“AZƏRBAYCANIN
NAXÇIVAN DİYARININ NEOLİT
VƏ ENEOLİT
MƏDƏNİYYƏTLƏRİ” MONOQRAFİYASI
TARİXŞÜNASLIĞIMIZA
DƏYƏRLİ TÖHFƏDİR
Tədqiqat
Azərbaycanın qədim mədəniyyət
mərkəzlərindən olan Naxçıvan diyarı müxtəlif mədəniyyətlərin formalaşdığı
və ətraf ərazilərə yayıldığı
mərkəzlərdən biri
olmuşdur. Burada meydana gələn qədim mədəniyyətlərin
öyrənilməsi təkcə
regional çərçivədə
deyil, bütövlükdə
Azərbaycan geniş mənada beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyır.
Bölgədə aparılan,
xüsusilə müstəqillik
illərində intensiv
xarakter alan arxeoloji tədqiqatlar nəticəsində ilkin əkinçilik mədəniyyətlərini
əks etdirən çoxsaylı abidələr
qeydə alınaraq öyrənilsə də,
bəzi problemlər hələ də tam şəkildə araşdırılmamış və
öz tədqiqini gözləməkdədir.
Həllini gözləyən
belə problemlərdən
biri də Son Neolit dövrü
ilə Son Eneolit dövrü arasında əlaqənin öyrənilməsi məsələsi
idi. Çox təqdirəlayiq haldır
ki, AMEA Naxçıvan
Bölməsinin Tarix,
Etnoqrqfiya və Arxeologiya İnstitutunun baş elmi işçisi,
tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva qeyd olunan dövrlər
arasındakı boşluğun
aradan qaldırılması
üçün bu mövzuya müraciət etmiş, “Azərbaycanın
Naxçıvan diyarının
Neolit və Eneolit mədəniyyətləri”
adlı monoqrafiya hazırlayaraq nəşr etdirmişdir. AMEA Rəyasət
Heyətinin qərarı
ilə “APOSTROF-A” nəşriyyatında
işıq üzü
görən monoqrafiyanın
elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, rəyçiləri
akademik Nailə Vəlixanlı, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli və tarix elmləri doktoru, professor Əsədulla Cəfərovdur.
Əvvəlcədən qeyd etmək istəyirəm ki, tədqiqatçı müraciət
etdiyi mövu ilə əlaqədar qarşıya qoyduğu məqsədə çatmış,
bunun üçün
müəyyən etdiyi
vəzifələrin uğurlu
həllinə nail ola bilmişdir. Monoqrafiya Neolit və Eneolit mədəniyyətlərin mənşəyi və yayılma arealı ilə bağlı məsələlərin öyrənilməsi
baxımından xüsusi
əhəmiyyətə malikdir.
Müəllif 2016-cı ildən
üzərində işlədiyi
bu tədqiqat işində Naxçıvan
ərazisindəki Neolit
və Eneolit abidələrindən əldə
olunan materiallar əsasında Azərbaycanda
bu mədəniyyətlərin
formalaşdığı coğrafi
şərait, onların
özünəməxsus xüsusiyyətləri,
Cənubi Qafqaz-Yaxın
Şərq mədəniyyətləri
ilə əlaqəsi və bu mədəniyyətlərin
yayılmasını şərtləndirən
başlıca amillərlə
bağlı problemləri
araşdırmışdır.
Azərbaycan arxeologiyası üçün
çox böyük aktuallıq kəsb edən, fundamental bir mövzuya həsr olunmuş monoqrafiya yüksək səviyyədə yerinə
yetirilmiş tədqiqat
işidir. Onun aktuallığını şərtləndirən
amillərdən biri Naxçıvan abidələrinin
Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyətləri
kontekstində tədqiqata
cəlb edilməsidir.
Azərbaycanın qədim
dövr tarixinin beynəlxalq arenaya çıxarılması baxımından
bu, olduqca vacib məsələlərdəndir.
Həmçinin Cənubi
Qafqazda Son Neolitlə Son Eneolit arasında olan boşluğu doldurmaq baxımından tədqiqatlar aparılmasına
olan böyük ehtiyac onun aktuallığını
artıran cəhət
kimi qeyd olunmalıdır. Regionun qədim əkinçilik mədəniyyətlərinin dövrləşdirilməsində
Naxçıvan ərazisində
aşkar olunmuş yeni abidələrin məlumatları əsasında
dəqiqləşdirmələr aparılması da aktual vəzifə kimi qarşıda dayanırdı. Ona görə də Zeynəb Quliyevanın belə bir mövzuya
müraciət etməsi
və onun uğurlu həllinə nail olması təqdir olunmalıdır.
Dosent Zeynəb
Quliyevanın elmi dövriyyəyə təqdim
etdiyi monoqrafiyada əvvəlki dovrlərdə
aparılan tədqiqatlar
zamanı əldə olunan maddi-mədəniyyət
nümunələri ilə
son dövrlərdə
muxtar respublika ərazisində aşkar olunan arxeoloji materiallar ilk dəfə olaraq sistemləşdirilmiş və
tədqiqata cəlb edilmişdir. Tədqiqat işində bu materiallar kompleks şəkildə təhlil
olunmuş və çox maraqlı elmi nəticələr əldə edilmişdir. Onun elmi yenilikləri
kifayət qədər
çoxdur. Çünki
monoqrafiyanın yazılmasında
materiallarından istifadə
edilən 29 arxeoloji abidənin demək olar ki, əksəriyyəti
yenidir.
Əsərdə Neolit dövrü abidələri 3 mərhələdə
dövrləşdirilmiş, Naxçıvan bölgəsinin
Cənubi Qafqazda keramikalı Neolitin ən qədim ocaqlarından biri olduğu müəyyən
edilmiş və burada Neolit mədəniyyətinin
formalaşmasında təbii-coğrafi
şəraitin rolu əsaslandırılmışdır. Həmçinin Naxçıvanın
Neolit mədəniyyətinin
Kültəpə mədəniyyəti
ilə xarakterizə olunduğu, bu mədəniyyətin yayılma
arealı və onu şərtləndirən
səbəblər müəyyənləşdirilmişdir.
Eneolit dövrü ilə bağı abidələr isə tədqiqatda 5 mərhələdə
dövrləşdirilmiş, Erkən və orta Eneolit dövrünün
Dalmatəpə mədəniyyəti
ilə bağlı olduğu təsdiq olunmuşdur. Son Eneolit dövrünün Ovçulartəpəsi mədəniyyəti
ilə təmsil olunduğu və Naxçıvançay vadisində,
xüsusilə Yeni yol yaşayış yerində Ovçulartəpəsi
ilə yanaşı onun son mərhələsində
artıq Leylatəpə
mədəniyyətinin əlamətlərinin
ortaya çıxdığı
təsbit olunmuşdur.
Tədqiqatda bu mədəniyyətlərin yayılma
arealı müəyyən
edilmişdir. Fikrimizcə,
əsər xalqımızın
ümummilli lideri Heydər Əliyevin “Naxçıvanın qədim
və son orta əsrlərdəki tarixi daha geniş
təhlil olunmalı, yazılmalıdır” tövsiyyəsindən
irəli gələn vəzifələrin yerinə
yetirilməsi istiqamətində
atılmış əhəmiyyətli
bir addımdır.
Zəngin arxeoloji
materialllar əsasında
yazılan və işıq üzü görən monoqrafiya “Giriş”, beş fəsil, “Nəticə”, istifadə olunmuş ədəbiyyatların siyahısı,
cədvəllər, illüstrasiyalar,
ixtisarların və şərti işarələrin
siyahısından ibarətdir.
Tədqiqatın aktuallığı,
mənbəşünaslıq bazası, öyrənilmə
səviyyəsi və
tədqiqat zamanı istifadə edilən metodlar haqqında məlumat verilən “Giriş”dən sonra monoqrafiyanın I fəslində
Naxçıvan ərazisində
paleocoğrafi və paleoekoloji şərait, paleobotaniki və paleozooloji mühit tədqiqata cəlb olunmuşdur. Burada qədim fauna və flora təhlil
edilmiş və belə bir nəticəyə
gəlinmişdir ki, ərazidə insanların
Holosen dövründə
məskunlaşmasında, Neolit
mədəniyyətinin formalaşmasında
coğrafi şəraitin
mühüm rolu olmuşdur. II fəsildə
Naxçıvanın Neolit
mədəniyyətinin mənşəyi,
səciyyəvi cəhətləri,
əlaqələri və
daxili mərhələləri
I Kültəpə, Osmantəpə,
Naxçıvantəpə, Sədərək və Xələc materialları
əsasında araşdırılmışdır.
Nəticə olaraq, Kültəpə mədəniyyəti
ilə bağlı indiyədək mübahisəli
olan məsələlərə
aydınlıq gətirilmiş,
bu mədəniyyətin
xronoloji çərçivəsi
dəqiqləşdirilmiş, 3 mərhələdən keçdiyi
(KNEM, KNOM və KNSM) və
yayılmasını şərtləndirən
başlıca amillər müəyyənləşdirilmişdir.
Əsərin III fəslində aparılan təhlillər nəticəsində
Naxçıvanın Eneolit
dövrü abidələri
5 mərhələdə dövrləşdirilmişdir.
Burada Eneolit dövrünün erkən
və orta mərhələlərinin Dalmatəpə
mədəniyyəti ilə
təmsil olunduğu və Naxçıvanın
da bu mədəniyyətin
əsas formalaşma ocaqlarından olduğu müəyyən edilmişdir.
Son Eneolit dövrünün Ovçulartəpəsi
mədəniyyəti ilə
təmsil olunduğu, finalda isə Leylatəpə mədəniyyəti
əlamətlərinin meydana
çıxdığı müəyyən edilmişdir.
Yeni yol materialları əsasında
ilk dəfə olaraq Naxçıvanda Leylatəpə mədəniyyəti
keramikası təsbit
olunmuşdur.
Tədqiqatın IV və V fəsillərində
Cənubi Qafqaz-Yaxın
Şərq mədəniyyətləri
ilə əlaqələr
və Neolit və Eneolit tayfalarının təsərrüfatı,
ictimai quruluşu və ideologiyası tədqiqata cəlb olunmuşdur. Burada Naxçıvanın Neolit
və Eneolit mədəniyyətinin Yaxın
Şərqin Xalaf, Ubeyd, həmçinin Cənubi Qafqazda Şomutəpə, Mil-Qarabağ,
Leylatəpə kimi mədəniyyətlərlə əlaqəsi müəyyən
edilmiş, Kültəpə,
Dalmatəpə, Ovçulartəpəsi
mədəniyyətlərinin yayılmasında onların
daşıyıcılarının məşğuliyyəti və
mobil həyat tərzinin həlledici təsiri olduğu müəyyən edilmişdir.
Qeyd etmək yerinə düşər ki, monoqrafiyanın bu və digər
fəsillərində tədqiqatın
əyaniliyini təmin
edən zəngin arxeoloji materiallardan istifadə edilməsi müəllifin işə
məsuliyyətlə yanaşdığından
xəbər verir.
Əsərin “Nəticə” hissəsində
müəllif tədqiqat
zamanı əldə etdiyi qənaətləri ümumiləşdirmişdir. Nəticələr
elmidir və etibarlı qaynaqlara söykənir. Fikrimizcə,
onun gəldiyi ən mühüm nəticələrdən biri
ondan ibarət olmuşdur ki, Naxçıvan ərazisində
ardıcıl inkişaf
edən Neolit və Eneolit dövründə bir-biri ilə genetik bağlara malik olan arxeoloji mədəniyyətlərin yayılma
arealı müəyyən
edilmişdir. Müəllifin
fikrincə, Kültəpə,
Dalmatəpə və
Ovçulartəpəsi mədəniyyətləri
Naxçıvan-Mil-Qarabağ-Ağrı vadisi – Urmiya bölgələrini əhatə
edən tarixi Azərbaycan ərazilərində
formalaşmışdır.
Monoqrafiya müxtəlif
dillərdə nəşr
olunmuş zəngin ədəbiyyat materiallarından istifadə
edilməklə yazılmışdır.
Bu zaman Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə
uyğun olaraq son illərin çap məhsullarına
üstünlük verilmişdir.
Tədqiqatın yazılması
zamanı istifadə edilən arxeoloji materialları əks etdirən 200-ə yaxın
tablonun monoqrafiyaya əlavə edilməsi əsərin sanbalını
və əhəmiyyətini
daha da artırır.
Tablolardakı foto-şəkillərin
rəngli verilməsi onların mahiyyətinin açılmasında mühüm
əhəmiyyət kəsb
edir. Neolit və Eneolit dövrləri üzrə
ayrı-ayrılıqda sistemləşdirilən
həmin materialların
əksəriyyətini tədqiqatçının
görkəmli arxeoloq,
həm də müəllifin elmi məsləhətçisi olmuş
görkəmli arxeoloq,
professor Vəli Baxşəliyevin rəhbərliyi
ilə AMEA Naxçıvan
Bölməsində yaradılmış
arxeoloji ekspedisiyaların,
həmçinin Azərbaycan-Fransa
birgə beynəlxalq arxeoloji ekspedisiyasının
tərkibində iştirak
etdiyi abidələrdən
aşkar olunan arxeoloji materiallar təşkil edir.
Təqdirəlayiq haldır ki, Zeynəb Quliyeva Naxçıvan ərazisindəki
abidələrin qazıntısında
müntəzəm olaraq
iştirak etmişdir və kifayət qədər çöl təcrübəsinə malikdir.
Qeyd etmək istərdim ki, tədqiqatçının bu
ekspedisiyaların tərkibində
sistemli və ardıcıl şəkildə
iştirak etməsi onun bir arxeoloq
kimi yetişməsində
mühüm rol oynamışdır. O, qazıntılar
zamanı əldə olunan materialları – maddi-mədəniyyət nümunələrini
ekspedisiya rəisinin –
professor Vəli Baxşəliyevin razılığı
ilə tədqiqata cəlb etmişdir. Bu da monoqrafiyanın
elmi-praktik sanbalını
daha da artırmışdır.
Həmçinin tədqiqatçı
bu materiallarla kifayətlənməyib, vaxtı
ilə sələfləri
tərəfindən işlənmiş,
ancaq hesabat səviyyəsində təqdim
olunmuş bir sıra abidələrin materiallarını da tədqiqata cəlb etmişdir. Bunun üçün o, dəfələrlə
Milli Azərbaycan Tarixi Muzeyinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun fondlarında
saxlanan materiallara müraciət etmiş, onları öyrənmiş
və monoqrafiyaya daxil etmişdir. Bütün bunların nəticəsində ortaya
belə sanballı bir iş qoyula
bilmişdir.
Mən dosent
Zeynəb Quliyevanı
2012-ci ildən, AMEA Naxçıvan
Bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunda işləməyə başladığı
vaxtdan tanıyıram.
İnstitutun direktoru kimi onun həmin
vaxtdan sonrakı elmi fəaliyyətini yaxından izləmişəm.
İnstitutda və Bölmədə keçirilən
tədbirlərdə, xüsusilə
seminarlarda çıxışları
ilə diqqəti cəlb etmişdir. Onun fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müzakirəsinə
rəhbərlik etmişəm.
Nəticədə onu
zəhmətkeş, çalışqan,
işinə məsuliyyətli,
geniş mütaliəsi
olan, daim öz üzərində işləyən ciddi bir tədqiqatçı olması qənaətinə
gəlmişəm. Onun
arxeoloq kimi yetişməsində elmi məsləhətçisi, təcrübəli
və tələbkar arxeoloq Vəli Baxşəliyevin əməyini
də xüsusi qiymətləndirmək lazımdır.
Çünki Zeynəb
Quliyeva Vəli müəllimin rəhbərliyi
ilə demək olar ki, bir
arxeoloji məktəb keçmiş, işinin incəliklərinə bələd
olan zəhmətkeş
bir arxeoloqa çevrilmişdir.
Yekun olaraq
tarix elmləri doktoru, dosent Zeynəb Quliyevanı yenicə elmi dövriyyəyə daxil etdiyi və elmi ictimaiyyətin diqqətinə çatdırdığı
çox sanballı “Azərbaycanın Naxçıvan
diyarının Neolit və Eneolit mədəniyyətləri” adlı
monoqrafiyası münasibəti
ilə təbrik edir, ona yeni
yaradıcılıq uğurları
arzulayıram. İnanıram
ki, Azərbaycan arxeologiya elminə, bütövlükdə tarixşünaslığımıza
çox sanballı və böyük elmi töhfə olan monoqrafiya təkcə arxeoloqlar tərəfindən deyil, Azərbaycanın qədim
dövr tarixi ilə məşğul olan tədqiqatçılar,
magistrlər, bütövlükdə
elmi ictimaiyyət tərəfindən maraqla
qarşılanacaqdır.
Hacıfəxrəddin
Səfərli,
AMEA-nın müxbir üzvü,
Naxçıvan Dövlət Universitetinin professoru
İki sahil.- 2025.- 15 noyabr, ¹208.- S.6.