STEAM: Zəka, yaradıcılıq və
innovasiya ilə
qurulan gələcək
Müsahibə
Layihə rəhbəri: Strateji plan ölkə
üzrə vahid STEAM ekosisteminin formalaşdırılması,
müasir laboratoriyaların sayının
artırılması, rəqəmsal resurs kitabxanasının
genişləndirilməsi və beynəlxalq tərəfdaşlıqların
gücləndirilməsi üzərində qurulur
Müasir dövrdə təhsil yalnız nəzəri
biliklərlə məhdudlaşmır, eyni zamanda, şagirdlərin
analitik düşüncə, yaradıcılıq, problem həll
etmə və innovasiya bacarıqlarını inkişaf etdirməyi
də hədəfləyir. Bu istiqamətdə STEAM (Science – elm, Technology – texnologiya,
Engineering – mühəndislik, Art – incəsənət, Math –
riyaziyyat) konsepti önəmli rol oynayır. STEAM, tədrisi fərqli
sahələrin birgə və inteqrasiya olunmuş şəkildə
öyrədilməsi ilə təhsilalanlara kompleks
düşünmə bacarıqları qazandırır,
onları XXI əsrin çağırışlarına hazırlayır
və yaradıcı həll yolları tapmağa təşviq
edir.
Bu
prinsiplər əsasında Elm və Təhsil Nazirliyinin dəstəyi
və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı
ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində
Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçiriləcək. Festivalın əsas məqsədi
STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar
arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi,
yaradıcı gənclərin üzə
çıxarılması, eləcə də innovativ layihə
və həllərin hazırlanmasının dəstəklənməsidir.
Oxucularımızı
STEAM ilə bağlı son yeniliklər və gələcək
perspektivlər barədə məlumatlandırmaq
üçün “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov
ilə həmsöhbət olduq.
-Azərbaycan
kurikulumuna uyğunlaşdırılan STEAM proqramı hansı
fənləri əhatə edir və mərhələli tətbiq
planı necədir?
-STEAM
proqramı riyaziyyat, təbiət elmləri, informatika, mühəndislik
yönümlü tətbiqlər və incəsənət-dizayn
komponentlərini vahid layihə yanaşması altında birləşdirərək
kurikulumla tam uyğunlaşdırılmış şəkildə
həyata keçirilir. Proqramın tətbiqi ilkin olaraq pilot məktəblərdə
modelləşdirmə və sınaq mərhələsi ilə
başlamış, daha sonra regional STEAM mərkəzlərinin
yaradılması və müəllim
hazırlığının genişləndirilməsi ilə
davam edir. Hazırda isə fənlərarası modulların rəsmi
tədris planlarına inteqrasiyası və qiymətləndirmə
sisteminin standartlaşdırılması nəzərdə
tutulur. Bu mərhələlilik proqramın dayanıqlı
şəkildə ümummilli təhsil sisteminə daxil edilməsinə
şərait yaradır.
- Tətbiq
üzrə indiyədək hansı ilkin nəticələr və
müşahidələr əldə olunub?
-İlkin
tətbiq mərhələsində şagirdlərin dərs
motivasiyasında, dərsdə iştirak fəallığında
və real problemləri anlama bacarığında nəzərəçarpan
artım qeydə alınıb. Müəllimlərin dərs
prosesində daha çox fasilitator roluna keçdiyi, şagirdlərin
isə öz layihələrini sərbəst
planlaşdırmaq, araşdırmaq və təqdim etmək
bacarıqlarını inkişaf etdirdiyi müşahidə
olunur. STEAM tapşırıqlarının müxtəlif
hazırlıq səviyyələrində olan şagirdlər
üçün diferensial öyrənmə imkanı
yaratdığı da təsdiqlənib. Eyni zamanda, avadanlıq
təminatı, vaxt bölgüsü və qiymətləndirmə
rubrikalarının standartlaşdırılması kimi bəzi
çətinliklər də müəyyən edilib.
-STEAM və
digər innovativ təhsil proqramların ümumtəhsil məktəblərinə
nə kimi yeniliklər gətirib?
-Bu
proqramlar ənənəvi tədris modelindən layihə əsaslı
və problemyönümlü öyrənmə modelinə
keçidi sürətləndirir. Dərslər fənlərarası
inteqrasiya üzərində qurulduğu üçün
şagirdlər bir mövzunu həm elmi, həm riyazi, həm də
texnoloji baxış bucağından araşdırmaq imkanı
əldə edirlər. Sinif otaqlarında rəqəmsal vasitələrin
istifadəsi genişlənir, virtual laboratoriyalar və
simulyasiyalar dərs prosesinə daxil edilir, qiymətləndirmə
isə portfoliolar, layihə təqdimatları və formativ
yanaşmalar əsasında həyata keçirilir. Ümumilikdə
proses daha çevik, interaktiv və yaradıcı olur.
-Bu
proqramlar şagirdlərin gələcək peşə
seçimlərinə necə təsir edir?
-STEAM
yanaşması şagirdlərin real iş dünyası ilə
daha erkən tanış olmasına, öz maraq dairələrini
daha dəqiq müəyyənləşdirməsinə və
gələcək peşələr haqqında daha məlumatlı
qərar verməsinə şərait yaradır. Layihələrdə
müəyyən rolların (mühəndis, dizayner,
proqramçı, tədqiqatçı və s.)
bölüşdürülməsi şagirdlərin müxtəlif
sahələri sınamasına imkan verir və onların
potensial ixtisas istiqamətlərini daha obyektiv şəkildə
görməsini təmin edir. Şagirdlərin layihə portfellərinin
formalaşması isə gələcəkdə təqaüd,
müsabiqə və qəbul proseslərində real
üstünlük yaradır.
-STEAM
proqramlarının qızların elm, mühəndislik və
texnologiya sahələrinə marağını artırmaq
baxımından rolu nədən ibarətdir?
-STEAM
mühiti qızların özlərini rahat və güvənli
hiss edə biləcəyi gender-şüurlu öyrənmə
şəraiti yaradır və qız şagirdlərin
elmi-texniki layihələrdə aktiv iştirakını
stimullaşdırır. Qadın mütəxəssislər tərəfindən
mentorluq proqramlarının təşkili, müsbət rol
modellərinin görünməsi və qızlar
üçün xüsusi təşviqedici fəaliyyətlərin
həyata keçirilməsi onların bu sahələrə
marağını əhəmiyyətli dərəcədə
artırır. Layihələrin sosial, ekoloji və insan mərkəzli
mövzular ətrafında qurulması qızların mühəndislik
və texnologiyaya daha təbii şəkildə inteqrasiya
olunmasına imkan yaradır.
-STEAM təhsilinin
süni intellekt, robotexnika və rəqəmsal texnologiyalarla
inteqrasiyası necə həyata keçiriləcək?
- Bu
inteqrasiya şagirdlərin praktiki fəaliyyətlərində
süni intellekt (AI) alqoritmlərindən, robot
qurğularından, sensor sistemlərindən və məlumat
analitikası platformalarından istifadə etməklə həyata
keçiriləcək. Müxtəlif yaş qrupları
üçün səviyyələndirilmiş modullar
hazırlanacaq: ibtidai siniflər üçün sadə
kodlaşdırma və robotika, yuxarı siniflər
üçün isə maşın təlimi, kompüter
görməsi, IoT (şəbəkəyə qoşulmuş
cihazlar) və avtomatlaşdırma kimi mürəkkəb
mövzular nəzərdə tutulur. Məktəblərdə
yaradılan STEAM laboratoriyaları və VR/AR (virtual və
artırılmış reallıq) təcrübə mühitləri
bu inteqrasiyanı daha geniş və əlçatan edəcək.
-STEAM fənlərini
tədris edən müəllimlərin davamlı
inkişafı üçün hansı sistem
formalaşdırılacaq?
-Müəllimlər
üçün pilləli sertifikasiya proqramı, illik peşəkar
inkişaf modulları, onlayn micro-learning platformaları və
mentorluq mexanizmləri yaradılacaq. Müəllimlərin real
layihələrə qoşulduğu təcrübə
proqramları, sahə mütəxəssisləri ilə əməkdaşlıq
və təlim-oflayn hibrid modeli onların
bacarıqlarının davamlı yenilənməsinə imkan
verəcək. Bundan başqa, məktəblərdə “STEAM
lider müəllim” institutu formalaşdırılaraq həmkarlararası
təlim, dəstək və resurs paylaşımı sistemi
qurulacaq.
-Bəs
STEAM proqramları region məktəblərində necə tətbiq
ediləcək?
-Hazırda
demək olar ki, bütün regionları əhatə edən
21 STEAM Mərkəzi aktiv fəaliyyət göstərir. və
bu mərkəzlər region məktəblərində STEAM təhsilinin
tətbiqi üçün əsas koordinasiya və dəstək
platforması rolunu oynayır.
-STEAM
sahəsində gələcək planlar və uzunmüddətli
inkişaf strategiyası nədən ibarətdir?
-Gələcək
strategiya ölkə üzrə vahid STEAM ekosisteminin
formalaşdırılması, müasir laboratoriyaların
sayının artırılması, rəqəmsal resurs
kitabxanasının genişləndirilməsi və beynəlxalq
tərəfdaşlıqların gücləndirilməsi
üzərində qurulur. Strategiya, həmçinin şagird
startap mədəniyyətinin inkişaf etdirilməsi, məktəb–universitet–sənaye
əməkdaşlığının dərinləşdirilməsi
və milli STEAM olimpiadasının təsis olunması kimi hədəfləri
əhatə edir. Uzunmüddətli məqsəd şagirdləri
innovasiya yönümlü düşüncəyə, yüksək
texnoloji bacarıqlara və gələcəyin əmək
bazarının tələblərinə tam uyğun
hazırlamaqdır.
Yaqut
Ağaşahqızı
İki sahil.- 2025.- 14 noyabr, ¹207.- S.6.