Hər damla hesaba
alınır
Qarşıdakı illər üçün
əsas hədəf bunlardır: Su ehtiyatlarını
artırmaq, əhalini keyfiyyətli su ilə təmin etmək,
idarəetməni müasirləşdirmək və standartlara
uyğunlaşmaq
Azərbaycanın su təsərrüfatında
aparılan monitorinqlər göstərir ki, bu sahədə
itkilər həm infrastrukturun dayanıqlığına, həm
də xidmət keyfiyyətinə ciddi təsir göstərir.
Yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə
məskunlaşma, vətəndaşlar tərəfindən
çəkilən qeyri-standart xətlər və bir xəttə
bir neçə abonentin qoşulması mövcud şəbəkələrin
yüklənməsini artırır, nəticədə itkilərin
miqyası genişlənir. Bu hallar həm resursların səmərəli
idarə olunmasına, həm də su təminatının
standartlara uyğun həyata keçirilməsinə mane olur.
Mövcud vəziyyətlə bağlı dəqiq məlumat almaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, su itkiləri əsas problem olaraq qalır və qanunsuz qoşulmalar mütəmadi reydlərlə aradan qaldırılır. Bu tədbirlər çərçivəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su təchizatı infrastrukturunun yenilənməsi istiqamətində mütəmadi işlər aparır.
Qanunsuz qoşulmalar və ya su
itkiləri ilə bağlı reydlər
keçirilir…
Qurumun açıqlamasında qeyd olunur ki, su təchizatında itkilər bu sahənin əsas problemlərindən biridir: “Belə ki, yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə məskunlaşma, vətəndaşlar tərəfindən primitiv üsullarla çəkilən su xətləri, bir xəttə bir neçə abonentin qoşulması halı mövcud şəbəkələrin həddindən artıq yüklənməsinə, su itkisinə və bəzi abonentlərin su təchizatının tam və standartlara uyğun formada həyata keçirilməsinə maneə yaradır. Lakin bununla bağlı ADSEA tərəfindən mütəmadi tədbirlər görülür. Belə ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin yerli sukanal idarələri tərəfindən qanunsuz qoşulmalar və ya su itkiləri ilə bağlı reydlər keçirilir. Bu zaman qanundan kənar hər hansı fakt aşkarlandıqda qarşısı alınır”.
Su təchizatı infrastrukturunun yenilənməsi
istiqamətində mütəmadi olaraq
işlər aparılır ki…
O da diqqətə çatdırıldı ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su təchizatı infrastrukturunun yenilənməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. İstismar müddətini başa vurmuş, aşınmış borular mərhələli şəkildə yeni, dayanıqlı və müasir materiallardan olan borularla əvəzlənir. Layihələrə həm magistral, həm də paylayıcı şəbəkələrin yenilənməsi, nasos stansiyalarının təkmilləşdirilməsi və idarəetmə sistemlərinin avtomatlaşdırılması daxildir. İşlərin həyata keçirilməsi monitorinq nəticələrinə əsasən müəyyənləşdirilir və mərhələli şəkildə icra olunur. Həmçinin ADSEA tərəfindən içməli və tullantı su təchizatına dair bir sıra genişmiqyaslı infrastruktur layihələr həyata keçirilir. Mərkəzləşmiş içməli su şəbəkəsi olmayan ərazilərdə yeni şəbəkələr qurulur.
İçməli suyun
sayğaclaşması 93 faizə çatdırılıb,
40 minə yaxın köhnə sayğac
yenisi ilə əvəz edilib
Qurumdan verilən məlumata görə, su itkilərinin qarşısını almaq və təchizatın səmərəliliyini artırmaq üçün sayğaclaşdırma sahəsində də mühüm tədbirlər görülür:“Hazırda içməli suyun sayğaclaşması 93 faizə çatdırılıb, 40 minə yaxın köhnə sayğac yenisi ilə əvəz edilib. Suvarma sistemlərində 190 müasir ölçü cihazı quraşdırılıb. Bunlar SCADA sisteminə qoşulub və onlayn izlənilir”.
Su
ehtiyatlarından səmərəli
istifadəyə
dair Milli Strategiya
İri
Şəhərlərin Birləşmiş Su Təchizatı
Xidmətindən verilən məlumatda o da qeyd edilir ki,
bütün bu tədbirlər Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 10 oktyabr 2024-cü il tarixli “Su
ehtiyatlarından səmərəli istifadəyə dair Milli
Strategiya”nın təsdiq edilməsi haqqında” Sərəncamı
ilə birbaşa bağlıdır: “Milli Strategiyanın
icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli
içməli su və suvarma suyu ilə təminatın
yaxşılaşdırılmasını, həmin sahədə
idarəetmənin müasirləşdirilməsini, habelə
beynəlxalq konvensiyaların tələblərinə riayət
edilməsi istiqamətində əməkdaşlığın
inkişafını nəzərdə tutur. Milli Strategiya
2024−2040-cı illəri əhatə etməklə
üç mərhələdə həyata keçiriləcək:
Birinci mərhələdə
2024−2027-ci illər ərzində zəruri infrastruktur
yaradılması və idarəetmənin təkmilləşdirilməsi
nəzərdə tutulur.
2028−2030-cu
illəri əhatə edən ikinci mərhələdə təməl
şərtlərin möhkəmlənməsi əsasında
“təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə
qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi”
və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş
Millətlər Təşkilatı Baş Assambleyasının
qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə
üstün şəkildə yaxınlaşma təmin ediləcək.
2031−2040-cı
illəri əhatə edən üçüncü mərhələdə
hidroekoloji böhranların innovativ texnologiyalar əsasında
effektiv idarə olunması, su ehtiyatlarının
artırılması, habelə alternativ su mənbələrindən
istifadəni genişləndirməklə dayanıqlı və
keyfiyyətli suya tələbatın ödənilməsinin təmin
edilməsi planlaşdırılır.
Milli
Strategiyada o da qeyd olunur ki, hidroekoloji böhranların innovativ
texnologiyalar əsasında effektiv idarə olunması, su
ehtiyatlarının artırılması, habelə alternativ su
mənbələrindən istifadəni genişləndirməklə
dayanıqlı və keyfiyyətli suya tələbatın
ödənilməsi təmin ediləcəkdir. Məişətdə,
sənayedə, kənd təsərrüfatında istifadə
oluna biləcək suların yenidən bərpası,
yararlı hala gətirilərək təkrar istifadəsi əsas
hədəflərdən biridir. Milli Strategiyanın
Proqramında bu işləri görmək üçün
müvafiq qurumlarla əlaqələndirici sistem qurulub. ADSEA da
bu istiqamətdə işlər görür”.
Qarşıdakı
illər üçün əsas hədəflər...
“Bəs,
gələcək illərdə su təsərrüfatında
prioritet hədəflər və əsas istiqamətlər necə
müəyyənləşdirilib” sualına isə qurumdan
verilən cavab belə oldu: “Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin qarşıdakı illər
üçün əsas hədəfləri su
ehtiyatlarının dəqiq qiymətləndirilməsi, yeni su
anbarları və hidrotexniki qurğuların tikilməsi, su
itkilərinin minimuma endirilməsi, iqlim dəyişikliyinə
adaptasiya tədbirlərinin həyata keçirilməsi, beynəlxalq
əməkdaşlığın gücləndirilməsi və
rəqəmsallaşmanın daha da genişləndirilməsidir.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə
su təsərrüfatı infrastrukturunun bərpası və
regionlarda dayanıqlı su təminatının tam təmin
edilməsi prioritet istiqamətlər kimi müəyyən
edilib”.
Göründüyü
kimi, Azərbaycan su təsərrüfatında itkilərin
minimuma endirilməsi, mövcud infrastrukturun yenilənməsi və
dayanıqlı su təminatının təmin olunması
istiqamətində ciddi addımlar atır. Gələcəkdə
isə su təsərrüfatında
prioritet istiqamətlər arasında yeni su anbarlarının
tikilməsi, işğaldan azad olunmuş ərazilərdə
infrastrukturun bərpası və regionlarda dayanıqlı su təminatı
xüsusi önəm daşıyır.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 18 noyabr, ¹209.- S.6.