MAHİRƏ HÜSEYNOVANIN ETİMOLOJİ
ARAŞDIRMALARINDA VƏTƏN
ZİRVƏSİ
Elmin də öz ruhu, öz nəfəsi,
öz Vətəni var. Hər bir
söz, hər bir fikir, hər
bir səs,
̶̶̶əgər onu
doğuran torpaq bu xalqın torpağıdırsa, Vətənin
səsinə çevrilir.
Professor Mahirə Hüseynovanın etimoloji araşdırmaları da məhz bu səsin
davamıdır - minilliklərin
yaddaşından süzülüb
gələn dilin köklərinə işıq
salan, hər hecada bir xalqın
nəfəsini duyan bir elmi məktəbdir.
Mahirə Hüseynova Azərbaycan dilçiliyində etimologiya sahəsindəki fəaliyyətini yalnız filoloji sahə kimi deyil, milli kimliyin və mənəvi yaddaşın elmi salnaməsi kimi formalaşdırıb. Onun “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili”, “Azərbaycan dilinin yemək və içmək adlarının tarixi-etimoloji lüğəti” kimi tədqiqatlarından aydın olur ki, hər bir söz bir canlı orqanizm kimidir: doğulur, yaşayır, dəyişir, lakin yaddaşdan silinmir. “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” əsərlərinə diqqət yetirsək, görərik ki, alimin elmi baxışında sözün tarixi təkcə linqvistik hadisə deyil, həm də mənəvi coğrafiyadır - haradan gəldiyimizi, kim olduğumuzu və hara getdiyimizi anladan bir xəritədir.
O, etimologiyanın quru terminologiyadan ibarət olmadığını, əksinə, sözlərin arxasında bir mədəniyyətin nəfəsi, bir xalqın düşüncə arxetipi dayandığını elmi faktlarla sübut edir. Hüseynovanın tədqiqatlarında semantik transformasiyalar, fonetik dəyişmələr, leksik təbəqələşmə və morfoloji paralellər sadəcə elmi terminlər kimi deyil, dil ruhunun poetik ritmi kimi səslənir.
Hər bir sözün kökündə bir tale gizlidir. Mahirə Hüseynova bu taleləri dilin
genetik yaddaşından oxuyur. “Dil canlı orqanizmdir” prinsipi
onun araşdırmalarında bədii bir duyğuya
çevrilir. O, sözləri yalnız analiz etmir, onları
dinləyir. Hər bir arxaik kök, hər bir qədim leksik
vahid onun elmi düşüncəsində sanki bir “xalqın səsi”nə, bir “Vətən əhvalına”
çevrilir. Görkəmli alim “XX əsrdə Dərələyəzdə
urbisid və etnosid aktları” əsərində millətçiliyin
qətlə yetirdiyi kəndlərimizin taleyindən bəhs edərkən
yalnız yurd yerlərimizə qarşı deyil, eyni zamanda həmin
yerlərdə xalqımızın özünəməxsus
şüurunun, milli kimliyinin, o cümlədən
toponimikasının məhvinə
çalışıldığını da elmi əsaslarla
gözlər önünə sərir.
Etimologiya
sahəsi Mahirə Hüseynovanın qələmində həm
tarix, həm poeziya, həm də vətənpərvərlik fəlsəfəsidir.
Bunu həm də silsilə şeirlər kitablarının
müəllifi olan şairə Mahirə
Nağıqızının poetikasında
açıq-aşkar görmək mümkündür. O, sözün kökünü
axtararkən əslində xalqın kökünü tapır.
Onun “sözün mənşəyi”ni araşdırmaqda məqsədi
sadəcə dil faktlarını üzə çıxarmaq
deyil, dil ruhunun Vətənlə vəhdətini göstərməkdir.
“Torpaq”, “yurd”, “ana”, “od”, “el”, “söz”, “namus” kimi arxaik köklər
onun tədqiqatlarında yalnız leksik vahid deyil, həm də
mənəvi simvollardır - xalqın özünüifadəsinin
kodlarıdır.
Professor
Hüseynova öz araşdırmalarında etimoloji paralellər
vasitəsilə türk dilləri ailəsinin ortaq
yaddaşını bərpa edir. Bu istiqamətdə onun
semantik təbəqələşmə, leksik invariantlıq,
arxaik kök modelləri, qədim türk morfem sistemi kimi
anlayışlara gətirdiyi yanaşmalar Azərbaycan
etimologiya məktəbinin nəzəri əsaslarını
möhkəmləndirib.
Bu elmi səviyyənin arxasında təkcə zəhmət yox, həm
də Vətən sevgisi dayanır. Mahirə Hüseynova
üçün Vətən yalnız coğrafi
anlayış deyil, dil müstəvisində yaşayan mənəvi
dəyərlər məkanıdır. Onun üçün Vətən
“torpaq” deyil, “söz”dür; xalqın nəfəsi,
danışığı, düşüncə tərzi və
mənəvi enerjisidir.
Mahirə
Hüseynovanın tədqiqatlarında
mənşə və məna birləşir,
səs və simvol bir olur, dil və tarix eyni cizgidə
görüşür. O, etimologiyanı tarixin poetik
oxunuşuna çevirir. Onun elmi dili bəzən sanki poeziya
dilinə çevrilir, hər termin arxasında bir duyğu, hər
fakt arxasında bir fikir var.
Professorun
yazılarında tez-tez
rast gəldiyimiz etimoloji enerji, semantik dərinlik,
dil arxetipi, genetik bağ kimi fəlsəfi nüanslar təsadüfi
deyil. Bu anlayışlar yalnız elmi nəticələr deyil,
həm də dil fəlsəfəsinin bədii
obrazlarıdır.
Mahirə
Hüseynovanın elmi
üslubu bir məktəbdir - Mahirə
Hüseynova məktəbi. Burada elmi düşüncə ilə
bədii təfəkkür qovuşur. O, dilin kökünü
öyrənməklə xalqın ruhunu oxuyur, sözün mənşəyini
izah etməklə Vətənin mənasını
açıqlayır.
Bu məktəbin əsas ideyası sadə, amma dərin bir həqiqətə
əsaslanır:
“Söz
varsa, Vətən var. Vətən varsa, dil yaşayır.”
Mahirə
Hüseynova dilin köklərindən Vətənə
körpü salan alimdir. Onun etimoloji tədqiqatları
yalnız filoloji nəticələr deyil, həm də mənəvi
bərpa prosesidir. O, sübut edir ki, xalqın ruhu sözün
içində, sözün ruhu isə Vətəndə
yaşayır.
Bu gün Azərbaycan dilçiliyində Mahirə Hüseynovanın
adı etimologiyanın təməl sütunlarından biri kimi
çəkilir. Onun elmi irsi bir tərəfdən sistemli
terminoloji düşüncə, digər tərəfdən isə
bədii duyumun elmdə təcəssümüdür. Bu sintez
onun tədqiqatlarını həm müasir, həm də əbədi
edir.
Sözün səsi Vətənin
səsidir. Mahirə Hüseynova bu səsi
eşidən, qoruyan, gələcəyə daşıyan elmi
və mənəvi bir körpüdür. Onun
araşdırmaları bir daha sübut edir ki, sözün
kökü Vətəndə, Vətənin kökü isə
sözdədir.
Leyla Səfərova,
filologiya
üzrə fəlsəfə doktoru,
ADPU Xarici Dillər
Mərkəzi
İki sahil.- 2025.- 4 noyabr, ¹200.- S.7.