Keçmişlə bu gün
arasında canlı körpü
Azərbaycan mədəniyyətinin beşiyi,
paytaxt Bakının ən qədim hissəsi olan İçərişəhər əsrlərin sınağından
çıxmış canlı
bir tarix kitabıdır. Bu unikal məkan təkcə memarlıq baxımından deyil, həm də milli kimliyimizin və mədəni yaddaşımızın simvolu
kimi xüsusi əhəmiyyət daşıyır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
UNESCO-nun Ümumdünya
İrs Siyahısına
daxil edilmiş İçərişəhərin qorunması, bərpası
və müasir dövrün tələblərinə
uyğun şəkildə
inkişaf etdirilməsi
məqsədilə çoxşaxəli
fəaliyyət göstərir.
Burada aparılan bütün işlər elmi araşdırmalara, milli qanunvericiliyə və UNESCO-nun müəyyən etdiyi beynəlxalq standartlara əsaslanır.
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
İdarə Heyətinin
üzvü Aytac Əlisultanlı “İki sahil” qəzetinə müsahibəsində burada
görülən bərpa
və konservasiya işlərinin məqsədlərindən,
yeni arxeoloji tapıntılardan, qeyri-qanuni
tikintilərin qarşısının
alınmasından, sakinlərlə
mədəni irsin qorunması arasında balansın necə qorunmasından, həmçinin
“İçərişəhər” brendinin beynəlxalq səviyyədə tanıdılması
istiqamətində həyata
keçirilən layihələrdən
bəhs etdi.
-İçərişəhərin
ərazisində aparılan
bərpa işləri
hansı elmi əsaslara və beynəlxalq standartlara söykənir?
-İçərişəhər
ərazisində aparılan
təmir və bərpa işləri birinci növbədə Azərbaycan Respublikasının
“Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında”
Qanununun tələblərinə,
həmçinin şəhərsalma
və tikinti fəaliyyətini tənzimləyən
normativ-hüquqi sənədlərə
uyğun aparılır.
Bundan əlavə, görülən işlər
beynəlxalq bərpa və konservasiya prinsiplərinə, elmi araşdırmalara və müasir metodologiyalara əsaslanır. Bu proseslər, həmçinin
UNESCO-nun Dünya İrs Komitəsinin tövsiyələri və
UNESCO-nun dəstəyi
ilə hazırlanmış
“Master Plan” çərçivəsində
həyata keçirilir.
Bərpa işlərində
əsas məqsəd abidələrin tarixi dəyərini qorumaq, onların orijinallığını
və autentikliyini saxlamaqdır. Hər bir müdaxilə elmi tədqiqat, arxiv materiallarının öyrənilməsi, arxeoloji
və memarlıq təhlilləri əsasında
aparılır. Bundan əlavə, istifadə olunan materiallar və texnologiyalar ənənəvi üsluba
uyğun seçilir, həm də müasir mühafizə standartlarına cavab verir.
Yəni, İçərişəhərdə
bərpa işləri
həm milli qanunvericiliyə, həm də beynəlxalq standartlara uyğun şəkildə icra olunur və şəhərin dünya
mədəni irsindəki
yerini qorumağa xidmət edir.
-Qoruq ərazisində
yerləşən tarixi
abidələrin pasportlaşdırılması
və rəqəmsallaşdırılması
sahəsində hansı
işlər görülüb?
Daşınmaz abidələrin pasportlaşdırılması
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 8
iyul 2025-ci il tarixli Qərarına uyğun olaraq aparılır və sözügedən Qərar
qəbul olunduqdan sonra bununla bağlı
müvafiq işlərə
başlanılmışdır. Bununla yanaşı, sözügedən Qərar
qüvvəyə minənədək
İdarə tərəfindən
bir sıra işlər görülmüş,
tarixi abidələrin
coğrafi informasiya sistemi üzərində məlumatları toplanmış,
hər bir abidə əhəmiyyət
dərəcəsinə görə
qruplaşdırılaraq məlumat
bazası yaradılmışdır.
Əlavə olaraq, rəqəmsal kadastr sisteminin təkmilləşdirilməsi,
funksional olaraq müasirləşdirilməsi və
ərazidə yerləşən
abidələr də daxil olmaqla bütün
daşınmaz əmlaka
dair məlumatların
dəqiqləşdirilməsi istiqamətində də çoxşaxəli işlər
görülür.
-İçərişəhərdə
qeyri-qanuni tikintilərin
və abadlıq işlərinin qarşısının
alınması istiqamətində
konkret hansı tədbirlər görülür?
Qoruq
ərazisində bu məsələyə xüsusi
diqqət yetirilir. İlk növbədə, daimi monitorinq və nəzarət təmin olunur – mütəxəssislər mütəmadi
olaraq ərazidə yoxlamalar aparır, foto-video sənədləşmə
vasitəsilə vəziyyət
izlənilir. Hər hansı təmir və ya abadlıq
işinə başlamazdan
əvvəl “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsindən
yazılı icazə
alınması məcburidir.
İcazəsiz aparılan tikinti və təmir işləri dərhal dayandırılır və
obyektin əvvəlki vəziyyətə qaytarılması
tələb olunur. Bununla yanaşı, abidələrin qorunması
qaydaları ilə bağlı sakinlər və sahibkarlar arasında maarifləndirmə
işləri aparılır.
Qanun pozuntusu aşkar edildikdə isə inzibati protokollar tərtib edilir və qanunvericilik çərçivəsində
müvafiq tədbirlər
görülür.
-Qoruq ərazisində yerləşən
yaşayış binalarının
müasir tələblərə
uyğunlaşdırılması abidələrin qorunmasına
necə təsir edir?
Bu prosesin
həm müsbət, həm də müəyyən risk daşıyan tərəfləri
var. Müsbət tərəfi ondan ibarətdir ki, yaşayış şəraitinin
yaxşılaşdırılması sakinlərin tarixi binalarda yaşamağa davam etməsinə imkan yaradır. Bu isə həmin
binaların baxımsız
qalmasının və
dağılmasının qarşısını
alır. Bundan əlavə, yanğın
siqnalizasiya sistemləri,
rütubətə nəzarət
avadanlıqları kimi
müasir texnologiyaların
tətbiqi abidələrin
uzunömürlülüyünü təmin edir.
Eyni zamanda,
düzgün aparılmayan
uyğunlaşdırma işləri
mənfi nəticələrə
gətirib çıxara
bilər. Belə hallarda orijinal memarlıq və tarixi elementlər zədələnə, müasir
inşaat materialların
istifadəsi isə abidənin autentikliyinə
xələl gətirə
bilər.
Bu baxımdan
optimal yanaşma ondan ibarətdir ki, uyğunlaşdırma işləri yalnız konservasiya və restavrasiya prinsiplərinə
əməl olunmaqla, müvafiq mütəxəssislərin
nəzarəti altında
həyata keçirilməlidir.-
-“İçərişəhər”
brendinin beynəlxalq aləmdə tanıdılması
üçün hansı
təşviqat və turizm layihələri icra olunur?
-“İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
beynəlxalq müstəvidə
“İçərişəhər” brendinin tanıdılması
və turizmin inkişafı məqsədilə
bir sıra genişmiqyaslı təşviqat
layihələri həyata
keçirir. Bu istiqamətdə UNESCO, Avropa
Muzey Təşkilatları
Şəbəkəsi (NEMO), Dünya İrsi Şəhərləri Təşkilatı
(OWHC), ICESCO və digər
nüfuzlu beynəlxalq
qurumlarla sıx əməkdaşlıq qurulub.
2024-cü ildə Qoruğun
“Bakı Xan Sarayı Kompleksi” layihəsi Dünya İrsi Şəhərləri
Təşkilatı tərəfindən
təqdim edilən nüfuzlu “Jean-Paul-L’Allier”
İrs Mükafatına
layiq görülmüşdür.
Həmin ilin 23–29 noyabr tarixlərində İdarənin nümayəndələri
Səudiyyə Ərəbistanının
Ər-Riyad şəhərində
keçirilən “II Səudiyyə
Beynəlxalq Əl İşləri Həftəsi”ndə
iştirak edərək
qurama, keçə sənəti, miniatür, təzhib, dulusçuluq, keramika, batika, zərgərlik, sədəfkəsmə
və taxta üzərində işləmə
kimi Azərbaycan ənənəvi sənət
növlərini təqdim
etmişlər.
Cari ilin
12 iyul tarixində isə İçərişəhərin
UNESCO-nun Ümumdünya
İrs Siyahısına
daxil edilməsinin 25 illiyi münasibətilə
Parisdə UNESCO-nun
47-ci sessiyası çərçivəsində
xüsusi tədbir təşkil edilmişdir.
Bundan əlavə,
Qoruq ərazisində keçirilən Beynəlxalq
Xalça Festivalı
kimi mədəni layihələr həm yerli, həm də xarici turistlərin marağını
cəlb etməklə
“İçərişəhər”in zəngin mədəni irsinin beynəlxalq müstəvidə tanıdılmasına
xidmət edir.
-İçərişəhərdə
yerləşən muzey
və sərgi salonlarının fəaliyyəti
necə əlaqələndirilir
və onların inkişaf strategiyası nəyi nəzərdə tutur?
-Muzey və
sərgi salonlarının
fəaliyyəti “İçərişəhər”
Muzey Mərkəzi
(İMM) tərəfindən əlaqələndirilir. Muzey
Mərkəzi Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2018-ci il müvafiq qərarına əsasən, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
nəzdində fəaliyyət
göstərir və strategiyası İMM-nin Əsasnaməsinə uyğun
tənzimlənir.
İçərişəhər
və “Qala” qoruqları ərazisindəki
tarixi-memarlıq abidələrində
təşkil olunmuş
ekspozisiyalar Muzey Mərkəzi tərəfindən
idarə olunur. Abidələr muzeyləşdirilərək
funksiyasına uyğun
müstəqil obyektlərə
çevrilmişdir.
Muzey Mərkəzinin
inkişaf strategiyası
abidələrin qorunması,
elmi əsaslarla öyrənilməsi, milli
maddi-mədəni irsin
komplektləşdirilməsi, nümayişi və təbliğini əhatə
edir. Bu məqsədlə sərgilər,
ekskursiyalar, mühazirələr
təşkil edilir, elmi-kütləvi nəşrlər
hazırlanır və
elmi-tədqiqat işləri
aparılır.
-Qoruğun idarəedilməsi zamanı
sakinlərin mənafeləri
ilə mədəni irsin qorunması arasında necə balans saxlanılır?
Bilirsiniz
ki, “İçərişəhər”
ərazisində 3500-dən artıq sakin yaşayır. Bizim əsas məqsədimiz mədəni irsi qorumaqla yanaşı, insanların rahat və təhlükəsiz
şəraitdə yaşamasını
təmin etməkdir. Qoruğun idarə olunmasında tarixi abidələrin mühafizəsi
ilə sakinlərin mənafelərinin qorunması
arasında balans saxlanılır.
Ərazidə aparılan bərpa, abadlıq işləri bütün bunlar həyata keçirilərkən
mərhələli şəkildə
aparılır, sakinlərin
rahatlığı mütləqdir
ki, nəzərə alınır. İnfrastrukturun
yaxşılaşdırılması, həyətlərin abadlaşdırılması,
binaların fasadlarının
təmiri və təhlükəsizlik tədbirlərinin
hər biri məhz sakinlərin rifahı naminə həyata keçirilir.
Sakinlərin mədəni irsin qorunmasında fəal iştirakı üçün
maarifləndirici görüşlərdə,
sərgilərdə, açıq
hava konsertləri, bayram tədbirləri və uşaq proqramlarında onların iştirakı təmin olunur. Əlavə olaraq, yaxın zamanlarda sakinlərin iştirakçılığını təmin etmək, həmçinin onların
Qoruğun mədəni-sosial
fəaliyyətinə inteqrasiyasını
gücləndirmək məqsədilə
İcma Mərkəzinin
istifadəyə verilməsi
də planlaşdırılır.
-Qoruq ərazisində
yerləşən qədim
məscid, karvansara və hamamların funksional şəkildə
istifadəsi və qorunması necə tənzimlənir?
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
öz Nizamnaməsinə
əsasən “İçərişəhər”
və “Qala” qoruqları ərazisində
qədim məscid, karvansara və hamamların funksional istifadəsi və qorunmasını tənzimləyir,
turizmin inkişafını
təmin etmək üçün infrastrukturu
yaradır, abidələri
dövlət qeydiyyatına
alır, pasportlaşdırır,
qorunması və istifadəsinə dair tədbirlər görür,
təmir, bərpa, konservasiya və abadlıq işlərinin keyfiyyətini artırır.
Bərpa və
ya konservasiyadan sonra abidənin “yaşaması” üçün
onun istifadəsi mütləqdir. Qorunma yalnız fiziki baxımdan deyil, funksional və sosial baxımdan da davamlılıq tələb edir. Bu səbəbdən İçərişəhərdəki bir çox tarixi məkanlar – məsələn, karvansaralar,
məscidlər və
hamamlar mədəni-ictimai
funksiyalara uyğunlaşdırılır.
Beləliklə, abidələr
həm öz tarixi kimliyini qoruyur, həm də müasir şəhər həyatına
inteqrasiya olunur.
-İçərişəhərdə
keçirilən mədəni
tədbirlər və
festivalların məkanın
tarixi kimliyinə uyğunlaşdırılması zamanı hansı meyarlara diqqət yetirilir?
-Mədəni tədbirlər və festivalların təşkilində
əsas diqqət tarixi irsə hörmət prinsipinə yönəlir. Hər bir tədbirin mövzusu və konsepti məkanın memarlıq xüsusiyyətlərinə
və tarixi kimliyinə uyğunlaşdırılır.
Tədbirin miqyası,
quraşdırılan səhnə
və texniki avadanlıqlar elə seçilir ki, onlar abidələrin qorunmasına və tarixi mühitin bütövlüyünə zərər
yetirməsin. Bununla yanaşı, milli-mədəni
elementlərin qorunması
və təqdimatda estetik harmoniyanın saxlanılması mühüm
şərt kimi nəzərə alınır.
Beləliklə, İçərişəhərdə
keçirilən hər
bir festival və ya tədbir
həm qədim mədəni irsin davamlı qorunmasına, həm də müasir dövrdə onun cəlbedici şəkildə təbliğinə
xidmət edir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 7 noyabr, ¹203.- S.8.