Qarabağ və
Şərqi Zəngəzur
doğma sakinlərinə
qucaq açır
Xocalı rayonunun Təzəbinə və
Ballıca, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi
və Sos kəndlərinə növbəti köç prosesi
gerçəkləşib
Bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi üçün böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə etdikləri hər səfər xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır.
Erməni vandalizminin qurbanı olan tarixi və
dini abidələrimizin, məscidlərimizin bərpası
istiqamətində də işlər uğurla həyata
keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə
gəlməsində Heydər Əliyev Fondu yaxından
iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi
ilə Fondun reallaşdırdığı layihələrin əhatə
dairəsi olduqca genişdir.
İşğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək
5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Otuz ilə
yaxın işğal altında qalan Qarabağ və Şərqi
Zəngəzur bu gün özünün yeni inkişaf
dövrünü yaşayır. İşğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış
üzrə I Dövlət Proqramı uğurla icra olunur.
Prezident İlham Əliyevin oktyabrın 28-də Cəbrayıl
rayonuna səfəri zamanı rayonun Horovlu kəndinin sakinlərinə
mənzillərin açarlarını təqdim etməsi bunun
bariz nümunəsidir.
Hazırda Qarabağ və Şərqi Zəngəzur
nəhəng tikinti meydanına çevrilib. Yollara yeni asfalt
döşənir, məscidlərə yeni üzlüklər
çəkilir, körpülər salınır, hava
limanları tikilir. Bölgənin su resursları, münbit
torpaq şəraiti, iqlimi imkan verir ki, Azərbaycanın gələcəkdə
də ərzaq təhlükəsizliyi problemini həll etsin.
Qısa zamanda Azərbaycan dünyanın ən inkişaf
etmiş ölkələrindən birinə çevriləcək.
Bu məsələ dövlətin strateji hədəfinə
çevrilib və Böyük Qayıdış Proqramına
uyğun olaraq, məcburi köçkünlərin doğma
yurd-yuvalarına qayıtması üçün dövlət
bütün imkanlarını səfərbər edib.
Hazırda həmin ərazilərdə yeni yaşayış məntəqələrinin
salınması, infrastrukturun bərpası, yolların çəkilişi,
məktəb, xəstəxana tikintisi sürətlə davam
edir.
Oktyabrın 28-də Xocalı rayonunun Təzəbinə
və Ballıca kəndlərinə növbəti
köç prosesi həyata keçirilməsi bunun əyani təsdiqidir.
Bu mərhələdə hər iki kəndə ümumilikdə
123 nəfərdən ibarət 30 ailə qayıdıb.
Onlardan 72 nəfər (17 ailə) Təzəbinə kəndinə,
51 nəfər (13 ailə) isə Ballıca kəndinə
köçürülüb.
Sakinlərə mənzillərin
açarlarını təqdim edən Prezidentin Xankəndi
şəhərində, Ağdərə və Xocalı
rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi
Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin
tapşırıqları və imzaladığı sərəncamlar
əsasında Böyük Qayıdış Proqramı
ardıcıl və məqsədyönlü şəkildə
həyata keçirilir. Azad edilmiş ərazilərdə
aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində
Təzəbinə və Ballıca kəndlərində sakinlərin
rahat yaşayışı üçün bütün zəruri
şərait yaradılıb. Hər iki kənddə müasir
standartlara uyğun yaşayış evləri, məktəb,
sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri
və yeni yollar istifadəyə verilib. Qeyd edək ki, bu
köç mərhələsi daxil olmaqla Təzəbinə
kəndinə ümumilikdə 113 ailədən ibarət 501 nəfər,
Ballıca kəndinə isə 228 ailədən ibarət 1016
nəfər köçürülüb.Xocalı rayonunun digər
kəndlərinə də mərhələli şəkildə
köç prosesi davam etdiriləcək.
Bundan başqa, oktyabrın 28-də “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət
Proqramı”na əsasən, Xocavənd rayonunun
Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə
növbəti köç prosesi gerçəkləşib, səhər
saatlarında yola salınan ailələr doğma yurdlarına
qovuşub. Qırmızı Bazar qəsəbəsi 20 ailə
olmaqla 71 nəfərə, Sos kəndi isə 10 ailə olmaqla
42 nəfərə qucaq açıb. Azərbaycan dövləti
tərəfindən hər iki yaşayış məntəqəsində
sakinlərin məskunlaşması üçün lazımi
şərait yaradılıb. Yollar
abadlaşdırılıb, evlər və kommunikasiya xətləri
bərpa edilib. Bununla, hər iki yaşayış məntəqəsinə
artıq ikinci köç gerçəkləşib. Daha əvvəlki
köçdə Qırmızı Bazar qəsəbəsində
10 ailə olmaqla 39 nəfərin, Sos kəndində isə 10
ailə olmaqla 47 nəfərin məskunlaşması təmin
edilib.
Onu da qeyd edək ki, hazırda Qarabağ və
Şərqi Zəngəzurda oraya köçürülən
keçmiş məcburi köçkünlərlə
yanaşı, bu bölgədə aparılan layihələrin
icrasında çalışan, ayrı-ayrı dövlət
qurumlarının yerli bölmələrində xidməti vəzifələrini
yerinə yetirən, yenidən fəaliyyətə
başlamış səhiyyə, təhsil, mədəniyyət,
turizm, sənaye, energetika müəssisələrində
işləyən, həmçinin təhsil alan tələbələr
də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan
yaşayır.
Böyük fərəh hissi ilə deyə bilərik
ki, genişmiqyaslı layihələrin uğurla
reallaşdırılması sayəsində Qarabağa və
Şərqi Zəngəzura köçürülən
insanlar firavan həyat sürürlər. İşğaldan
azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi,
Qarabağa və Şərqi Zəngəzura Böyük
Qayıdış Proqramının uğurla
reallaşdırılması məhz Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan
dövlətinin gücünün və qüdrətinin əyani
göstəricisidir. Azərbaycan tarixi Zəfər
yürüşünü inamla davam etdirərək
işğaldan azad edilmiş ərazilərimizi cənnətə
çevirərək bir daha öz qüdrətini bütün
dünyaya nümayiş etdirəcək.
Zahid Rza
İki sahil.- 2025.- 1 noyabr, ¹199.- S.5.