Əsas Qanunumuz, ali iradənin
və milli birliyimizin
təcəssümü
12 Noyabr Konstitusiya
Günü müasir Azərbaycanın siyasi və mənəvi dayağına çevrilib
Azərbaycanın dövlətçilik tarixində
Konstitusiya anlayışı
təkcə hüquqi
sənəd kimi deyil, milli suverenliyin,
xalqın iradəsinin
və dövlət müstəqilliyinin ali ifadəsi kimi qəbul edilir. Əsrlər boyu xalqın müstəqil dövlət qurmaq arzusu nəhayət XX əsrin əvvəllərində
gerçəkliyə çevrildi.
1918–1920-ci illərdə cəmi
23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli azadlıq ideallarının
ən parlaq ifadəsi oldu. Lakin bu dövrdə,
qısa zaman ərzində dövlətin
Əsas Qanununu - Konstitusiyasını qəbul
etmək mümkün
olmadı. Bununla belə, Cümhuriyyətin
qəbul etdiyi qanunvericilik aktları və siyasi qərarlar gələcək
konstitusiya düşüncəsinin
bünövrəsini qoydu.
Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ dönəminə
təsadüf edir. İlk Konstitusiya
1921-ci il mayın 19-da
I ÜmumAzərbaycan Sovetlər
Qurultayında qəbul
edildi. Bu sənəd həmin dövrün siyasi reallıqlarına uyğun olsa da, milli dövlətçilik prinsiplərindən
çox sovet ideologiyasının tələblərini
əks etdirirdi.
SSRİ-nin yaradılması
ilə əlaqədar
olaraq 1925-ci il martın
14-də IV ÜmumAzərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər
qəbul olundu. Ardınca, 1927-ci il martın
26-da qəbul edilən
növbəti Konstitusiya
sənədi sovet sisteminin təsiri altında formalaşmışdı.
1936-cı
ildə SSRİ-nin
yeni Konstitusiyası qəbul
olunduqdan sonra Azərbaycan SSR-in də
yeni Əsas Qanunu
1937-ci il martın 14-də IX ÜmumAzərbaycan Sovetlər
Qurultayında təsdiqləndi.
Bu Konstitusiya formal olaraq
muxtar respublika kimi Azərbaycanın dövlət atributlarını
müəyyənləşdirsə də, real mənada respublikanın suveren hüquqlarını təmin
etmirdi. Hər bir hüquqi və siyasi qərar mərkəzdən
idarə olunan sistemin çərçivəsində
verilirdi.
Tarixi baxımdan mühüm mərhələlərdən biri
1978-ci il aprelin 21-də qəbul
edilmiş Azərbaycan
SSR-in sonuncu Konstitusiyası
idi. 1977-ci ildə
SSRİ-nin yeni Konstitusiyasının
qəbulundan sonra Azərbaycan SSR-də də yeni layihə hazırlanmışdı. Həmin
layihə üzrə
1978-ci il aprelin 2-də Azərbaycan
SSR Ali Sovetində məruzə
ilə çıxış
edən Ümummilli Lider Heydər Əliyev dövlətçilik
baxımından mühüm
bir təşəbbüslə
çıxış etdi.
Onun təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada
təsbit olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir.” Bu, sovet totalitar ideologiyası şəraitində
böyük siyasi cəsarət tələb
edən tarixi qərar idi. Ulu Öndərin uzaqgörənliyi
nəticəsində ana dilimiz
dövlət dili statusu qazandı və milli kimliyimizin hüquqi əsasları konstitusiya səviyyəsində
qorundu.
1980-ci illərin ikinci yarısından etibarən
həmin Konstitusiyaya müxtəlif əlavə
və dəyişikliklər
edildi. Bu dəyişikliklər
əsasən sovet sisteminin tədricən zəifləməsi, İttifaq
respublikalarında milli şüurun
yüksəlişi və
demokratik islahat tələblərinin artması
ilə bağlı idi. 1991-ci il 18 oktyabrda “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında” Konstitusiya
Aktının qəbulundan
sonra 1978-ci il Konstitusiyası
yalnız həmin Aktla ziddiyyət təşkil etməyən
hissələrdə qüvvədə
saxlanıldı.
Müstəqilliyin bərpası ilə
Azərbaycan xalqı öz tarixi yoluna - milli dövlətçilik
yoluna qayıtdı.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktında yeni Konstitusiyanın
hazırlanması nəzərdə
tutulsa da, 1991–1993-cü illərdəki
hakimiyyətin yarıtmaz
fəaliyyəti nəticəsində
ölkədə dərin
siyasi böhran, anarxiya və idarəçilik iflici baş verdi. Dövlət mexanizmləri
dağılmış, hüquq
və azadlıqların
qorunması təmin edilməmişdi.
Yalnız
1993-cü ildə xalqın
tələbi ilə yenidən hakimiyyətə
qayıdan Ümummilli
Lider Heydər Əliyev Azərbaycanı
məhv olmaqdan xilas etdi. Onun
böyük xilaskarlıq
missiyası ölkədə
ictimai-siyasi sabitliyin təmin edilməsinə, dövlət institutlarının
bərpasına və
müasir dövlət
quruculuğunun başlanğıcına
çevrildi. Ulu Öndər
deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan
Respublikasının demokratik
prinsiplər əsasında
uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti
– bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər
yolu ilə təmin olunmalıdır.”
Bu fikirlər yalnız bir hüquqi sənədin deyil, bütöv bir dövrün ideoloji bünövrəsini müəyyənləşdirdi.
Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya Komissiyası müstəqil
Azərbaycanın ilk Konstitusiyasının
layihəsini hazırladı.
1995-ci il noyabrın 12-də keçirilən referendumda
seçicilərin 86 faizi
iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbulunun lehinə səs verdi. Dövlətin Əsas Qanunu həmin ilin noyabrın 27-də qüvvəyə mindi.
Yeni Konstitusiya Azərbaycan dövlətçiliyi tarixində
dönüş nöqtəsi
idi. O, müstəqil dövlətin hüquqi, siyasi və mənəvi əsaslarını
müəyyənləşdirdi. Ümummilli Liderin 1995-ci il
15 dekabr tarixli Fərmanı ilə 12 noyabr “Azərbaycan Respublikasının Konstitusiyası
Günü” elan edildi,
1996-cı il 1 noyabr Fərmanı
ilə bu günün ölkə miqyasında təntənəli
şəkildə qeyd
edilməsi qərara alındı.
Konstitusiyanın qəbulu Heydər
Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısında
ən böyük xidmətlərindən biri
idi. Bu sənəd müstəqil dövlət
quruculuğu prosesini tənzimləyən, demokratik
inkişafın hüquqi
təminatını yaradan,
siyasi, sosial, mədəni və iqtisadi islahatların istiqamətini müəyyən
edən əsas sütun rolunu oynadı. Konstitusiya dövlətin sabit inkişafını, idarəetmədə
şəffaflığı və hüququn aliliyini təmin edən möhkəm baza yaratdı.
Müstəqil Azərbaycanın Konstitusiyası
demokratik, hüquqi və dünyəvi dövlətin qurulması
üçün hüquqi
çərçivə rolunu
oynadı. O, hakimiyyət
bölgüsü prinsipini
təsbit etdi, insan hüquqlarını və azadlıqlarını
dövlətin ali dəyəri kimi müəyyənləşdirdi. Əsas Qanunun 48 maddəsi birbaşa insan hüquq və azadlıqlarına həsr olundu. Bu, həm beynəlxalq hüququn, həm də milli dəyərlərin
harmoniyasını əks
etdirirdi. Azərbaycan Respublikasında dilindən,
dinindən, irqindən
və etnik mənsubiyyətindən asılı
olmayaraq, bütün vətəndaşların bərabər
hüquqlara malik olması
Konstitusiya ilə təmin edildi.
Konstitusiyada müasir dövrün
hüquqi dövlət
quruculuğu meyilləri
də nəzərə
alındı. Onun qəbulundan sonra Azərbaycanda yeni hüquqi
institut – Konstitusiya ədalət mühakiməsi
sistemi yaradıldı.
1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun qəbul edilməsi və 1998-ci il iyulun 18-də
Ulu Öndərin imzaladığı
Fərmanla bu məhkəmənin fəaliyyətə
başlaması hüquqi
dövlət prinsiplərinin
praktik həyata keçirilməsinin simvoluna
çevrildi.
Dövlətin Əsas Qanunu həm də strateji istiqamətləri müəyyənləşdirdi. Konstitusiyada dövlətin
müstəqilliyini, suverenliyini
və ərazi bütövlüyünü qorumaq,
vətəndaş cəmiyyətini
inkişaf etdirmək,
qanunların aliliyinə
əsaslanan hüquqi,
dünyəvi dövlət
qurmaq və bazar iqtisadiyyatı münasibətlərini
formalaşdırmaq kimi
əsas vəzifələr
öz əksini tapdı. Bu prinsiplər müasir Azərbaycan dövlətinin bütün
inkişaf mərhələlərinin
ideoloji xəttini təşkil edir.
Konstitusiyamız mövcud olduğu
30 il ərzində zamanın
tələblərinə uyğun
təkmilləşdirildi. 2002, 2009 və 2016-cı illərdə
keçirilmiş referendumlarla
Konstitusiyada dəyişikliklər
edildi. 2002-ci ildə
24 maddədə 29 dəyişiklik,
2009-cu ildə isə
25 maddəyə 30-dan çox
əlavə olundu. Bu dəyişikliklər sosial
dövlət prinsiplərinin
möhkəmləndirilməsinə, vətəndaşların hüquqlarının
daha səmərəli
müdafiəsinə yönəldi.
2016-cı ildə edilən
41 əlavə və dəyişiklik idarəetmə
sisteminin yenilənməsi,
insan hüquqları və azadlıqlarının
təminatının gücləndirilməsi
baxımından yeni mərhələ
oldu. Məhz həmin dəyişikliklərlə
Birinci vitse-prezidentlik institutu yaradıldı və bu addım
dövlət idarəçiliyində
çeviklik, məsuliyyət
və funksional səmərəlilik yaratdı.
Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə
Konstitusiyanın aliliyi
və hüquqi dövlət prinsipləri
yeni inkişaf mərhələsinə
qədəm qoydu. Dövlət başçısının
həyata keçirdiyi
islahatlar, hüquq sisteminin təkmilləşdirilməsi
və demokratik institutların inkişafı
Heydər Əliyev siyasi xəttinin məntiqi davamıdır.
Prezident İlham Əliyevin
təşəbbüsü ilə qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının
30 illiyi (1995–2025)” yubiley
medalı bu sənədin milli dövlətçilik
tarixində oynadığı
mühüm rola verilən yüksək qiymətin ifadəsidir.
2020-ci ildə Vətən müharibəsində əldə
edilmiş tarixi Qələbə, 2023-cü ilin
sentyabrında suverenliyin
tam bərpası Konstitusiyanın
real həyatdakı gücünü
və prinsipial əhəmiyyətini bir daha təsdiqlədi. Ərazi bütövlüyünün
bərpası ilə Azərbaycan Konstitusiyasının
hüquqi qüvvəsi
bütün ərazilərdə
bərqərar oldu. Bu
tarixi hadisənin və Konstitusiyanın qəbulunun 30 illiyinin əlamətdar hadisənin
5 illiyinə təsadüf
etməsi ilə əlaqədar Prezident
İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə
2025-ci il Azırabaycanda “Konstitusiya
və Suverenlik
İli” elan edildi. Bu qərar
həm tarixə hörmət, həm də gələcəyə
yönəlik siyasi iradənin ifadəsidir.
"Konstitusiya və Suverenlik İli" təkcə
bir yubiley mərasimi deyil, Azərbaycan dövlətçiliyinin
ideya və hüquqi dayaqlarının
möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin
inkişafı və qanunun aliliyinin təminatı istiqamətində
yeni mərhələnin başlanğıcıdır.
Müstəqil Azərbaycanın 30 illik
Konstitusiya tarixi sübut edir ki, bu sənəd yalnız hüquqi mətn deyil, xalqın azadlıq iradəsinin, milli birliyinin
və müstəqilliyinin
rəmzidir. Bu gün Azərbaycan dövləti
xalqının milli maraqlarını
rəhbər tutaraq Konstitusiyanın prinsiplərinə
sadiq qalır, yeni reallıqlar şəraitində
suveren siyasətini daha prinsipial və qətiyyətli şəkildə həyata
keçirir.
Konstitusiya – dövlətin dirəyi,
millətin hüquqi azadlığının təminatı
və suverenliyin bünövrəsidir. O, keçmişin
təcrübəsini, bu
günün gerçəkliklərini
və gələcəyin
inamını birləşdirən
ən möhkəm hüquqi sənəddir. Azərbaycan xalqı üçün bu sənəd yalnız dövlət idarəetmə
aktı deyil, həm də müstəqilliyin mənəvi
məbədi, milli birliyin
simvoludur.
Nigar Orucova
İki sahil.- 2025.- 13 noyabr, ¹206.- S.8.