İnfarkt: Cəmiyyətin sağlamlığını
təhdid edən səssiz təhlükə
Tibbdə miokard infarktı kimi tanınan ürək tutması müasir şəraitdə
bütün dünyada
ən çox yayılmış və təcili tibbi müdaxilə tələb
edən ciddi sağlamlıq problemlərindən
biridir. Ürək əzələsini qidalandıran
damarlar tıxandıqda
ürəyə oksigen
çatmır və bu da daimi
zədələnmələrə, həyati təhlükələrə
səbəb olur. Bu səbəbdən də infarkt əlamətləri müşahidə
olunan zaman təcili tədbirlər görülməlidir.
Son aylarda
ölkədə ürək
tutması səbəbindən
baş verən ölüm hallarının
sayında nəzərəçarpacaq
artım müşahidə
olunur. Müşahidələrə
əsasən, ürək-damar
sistemi xəstəlikləri
hazırda Azərbaycanda
ölüm səbəbləri
arasında ilk yeri tutur. Ürək
xəstəliklərinin bu
qədər geniş yayılması bir çox amillərlə əlaqələndirilir. Gündəlik
stress, hərəkətsiz
həyat tərzi, nizamsız qidalanma, siqaret və enerji içkilərinin çox istifadəsi ürəyin fəaliyyətini
zəiflədir. Şəhər
həyatının sürətli
ritmi, yuxu rejiminin pozulması və davamlı gərginlik də bu prosesə təsir edən əsas amillərdən sayılır.
Ürək tutması
çox zaman qəfil baş verir və bir
neçə dəqiqə
ərzində həyati
təhlükə yaradır.
Bəzi hallarda insan heç bir simptom hiss
etmədən də bu vəziyyətlə üzləşə bilər.
Lakin sinə nahiyəsində ağrı,
nəfəs darlığı,
qəfil halsızlıq
və ya ürək döyüntülərinin
nizamsızlaşması kimi
əlamətlər bədən
tərəfindən göndərilən
xəbərdarlıq siqnalları
sayılır. Bu simptomlara laqeyd yanaşmaq ölümcül
nəticələrə gətirib
çıxara bilər.
Müşahidələr göstərir ki, xüsusilə 35 yaşdan
yuxarı şəxslər
arasında ürək
tutması riski daha yüksəkdir. Bununla yanaşı, artıq çəki, yüksək qan təzyiqi və şəkər xəstəliyindən
əziyyət çəkən
insanlarda bu risk ikiqat artır.
Qeyd edək
ki, ABŞ-da aparılan bir araşdırma D vitamininin
ikinci dəfə infarkt keçirmə riskini yarıbayarı azalda biləcəyini göstərib. Tədqiqat,
qısa müddət əvvəl infarkt keçirən 600-dən çox
şəxs üzərində
həyata keçirilib.
İştirakçıların bir qisminə standart müalicə tətbiq olunub, digərlərinə isə
qandakı D vitamini səviyyəsini artırmaq
məqsədilə D3 vitamini
əlavəsi verilib. Ürək çatışmazlığı,
insult və ölüm halları baxımından hər iki qrup arasında
fərq müşahidə
edilməyib. Lakin D3 vitamini əlavəsi qəbul edənlər arasında ikinci dəfə infarkt keçirmə ehtimalı
standart müalicə alanlara nisbətən təxminən iki dəfə az olub.
Müasir dövrdə
ürək sağlamlığını
qorumağın ən
sadə yolları həyat tərzi ilə bağlı seçimlərdən asılıdır.
Düzgün və balanslı qidalanma, mütəmadi fiziki aktivlik, zərərli vərdişlərdən uzaq
durmaq və profilaktik tibbi müayinələr bu istiqamətdə mühüm
rol oynayır. Ürək tutması səbəbi ilə ölüm hallarının
artması cəmiyyətdə
sağlam həyat tərzinə diqqətin artırılmasının vacibliyini
bir daha önə çıxarır.
Hər bir insanın öz sağlamlığına məsuliyyətlə
yanaşması və
vaxtında tibbi yardıma müraciət etməsi həyatı xilas edə biləcək ən önəmli addımdır.
Kardioloq Günel
Şahmarova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi
ki, ürək-damar sistemi xəstəlikləri
bütün dünyada,
o cümlədən Azərbaycanda
ölüm səbəbinə
görə birinci yerdə durur: “Burada modifikasiya oluna bilən və modifikasiya oluna bilməyən olmaqla ikiyə ayrılan risk faktorları rol oynayır. Modifikasiya oluna bilən risk faktorları dedikdə, bədən çəkisi, fiziki aktivlik, qidalanma, bir sözlə, həyat tərzi kimi faktorlar nəzərdə tutulur. Dəyişdirilə bilməyən,
modifikasiya oluna bilməyən risk faktorları isə irsən keçən genetik xəstəliklərdir.
Ürək-damar xəstəliklərindən qorunmaq
üçün dəyişdirə
bildiyimiz risk faktorlarına diqqət yetirmək lazımdır.
Fiziki aktivliyi təmin etmək üçün gün ərzində minimum beş kilometr, maksimum on kilometr
məsafəyə qədər
yürüyüş etmək
lazımdır. Fiziki aktivlik, həyat tərzinin dəyişdirilməsi
ilə yanaşı, düzgün qidalanma da ürək-damar xəstəlikləri riskini
azaltmaqda xüsusi rol oynayır. Belə ki, kərə
yağı əvəzinə
zeytun yağından istifadə etmək, duzdan istifadəni isə mütləq şəkildə minimuma endirmək lazımdır.
Məlumdur ki, təbiətdən əldə
edilən bir çox məhsulun tərkibi natrium xloriddən ibarətdir. Bu səbəbdən də gündəlik qida rasionunda növündən asılı
olmayaraq beş qramdan artıq duz istifadə edilməməlidir.
Dəyişdirə bilmədiyimiz risk faktorlarına irsi ötürülən xəstəliklər,
genetik kodlarla ötürülən dəyərlər
daxildir. Orqanizmin sağlamlığı üçün
vacib olan xolesterin maddəsi buna misal ola
bilər. LDL xolesterinin
(pis xolesterin) qanda yüksək miqdarda olması damarlarda tıxanıqlığın
yaranmasına səbəb
olur. Bu
da infarkt, insult kimi həyati təhdidlərə
yol aça bilər. Qanda xolesterin norması əksər hallarda yetmiş faiz genetik olaraq ötürülür, lakin
insanların bunu azaltma şansı otuz faiz mümkündür.”
Kardioloq
qeyd etdi ki, qadınların menopauza dövrünə qədər
kişilər daha çox risk altındadır:
“Lakin menopauzadan sonra qadınların estrogen səviyyəsinin
düşməsi ilə
əlaqədar olaraq orta yaşlı qadınlar və kişilərin orqanizmləri
bərabərləşir. Xüsusilə
40-45 yaş arası qadınların ildə ən az bir
dəfə qanda xolesterin miqdarını yoxlatmalı və ehtiyac yarandığı halda dərman qəbul etməli və ya pəhriz
saxlamalıdırlar.”
Günel
Şahmarovanın sözlərinə
görə, ilk növbədə,
heç bir xəstəliyi olmayan şəxslər 40 yaşdan
sonra hər il mütəmadi olaraq həkim müayinəsindən keçməlidirlər.
Qeyd edək ki, qalxanvari vəzdə problemləri, şəkərli
diabet kimi hər hansı xəstəliyi olan şəxslər yaşından
asılı olmayaraq kardioloqa müraciət etməlidirlər. Ürək
döyüntülərində ritm pozğunluğu, fiziki aktivlik zamanı döş qəfəsində yanma, ağrı hiss edən şəxslərin vaxt itirmədən tibbi müayinədən keçmələri
mütləqdir. Onu da
qeyd etmək lazımdır ki, şəkərli
diabet xəstələrində
sinirlər öz funksiyasını tam şəkildə
yerinə yetirə bilmədiyindən onlarda adətən halsızlıq,
tənginəfəslik kimi
atipik şikayətlər
müşahidə olunur.
Bu kimi şikayətləri
olan şəkərli
diabet xəstələri
laqeyd yanaşmamalı,
kardioloq müayinəsindən
keçməlidirlər.
Şahnigar Əhmədova
İki sahil.- 2025.- 18 noyabr, ¹209.- S.8.