ŞANLI ZƏFƏRİMİZ VƏ MÜBARİZ RUHLU
MƏĞRUR AZƏRBAYCAN QADINI
ZƏFƏR-5
Qəlbində
xalqına təmənnasız sevgisi olan xalqın, vətənin
qəhrəman övladlarına elə bu sevginin özü də
Tanrı ərməğanıdır. Və bu Tanrı ərməğanı
2020-ci ildə baş verən Vətən savaşında
özünü göstərdi, bu savaş
xalqımızın qəhrəmanlıq tarixinə silinməz
imza atdı. 30 il işğal altında olan
torpaqlarımızı Müzəffər Ali Baş
Komandanımızın rəhbərlik etdiyi qəhrəman
ordumuz işğaldan azad etdi. Həmin günlərdə
xalqımız öz fədakarlığını, Vətən,
yurd sevgisini hər addımda nümayiş etdirdi. Bu sevginin təməli
saysız-hesabsız mübarizlərdə qoyulub. Zaman-zaman
başı müsibətlər çəkmiş,
torpağı yadelli işğalına məruz qalmış
xalqımız hər ağır mübarizədən
üzüağ çıxaraq tarixə öz şərəfli
imzasını atmışdır. Müxtəlif tarixi dönəmlərdə
öz qəhrəmanlıqları ilə şərəfli
mövqe qazanan Vətənin oğullarımızın
adları tariximizin şanlı səhifələrini bəzəyir.
Bu oğullar qədim tarixə malik Vətənimizin,
mübarizələr meydanından şərəflə
çıxan xalqın övladlarıdır. Onlar həm də
qazan xanların, babəklərin, koroğluların, qaçaq
nəbilərin övladlarıdırlar. Qazan xan elini,
obasını xilas edərkən öz hünərilə,
öz gücü ilə düşmən qarşısına
tək başına çıxmışdı. Koroğlu
yerli və xarici feodallara qarşı təkbaşına
mübarizəyə qalxmışdı. Nəbi zülmə,
azğınlığa qarşı az yaşından tək
canı ilə, mübariz ruhunun arxasınca tək
addımlamağa başlamışdır. İstər Qazan
xanın igidləri, istər Koroğlunun dəliləri, istərsə
də Nəbinin qoçaq silahdaşları sadə xalq
içərisində çıxaraq zülmə qarşı
mübarizə meydanında öz liderlərinin ətrafında
yumruq kimi birləşmişdilər.
II
Qarabağ savaşı ərəfəsində də Azərbaycan
Ordusu da öz Liderinin – Müzəffər Ali Baş
Komandanın əmrinə tabe olaraq müqəddəs
torpaqlarımızı mənfur düşmən
tapdağından şərəflə xilas etdi. Bu mübarizənin
şərəfli nəticə qazanmasının səbəbkarları
içərisində məğrur Azərbaycan qadını
vardır. Yeri gələndə isə bu igidlərə dəstək,
arxa-dayaq olan onların anası, ömür-gün
yoldaşı, bacısı – namuslu-iffətli Azərbaycan
qadını olub. Hər gün
alınan qələbə xəbərləri
xalqımızın coşan, qaynayan qanını elə duruldurdu
ki, damarında saf Azərbaycanlı
qanı axan hər bir vətəndaşımız cinsindən,
yaşından asılı olmayaraq Vətənin müdafiəsinə
çağırışı həsrətlə gözləyirdi.
Tomrislərin, Burla xatunların, Möminə xatunların,
Nigarların, Həcərlərin və neçə-neçə
mərd, qorxmaz Azərbaycan qadınının yadigarları
olan müasir Azərbaycan qadını da alınan hərgünkü
qələbə xəbərindən ruhlanaraq Vətənin
müdafiəsi üçün hazır olduqlarını ifadə
edirdilər. Azərbaycan qadını Vətənə sadiq övladlar tərbiyə
edib böyüdərək onu bu müqəddəs mübarizəyə
yola salmağı özünə şərəf bilir.
Övladı üstünə şəhid tabutunda gələn
Azərbaycan qadını – müqəddəs Ana göz
yaşını axıtmağa utanırdı. Bu müqəddəs
qadın şəhid övladı üçün göz
yaşı axıtmaqdansa ona son dəfə: “Sənin üzərində
olan analıq borcum sənə halal olsun, oğlum! Şəhidliyin
mübarək!” cümləsini necə də qürurla
söyləyirdi! Halbuki ana qəlbi fəryad edib
balasını doyunca oxşamaq, ona ağı deyib, son dəfə
müqəddəs laylası ilə əzizləmək istəyirdi.
Amma bunu etmirdi! Çünki mənfur düşməni
sevindirmirdi! Hər bir vasitə ilə Azərbaycanı izləməyə
çalışan xainləri sevindirmək istəmirdi müqəddəs
Azərbaycan qadını! Hətta “Övladım Vətənə
qurban oldu, özüm də qurbanam! İkinci oğlumu da Vətənin
müdafiəsinə sevinclə göndərirəm!” fikirləri
bu qadınların ruhuna hakim kəsilmişdi. İlahi,
canını, varlığını balası yolunda fəda
edən Ana indi bu balasını “uf” da demədən Vətənə
qurban deyirdi!. Necə müqəddəsdir
Azərbaycan qadını! Məhz belə qadınları olan
Vətən basılmaz!
Müqəddəs
məkan – Azərbaycanın dilbər guşəsi
Şuşamızın düşmən işğalına məruz
qaldığı günlərdə məğrur Azərbaycan
qadını fəryad qopartdı. Torpaqlarımızı
düşməndən geri almaq üçün öz
övladlarına səsləndi... Fəryadı ərşə
qalxsa da, torpaqlarımız düşmən tapdağından
o zaman qurtula bilmədi....Bu fəryaddan qəlbi
göynəyən bir şair həmin ağrı-acını
misralara köçürərək
“Çağırış” şeiri vasitəsilə belə
ifadə edirdi:
Qalxın,
igidlərim, Vətən dardadır,
Oğul
qovğa günü yatmasın gərək.
Qarlı
dağlarımız girov düşübdür,
Düşmən
zirvələrə çatmasin gərək.
Məğrur
Azərbaycan qadınının qəhrəmanlığını
istər I Qarabağ müharibəsində, istərsə də
II Qarabağ müharibəsində açıq-aydın
müşahidə etdik. I Qarabağ müharibəsi
dövründəki qadın qəhrəmanlıqları
hamımıza məlumdur. Onların çoxu artıq dastana
çevrlib, əsərlərdə poetikləşib. II
Qarabağ müharibəsindəki qadın hünəri daha da
təkmilləşmiş şəkildə özünü
göstərdi. Ümumiyyətlə, hər iki savaş
zamanı qadınlarımız “Ot öz kökü üstə
bitər” kəlamını təsdiqlədilər: ulu
ağbirçəklıəri Burla xatun, Möminə xatun,
Tomris, Həcər, Nigar ənənəsini yaşatdılar.
Sonuncuda isə daha da coşğulu hünəri müşahidə
etdik. Çünki 30 il işğalda olan
torpaqlarımızın ağrısı, acısı ilə
yanaşı qeyrəti, təəəssüb hissləri kişilərlərlə
yanaşı eyni dərəcədə, hətta bəzən
daha çox qadınlarımızı da bütün
varlığını bürüdü. Belə olan təqdirdə
nəinki öz canını, hətta bəzi vaxtlarda
gözünün ağı-qarası bircə
övladını “uf” emədən mübarizəyə
ruhlandırdı. Bəli, biz yenilməz qadın hünərinin
şahidi olduq. Və şahidi olduq ki, dünya da bu cəsarətə
heyran qaldı. Həyat yoldaşının tabutunu çiyinlərində
daşıyan Azərbaycan qadını... Nəvəsini
düşmənlə mübarizəyə ruhlandıran Azərbaycan
nənəsi - qadını.
Bu gün
sələflərinin hünərlərini qürurla yerinə
yetirən Azərbaycan qadınları vardır. Əlahiddə
qoşunun tərkibində hünərlə fəaliyyət
göstərən qadınlar var. Qadın hərbi
qulluqçularından nümunəvi fəaliyyəti ilə
seçilər hərbi qulluqçularımızın əməyi
dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
II
Qarabağ müharibəsinin ilk qadın qurbanı Arəstə
Baxışova... Oktyabr ayının 23-də cəbhə
bölgəsindən yaralı hərbçiləri
çıxararkən erməni gülləsinə tuş gəlib.
Arəstə Baxışova könüllü olaraq müharibəyə
yollanıb. Hələ az yaşında - dörd
yaşında ikən atası Çernobıl qəzasının
qurbanı olub. Atası da hərbçi olub. Anasının
dediyinə görə, o elə kiçik yaşından
atasının hərbçi papağını başına
qoyub gələcəkdə hərbidə işləyəcəyini
deyərmiş. Müharibənin başlanması ilə Arəstənin
bu arzusu gerçəkləşib. Könüllü tibb
bacısı kimi cəbhəyə yollanıb və qəhrəmanlıqla
həlak olub. İki övladı anasına əmanət
qalıb. Arəstə ölmədən öncə oğlu ilə
danışıb. Oğluna nənəsinin sözünə
qulaq asmağı tapşırıb.
Bir vaxtlar
isti qucağında min bir zəhmətlə
böyütdüyü oğlunu müharibə zamanı Vətənin
müdafiəsinə yollayan ana şəhid
övladının tabutunu öz başı üzərində son mənzilə yola salır.
Budur möhtəşəm Azərbaycan qadını!
Xüsusi
təyinatlı polkovnik-leytenant Rəhim Hüseynovun
yoldaşı şəhidin il mərasiminə gedərkən
yolda maşın qəzasına düşərək həyatını
itirib. Vətən uğrunda həlak olan Rəhimin uğrunda
da vəfalı ömür-gün yoldaşı həlak oldu.
Rəhimin sadiq həyat yoldaşı Günel Ələsgərovanın
ruhu Rəhimin
müqəddəs ruhuna qovuşdu. Üç övladı Vətənə
əmanət qaldı...
Şəhid
övladının tabutunu qarşılayan anaların məğrurluğunu
ifadə etmək üçün sözlər azdır. Onlar
övlad yanğısını içində gizlədərək
“Vətən sağ olsun!” ifadəsini elə böyük
coşğuyla ifadə edirdilər ki, bu vətənpərvər
qadınlara sözün əsl mənasında heyran
qalınmalıdır. Belə böyük ürək sahibi
olmaq ancaq Azərbaycan-türk qadınına məxsusdur.
Min-bir zəhmətlə
oğul böyüdür analar... Elə analar da var ki, müxtəlif
səbəblərdən oğlunu tək-tənha
böyüdür. Böyüdür ki, barını-bəhrəsəni
görsün. Nəvə-nəticə sahibi olsun. Lakin... Bu qadınlar Vətənin
müdafiəsi zamanı artıq öz arzu-istəyinə xətt
çəkdilər. Övladlarını Vətənin
müdafiəsinə yola saldılar. Bilirdilər ki, bu
gedişin dönüşü olmaya da bilər. Bunu bilə-bilə
gözlərini belə qırpmadan yola salırdılar. Mənfur
gülləsinə tuş gələn övladını
yenilməz dağ qüruru ilə qarşılayan anaları
gördükcə insanın damarda qanı donurdu... Naxçıvan MR
şəhidləri içərisində Qasımov Həmid Oruc oğlunun
anası Tovuz Qasımovanın sözləri hər zaman bizləri
kövrəldir:
“Mən
möhkəməm, mən oğlumla fəxr edirəm, mən
oğluma min dəfə deyirəm: sənə halal olsun, Həmid!
Bir də oğlum var, onu da qurban verməyə hazıram, Azərbaycan
torpaqlarını, analarının namusu qoruyub mənim balam! Hər
kəsə bu məqam qismət olmaz, mənim oğlum şəhidlik
məqamındadır, ona halal olsun! Əməyimi, zəhmətimi
halal edirəm!”
Şəhid
Adil İbrahimlinin həyat yoldaşı həmin vaxtda
qardaşının da şəhid xəbərini eşidir.
Eyni zamanda iki acınının selini qəlbinə
axıdır. Bu acıyla fəxr edir. Şəhid
yoldaşı və şəhid bacısı statusunu
qazanır...
Yana-yana
qürurunu da sındırmayan analarımız övlad
yanğısını ürəyində çəkir.
Simalarındakı həyat işığı bu
yanğıdan tez bir vaxtda sönsə də qürurla
dayanmağı özlərinə borc bilirlər. Olduqca cətin
bu hissləri yaşamaq... Amma şəhid anaları bu hissləri
düzənləməyi, tənzimləməyi o qədər
yaxşı bacarırlar ki... Bu gün şəhid anaları,
həyat yoldaşları, bacılarından ibarət bir ordumuz
da var!
“Nur
üzlü şəhidim İzzət” adıyla tanıdığımlız
İzzət Həmidovun anası Vəfa xanımın
saçları bir gecədə ağarmışdı.
Ananın sözlərinə görə, İzzət
müharibəyə könüllü yollanıb. Vətən
uğrunda qəhrəmanlıqla şəhid olan İzzətin
anası Vəfa xanım illərdir ki, susmaq bilmir – gecəli-gündüzlü
İzzətin həsrəti ilə qanl göz yaşı
axıdır...
Generalımız
Polad Həşimovun anası Səmayə xanım Həşimova
“Mən səngər generalı yetişdirmişdim”
şüarını tez-tez səsləndirərək
artıq el anası – şəhid analarının,
bacılarının, yoldaşlarının anasıdır. O
öz gücü, qüruru ilə bu qadınlara dəstək
olur. “Ürəkli olun, başınızı dik tutun,”
sözlərini tez-tez ifadə edir. “Başını dik tut
şəhid anası” şüarını bu qadınlar
sözün əsl mənasında həyata keçirirlər.
Ürəyinin yanğısından oğluna toy edən ana Vəfa
xanım bu toydan sonra ürəyinə təskinlik verib.
Ordubad
rayon Düylün kənd sakini şəhid mayor Asiman Əliyevin
anası öz fədakarlığını son anda
nümayiş etdirdi. Asiman kimi qəhrəman böyütməyi
layiqincə bacaran Gülayə xanım şəhid
övladının şəhidliyinin qırxıncı
günündə həyata vida etdi: Asimansız həyatda
yaşamağı zərif ürəyi tab gətirə bilmədi.
Vətən torpaqlarının işğaldan azad olması
onun yaralı ürəyinə su səpsə də, o
Asimansız bu dünyada yaşamağı özünə
qıymadı. Bütün bunlar özlüyündə Vətənə
fədakarlığın nümunəsidir: Vətənə
qurban gedən övladına qurban olan ana da öz növbəsində
Vətənə fəda oldu... Belə-belə, qəhrəman,
igid böyüdən
ananın tərtəmiz ruhu oğlunun şəhidlik məqamının
40-cı günüdə onun müqəddəs ruhuna
qovuşdu...
Bəli,
bu gün şəhid övladlarının xiffətini çəkib
bu dağa dözməyən, balası üçün ürəyi
tab gətirməyən analar da var. Hansı ki onlar da
dolayısı ilə Vətənə fəda oldular. Lakin
dağ dözümü ilə dərdini qəlbinə
basıb başını dik tutmağa çalışan
qadınlarımız da var. Ümumiyətlə, Azərbaycan
qadınının mövqeyi bir çox tarixi dönəmlərdə
üstün olub. O cümlədən, Ulu Öndərimiz Azərbaycana
rəhbərlik etdiyi hər dövrdə Azərbaycan
qadının yüksək mövqedə olması
üçün böyük qayğı və diqqət
göstərmişdir ki, bu gün də bu ənənə
davam etməkdədir. Azərbaycanın hər məkanında,
o cümlədən, Naxçıvan Muxtar Respublikasında
qadınlar öncül sıralarda addımlamaqdadırlar.
Qadınların daha çox məsul vəzifələrdə
çalışması onlara dövlətimizin sonsuz
inamını ifadə edir. Azərbaycan qadınına ən
yüksək dəyəri Ulu Öndər vermişdir. Öndərimizin
bu əməli bizlərə müqəddəs Peyğəmbərimizin
(s.) tövsiyəsi, Dədəmiz Qorqudun ərməğanıdır.
İndi bu əməlin layiqli davamçısı yenilməz
Sərkərdə Müzəffər Ali Baş Komandan – Cənab
İlham Əliyevdir! Biz, düşmən sevinməsin deyə
göz yaşını ürəyinə axıdan müqəddəs
Azərbaycan qadınının övladlarıyıq!
Aytən
Cəfərova,
AMEA
Naxçıvan Bölməsi,
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
İki
sahil.- 2025.- 8 noyabr, ¹204.- S.9.