Qış turizm mövsümü öncəsi daxili
turizm imkanları
nümayiş etdirilib
Mediatur
Noyabrın 18-19-da Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə
Qobustan ərazisindəki “Diri Baba” türbəsinə,
İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət
və “Lahıc” Dövlət Tarix-Mədəniyyət
qoruqlarına media nümayəndələrinin səfəri təşkil
edilib. Səfərin məqsədi qış turizm
mövsümü öncəsi daxili turizm imkanlarını
daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda
turistlər üçün yaradılan şəraiti, həyata
keçirilən layihələri ictimaiyyətə təqdim
etmək olub.
Ölkə əhəmiyyətli memarlıq abidəsi
sayılan və dövlət mühafizəsinə
götürülən “Diri Baba” türbəsində jurnalistlərə
məlumat verilib ki, türbə 1402-ci ildə Şirvanşah
hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən
birinin şərəfinə tikilib. Türbənin bir hissəsi
qaya içərisində yerləşdiyindən Qafqazın ən
nadir abidələrindən hesab olunur. Dövlət Turizm
Agentliyi tərəfindən burada bir sıra infrastruktur və
bərpa işləri aparılıb. Türbə Azərbaycanın
şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi,
il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə
turizm imkanlarının yaradılması yerli kiçik
sahibkarlığın və icma əsaslı turizm dəyər
zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli
abidələrinin turizm potensialından istifadəyə və
regional turizm klastrının yaranmasına töhfə verir.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda
media mənsublarına bildirilib ki, qoruq İsmayıllı
rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə
edir. Qoruğun ərazisində orta əsrlərə aid
Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə,
Xarabiyan, Kələküçə, Qəlibgah,
Çayqırağı kimi tarixi məhəllələr və
bütün bu məhəllələrdən çıxan
küçələrin birləşdiyi mərkəzi Bazar
meydanı yerləşir. “Basqal” Qoruğu ərazisində
tarixi müdafiə istehkamları, 1531-ci ildə inşa edilən
Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına
aid Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri,
XVII əsrə aid tarixi hamam, sənətkarlıq
karxanaları, tarixi evlər kimi tarix-mədəniyyət abidələri
mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqal həm də 500 ilə yaxın yaşı olan,
1563-cü ildə əkilmiş tarixi çinar ağacı ilə
məşhurdur.
Bildirilib
ki, Dövlət Turizm
Agentliyi “Basqal” Qoruğu ərazisində mövcud olan tarix və
mədəniyyət abidələri üzərində bərpa
və konservasiya, abadlaşdırma işlərinin
aparılmasına, ənənəvi xalq sənətkarlığı
növlərinin dirçəldilməsinə, istirahət-turizm
infrastrukturu obyektlərinin və xidmət sahələrinin
yaradılması işinə xüsusi diqqət yetirir. 12
avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
İsmayıllı rayonuna səfər çərçivəsində
“Basqal” Qoruğu ərazisinə də baş çəkib,
burada aparılan və icrası nəzərdə tutulan
tikinti-bərpa işləri ilə tanış olublar.
Son dövrlərdə Basqalda
sayca üçüncü
küçə tarixi-memarlıq üslubu qorunmaqla bərpa
edilib, mərasim evi yaradılıb. Bununla yanaşı,
Qoruğun ərazisində XIX əsrin ortalarında inşa
edilmiş Hacı Bədəl məscidində, İkinci
Dünya müharibəsi dövründə İtaliyada partizan
kimi döyüşlərdə iştirak etmiş Məmməd
Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi
ərazisində bərpa və konservasiya işləri davam
etdirilir.
Mediaturda
iştirak edən jurnalistlər “Basqal” Qoruğu ərazisində
kəlağayı istehsalı emalatxanasında ustalarla
görüşərək ipəyin boyanması və kəlağayının
qəliblənməsi proseslərini yaxından izləyiblər.
Bildirilib ki, 2014-cü ildə “Qadın baş
örtüyü Kəlağayının hazırlanması və
simvolikası” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə
Reprezentativ siyahısına daxil edilib. Sonda qonaqlar Basqal mətbəxinin
incisi, Basqal halvasının hazırlanması prosesi ilə
tanış olublar.
“Lahıc”
Dövlət Tarix-Mədəniyyət Qoruğunda mediatur
iştirakçılarına bildirilib ki, qoruq Lahıc qəsəbəsinin
və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət
qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət
abidəsinin mühafizəsini həyata keçirir.
Buradakı abidələr arasında su dəyirmanı,
körpü, üç hamam, beş məscid və səkkiz
daş sütun var. Qoruq ərazisində dövlət
mühafizəsinə götürülmüş onlarla tarixi
yaşayış evi yerləşir.
Qeyd olunub ki, Qoruq ərazisində
30-a yaxın sənətkarlıq sahəsi inkişaf
etmişdir. Qəsəbənin mərkəzi küçəsi
sayılan Böyük küçə və ya Bazar
küçəsi sənətkarlar məhəlləsidir.
Lahıcın demək olar ki, bütün mis mağazaları,
emalatxanaları burada yerləşir. Turistlərin əsas ziyarət
etdiyi məhəllə “Lahıc” Qoruğunun bu hissəsidir.
Burada nəinki suvenir almaq, eləcə də sənətkarların
işinə onların emalatxanalarında canlı olaraq
tamaşa etmək mümkündür. XIX əsrdə 52 misgər
dükanı olan İsmayıllının Lahıc qəsəbəsi
tarixən mis məmulatlarının istehsalında xüsusi
yer tutub və bu gün də həmin ənənə yerli
ustalar tərəfindən uğurla davam etdirilir. Dəri məmulatlarının
istehsalı isə Lahıcda misgərlikdən sonra ikinci
peşədir. 2015-ci ildə “Lahıc misgərlik sənəti”
UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edilib.
Media mənsublarına “Lahıc”
Dövlət Tarix-Mədəniyyət
Qoruğunun ərazisində hazırda həyata keçirilən
bərpa-quruculuq işləri barədə də məlumat
verilib. Qeyd edilib ki, qoruq ərazisində Qoruq evinin
inşası tamamlanmaq üzrədir. Bundan başqa, turistlərin
və yerli sakinlərin rahatlığı üçün ərazidə
parkinq zonası yaradılır, geniş abadlıq işləri
görülür. Jurnalistlər mediatur çərçivəsində
buradakı qədim daş küçələri, Bəndəvan
məscidini, Hacı Gəray bulağını, “Lahıc”
Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək, misgərlik
və dəriişləmə sənəti ilə məşğul
olan ustaların iş prosesini izləməklə
Lahıcın memarlığı, sənətkarlıq tarixi
barədə zəngin məlumat toplayıblar.
Səfər müddətində media nümayəndələrinin maraq
doğuran sualları cavablandırılıb.
Orxan Vahidoğlu
İki sahil.- 2025.- 19 noyabr, ¹210.- S.8.