulturalizmdən imtina
etmək yaxşı heç nə vəd etmir. Çünki bu, anlaşılmazlığa, fobiyaya,
qarşıqoymaya və
qarşıdurmaya, milli
və dini münaqişələrə aparıb
çıxaran yoldur.
Müasir multimədəni
cəmiyyətlər düşünülmüş
multikulturalizm siyasəti
olmadan sabit inkişaf edə bilməzlər. Bu gün islamofobiyanın öz mütləq həllini tapmasından ötrü ilk növbədə Qərb ölkələrinin liderləri
sözlərinin üstündə
durmalı, öz ölkələrində multikultural
mühitin formalaşdırılmasından
ötrü müəyyən
işlərə başlamalıdırlar.
Bu məsələdə
Azərbaycanın illərdir
öz sabitliyini qoruyub saxlayan multikulturalizm siyasəti də hər bir dövlət üçün nümunə
təşkil etməkdədir.
Ölkəmizin başçısının
bildirdiyi kimi, təəssüf ki, bu gün islamofobiya
kimi ümumbəşəri
bəlaya və təhlükəyə qarşı
nəinki mübarizə
aparılmır, hətta
bir sıra ölkələrdə onun
yayılması təşviq
edilir: “İslam dinini və müsəlmanları Qərb
kimliyinə və dəyərlərinə təhdid
kimi göstərərək
insanların hisslərini
və düşüncələrini
yönəltməyə çalışan
radikal cərəyanların
və ifrat sağçı partiyaların
pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə
daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək
anti-müsəlman əhvali-ruhiyyəsini
təlqin edirlər”.
Emerson Kollecinin Marketinq
və kommunikasiya fakültəsinin magistr proqramı direktoru Carol Ann Ferrara
beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Gənclərin inklüzivliyə
doğru çağırışı:
Qərəzə və
yanılmaya qarşı
mübarizə” mövzusunda
panel iclasda bildirib ki, hazırkı
Fransa hökumətinin
qəbul etdiyi bəzi qərarlar cəmiyyətin mühüm
hissəsi olan fransız müsəlmanlarının
həyatını çətinləşdirib.
“Respublika prinsipləri” adı
altında tətbiq olunan bu siyasət
nəticəsində müsəlman
məktəblərinə dövlət
dəstəyi dayandırılıb,
müsəlman təhsil
müəssisələri zəiflədilib
və bu da bərabərhüquqlu cəmiyyət anlayışı
üçün təhlükə
yaradıb. Onun sözlərinə görə,
bu kimi tədbirlər
siyasi məqsədlərə
xidmət edir, müxtəlifliyi zənginlik
yox, təhlükə
kimi təqdim edir. İslamofobiyanın açıq və sistemli formaları hələ də bir çox ölkələrdə hökm
sürür. Bu, sadəcə müsəlmanların
problemi deyil, müasir cəmiyyətlərin
ədalət prinsiplərinə
sadiq qalmaq imtahanıdır.
Azərbaycan daim
islamofobiya ilə üzləşən, bu gün də ondan əziyyət çəkən ölkələrdən
biridir. Torpaqlarımızın
otuz illik işğalı dövründə
xalqımıza qarşı
Xocalı soyqırımı
törədilmiş, etnik
təmizləmə aparılmış
və bunun nəticəsi olaraq bir milyondan artıq
soydaşımız qaçqın
və məcburi köçkün vəziyyətinə
salınıb. Ölkəmizin
başçısının bildrdiyi kimi, ərazilərimizdə milyona
yaxın mina basdırılıb, urbisid,
kultursid və ekosid cinayətləri törədilib. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və
islamofob mövqedən
çıxış edərək
Ermənistan tərəfindən
torpaqlarımızın işğalına
göz yummuş, münaqişənin əsl
mahiyyətini təhrif
etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar: “İşğal dövründə
bəşəri əhəmiyyətə
malik çoxəsrlik
tarixi-mədəni abidələrimiz,
o cümlədən İslam
dininə aid abidələr, ziyarətgahlar,
məscidlər, türbələr,
məzarlıqlar dağıdılmış,
təhqir edilmiş, yerlə-yeksan edilmişdir.
Bir sıra mədəni irs obyektləri qarət edilmiş, onların təyinatı dəyişdirilmiş,
mənsubiyyəti saxtalaşdırılmışdır.
Hazırda işğaldan
azad olunmuş torpaqlarımızda aparılan
genişmiqyaslı yenidənqurma
işləri çərçivəsində
dağıdılmış məscidlərimiz və dini abidələrimiz bərpa edilir, yeniləri inşa edilir”.
Azərbaycanın islamofobiyaya
qarşı mübarizədə
tutduğu öncül
mövqe daim beynəlxalq təşkilatlar
tərəfindən yüksək
qiymətləndirilir. Məsələn,
İslam Əməkdaşlıq
Təşkilatının Baş
katibinin siyasi məsələlər üzrə
köməkçisi Yusef
Məhəmməd Aldobeay
bildirib ki, Azərbaycan bu istiqamətdə daim prinsipial və ardıcıl mövqe sərgiləyir. O, qeyd edib ki, rəsmi
Bakının beynəlxalq
təşkilatlarla əməkdaşlıq
çərçivəsində apardığı işlər
islamofobiyaya qarşı
qlobal həmrəyliyin
formalaşmasına mühüm
töhfə verir. Xüsusilə,
dünya ictimaiyyətinin
diqqətini bu məsələyə yönəltmək,
ictimai rəy yaratmaq və dini ayrı-seçkiliyin fəsadlarını ifşa
etmək baxımından
görülən işlər
olduqca dəyərlidir;
“Bu, təkcə İslamofobiyaya qarşı
mübarizə deyil, eyni zamanda, dinlərarası
harmoniya və multikultural dəyərlərin
qorunması istiqamətində
atılan uğurlu addımlardır. Azərbaycanın
bu sahədəki rolu bir çox
ölkələrə nümunə
ola bilər”.
Zahid Rza
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.8.