Vizionu ənənələr əsasında inkişafda
olan Azərbaycan TeleRadiosu
6 Noyabr-
Azərbaycan Televiziyası və Radiosu Günüdür
1926-cı
il noyabrın 6-da Azərbaycan
Radiosu "Diqqət, danışır Bakı" sözləri
ilə yayımlanması ilə növbəti dəfə
regionda “ilk”ə imza atdı. Həmin tarix nəinki Azərbaycanda,
habelə Yaxın Şərqdə ilk radio yayımı
günü kimi mədəniyyət salnaməmizə
yazıldı. Sovet Azərbaycanının paytaxt küçə
və meydanlarında quraşdırılan reproduktorlardan
yayılan o səs ancaq ingilis fiziki Uilyam Kruksun 53 il əvvəl
elektromaqnit dalğalarından istifadə edərək yaratdığı
simsiz teleqraf rabitəsinin praktik təcrübələrinin
neft Bakısında tətbiqi hadisəsi deyildi.
Bu,
unudulmaz azərbaycanlı maarifpərvər, milli mətbuatımızın
banisi Həsən bəy Zərdabi ənənələrinin
audiovizual formatda təzahürü kimi tarixə çevriləcək.
Həmin hadisəni 30 il sonra - 1956-cı il fevralın 14-də
fəaliyyətə başlayan Azərbaycan Televiziyasına gedən
yolun başlanğıcı kimi də qəbul edənlər
var və fikrimizcə, bu qənaətdə olanlar
haqlıdırlar. Bunlardan əlavə, televiziya və radionun
jurnalistikamızda, həmçinin ictimai həyatımızda
başlıca informasiya təminatçısına
çevrilməklə maarifləndirici, əyləndirici
funksiyasında əsas ağırlığı öz üzərinə
götürdü, sosial və siyasi proseslərə təsir
göstərməkdə alternativsizliyini ortaya qoydu. Təsadüfi
deyil ki, kommunikativ və təşkilati funksiyada dialoq
platforması kimi çıxış edən bu tandem
vaxtaşırı televiziya və radio mütəxəssislərinin
nəzəri mülahizələrinin subyektinə
çevrilir. Gözlənilən faktorlar isə ona işarədir
ki, həmin tendensiya qarşısıalınmaz proses olaraq qalmaqda
davam edəcək.
Dəyərli
həmkarlarımızı peşə bayramı münaibəti
ilə təbrik edərək xatırlatmağı zəruri
sayırıq ki, hər bir prosesin korreksiyasını şərtləndirən
faktorlar zamanın diqtəsi ilə yazılır.
Əbədi
görünən faktorlar müasir
çağırışların bəzən kəsişdiyi,
bəzənsə paralel getdiyi günümüzdə televiziya
və internet məzmununun konvergensiyasında bu, aydın
görünür. Hər bir televiziyanın siması hesab edilən
aparıcılarının öz sosial media kanallarını
yaratmağa, bloqçuların televiziyada görünməyə
can atdığı məqamları telekanalların niyə
bloqçulara ehtiyacı olduğunu, onların məzmununun
televiziya məzmunundan necə fərqləndiyini,
proqramların hansı formatda təşkili barədə
debatların getdiyi vaxtlarda inkarolunmaz gerçəklik fakta
çevrilir: televiziya nəzəriyyəçilərinin
reallığa çevrilən gerçəklik
qarşısında “uduzduğu” mütləq kimi
görünür. Yaranan mənzərə televiziya və
internet auditoriyası arasındakı "antaqonizmin"-
televiziya tamaşaçılarının xətti yayım və
ənənəvi proqram formatlarına öyrəşmiş
yaşlı insanlarla məzmunu əsasən onlayn istehlak edilən,
özləri üçün əlverişli vaxtda izləmək
və yaradıcılarla qarşılıqlı əlaqədə
olmaq imkanındakı gənc tamaşaçıların
praktik situasiyanın tablosudur. Bu tabloda “klassiklərlə”
“sürrealistlər” arasında “axan yeraltı suların” hansısa
fəsadlar yaratmadan axması nikbinlik üçün əsaslar
verir. Televiziya kanalları ənənəvi televiziya məzmunu
istehlak modelinin dəyişdiyini və auditoriyanı cəlb
etmək üçün yeni formatları nəzərdən
keçirməli olduqlarını qəbul etməkdən
savayı, “yenilənmənin” qaçılmaz olduğunu etiraf
etməklə praktik addımlar atırlar.
Nəticədə
qloballaşmanın ən dərin təzahürü KİV
şəbəkələri kontekstində fərdlər və
bütövlükdə dünya, xalqlar və ölkələr
arasında sıx münasibətlərin
formalaşmasıdır. İnternet resurslarının sürətlə
həyatımıza daxil olmasına baxmayaraq, müasir
televiziya zəmanəmizin ən qabaqcıl kütləvi
informasiya-mədəniyyət vasitəsinə
çevrilmiş və bu istiqamətdə işini davam
etdirir. Müasir televiziya mediası hələ də zəngin,
çoxşaxəli və çoxölçülü
kompleksi olmaqla kütləvi kommunikasiya vasitəsi və dəyər
daşıyıcılarının ən mühüm
komponenti hesab olunur. O, nəinki bütün zamanların cəmiyyətlərlərində
ən etibarlı informasiya daşıyıcısı, həmçinin
sosial durumun barometri kimi qəbul edilir.
Bu
yazıda müasir mühitdə TV-nin nə dərəcədə
aktual olduğunu araşdırmamıza başlamazdan əvvəl
onu xatırladaq ki, sürətlə dəyişən media mənzərəsində
Azərbaycan telekanalları rəqəmsal mühitə
assimilyasiya olunur. Bu isə o deməkdir ki, yayım
proqramlarının xətti proqramlaşdırılması
“yaxın zamanlarda olduğu kimi”, bir o qədər də aktual
görünmür. O faktı isə hər bir televiziya
menenceri etiraf etməyə borcludur ki, informasiya
istehlakçısının maraq dairəsini nə qədər
öyrənə biliblər? Mübahisəsiz qəbul edilən
həqiqətlərdəndir ki, günümüzün statistik
internet istifadəçisi sutka ərzində
saysız-hesabsız videolara baxır.
İstehsalçıların təkcə YouTube portalında hər
dəqiqə 60 saat video yüklədiklərini və resursa
ayda 1 milyard nəfərdən artıq istifadəçinin -
planetin hər 7-8-ci sakininin daxil olduğunu nəzərə
alsaq, ancaq bir platformanın nümunəsində qlobal internet
bazarının gücünü görmək olar. Buna görədir
ki, milli televiziya kanallarımızın flaqmanı olan Azərbaycan
Televiziyası (AZTV) üçün yüksək keyfiyyətli
məhsul istehsalının aktuallığının şərtləndirən
başlıca istiqamətlər Televiziyanın istehsal və
yayım siyasətində aydın görünür. Bunun
üçündür ki, AZTV-nin proqramları diqqət və
anlayış tələb edən sosial-siyasi əhəmiyyətli
hadisələrin diqtəsi ilə formalaşır. Həmin məqsədə
çatmaq üçün televiziyanın texniki və
funksional təkamülünü izləməklə sosial
şəbəkələrdə televiziya mediasının
yaranmasına nəyin səbəb olduğunu və inkişaf
tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar
arasında oxşarlıq və əsas fərqləri müəyyənləşdirərək
nəticələri perspektiv fəaliyyətimizdə tətbiq
etmək, mövcud yerli və xarici analoji seqmentlərdə
monitorinqlərin aparılmasını metodiki olaraq həyata
keçirmək qaçılmazdır.
Məsələ
bundadır ki, tezlik üçün lisenziya əldə
olunması artıq izləyicinin diqqətini cəlb etməyə
zəmanət vermir. Üstəlik, bazara getdikcə daha
çox müasir kominikasiya oyunçusu daxil olmaqdadır.
Onlar klassik kanalların məzmununda dominantlığa nail olmaq
yolunu təşkil etdikləri masaüstü avadanlıqlar və
cihazlarda, gözlənilməyən sürətlə təkmilləşən
mobil telefonlarda görürlər. Bu isə yeni dalğanın
üstündə gələnlərə öz
iddialarını təsdiqləməklə bərabər,
tamaşaçı ovunun müxtəlif cəlbedici
metodlarını mənimsəmək üçün kifayət
edən mühüm psixoloji üstünlük yaradır. “Yeni
yollar axtarışında olanlar”
isə nəinki “kino” məzmununu qəbul etmirlər,
üstəlik, fon görüntüləri ilə işləməyi
öyrənməsələr də, tamaşaçı
üçün nə lazım olduğunu akademik formada əxz
ediblər. Telekanalların itkisi bununla kifayətlənmir və
“itirilənlərin” ikincisi, bizə elə gəlir ki, daha
vacibdir: televiziya kanallarında sanki “izləyici xəzanı”
başlayıb, üstəlik kreativ yanaşmalar ləngisə,
bu, daha uzunmüddətli nəticələrə gətirib
çıxaracaq.
Oxşar
mövzuda aktual olduğu qədər də intensiv səslənən
fikirlərin platformalarına ev sahibliyi edən ölkələrdən
biri də vətənimiz Azərbaycandır və iki il əvvəl
- 2023-cü il iyul ayının 22-də Şuşada Heydər
Əliyev İli çərçivəsində Azərbaycan
Milli Mətbuatının 148-ci ildönümünə həsr
edilən “IV Sənaye İnqilabı dövründə yeni
media” mövzusunda Şuşa Qlobal Forumu bu mövzu üzrə
ən məhsuldar tədbirlərdən biri kimi yadda qaldı.
Diqqətli oxucular yaxşı xatırlayırlar ki, 48 ölkədən
150-yə yaxın jurnalistin, həmçinin yerli və beynəlxalq
səviyyəli media təsisatı nümayəndələrinin
iştirak etdiyi Forumun açılış mərasimində
iştirak etməklə bərabər,
iştirakçıların suallarını cavablandıran Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələ
ətrafındakı suala nə qədər konseptual, ölkə
və dünya media qurucuları üçün yol xəritəsi
olacaq fikirlər səsləndirdi.
Sosial təfəkkürdə
televiziya istehsalının böyük əksəriyyətində
məzmunun aşağı səviyyədə olmasından
narahatlıq ifadə olunur, digərləri isə
televiziyanın sosial şəbəkə mediasından geri
qalma riski barədə fikirləşirlər. Nəticədə
neçə illərdir qaçılmaz yeniliklərlə “əbədi
funksionallıq qaynağı” olan klassiklər arasında
müasir televiziyanı inkişaf tendensiyaları ətrafındakı
“Nə etməli?” sualı aktual olaraq qalır. Həm kütləvi
kommunikasiya tədqiqatçıları, həm də
müasir televiziya kanallarında çalışan praktiklər
arasında mübahisə və müzakirələrə səbəb
olan bu sualın hər iki tərəfdən eşidilən
cavabları nə qədər arqumentli səslənsə də,
yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan uzaq
görünür.
Müasir
telekanalların proqramlaşdırılması prinsiplərinin
dəyişdirilməsi, dominantlıq yayım şəbəkəsinin
strukturlaşdırılmasında reytinq yanaşması siyasətində
media bazarına əsaslı təsir edən tendensiyaların
dəyişməsi qaçılmazdır. O dəyişilkliklərdən
yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik
effektini saxlayır və bunun bariz ifadəsinin necə baş
verdiyini 2026-cı ildə 70 və 100 yaşını qeyd etməyə
hazırlaşan Azərbaycan Televiziyasının və Azərbaycan
Radiosunun nümunəsində müşahidə edilir.
“Böyük
dövlət xadimlərinin fəaliyyət izi hər bir
xalqın həyatının bütün sahələrində
özünü göstərir”- deyimini xatırlatmaqla onu qeyd
etmək yerinə düşər ki, Ana Televiziyamızın
inkişafında yaddaqalan hadisələr Ümummilli Liderimiz
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci
dönəmə düşür. O vaxtkı Azərbaycanının
ictimai-siyasi və mədəni həyatında yeni texniki vasitə
olaraq daxil olan Azərbaycan Televiziyası təkcə Azərbaycan
xalqını keçmiş şərəfli tarixinin ən
parlaq səhifələrinin təbliği ilə məşğul
olmur, həm də milli- mənəvi dəyərlərimizin,
yetişən gəncliyin şüurunda özünə yuva
qurmasında başlıca missiyanı yerinə yetirirdi.
Azərbaycan
Televiziya və Radiosu keçdiyi yolda qazanılan zəngin təcrübəsi
ilə yaratdığı, milli dəyərlər, dövlətçilik
təfəkkürü əsasında yaradılmış məktəbə
çevrilib və bu gün də ölkənin televiziya məkanında
aparıcı rolunu saxlamaqdadır. İstər
özünün maddi-texniki bazasının zənginliyi, istərsə
də uzun illərdən bəri formalaşan ən
yaxşı ənənələr əsasında yetişən
peşəkar yaradıcı heyəti ilə AZTV rəngarəng
mövzuları, təqdimat formaları ilə seçilən,
teleməkanda öz auditoriyasını qazanan, gizlətmədiyi
iddiaları ilə inkişaf yolunda yeni addımlar atan, gündən-günə
mövqelərini möhkəmləndirməkdə olan quruma
çevrilməkdədir. Ölkəmizin Prezidenti cənab
İlham Əliyevin hamiliyi ilə “Azərbaycan Televiziya və
Radio Verilişləri” QSC-nin bazasında 2009-cu il fevral
ayının 1-də yaradılan “İdman”, 2011-ci il fevral
ayının 14-də təsis olunan “Mədəniyyət”
telekanallarının fəaliyyətinin, xüsusilə, son illərdə
Azərbaycan Televiziyasında aparılan islahatların nəticəsidir
ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda
və aktual mövzularda hazırlanan proqramlar nəinki
tamaşaçıların maraqla qarşıladıqları,
həmçinin etimad göstərdiyi verilişlərə
çevrilib. Bu sırada İctimai-siyasi proqramlar
Studiyasının hazırladığı, ölkəmizdə
və ölkəmizin hüdudlarından kənarda baş verən
aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu “Həftə”
ölkədə baş verən diqqətçəkən məsələlər
üzərində qurulan və aparıcıların qonaqlarla
birlikdə baş verən hadisəni canlı olaraq müzakirə
olunduğu “Hədəf” və digərləri ancaq informativ
deyil, həm də maarifçilik yükü olan
proqramlardandır. Hər gün 12 dəfə - 08:00, 09:00,
10:00, 12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00 (rus dilində),
19:00 (region), 20:00, 00:00, 02:00 (ingilis dilində) efirə
çıxan “AZTV XƏBƏR” proqramının ancaq ölkə
daxilində deyil, həmçinin ölkə xaricində də
stabil auditoriyası olması informasiyanın operativ və
peşəkarlıqla çatdırılması ilə izah
oluna bilər.
Bunlarla bərabər,
“Bu gün qazanılan istənilən uğurlarla kifayətlənmək
gələcək tənəzzülün
başlanğıcıdır”- deyimini yada salmaq lazım gəlir.
O amili də unutmamaq gərəkdir ki, az qala, bütün
televiziya proseslərinin internetləşdiyi indiki dövrdə
televiziya və internet texnologiyalarının bir çox sahələrdə
- həm televiziya məzmununun yaradılması sahəsində,
həm də tamaşaçıya
çatdırılmasında bir-birinə nüfuz etməsi
üçün xüsusi şərait yaradılır. Təkcə
televiziya tamaşasının yayım kanalı deyil, həm də
istehlakçının bu məzmunla münasibətinin
forması dəyişir. Əslində telekanalların yeni
yayım paradiqması formalaşır. İnternet yayımı
meydana çıxır, yəni televiziya məzmununun yeni
kommunikasiya prinsipləri əsasında internetdə onlayn
çatdırılması prosesinin
iştirakçısına çevrilirik. Azərbaycan
telekanallarının internet yayımının eksperimental mərhələdən
keçməklə çox vacib kütləvi informasiya vasitələri
seqmenti kimi meydana çıxması buna görədir ki, adi
qarşılanır. Eyni zamanda, hər bir telekanal internet
yayımının həyata keçirilməsinin xüsusi səbəblərini
görməklə yanaşı, onun inkişafı
üçün bir çox motivlər yaradır və bu
missiyanı Azərbaycan Televiziyası uğurla aparır.
Güman etmək lazımdır ki, yaxın gələcəkdə
genişzolaqlı internet texnologiyalarının inkişafı
qlobal şəbəkənin yayım keyfiyyəti ilə
alternativ kanallar arasındakı sərhədləri siləcək.
Bu, şübhəsiz ki, televiziya yayımının yeni
inkişaf səviyyəsinə gətirib çıxaracaq və
ona yeni perspektivlər verəcəkdir.
Media
diskursunun diqqətəlayiq mövzularından birinə
çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə
- sənaye hadisəsi kimi, təşkilati və idarəetmə
qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin
yeni xüsusiyyəti, yeni medianın yaranması
üçün ilkin şərt kimi nəzərdən
keçirilir. Bu zaman interaktivlik (media ilə istifadəçilər
arasında birbaşa əlaqə, müəllif-istehlakçı
ünsiyyət modelində rolun inversiyası), hipermətn məzmunu
(system tərəfindən birləşdirilən potensial sonsuz
mətnlər toplusundan ibarət mətn), multimedia və transsərhəd
(media redaksiyasının coğrafi yerindən asılı
olmayaraq məlumatların yayılması, məhdudiyyətsiz
potensial auditoriya) faktorları başlıca amil kimi diqqəti
cəlb edir. Onu isə təəssüflə
xatırladırıq ki, internet resurslarının
başlıca hərəkətverici qüvvəsi olaraq qəbul
edilən sosial şəbəkələrdə televiziya
yayımının spesifik xüsusiyyətləri hələ
də Azərbaycanda elmin tədqiqat obyektinə çevrilməyib.
Təkəm-seyrək bu istiqamətdəki yazılar ən
yaxşı halda mövcud faktların təhlili ilə kifayətlənir,
perspektiv inkişaf yollarının elmi əsasları nadir
hallarda qeyd edilir. Televiziya mediasının sosial şəbəkələrdə
aparıcı platformalara çevrilməsi üçün
praktiki tövsiyələrin hazırlanmasında teletənqidçilərimizin
və bu yöndəki elm adamlarımızın lokomotiv olaraq
rolu ya hiss olunmur, ya da qabarıq görünmür. Bu isə
informasiya üstünlüklərinin öyrənilməsinə
fəlsəfi yanaşmaların televiziya və sosial şəbəkələrdə
kortəbii yaranan tendensiyaların yer tutmasına gətirib
çıxarır.
Son olaraq
qeyd edək ki, nə cür olmasından asılı olmayaraq,
televiziyanın sosial şəbəkə seqmentlərində
yeri və aktuallığı günümüzün əsas
çağırışına çevrilib və bu amili
günümüzün əsas amili kimi qəbul etməmək
heç bir televiziya üçün yaxşı nəsə
vəd etmir. Buna görədir ki, AZTV üçün sosial
şəbəkələrdəki alqoritmin öyrənilməsi
taktiki deyil, strateji mahiyyət daşıyır. Bizim
üçün sosial şəbəkələrin siyasi,
iqtisadi, sosioloji, kulturoloji-ümumən, elmi təhlili ondan ibarətdir
ki, yaşadığımız informasiya reallığında
seytnot vəziyyəti ilə üzbəüz qalmayaq və
qeyd edək ki, bu, ən azı, gələcək fəaliyyətimiz
üçün növbəti addımlarımızı atmaq
üçün həyati əhəmiyyət
daşıyır. Ona görədir ki, hər bir televiziya üçün
sosial dünyanın inkişafı ilə bağlı vəziyyəti
düzgün qiymətləndirməmək, sosial şəbəkə
platformalarının müasir insanın həyatındakı
rolunu qəbul etməmək, sadəcə olaraq, mövcud olmaq
perspektivivini itirəcək qədər riskli
davranışdır və AZTV öz fəaliyyətini bu
gerçəkliyin diqtəsi əsasında qurur. Ana Televiziyada
yaranan tendensiyalar diqqətlə izlənilir və mütəxəssislər
əmindirlər ki, kanallar tamaşaçıların məzmunu
istehlak etmək üçün daha əlverişli olduğu
yerə sürükləyəcəklər. Gənclərin
“Youtube”a olan həvəs dalğası səngiməyəcək,
buna ümid bəsləməyin mənası yoxdur və
telekanalların ancaq internetlə birlikdə mövcudluğu
indinin və gələcəyin diqtəsidir. O diqtə isə
janr və stil prinipinin müəyyənləməsində
sözünü desə də, məqsədimiz epik məzmundur
- canlı, dinamik və bəzən ekzotik. Azərbaycan
Televiziya və Radiosu üçün abunəçilərin
sayı vacib parametrlərdəndir, lakin bu Ocaqda daha çox məzmunun
texniki keyfiyyəti, orijinallıq başlıca etalon
sayılır. Bir sözlə, auditoriyanı genişləndirmək,
məzmun strategiyamıza sadiq qalmaqla səmərəli paylama
modeli qurmağa nail olmaqla auditoriyamızın
sırasını artırmaqla ölkəmizin layiqli təqdimatı
kollektivimiz üçün prioritet istiqamətdir.
Elməddin
Quliyev,
“Azərbaycan
Televiziya və Radio
Verilişləri”
QSC-nin şöbə rəisi
İki
sahil.-
2025.- 6 noyabr, ą202.- S.6.