Xaricdə təhsil
Gənclərimizin
qarşısında açılan yeni dünya
Öz Vətəni
ilə dünyanı bağlayan körpü
Reyhan
Hüseynova: Təhsil insanın özü ilə qurduğu ən
dəyərli gələcək müqaviləsidir
Müsahibimiz
Qərbi Kaspi Universitetinin dosenti, fəlsəfə doktoru,
“University Foundation Courses” Tədris Mərkəzinin direktoru,
“Minilliyin layihəsi” təşkilatının (The Millenium
Project) Azərbaycan bölməsi üzrə sədri, Azərbaycan
Gələcək Araşdırmalar Cəmiyyətinin təsisçisi,
“Tərəqqi” medallı Reyhan Hüseynovadır.
- Reyhan
xanım, sizcə, xaricdə təhsil niyə aktualdır?
- Bilirsiniz,
başqa bir ölkədə təhsil almaq təkcə diplom
qazanmaq deyil. Bir çox tələbələr
üçün bu, onların ilk dəfə ailədən
uzaqda tək yaşamaq təcrübəsidir. Burada tamamilə
yeni bir dünyaya - yeni mədəniyyətlərə, dillərə,
düşüncə tərzinə qədəm qoymaqdan
söhbət gedir. Gənclər üçün bu cür təcrübə
müstəqillik, özünə güvən və həyata
daha geniş bir baxış yaradır. Bu, onları
böyüməyə, uyğunlaşmağa və
dünyanı əvvəllər heç vaxt görmədikləri
şəkildə dərk etməyə sövq edir. Xaricdə
təhsil almaq təkcə fərqli təhsil deyil. Bu, tam bir həyat
tərzi dəyişikliyidir.
Xarici dilləri
uşaqlarınıza erkən yaşda öyrətməyə
başlamaq lazımdır
- Valideynlər
övladlarını xaricdə təhsil üçün
hansı yaşdan etibarən hazırlamağa
başlamalıdırlar?
- Xaricdə
təhsil almış iki qız anası olaraq deyə bilərəm
ki, övladlarımıza xaricdə təhsil vermək əslində
bütün ailənin birgə layihəsidir. Xarici dilləri
uşaqlarınıza erkən yaşda öyrətməyə
başlamaq lazımdır. Şagirdlər vaxtlarını idarə
etməyi, özlərinə qayğı göstərməyi
və qərar qəbul etməyi bilməlidirlər. Onlar mədəniyyətlər
arasında ünsiyyət qurmağı, yetkinliklə problemlərin
öhdəsindən gəlməyi və
tanımadığı təcrübələrə
açıq olmağı öyrənməlidirlər. Demək
olar ki, biz akademik hazırlıqla yanaşı, tədris ili ərzində
onlara bu bacarıqları təmin etməyə
çalışırıq. Mən deyərdim ki, bu asan bir məsələ
deyil. Tələbələr bizə nə qədər
yaxşı hazırlıqlı gəlirlərsə, bizim
işimiz o qədər uğurlu olur. Burada valideynlərin və
məktəblərin böyük rolu var. Tələbələri
mübadilə proqramlarında, mədəni seminarlarda
iştirak etməyə həvəsləndirmək, hətta
onlara sadə həyat bacarıqları, məsələn, yemək
bişirməyi, büdcə qurmağı və stressi idarə
etməyi öyrətmək lazımdır. Onlar nə qədər
hazırlıqlı olsalar, xaricdəki yeni həyatlarında
bir o qədər çox uğur qazana biləcəklər.
Qısaca, xaricdə təhsil sadəcə təcrübə
deyil, bir transformasiyadır.
Proqramı
uğurla başa vuran tələbələrə diplomlar
Böyük Britaniyadan gəlir və...
- Bir qədər
mərkəz haqqında məlumat verərdiniz...
- University
Foundation Courses (UFC) - Birləşmiş Krallıq tərəfindən
akkreditasiyadan keçmiş Beynəlxalq Foundation
Proqramını həyata keçirən Azərbaycandakı
ilk təhsil mərkəzidir. Mərkəzimiz 2014-cü ildən
fəaliyyət göstərir və bu il artıq 11-ci
ilimizdir. 11 il ərzində azərbaycanlı tələbələrə
xaricdə təhsil almaq üçün ən yaxşı
imkanları təqdim etdiyimizə görə qürur duyuruq.
Biz bir neçə dəfə “Xaricdə Təhsil”
nominasiyası üzrə
mükafatlandırılmışıq.
Hazırda mərkəzdə
3 Beynəlxalq Foundation proqramı var. 11 il əvvəl bu
proqramdan danışanda çoxları onun nə olduğunu
belə bilmirdilər. İlk Foundation proqramımız Beynəlxalq
Britaniya Foundation Proqramı oldu. Belə bir proqramın
olduğunu bilən Fransa səfirliyi bizə Fransa departamentinin
açılmasını da təklif etdi ki, biz elə həmin
il Fransa səfirliyinin sifarişi ilə fransız departamentini,
iki ildən sonra isə alman bölməsini açdıq. Bu
illər ərzində biz Böyük Britaniyanın müxtəlif
kollecləri tərəfindən akkreditasiyadan keçərək
Azərbaycanda onların rəsmi proqramlarını təklif
etmək imkanı əldə etmişik. Tələbələrimizə
12 illik hazırlıq proqramı — University Foundation Programme
(UFP) təqdim edirik. Ən son tərəfdaşımız isə
London College of Professional Studies (LCPS) olub və bu tədris
müəssisəsinin akkreditasiyasını da əldə
etmişik.
UFC təhsil
mərkəzinin məqsədi tələbələrə
yalnız xarici dilləri öyrətmək deyil, həm də
onları universitetlərə hazırlayan Beynəlxalq
Foundation Proqramı ilə təmin etməkdir. Beynəlxalq
Foundation Proqramı (IUFP) xarici ölkələrdə təhsil
almaq istəyən tələbələr üçün nəzərdə
tutulmuş təhsil proqramıdır. Tədris ili boyunca
şagirdlər yalnız dil biliklərini inkişaf etdirmir,
eyni zamanda gələcək ixtisaslarına uyğun fənləri
- psixologiya, hüquq, incəsənət, kompüter
texnologiyaları və s öyrənirlər.
Proqramı
uğurla başa vuran tələbələrə diplomlar
Böyük Britaniyadan gəlir və ayrı-ayrı
universitetlərin müraciəti və seçim prosesinə
uyğun olaraq bakalavr dərəcəsi proqramlarına
keçmək hüququ verilir.
Eyni zamanda, vurğulamaq istərdim ki, IUFP LCPS vasitəsilə
təklif olunan Böyük Britaniyanın Ofqual qurumu tərəfindən
tanınan diplomla dastəklənir.
Bizim mərkəz
tələbələrə unikal bir imkan təqdim edir
- Sizin əsas
üstünlüyünüz nədir?
- Bilirsiniz,
bir çox ölkələrdə universitetlərə qəbul
olunmaq üçün tələbələr ya IB
(International Baccalaureate), ya da A-Level proqramlarından birini bitirməlidirlər.
Əgər bu proqramlardan heç biri üzrə təhsil
almırlarsa və adi proqramla oxuyurlarsa, o zaman mütləq
Beynəlxalq Foundation Proqramını başa
vurmalıdırlar. Lakin bu proqramı başqa ölkədə
oxumaq çox baha başa gəlir, çünki yalnız təhsil
haqqı deyil, həm də yaşayış, yataqxana və
digər gündəlik xərclər əlavə olunur. Bundan əlavə,
bir il əlavə itirilir. Məhz bu səbəbdən bizim mərkəz
tələbələrə unikal bir imkan təqdim edir: onlar
başqa ölkəyə getmədən və ən əsası
əlavə bir il itirmədən, 11-ci siniflə paralel olaraq dərslərimizə
qoşula bilərlər. Bu proqram, tələbələri
xüsusi olaraq seçilmiş sahəyə (məsələn,
biznes, mühəndislik, hüquq və ya tibb) hazırlamaq
üçün nəzərdə tutulub, ona görə də
daha praktik və aktualdır. Tələbələr IB və
ya A-Level kimi geniş fənləri öyrənmək məcburiyyətində
deyillər, onlar yalnız ixtisasları üçün vacib
olan fənlərə diqqət yetirirlər. Tədris ilinin
sonunda isə Böyük Britaniya tərəfindən akkreditə
olunmuş Beynəlxalq Foundation diplomu əldə edərək
birbaşa universitetlərə qəbul imkanı qazanırlar.
Ən vacib
üstünlüyümüz odur ki, hər bir tələbəyə
fərdi yanaşırıq. Məsələn, tələbə
və valideyn bizə gələn ilk konsultasiyada tələbənin
akademik göstəricilərinə baxırıq və onu
düzgün dəyərləndiririk. Artıq bilirik ki, tələbə
ilə hansı sahələrdə işləyə bilərik,
hansı universitetlərə, ölkələrə müraciət
etməyimiz məqsədəuyğundur və dosyeni təkmilləşdirmək
üçün daha nələr edə bilərik. Biz
Fransız Foundation Proqramını açanda insanlar bilmirdi
ki, Fransada təhsil tamamilə pulsuz ola bilər. Bu mərkəzi
Fransanın səfirliyi ilə əməkdaşlıq edərək
açdıq və bu gün də tələbələrimiz
Fransada, hətta doktorantura səviyyəsində tamamilə
pulsuz təhsil alırlar. Fransız və Alman Foundation
proqramlarımızın digər üstünlüyü ondan
ibarətdir ki, biz tələbələrə gələcək
ixtisasları üzrə mövcud fənlər üzrə
ilkin bilikləri veririk: riyaziyyat, fizika, kimya, hüquq və s.
- Reyhan
xanım, oxucular üçün maraqlı olar: tam olaraq
hansı xidmətləri təqdim edirsiniz?
- Daha öncə
bildirdiyim kimi, bizdə xidmətlər çoxdur. Üç
Beynəlxalq Foundation Proqramı (Britaniya, Fransız və
Alman), xaricdə təhsil xidməti, aşbazlıq məktəblərinə
müraciət — bizim dəstəyimizlə yola çıxan tələbələrimiz
Fransanın ən nüfuzlu kulinariya məktəblərindən
Lycée d'Hôtellerie et de Tourisme Saint-Quentin-en-Yvelines-də və Lycée d'Hôtellerie
DİNARD-da təhsil alıb və sonra dünyanın ən
prestijli kulinariya məktəbləri olan L’Institut Lyfe-i (ex
Institut Paul Bocuse) və L'Ecole
Ducasse-ni bitirir və Fransanın ən yaxşı
restoranlarında peşəkar aşpaz kimi
çalışırlar. Həmçinin dil kursları
(İngilis, Fransız, Alman, İspan, İtalyan), beynəlxalq
imtahanlara hazırlıq, xarici universitetlərin daxili
imtahanına hazırlıq, müsahibə
hazırlıqları, Böyük Britaniya və ABŞ məktəblərinə
qəbul, pilotlar üçün ingilis dili və s.
Təcrübə
və fərdi yanaşma sayəsində istedadlı gənclərin
dünyanın aparıcı ali təhsil müəssisələrində
təhsil almaq imkanları artır
- Mərkəz
istedadlı gənclərə ölkə daxilində və
xaricdə təhsildə təqaüd proqramlarına müraciətlərinə
kömək edirmi?
- Mərkəzin
əsas fəaliyyət istiqamətlərindən biri tələbə
və gənc mütəxəssislərə akademik təqaüdlərə
müraciət prosesində dəstək göstərməkdir.
Mərkəz həm ölkədaxili təqaüdü, həm
də dünyanın aparıcı universitetləri və
dövlət qurumları tərəfindən təqdim olunan
beynəlxalq təqaüdlər üzrə sənədlərin
hazırlanmasında və müraciətlərin göndərilməsində
iştirak edir. Mütəxəssislərimiz gənclərə
uyğun proqramların seçimində, motivasiya məktublarının
hazırlanmasında, tələb olunan sənədlərin
toplanmasında və müraciətlərin vaxtında təqdim
olunmasında yaxından dəstək göstərirlər. Təcrübə
və fərdi yanaşma sayəsində Azərbaycanın
istedadlı gənclərinin dünyanın aparıcı ali təhsil
müəssisələrində təhsil almaq imkanları
artır.
Bizim tələbələr
ən keyfiyyətli universitetlərdə təhsil alırlar
- Bəs məzun
olan tələbələrin qəbul faizi nə qədərdir?
- Bunu tam əminliklə
deyə bilərəm ki, 100 faizdir. Bir daha bunu xüsusilə
vurğulamaq istəyirəm ki, bizim əsas
üstünlüyümüz fərdi yanaşmadır.
Bütün abituriyentlərimizə universitetlər yalnız fərdi
şəkildə təklif olunur, sadəcə
tanınmış adlara əsasən yox. Biz yalnız tələbənin
potensialına və ailəsinin büdcəsinə uyğun
variantları təklif edirik. Hər bir tələbənin
göstəricilərinə əsaslanaraq, ona uyğun
universitet seçimi edirik. Eyni zamanda, müraciət etdiyimiz
universitetlər o cür seçilir ki, tələbələr
ölkələrinə qayıtdıqda akkreditasiyada hər
hansı bir problem yaşamasınlar. Əsas məqsəd təkcə
qəbul olunmaq deyil, həm də keyfiyyətli və
düzgün təhsil verən universitetləri seçməkdir.
Buna görə də tam əminliklə deyə bilərəm
ki, bizim tələbələr ən keyfiyyətli universitetlərdə
təhsil alırlar.
- Son məzunlarınız
hansı universitetlərə qəbul olunublar?
- Deyə bilərəm
ki, təkcə keçən il 59 məzunumuz oldu: 45 bakalavr,
14 magistr. Hər biri müxtəlif ölkələrin ən
yaxşı universitetlərinə qəbul olunub. İngilis
Foundation Proqramı üzrə 3 tələbəmiz Qlazqo
Universitetinə, Birmingem Universitetinə, Aberdin Universitetinə
dövlət təqaüdü qazandı. Hər il maraqlı
uğur hekayələri olan məzunlarımız olur.
Keçən il onlardan biri Şəkidən gələn Nihad
Əliyev idi. Hazırda Strasburq Universitetində təhsil
alır. Birinci semestrini 160 tələbə arasında ilk
onluqda tamamlayıb. Həmçinin daha 3 tələbəmiz
Erasmus Universitetinə təqaüdlə qəbul olunub.
Aerokosmik mühəndislik sahəsində isə Cahan
Hüseynova adlı tələbəmiz Almaniyanın ən
yaxşı universitetlərindən biri TUM Universitetinə qəbul
olunub. Tələbələrimiz University of California, University
of Manchester, King’s College London, UCL, University of Geneva,
Université Paris Panthéon-Assas, Université Rennes,
University of Pavia, KU Leuven, University of Lugano, University of Europe for
Applied Sciences və digər universitetlərə qəbul olunublar.
Biz hətta
Avstraliyadan da magistratura səviyyəsi üzrə qəbul
almışıq
- Ən
çox hansı ölkələrə qəbul prosesi həyata
keçirilir?
- Tələbələrimizin
ən çox üstünlük verdikləri ölkələr
Böyük Britaniya, ABŞ, Kanada, Almaniya, Fransa, İtaliya,
İsveçrə, Belçika, Niderland, Avstriya, Polşa,
Çexiya, Latviya, Litva, Çindir. Biz hətta Avstraliyadan da
magistratura səviyyəsi üzrə qəbul
almışıq. Bu bizim üçün yeni təcrübə
idi və nəticə uğurlu oldu. Tələbələrimiz
demək olar ki, müxtəlif qitələrdə oxuyurlar. Biz
bəzən yeni qəbul olunan tələbələri əvvəlkilərlə
tanış edirik ki, bir-birinə kömək etsinlər. Orada
dostluq qururlar və faydalı məlumatlar paylaşırlar.
Artıq bir UFC ailəsi mövcuddur.
- Niyə xaricdə təhsil
almağı düşünənlər məhz sizin mərkəzi
seçir?
- Hər bir
tələbəmizə valideynləri qədər
qayğı ilə yanaşırıq. Hər il məzun gecələri
təşkil edirik, neçə tələbənin hansı
universitetlərə, hansı təqaüdlərlə qəbul
olduğunu nümayiş etdiririk. Tədbirlərimizdə
ölkənin ən nüfuzlu şəxsləri, diplomatlar və
təhsil sahəsində uğur qazananlar iştirak edirlər.
Ən güclü reklamımız məzunlarımızdır.
Valideynlər, məktəb direktorları, hər kəs öz
potensial tələbələrini bizə yönləndirir. Bu,
bizə olan etimadın sübutudur. Bunu illərlə, əməklə
və keyfiyyətli xidmətlə qazanmışıq.
Orxan
Vahidoğlu
İki
sahil.- 2025.- 28 may (№ 91).- S.12.