Birinci Türkoloji
Qurultayın 100 iliyi:
Tarixin
işığında, gələcəyin yolunda
1926-cı ilin 26 fevral-6 mart tarixlərində
Bakı şəhərində keçirilmiş Birinci
Türkoloji Qurultay XX yüzillikdə türk
xalqlarının, o cümlədən, Azərbaycan
xalqının mədəni həyatında baş verən ən
əlamətdar hadisələrdən biri kimi tarixə həkk
olunub. Sözügedən bu unikal forumda türkologiyanın ən
aktual məsələləri geniş və sistemli müzakirə
obyektinə çevrilmiş, Türk dünyasının dili,
tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin
gələcəyi ilə bağlı vacib qərarlar qəbul
edilmiş, latın qrafikası əsasında vahid ümumtürk
əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində
saxlanılmışdır. Bütün bunları nəzərə
alan Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın
100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam
imzalayıb. Sərəncamda qeyd olunur ki, Birinci Türkoloji Qurultayın
vaxtilə irəli sürdüyü bir çox ideyalar
müasir şəraitdə uğurla gerçəkləşdirilir.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva
mövzu ilə bağlı “İki sahil”ə
açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin
“Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi
haqqında” Sərəncamı təkcə bir elmi hadisənin
xatırladılması deyil, həm də türk
dünyasının elmi-mədəni birliyinə, ortaq mənəvi
dəyərlərinə verilən yüksək qiymətin
ifadəsidir: “Bu sənəd Azərbaycanın tarixən
Türk dünyasının mərkəzlərindən biri
olduğunu bir daha təsdiqləyir və Bakının elmi-mədəni
paytaxt kimi rolunu yenidən aktuallaşdırır. 1926-cı
ilin fevral-mart aylarında Bakıda keçirilmiş Birinci
Türkoloji Qurultay XX əsrin əvvəllərində
türk xalqlarının elmi-mədəni tarixində
dönüş nöqtəsi olmuşdur. Qurultayda Azərbaycan,
Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan,
Krım, Qafqaz və Orta Asiyadan gəlmiş 130-dan artıq
alim, dilçi, tarixçi, etnoqraf və ədəbiyyatşünas
iştirak etmişdi. Onların məqsədi ortaq mədəni
və elmi müstəvini müəyyənləşdirmək,
türk xalqlarının tarixi yaddaşını qorumaq və
müasir inkişaf yollarını formalaşdırmaq idi.
Bakı o dövrdə təkcə siyasi yox, həm də
intellektual mərkəzə çevrilmişdi. Qurultayın
burada keçirilməsi təsadüfi deyildi, çünki Azərbaycan
ziyalılarının mütərəqqi düşüncəsi,
xalqın elmi-mədəni dinamizmi və coğrafi mövqeyi
Bakını türkoloji düşüncənin təbii məkanına
çevirmişdi. Qurultayda dil birliyi, əlifba islahatı,
etnoqrafiya, folklor, mədəni inteqrasiya və tədris məsələləri
müzakirə edilmiş, ərəb qrafikasından latın əlifbasına
keçidin vacibliyi vurğulanmışdı”.
Milli Məclisin deputatının fikrincə,
Birinci Türkoloji Qurultay türk xalqlarının bir-birinə
yaxınlaşmasında mühüm addım idi: “Qurultayda səslənən
fikirlər sonrakı onilliklərdə türkoloji elmin
inkişafına təkan vermiş, milli kimlik və dil
şüurunun formalaşmasında böyük rol
oynamışdır. Bu hadisə eyni zamanda Azərbaycanın
elmi məktəbinin və ziyalı potensialının
gücünü nümayiş etdirmişdi. Məhz Bakı
tribunasında türk xalqları arasında elmi-mədəni həmrəylik
ideyası doğuldu. Qurultay iştirakçılarının
bir çoxu sonradan repressiyalara məruz qalsa da, onların
qoyduğu irs milli yaddaşdan silinmədi – bu gün həmin
irs müstəqil Azərbaycanın elmi-mədəni siyasətinə
yeni nəfəs verir”.
Ü. Həmzəyeva, həmçinin
vurğuladı ki, ölkə başçısı İlham
Əliyevin imzaladığı Sərəncam tarixə və
elmi irsə dövlət səviyyəsində verilən qiymətin
təzahürüdür: “Bu sənəd həm elmi, həm də
ideoloji baxımdan iki mühüm istiqaməti əhatə
edir: tarixi yaddaşın qorunması və mədəni-elmi əməkdaşlığın
genişləndirilməsi. Azərbaycan xalqının Türk
dünyasının mərkəzi kimi formalaşmış
rolu yenidən vurğulanır, türk dövlətləri
arasında elm, təhsil və mədəniyyət sahəsində
inteqrasiyanın yeni mərhələyə yüksəldilməsi
istiqamətində çağırış edilir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan
təkcə iqtisadi və siyasi sahələrdə deyil, həm
də mədəni-elmi müstəvidə Türk
dünyasının birləşdirici qüvvəsinə
çevrilmişdir. Türk Dövlətləri Təşkilatı,
TÜRKSOY və Türk Akademiyası kimi qurumlarla fəal əməkdaşlıq
bu siyasətin davamıdır. Birinci Türkoloji Qurultayın
100 illiyinin qeyd olunması həmin istiqamətin məntiqi
davamı kimi mühüm mənəvi hadisədir”.
“Bu yubiley Türk dünyasının yeni mədəni-elmi
mərhələsinə keçidinin simvoludur. XXI əsrin
reallıqları – rəqəmsal mühit, elmi informasiya
mübadiləsi və ortaq təhsil proqramları –
türkoloji ideyaların praktiki reallaşmasına imkan
yaradır” sözləri ilə fikrini davam etdirən Milli Məclisin
deputatı bildirdi ki, Azərbaycan alimlərinin və gənc tədqiqatçılarının
bu prosesdə fəal iştirakı Türk
dünyasının elmi-mədəni potensialının vahid
istiqamətdə birləşməsi üçün əsas
təminatdır: “Bir əsr əvvəl Bakıda səslənmiş
“Elmi-mədəni birlik” ideyası bu gün Prezident İlham
Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin
ayrılmaz hissəsinə çevrilmişdir. Bu,
keçmişin təcrübəsini gələcəyin
inkişafına yönəldən strateji yanaşmadır.
Birinci Türkoloji Qurultay Azərbaycan
xalqının elmə, mədəniyyətə və birliyə
verdiyi dəyərin tarixi sübutudur. Bu hadisənin 100
illiyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanı
Türk dünyasının elmi-mədəni paytaxtı kimi
daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Sərəncamı
isə bu irsin sadəcə xatırladılması deyil, onu
müasir dövrün tələblərinə uyğun yenidən
dirçəltmək missiyasıdır. Bakı 1926-nın
çağırışı bu gün də aktualdır:
elm, mədəniyyət və mənəviyyatın birləşdiyi
yerdə Türk dünyasının gələcəyi
formalaşır”.
Qvami Məhəbbətoğlu
İki sahil.- 2025.- 5 noyabr, ¹201.- S.8.