Tarixi missiya və milli kimliyin dirçəldilməsi
Türkoloji
Qurultay
Prezident
İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik
yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu
toplantının tarixi əhəmiyyətini yenidən gündəmə
gətirir
Türk
xalqlarının mədəni inteqrasiyasında xüsusi və
mühüm bir mərhələnin əsasını
qoymuş bu möhtəşəm Qurultay ilk növbədə
geniş vüsəti və böyük bir coğrafi məkanda
yaşayan çoxsaylı türk xalqları üçün
bir sıra taleyüklü məsələlərin
qoyuluşu, işlənib hazırlanması və
ardıcıl şəkildə gerçəkləşdirilməsi
baxımından müstəsna əhəmiyyət
daşıyır.
Belə
ki, məhz bu mötəbər məclisdə keçmiş
Sovetlər Birliyi məkanında yaşayan türk
xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası,
etnoqrafiyası və mədəniyyəti ilə bağlı
yaxın gələcək üçün
düşünülmüş bir sıra mühüm və əhəmiyyətli
qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya
keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə
işlənib hazırlanıb. I Türkoloji Qurultayın
Bakıda keçirilməsi tamamilə qanunauyğun idi.
Çünki həmin dövrdə bir sıra sahələrdə
olduğu kimi, türkologiya elmində də Azərbaycan
öndə gedirdi, birinci idi. Ölkədə bu istiqamətdə
tanınmış və nüfuzlu söz sahibləri, elm
adamları çoxdan bəri səmərəli fəaliyyət
göstərirdi. Təsadüfi deyil ki, keçən əsrin
70-ci illərində də nüfuzlu “Sovetskaya Türkologiya”
jurnalı məhz Bakıda nəşr edilməyə
başladı. Bu fakt Azərbaycanın və onun paytaxtı
Bakı şəhərinin postsovet məkanında
türkologiyanın mərkəzi kimi məşhurluğunun və
təsdiqinin ifadəsidir. Onu da qeyd etmək yerinə
düşər ki, sözügedən jurnal hazırda da
“Türkologiya” adı ilə Bakıda öz işini uğurla
davam etdirir.
I Bakı
Türkoloji Qurultayın nə dərəcədə möhtəsəm
və mötəbər bir tədbir kimi tarixi əhəmiyyət
daşıması haqqında əyani təsəvvür əldə
etmək üçün aşağıdakı faktlara diqqət
yetirək: Qurultayda 131 nəfər nümayəndə
iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin,
bütövlükdə Türk Dünyasının dili və
tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və
mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi.
Qeyd edək ki, Qurultay məşhur türkoloq Radlovun və
İsmayıl bəy Qaspıralının şərəfinə
keçirilib. Qurultayda V.Bartold, F.Köprülüzadə,
Ə.Hüseynzadə, A.Krımski, N.Poppe, N.Aşmarin kimi
tanınmış türkoloq-şərqşünas alimlərin
iştirakı da onun böyük əhəmiyyəti və
mötəbərliyindən xəbər verirdi. Qurultayda olan məruzələr
sırasında aşağıdakılar xüsusilə diqqətçəkicidir:
V.V.Bartold “Türk xalqlarının tarixinin müasir vəziyyəti
və öyrənilməsinin yaxın vəzifələri”,
S.F.Oldenburq “Türk xalqları arasında ölkəşünaslıq
işlərinin metodları”, A.A.Müller “Türk xalqlarının
təsviri sənəti haqqında”, F.Köprülüzadə
“Türk xalqlarının ədəbi dillərinin
inkişafı”, A.N.Samoyloviç “Türk dillərinin öyrənilməsinin
müasir vəziyyəti və yaxın vəzifələri”,
B.Çobanzadə “Türk ləhcələrinin yaxın
qohumluğu haqqında”, C.Məmmədzadə “Türk xalqlarının
əlifba sistemləri haqqında”, Kemanov “Türk dillərinin
tədrisi metodikasının əsasları”, N.Poppe “Türk
dillərinin altay dillərinin qarşılıqlı
qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti”
və s.
I Bakı
Türkoloji Qurultayında türk dillərinin aşağıdakı
yeddi böyük problemi müzakirə obyekti oldu və
müvafiq qərarlara imza atıldı: 1. Əlifba məsələsi;
2. İmla-orfoqrafiya problemi; 3. Termin məsələsi; 4. Tədris-metodika
məsələsi; 5. Qohum və qonşu dillərin
qarşılıqlı əlaqəsi və interferensiya
problemləri; 6. Türk dillərinin ədəbi dil problemləri,
o cümlədən, ortaq ədəbi dil məsələsi;
7. Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi
problemləri. Məlum olduğu kimi, Yaxın Şərqdə
əlifba islahatı məsələsi ilk növbədə
görkəmli Azərbaycan mütəfəkkiri, böyük
maarifçi Mirzə Fətəli Axundzadənin adı ilə
bağlıdır. İsmayıl bəy Qaspıralı,
Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə,
Məmmədağa Şahtaxtılı, Firidun bəy
Köçərli, Vəli Xuluflu da bu yöndə səmərəli
fəaliyyət göstərmişlər. Onu da qeyd edək ki,
Azərbaycanda hələ Qurultaydan öncə - 1922-ci ildə
Cəlil Məmmədquluzadənin rəhbərliyi altında
“Yeni yol” qəzeti latın əlifbası ilə nəşr
olunurdu. Eləcə də həmin il “Yeni türk əlifbası”
komitəsi yaradılaraq ona Azərbaycan SSR Mərkəzi
İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu
rəhbərlik edirdi. Hətta 20 oktyabr 1923-cü ildə Azərbaycan
hökuməti Yeni türk əlifbasının dövlət əlifbası
kimi qəbul edilməsi adlı qərar da
çıxarmışdı.Bununla belə, Azərbaycanda,
bütünlüklə latın əlifbasına keçid məsələsi
bir neçə il sonra gerçəkləşdi.
Azərbaycan
XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini
bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət
səviyyəsində hüquqi qiymət verildi və 2005-ci
ilin noyabr ayının 5-də Prezident İlham Əliyev həmin
tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi
haqqında Sərəncam imzaladı. Həmin Sərəncama
uyğun olaraq 2006-cı ildə Bakıda I Türkoloji
Qurultayın 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq
konfrans keçirildi. Prezident İlham Əliyevin 18 fevral
2016-cı il tarixli "Birinci Türkoloji Qurultayın 90 illik
yubileyinin keçirilməsi haqqında" Sərəncamına
əsasən, Azərbaycanda Birinci Türkoloji Qurultayın 90
illik yubileyi baş tutdu, bu da türkologiya sahəsində
görkəmli alimlərin xidmətlərini qeyd etmək və
türkoloji elmin inkişafına töhfə vermək məqsədi
daşıyırdı. Təsadüfi deyil ki, Qurultayın 100
il öncə təqdim etdiyi ideyalar bu gün Türk Dövlətləri
Təşkilatının (TDT) timsalında gerçəkləşməkdədir.
Belə ki, Qurultayın ortaq əlifbaya keçidlə
bağlı ideyaları 2024-cü ildə Türk Dövlətləri
Təşkilatı tərəfindən yaradılan Türk
Dünyası Ortaq Əlifba Komissiyasının iclasında qəbul
olunub. Prezident İlham Əliyev Türk dünyasını
bizim ailəmiz adlandırdırır, Azərbaycanın
Türk Dövlətləri Təşkilatına üzv
ölkə kimi Türk dünyasında qərarların qəbulunda,
birliyin, həmrəyliyin möhkəmlənməsində
mühüm rol oynadığını daim vurğulayır.
Bu ideoloji xəttin müasir mərhələdə davamı
kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı
xüsusi əhəmiyyət kəsb edir. Dövlət
başçısının Bakıda keçirilmiş I
Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi
haqqında Sərəncamı təkcə tarixi hadisənin
qeyd olunması deyil, həm də türk xalqlarının
ortaq köklərinə, mənəvi birliyinə və milli
yaddaşına verilən dərin dəyərin göstəricisidir.
Hər
bir yubiley, kimə və ya hansı hadisəyə həsr
olunmasından asılı olmayaraq, mahiyyət etibarilə
yaddaşın təzələnməsi, oyanması ilə əlamətdardır.
Lakin elə yubileylər var ki, xalqın, millətin və
ümumən mənsub olduğu etnosun tarixi taleyi ilə
fövqəladə dərəcədə bağlı olur.
Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında
Prezident İlham Əliyevin Sərəncamı da məhz bu qəbildəndir.
O, milli yaddaşın unudulmaz, qapanmaz və əbədi
yaşayacaq səhifəsini bir əsrdən sonra yenidən
açdı. Açdı ki, millətin övladları bu
tarixi öyrənsin, yadda saxlasın və Azərbaycan
xalqının, eləcə də bütün Türk
dünyasının gələcək yolunun hansı hədəfə
doğru yönəldiyini heç vaxt unutmasın.
Sevinc
Azadi
İki
sahil.-
2025.- 20 noyabr, ¹211.- S.8.