Kiçik toxunuşların böyük gücü
MÜSAHİBƏ
Hər bir şagirdin həyatına az da olsa təsir
etmək, onun düşüncə və
bacarıqlarını inkişaf
etdirmək müəllim
üçün ən
böyük uğurdur
Müəllimlik hər bir cəmiyyətin
gələcəyini formalaşdıran,
insan həyatında əvəzolunmaz rola malik müqəddəs peşədir. Bu peşə səbir, diqqət və yaradıcılıq tələb
edir. Hər bir dərs, hər bir sual
və hər bir uğur müəllimin
zəhmətinin, qayğısının
və fədakarlığının
nəticəsidir. Müəllim
yalnız dərs deyən şəxs deyil, həm də şagirdin düşüncəsini inkişaf
etdirən, onları tənqidi və analitik düşünməyə
təşviq edən mentor, həm də cəmiyyət üçün aparıcı
qüvvədir.
Müsahibimiz Xətai
rayonundakı İlham
Məmmədov adına
261 nömrəli məktəb-liseyin
riyaziyyat müəllimi
Nəzakət Əbdürrəhimova
da məhz belə pedaqoqlardandır. Söhbətimiz əsnasında
onun müəllimlik yolundan, uğurlarından,
pedaqoji fəlsəfəsindən və
gələcək hədəflərindən
bəhs etdik.
-Əvvəlcə, sizi tanıyaq…
- 1998-ci ildə Oğuz rayonunun Xaçmaz kəndindəki
Vüqar İbrahimov adına 2 nömrəli orta məktəbi fərqlənmə attestatı
ilə bitirərək
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə
qəbul olunmuşam.
2002-ci ildə universiteti
fərqlənmə diplomu
ilə başa vuraraq riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə
başlamışam.
2016-cı ildə müəllimlərin işə
qəbulu imtahanında
iştirak edərək
55 bal toplamışam.
Hazırda Bakı şəhəri, 261 nömrəli
məktəb-liseydə riyaziyyat
müəllimi kimi fəaliyyət göstərirəm.
2024-cü ildə keçirilən
müəllimlərin sertifikasiya
imtahanında isə
89 bal (test mərhələsində 54 bal,
müsahibə mərhələsində
35 bal) toplayaraq yüksək nəticəyə
nail olmuşam.
Bundan əlavə,
Elm və Təhsil Nazirliyinin riyaziyyat fənni üzrə dərsliklərin
qiymətləndirilməsi prosesində
ekspert, həmçinin
Dövlət İmtahan
Mərkəzində buraxılış
və qəbul imtahanlarının qiymətləndirilməsində
marker (Buraxılış
və qəbul imtahanlarında istifadə
edilən qiymətləndirmə
materiallarını yoxlayan
və qiymətləndirən mütəxəssis)
kimi fəaliyyət göstərirəm. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi beynəlxalq təlimlərdə iştirak
etmiş, bu təlimlərdə əldə
etdiyim bilik və təcrübələri
pedaqoji fəaliyyətimdə
uğurla tətbiq etmişəm. Pedaqoji fəaliyyətimdə göstərdiyim
səmərə, şagirdlərin
inkişafına verdiyim
töhfə və fənn üzrə peşəkarlığımın nəticəsi olaraq
Elm və
Təhsil Nazirliyi tərəfindən “Azərbaycan
Respublikasının qabaqcıl
təhsil işçisi”
döş nişanı
ilə təltif olunmuşam.
-Niyə məhz müəllimlik?
-Mən müəllimlik
peşəsini seçərkən
bu qərarda ailəmin, xüsusilə valideynlərimin böyük
rolu olmuşdur. Bizim nəsildə elmə, savada və müəllimə hörmət yüksək
qiymətləndirilirdi. Anam,
babalarım, bibilərim
və xalalarım da müəllim olublar bu da
mənim peşə seçimimə təsir göstərmişdir.
- İlk dərs
gününüzü necə
xatırlayırsınız?
- Təyinatımı başa vurduğum orta məktəbə vermişdilər və bir vaxtlar mənə
dərs deyən müəllimlərin yanında
işləmək mənim
üçün həm
qürur, həm də böyük həyəcan mənbəyi
idi. Həmin müəllimlər yalnız
riyaziyyatı öyrətməklə
kifayətlənmirdilər, həm də məni müəllimlik peşəsinin məsuliyyətinə
və incəliklərinə
hazırlayırdılar. Bütün
bu məqamlar məni həm həyəcanlı, həm
qürurlu, həm həvəsli, həm də məsuliyyətli olmağa sövq edirdi.
-Fəaliyyətiniz
dövründə hansı
çətinliklərlə qarşılaşmısınız?
-Ən böyük
çətinliklərdən biri şagirdlərin riyaziyyatı yalnız əzbərləmə vasitəsi
kimi görmək vərdişi ilə mübarizə aparmaqdır.
Riyaziyyat düşünmək
üçündür, cavab
tapmaq üçün
yox. Uşaqlara bu fərqi izah
etmək bəzən illər tələb edir. Lakin nəticədə
onların məntiqi düşünmə bacarıqlarının
inkişaf etdiyini görmək müəllimə
böyük məmnuniyyət
verir.
-Deyirsiniz ki,
2016-cı ildə müəllimlərin
işə qəbulu imtahanında 55 bal, 2024-cü
ildə isə sertifikasiya imtahanında 89
bal topladınız. Bu imtahanlara hazırlaşarkən hansı
metodlardan istifadə etdiniz və yüksək nəticəyə
çatmaq üçün
hansı strategiyalar tətbiq etdiniz?
-İmtahanlara hazırlaşarkən hər
şeyi planlı şəkildə həyata
keçirirəm. 5–11-ci siniflərdə
dərs dediyim üçün daim axtarışdayam, yeni tədris mənbələrini
araşdırıram, mövzuları
təkrar edir, testlər üzərində
çalışır və
yeni pedaqoji metodlarla tanış oluram. Bu yanaşma
həm mənim peşəkar inkişafıma,
həm də imtahanlara daha inamla hazırlaşmağıma
kömək edir.
-Riyaziyyatı uşaqlara sevdirmək üçün dərslərdə
hansı kreativ və müasir metodlardan istifadə edirsiniz?
-Riyaziyyatı uşaqlara sevdirmək üçün onu sadəcə qaydalar və formulalar toplusu kimi təqdim
etmək doğru deyil. Əsas məqsəd şagirdləri
düşünməyə və məntiqi nəticələr çıxarmağa
yönəltməkdir. Dərslərdə
çalışıram ki,
şagirdlər cavabı
əzbərləməkdənsə, sualın mahiyyətini və onun həll
yollarını araşdırsınlar.
Mənim üçün
dərsi maraqlı etmək yalnız kompyuter, təqdimat və ya texnologiyadan
istifadə ilə ölçülmür. Əsas
məqsəd şagirdlərin
riyaziyyatın daxili gözəlliyini, nizamını
və məntiqini görməsi və ondan həzz almasıdır.
-Şagirdlərinizi hər zaman nəyə təşviq edirsiniz?
-Şagirdlərimi ilk növbədə verilənləri anlamağa,
düşünməyə və sual verməyə
təşviq edirəm.
Riyaziyyat doğru düşünməyi, nəticə
çıxarmağı və
məntiqi mühakimə
aparmağı öyrədir.
Mən onlara deyirəm ki, cavabı əzbərləmək
kifayət deyil cavabın arxasında duran məntiqi anlamaq vacibdir, çünki anlayış
olmadan bilik uzunömürlü olmur. Həmçinin şagirdlərimə
səbirli olmağı
və tələsmədən
düşünməyi öyrədirəm.
Riyaziyyatda olduğu kimi, həyatda da ən gözəl
nəticələr səbir
və davamlılıqla
əldə olunur.
-Elm və
Təhsil Nazirliyinin dərslik qiymətləndirməsi
prosesində iştirak
edirsiniz. Sizcə, dərsliklərin effektivliyini
artırmaq üçün
hansı əsas meyarlar nəzərə alınmalıdır? Müasir
dərsliklərdə rast
gəlinən çatışmazlıqlar
nələrdir və onları düzəltmək
üçün hansı
təklifləriniz varmı?
-Dərsliklərin hazırlanması və qiymətləndirilməsi çox
məsuliyyətli və
strateji işdir. Effektiv dərslik yalnız şagirdin biliyini artırmamalı, həm də onların məntiqi, analitik və tənqidi düşünmə
qabiliyyətini inkişaf
etdirməlidir. Bunun üçün dərslik:
-Təhsil
proqramına uyğun olmalı;
- Mövzuları ardıcıl
təqdim etməli;
-Elmi
etibarlılığı və
dəqiqliyi təmin etməli;
- İnkişafyönümlü, tərbiyəyönümlü və
dəyəryönümlü olmalı;
-Şagirdlərin
yaş və psixoloji xüsusiyyətlərinə
uyğun hazırlanmalı;
-Pedaqoji
və metodiki yanaşmalar qabaqcıl nəzəriyyələrə əsaslanmalı;
- Dizayn və tərtibat isə məntiqli, estetik və müasir olmalıdır.
Dərslik canlı
bir orqanizm kimidir — zamanla dəyişməli və inkişaf etməlidir. Məqsəd “asan dərslik” hazırlamaq deyil; məqsəd şagirdə düşünməyi
öyrədən, yaradıcı
və tənqidi yanaşmanı inkişaf etdirən dərslik hazırlamaqdır. Dərslik
komplektlərinin layihələri
www.trims.edu.az saytının “İctimai müzakirədə
olanlar” bölməsində
yerləşdirilir. Toplanan
tövsiyə və iradlar araşdırılır,
müzakirə olunur və dəyərli təkliflər nəzərə
alınır.
-Dövlət İmtahan Mərkəzində
marker kimi fəaliyyət göstərərkən
qiymətləndirmə zamanı
qarşılaşdığınız çətinliklər hansılardır
və onları necə həll edirsiniz?
-Marker kimi
qiymətləndirmə prosesi
çox diqqət və məsuliyyət tələb edir. Çünki minlərlə
şagirdin nəticəsi
bizim qiymətləndirməmizdən
asılıdır. Ən
böyük çətinliklərdən
biri subyektivlikdən qaçmaq və hər cavabı eyni standartlara uyğun qiymətləndirməkdir.
Bunu həll etmək üçün mən hər zaman əvvəlcədən
hazırlanmış qiymətləndirmə
meyarlarına ciddi riayət edir, bir neçə nümunə cavab üzərində təcrübə
keçirirəm. Qiymətləndirmə
zamanı isə diqqətli və ardıcıl olmağa çalışıram. Əlavə
olaraq, qeyri-müəyyən
hallarda komanda daxilində məsləhətləşmə
aparmaq çox faydalıdır; bu da nəticələrin ədalətli olmasını
təmin edir.
-Beynəlxalq təlimlərdə iştirak
etmisiniz. Bu təlimlərdən hansı
metodları dərslərinizdə
tətbiq edirsiniz?
-Beynəlxalq təlimlərdə gördüyüm
ən önəmli məqam odur ki, uğurlu dərs şagirdi aktiv edir, yalnız
müəllim izah etmir. Dərslərimdə
bu yanaşmanı tətbiq edirəm: şagirdlər suallar verir, müxtəlif yollarla problemi həll etməyə çalışır və
nəticələrini müzakirə
edirlər. Bu metodlar yalnız riyazi bilikləri deyil, eyni zamanda
təfəkkür və
məntiqi düşüncəni
də inkişaf etdirir. Nəticəni dərhal görmək mümkün olmasa da, davamlı şəkildə tətbiq
etdikdə şagirdlərin
inkişafını müşahidə
etmək mümkündür.
-Pedaqoji fəaliyyətinizə görə
“Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi” döş
nişanı ilə təltif olunmusunuz. Bu, sizə hansı
motivasiya verir və gələcəkdə
nəyi hədəfləyirsiniz?
-Bu təltif
mənə daha da məsuliyyətli olmağı və pedaqoji fəaliyyətimi yüksək səviyyədə
davam etdirməyi həvəsləndirir. Gələcəkdə
məqsədim həm
şagirdlərin təhsil
keyfiyyətini artırmaq,
həm də müasir tədris metodlarını dərslərdə
tətbiq etməkdir. Eyni zamanda, müəllim
həmkarlarımla təcrübə
mübadiləsi aparmaq
və məktəbimizin
uğurlarını daha
da artırmaq da hədəflərim arasındadır.
-Müəllim olmaq istəyən gənclərə hansı
tövsiyələri verərdiniz?
-Müəllim olmaq böyük məsuliyyət tələb
edir və yalnız bilik verməkdən ibarət deyil. Eyni zamanda,
səbirli və anlayışlı olmaq, hər şagirdin fərdi xüsusiyyətlərini
nəzərə almaq
vacibdir. Müasir uşaqlar texnologiya və informasiya ilə erkən tanış olurlar, buna görə də onların diqqətini saxlamaq, maraqlarını dərsə
cəlb etmək və daha interaktiv
metodlardan istifadə etmək vacibdir.
-Bəzən deyirlər ki, indiki uşaqlar əvvəlki nəsillərdən
fərqlidir. Sizcə bu günün gəncləri hansı xüsusiyyətləri ilə
seçilir?
-İndiki uşaqlar
texnologiya və informasiya ilə daha erkən tanış olduqları üçün sürətli
öyrənmə və
çoxistiqamətli düşünmə
qabiliyyətinə malikdirlər.
Eyni zamanda, bu nəsil diqqətini
tez itirən, seçici və bəzən səbr çatışmazlığı ilə fərqlənir. Onların formalaşma prosesi yalnız məktəbdə deyil, həm də internet, sosial şəbəkələr və
ətraf mühit vasitəsilə baş verir. Müəllim kimi mən çalışıram
ki, şagirdlərin diqqətini dərsə cəlb edim və onları dərsin mövzusuna aid problemlərlə aktiv şəkildə maraqlandırım.
-Bir şagirdinizin
həyatına verdiyiniz
ən böyük töhfə nə olub?
-Hər bir
şagirdin həyatına
kiçik də olsa təsir etmək, onların düşüncə və
bacarıqlarını inkişaf
etdirmək müəllim
üçün ən
böyük uğurdur.
Xüsusilə bəzi
şagirdlərimin özünə
inam qazanaraq təhsilində uğur əldə etməsi mənim üçün həm qürur, həm də pedaqoji fəaliyyətimi davam etdirmək üçün motivasiyadır.
-Müəllim kimi hansı prinsiplərə əsla güzəşt etmirsiniz?
-Ən vacib
prinsipim şagirdlərə
dürüst və ədalətli yanaşmaqdır.
Hər bir şagird fərqlidir və onlara eyni standartlarla, diqqətlə və ədalətlə yanaşmaq
vacibdir. Mən təhsilin keyfiyyətindən
və etik davranışdan güzəşt
etmirəm.
-Azərbaycan təhsilinin bugünkü
durumu barədə nə düşünürsünüz?
-Azərbaycan təhsili müasir dövrün tələblərinə
uyğun olaraq təkmilləşir və
yenilənir. Ölkəmizin
qarşısında dayanan
hədəflərin gerçəkləşməsinə
təhsil sistemi də öz töhfəsini verir. Son illərdə Azərbaycan şagirdlərinin
beynəlxalq və respublika olimpiadalarındakı
uğurları əhəmiyyətli
dərəcədə artıb.
Beynəlxalq və respublika fənn olimpiadalarının, eləcə
də müsabiqə və yarışların
qalibləri ali təhsil müəssisələrinə
müsabiqədənkənar qəbul olunurlar ki, bu da
çox müsbət
haldır.
-Gələcəklə bağlı nə kimi planlarınız var? Daha hansı
uğurlara imza atmaq istərdiniz?
-Gələcəkdə əsas hədəfim şagirdlərin yaradıcı
və tənqidi düşünmə bacarıqlarını
inkişaf etdirməkdir.
Onlara yalnız doğru cavabı verməyi öyrətmək
kifayət deyil; əsas məqsəd onları düşünməyə,
analiz etməyə və dünyanı sistemli görməyə yönəltməkdir. İstəyirəm
ki, hər şagird öz qərarını verə
bilsin, problemlərə
müxtəlif yanaşmalar
tapsın və nəticələrə tənqidi
yanaşma qabiliyyətini
inkişaf etdirsin. Eyni zamanda, milli
dəyərlərimizi qoruyub
saxlamaqla, onları müasir dünyaya açıq və məsuliyyətli vətəndaşlar
kimi yetişdirmək mənim əsas hədəfimdir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 15 noyabr, ¹208.- S.8.