Azərbaycan xalqı
Konstitusiyanın hüquqi qüvvəsinin bütün
ərazilərimizdə
bərqərar olmasının qürurverici təntənəsini
yaşayır
Bu gün Konstitusiyamızın qəbulunun 30
ili tamam olur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
yolu ilə qəbul edilən Azərbaycan
Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin
əsas inkişaf istiqamətlərini müəyyənləşdirən
ideya və dəyərlər geniş şəkildə təsbit
edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət
orqanlarının demokratik qaydada
formalaşdırılması, insan şəxsiyyətinə və
ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli
müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə
plüralizmə təminat verilməsi, ümumbəşəri
dəyərlərə sadiqlik və digər dəyərlər,
prinsiplər öz əksini tapıb. Ölkənin Əsas
Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti
nəzərə alınaraq, Ulu Öndər Heydər
Əliyev tərəfindən imzalanmış 1 noyabr
1996-cı il tarixli Fərmana əsasən,
hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya
Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin qeyd etdiyi
kimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyevin bilavasitə rəhbərliyi ilə
hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri
və qanun yaradıcılığı təcrübəsinə,
xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə,
milli və ümumbəşəri prinsiplərə söykənərək
demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
üçün möhkəm təməl yaratdı.
Bu fikirləri Milli Məclisin deputatı
Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, 1918-1920-ci
illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə
bilməmişdi. Bu səbəbdən Azərbaycanın
konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində
olduğu dövrə təsadüf olunur. Azərbaycanın
ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan
Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin
yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də
IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə
və dəyişikliklər qəbul olunub. 1927-ci il martın
26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan
SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı
ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi
ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan
Sovetlər Qurultayının qərarı ilə Azərbaycan
SSR-in yeni Konstitusiyası qüvvəyə minib. 1978-ci il aprelin 21-də Azərbaycan
SSR-in sonuncu Konstitusiyası qəbul olunub. 1977-ci ildə
SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan
SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin
2-də həmin layihə ilə əlaqədar Azərbaycan
SSR Ali Sovetində məruzə ilə çıxış edən
Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü
maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan
Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan
dilidir.” Həmin Konstitusiyaya 1980-ci illərin ikinci
yarısından etibarən çoxsaylı əlavə və
dəyişikliklər edilib. Bu Konstitusiya 1995-ci ildə
müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası qəbul edilənədək qüvvədə
olub.
Vüqar
Rəhimzadə vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də
qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni
Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da,
1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti
cəmiyyət həyatının bütün sahələrində
kəskin böhrana, ölkədə anarxiyanın
yaranmasına gətirib çıxarmış, dövlət
idarəçiliyi mexanizmləri
formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların
azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi
mümkün olmamışdır. 1993-cü ildə
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın
həyatında bütün sahələrdə yeni mərhələ
başladı. Ümummilli Liderin yaratdığı möhkəm
təməlin nəticəsidir ki, bu gün Azərbaycan
xalqı böyük qürur hissi ilə “Konstitusiya və
Suverenlik ili” çərçivəsində Zəfərimizin
beşinci, milli Konstitusiyamızın qəbulunun 30-cu
ildönümünü qeyd edir. Son 22 ildə Ümummilli
Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən
bütün sahələrdə uğurla davam etdirilməsi Azərbaycana
möhtəşəm uğurlar, Zəfərlər
qazandırır. Ulu Öndərin bilavasitə rəhbərliyi
ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də
qəbul olunmuş Azərbaycan Respublikasının ilk
Konstitusiyası Onun Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən
biridir. Əsas Qanunumuz ölkəmizdə genişmiqyaslı
qanunvericilik və institusional islahatların əsasını təşkil
etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün
qorunması, hüquqi, dünyəvi dövlət
quruculuğu, vətəndaşlarımızın layiqli həyat
səviyyəsinin, dünya ölkələri ilə dostluq və
əmin-amanlıq şəraitində əməkdaşlığın
təmin edilməsi kimi ali niyyətlərin həyata
keçirilməsi üçün mühüm qanunvericilik
bazası rolunu oynayır.
Milli Məclisin deputatı bildirib ki, Konstitusiyada Azərbaycanın dövlət
müstəqilliyinin, suverenliyinin və ərazi
bütövlüyünün qorunması başlıca niyyətlərdən
biri kimi bəyan edilib. Lakin Ermənistanın Azərbaycana
qarşı təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin 30 ilə yaxın
işğal altında qalması Azərbaycan
Respublikasının suveren hüquqlarının həmin ərazilərdə
tətbiqinə imkan verməmişdi. Ermənistanın
işğalçılıq siyasətinə son qoyulması və
ölkəmizin ərazi bütövlüyünün,
suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının
milli ideyasının əsas məqsədlərindən birinə
çevrildi, cəmiyyətimizin bütün resursları bu
taleyüklü vəzifənin həllinə yönəldildi.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına
cavab olaraq başlanan Vətən müharibəsində tarixi
Qələbə və 2023-cü il sentyabrın 19-20 tarixlərində həyata keçirilən uğurlu
antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi
bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan
Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərimizdə
bərqərar oldu. Zəfərimiz, suverenliyimizin tam bərpası
Azərbaycanın qarşısında geniş imkanlar
açır. Xalqımız Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli
torpaqlarımızın işğaldan azad edilməsi, ərazi
bütövlüyünün, dövlət suverenliyinin və
ölkənin bütün ərazilərində Azərbaycan
Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin
tam bərpasının qürurverici təntənəsini
yaşayır. Postmüharibə dövründə Qarabağ
və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri,
keçmiş məcburi
köçkünlərin doğma torpaqlarına
qayıdışı və sair kimi mühüm addımlar
suveren dövlət anlayışının real təcəssümüdür.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident
İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli”
elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini
daha da möhkəmləndirmək, xalqın hüquq və
azadlıqlarının təmin olunmasına dair öhdəlikləri
bir daha diqqətə çatdırmaq məqsədi daşıyır. Bu
qərar, həmçinin suverenliyimizin və hüquqi dəyərlərimizin
təbliği baxımından mühüm bir addımdır. Hər
dövrün çağırışları, yenilikləri
Əsas Qanunumuzda, həmçinin hər bir sahənin
inkişaşına xidmət edən Qanunların təkmilləşdirilməsində
özünün aydın ifadəsini tapır. Azərbaycan son
beş ilin yeni reallıqları fonunda Konstitusiyanın tələblərinə
və öz suveren hüquqlarına əsaslanaraq
qarşıda duran strateji hədəflərə doğru
inamla irəliləyir.
Milli Məclisin deputatı bildirib ki, bu günədək
Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklərin
edilməsi özündə əsas məqamları ehtiva edir.
Bu dəyişikliklər Azərbaycan dövlətinin
sosial-iqtisadi bazasının daha da güclənməsindən,
vətəndaşların hüquq və azadlıqlarına
daha etibarlı təminat verilməsindən, sosial dövlət
prinsiplərini təsbit etmək imkanlarının daha da
genişlənməsindən irəli gəlirdi. 2016-cı il
sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada
üçüncü dəfə dəyişikliklər
edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə
və dəyişiklik müxtəlif sahələri əhatə
etməklə, ali dövlət hakimiyyəti, məhkəmə
hakimiyyəti orqanlarının və bələdiyyələrin
işinin təkmilləşdirilməsinə, insan
hüquqları və azadlıqlarının daha səmərəli
təmin edilməsinə, hüquq və azadlıqların
müdafiəsində dövlət və bələdiyyələrin
məsuliyyətinin artırılmasına yönəlmişdir.
Son dəyişikliyə əsasən idarəçilik sistemində yeni təsisat- vitse-prezidentlik institutu
yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat
dövlət və hakimiyyət idarəetmə mexanizmində
funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə
modeli oldu.
Vüqar Rəhimzadə vurğulayıb ki, möhkəm təmələ əsaslanan siyasət hər bir bayramı qürurverici hesabatla qeyd etməyə yol açır. Müasir müstəqil, qalib, yeni Azərbaycan postmünaqişə dövrünün əsas çağırışlarını yüksək səviyyədə yerinə yetirərək çoxəsrlik tarixinin qüruruverici səhifələrini daha da zənginləşdirir, demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunda inamla addımlayır. Hər zaman qeyd edildiyi kimi, güclü Azərbaycan bütün dövrlərin əsas hədəfidir.
Vüqar Rəhimzadə
İki sahil.- 2025.- 13 noyabr, ¹206.- S.3.