Suverenliyin hüquqi bünövrəsi

Azərbaycan Konstitusiyasıdır

 

Hər bir dövlətin mövcudluğunun və inkişafının hüquqi dayağı onun Konstitusiyasıdır. Konstitusiya milli dövlətçilik ideyasının, xalq iradəsinin və siyasi mədəniyyətin dayağıdır. Bu baxımdan Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası ölkənin tarixində dönüş nöqtəsi olmuş, müstəqil Azərbaycan dövlətinin siyasi və hüquqi əsaslarını formalaşdırmışdır.

Konstitusiya hüquqi iyerarxiyanın ən yüksək pilləsində dayanan əsas qanundur. O, dövlət quruluşunu, hakimiyyətin bölünməsi prinsipini, vətəndaşların hüquq və azadlıqlarını, dövlət orqanlarının fəaliyyət mexanizmini müəyyənləşdirir. Qanunvericilik sistemində Konstitusiyanın üstün mövqeyi onun tənzimlədiyi ictimai münasibətlərin dərinliyi və əhəmiyyətlilik dərəcəsi ilə izah olunur. Müasir demokratik dövlətlərdə Konstitusiya insan və vətəndaş hüquqlarının təminatçısı kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyası da bu prinsipə əsaslanaraq, hüquqi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin inkişafının və sosial ədalətin təmin olunmasının əsas hüquqi bazasına çevrilmişdir.

Azərbaycanın konstitusiya tarixinin başlanğıcı XX əsrin əvvəllərinə gedib çıxır. 1921-ci il mayın 19-da qəbul edilmiş ilk Azərbaycan SSR Konstitusiyası Sovet ideologiyasına uyğun şəkildə hazırlanmış, 1925 və 1978-ci illərdə yenilənmişdi. Lakin bu sənədlər suveren dövlət prinsiplərini əks etdirmirdi, mərkəzləşdirilmiş sovet idarəçiliyi sisteminə tabe idi. 1991-ci ildə müstəqilliyin bərpasından sonra ölkənin qarşısında əsas vəzifə milli dövlətçiliyin hüquqi-siyasi əsaslarını yaratmaq idi. Dövlətin idarəçilik mexanizmləri zəif idi, iqtisadi və siyasi sabitlik pozulmuşdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, müstəqil, hüquqi və demokratik dövlət quruculuğuna yönəlmiş islahatların müəllifinə çevrildi. Məhz Ümummilli liderin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycanın ilk müstəqil dövlət Konstitusiyası qəbul olundu. Bu sənəd xalqın iradəsinin birbaşa ifadəsi idi və hüquqi baxımdan Azərbaycan Respublikasının yeni tarixi mərhələyə keçidini rəsmiləşdirirdi. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

1995-ci il Konstitusiyası qəbul edildikdən sonra Azərbaycanın hüquq sistemi və dövlət institutları ardıcıl şəkildə bu sənədin prinsiplərinə uyğunlaşdırıldı. Müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, dövlət idarəçiliyinin institusional strukturunun modernləşdirilməsi, yerli özünüidarə orqanlarının yaradılması kimi mühüm proseslər məhz bu Konstitusiyanın nəticəsində həyata keçirildi.

Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsi hakimiyyətin mənbəyini müəyyənləşdirir.  I bənddə deyilir: Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.”

Bu norma xalq hakimiyyətinin təməl sütunudur. Burada “xalq” anlayışı etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan bütün vətəndaşların birliyini ifadə edir. Deyilir ki, xalq dövlətin suveren iradəsinin formalaşdırıcısı olmalıdır, yəni dövlət hakimiyyətinin legitimliyi yalnız xalqın razılığı və iştirakı ilə mümkündür. Dövlət orqanlarının səlahiyyətlərinin xalq tərəfindən dolayı (seçki yolu ilə) və ya bilavasitə (referendum vasitəsilə) verildiyini göstərir. Bu bənd həm də beynəlxalq hüququn prinsipləri ilə uzlaşır. Konstitusiyanın 1-ci maddəsinin ikinci bəndində “bu, beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir” ifadəsi dövlətin beynəlxalq hüquq subyekti kimi qəbul etdiyi öhdəliklərə hörmət prinsipini təsdiq edir. Bu, Azərbaycanın həm daxili suverenliyini, həm də beynəlxalq hüquqi sistemdə legitimliyini qoruyur.

Maddə 2. Xalqın suverenliyi I bənddə deyilir ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Burada “sərbəst və müstəqil öz müqəddəratını həll etmək” ifadəsi dövlətin daxili və xarici siyasətinin ən ali hüquqi prinsipi kimi çıxış edir. Bu norma həm də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş öz müqəddəratını təyinetmə hüququ prinsipi ilə səsləşir. Azərbaycan xalqının suveren hüququ iki formada həyata keçirilir, birbaşa demokratiya forması – ümumxalq səsverməsi (referendum) vasitəsilə, dolyaylı demokratiya forması – ümumi, bərabər və birbaşa seçki hüququ əsasında seçilmiş nümayəndələr vasitəsilə.

Bu mexanizmlər xalqın iradəsinin həm birbaşa, həm də nümayəndəlik yolu ilə ifadə olunmasına şərait yaradır.  Beləliklə, xalqın suverenliyi hüquqi reallıq kimi təsbit edilir. Azərbaycan dövlətinin idarəetmə forması olan demokratik respublika məhz bu maddədən qaynaqlanır.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 1 və 2-ci maddələrinin mahiyyəti, dövlətin demokratik legitimliyini, yəni xalqın iradəsinə əsaslanmasını təmin edir.

Ulu Öndər Heydər Əliyev demişdir: "Bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. O, Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin qurulmasını, ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir. Bu bizim özümüzün Konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır.

Yeni Konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə təqdim olunan Konstitusiya xalqın dövlət quruculuğu prosesində bilavasitə iştirakının real ifadəsi idi. Müzakirələr zamanı Konstitusiya layihəsinə minlərlə təklif daxil oldu və onların böyük hissəsi sənəddə əksini tapdı. Beləliklə, Konstitusiyanın qəbulu prosesi həm hüquqi, həm də ictimai baxımdan xalq iradəsinə əsaslanan demokratik mərhələ kimi tarixə düşdü. Eyni ildə noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə müstəqil dövlət Konstitusiyası ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.  Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Azərbaycanın milli dövlətçilik tarixində bu hadisənin əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmanla hər il noyabrın 12-si Konstitusiya Günü qeyd edilməyə başlandı. Hüquqi dövlətin əsas prinsiplərindən biri onların aliliyinin təmin edilməsidir. Məhz bu məqsədlə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya sisteminin vacib tərkib hissəsi olan Konstitusiya Məhkəməsi yaradıldı. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanun müstəqil məhkəmə orqanının hüquqi statusunu, səlahiyyətlərini və təşkilati strukturunu müəyyənləşdirdi.

1998-ci il iyulun 14-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə 7 hakim təyin olundu, iyulun 18-də də Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi təminatını təmin edən xüsusi Fərman imzaladı. Bununla da, Azərbaycan hüquq sistemində ali ədalət mühakiməsinin yeni bir qolu formalaşdı.

Dövlət idarəetməsi və ictimai münasibətlər sistemi daim dinamik inkişafda olduğundan, Konstitusiyanın da dövrün tələblərinə uyğun təkmilləşdirilməsi zərurətə çevrildi. Bu baxımdan, 2002-ci il avqustun 24-də keçirilmiş referendum mühüm dönüş mərhələsi kimi dəyərləndirilir. Həmin referendum nəticəsində 24 maddədə 29 dəyişiklik qəbul olundu. Bu dəyişikliklər, ilk növbədə, dövlətin sosial-iqtisadi bazasının gücləndirilməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquqlarının müdafiəsinə yönəldi. Demokratik idarəetmənin institusional əsaslarının möhkəmləndirilməsi və yerli özünüidarəetmənin hüquqi mexanizmlərinin genişləndirilməsi həmin dəyişikliklərin əsas məzmununu təşkil edirdi. 2009-cu il martın 18-də keçirilmiş növbəti referendumda 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik edilərək, Azərbaycan dövlətinin konstitusion modelində daha çevik, müasir idarəetmə mexanizmləri formalaşdırıldı. Dövlət başçısı, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya 29 maddə üzrə 41 əlavə və dəyişiklik edildi.  Bu islahatlar çərçivəsində vitse-prezident institutunun yaradılması, vətəndaş cəmiyyətinin inkişafına dəstək verən hüquqi bazanın formalaşması və dövlət orqanlarının məsuliyyətinin artırılması müasir idarəçilik modelinin mühüm elementlərinə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi, Azərbaycan xalqının suveren iradəsinin, milli birliyinin və dövlətçilik idealına sədaqətinin parlaq təcəssümü oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan dövlətçiliyinin suverenliyi real məzmunda bərpa olundu. Müzəffər Ali Baş Komandanın 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını qaldırarkən dediyi sözlər yüzilliklər boyu azərbaycanlı qanı daşıyan hər kəsin dillər əzbəri olacaq: "Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bu Qələbə xalq-iqtidar birliyinin konstitusion prinsiplər səviyyəsində gerçəkləşməsi idi. Xalq öz suveren hüququnu müdafiə etmək üçün bir amal ətrafında birləşdi, milli həmrəyliyin ən yüksək səviyyəsini nümayiş etdirdi. 10 noyabr 2020-ci ildə imzalanmış kapitulyasiya aktı ilə Ermənistan təslim oldu, Azərbaycan isə XXI əsrdə Zəfər paradı keçirən ilk dövlət kimi dünya siyasi tarixinə adını yazdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü, 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, hüquqi dövlət quruculuğu prosesində yeni strateji mərhələnin başlanğıcını simvolizə edir.

Bu qərar Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və 44 günlük Vətən müharibəsində Qələbənin 5 illiyi ilə səsləşən dərin siyasi və ideoloji məzmun daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının inkişaf mərhələləri göstərir ki, hər bir dəyişiklik və əlavə dövlətin müstəqilliyinin, suverenliyinin və xalqın rifahının təmin olunmasına yönəlib. Azərbaycan dövləti artıq postmüharibə dövründə suverenlik və hüquqi idarəetməni sintez edən yeni model qurur.

Müasir mərhələdə xalqın suverenliyi, dövlətin hüquqi ali rolu və liderlik institutu bir-birini tamamlayan strateji sütuna çevrilib. Prezident İlham Əliyevin siyasi iradəsi və konstitusion islahatlar nəticəsində Azərbaycan hüquqi dövlət, milli həmrəylik və suverenlik prinsipləri əsasında dayanıqlı inkişaf yolunu davam etdirir. Ölkə başçısı, Prezident İlham Əliyev qeyd etmişdir: "Dövlətlər zəif olmur, onların rəhbərləri zəif olur. Qələbə qazanmaq bacarığı isə yalnız güclü lideri olan dövlətlərə və xalqlara nəsib ola bilər".

 

Yunis Qurbanov,

Sumqayıt şəhər prokurorunun böyük

köməkçisi, kiçik ədliyyə müşaviri

 

İki sahil.- 2025.- 21 noyabr, ¹212.- S.7.