Peşəsinin
vurğunu…
Jurnalistika
Azərbaycan jurnalistikasının XX əsrdə
yüksəlişi, ədəbiyyatımızın 1960-1970-ci
illərdəki yüksəlişi ilə demək olar ki, eyni
dövrə təsadüf edir. Mənim yaşım o
dövrü dəyərləndirməyə yetməsə də,
jurnalist peşəsinin sirlərini, jurnalistikanın dəyərlərini
o dövrün tanınmış simalarından - Şirməmməd
Hüseynovdan, Tofiq Rüstəmovdan, Nəsir İmanquliyevdən,
Famil Mehdidən, Qulu Xəllillidən, Nurəddin Babayevdən
öyrənmiş, onların mühazirələrindən əxz
etmişəm.
Bu insanlar mənim də nümayəndəsi olduğum 1980-ci illərin jurnalistləri üçün peşə simvoluna çevrilmişdilər və onların dərsləri bizim fəaliyyətimizdə dərin bir iz buraxmışdı. Amma mənə qədər bu məktəbi 1970-ci illərin bir çox tanınmış jurnalist həmkarım keçmişdi və bu ustadlarımızdan həqiqi jurnalist olmağı, jurnalist kimi yaşamağı və yaratmağı öyrəniblər. Şəmsiyyə Kərimova o yaşlı həmkarlarımın bu gün də yaxşı tanınan, Azərbaycan mətbuatında söz sahibi olan görkəmli nümayəndələrindən biridir.
Mən jurnalistika fakültəsində təhsil alanda Şəmsiyyə artıq peşə yollarında qətiyyətli addımlar atmaqda, imzasını tanıtmaqda idi. Şəxsən tanımasam da, Azərbaycan Radiosunun “Gənclik” baş redaksiyasının efirə gedən verilişlərində adını tez-tez eşidir, “Azərbaycan gəncləri” qəzetində imzasını müntəzəm görürdüm.
İlk tanışlığımız yaxın bölgələrin birinə səfərdən başladı. Yaşı, təcrübəsi və imzası ölkə səviyyəsində tanınan həmkarımla yola nərdivan qoymaq üçün fakültəmizin ustad məzununun tələbəlik illərinə səyahət etdik. Əslində, mənim üçün həmişə maraqlı olan qadın jurnalistlərin bu əziyyətli peşəyə nədən gəlmələrinin cavabını bilavasitə Şəmsiyyə xanımın özündən eşitmək idi.
Çöhrəsinə təbəssüm
qondu və xatirələrin uzaq səyahətinə yola
düşdü. “Orta məktəb illərindən mütaliəyə
çox böyük
marağım vardı, - deyə Şəmsiyyə
xanım söhbətə başladı. – Kitablarla ünsiyyətimi
kamilləşdirəndən sonra mətbuata, dövrün qəzet
və jurnallarına üz tutdum. Bəzən elə
mövzulara rast gəlirdim ki, deyirdim bunu mən belə
yazmazdım. Sonra da məqalədəki mövzu ilə
bağlı öz baxışımı götür-qoy
edirdim. Bir gün də
qərar verdim ki, jurnalist olacağam”.
Bu, qəfil
bir qərar olmur. Şəmsiyyə orta məktəbin
yuxarı siniflərində oxuyanda
abunə olduğu “Azərbaycan gəncləri” qəzetinin
indiki Bakı Dövlət Universitsetinin Jurnalistika fakültəsi
ilə birgə “Jurnalist! Jurnalist? Jurnalist!” müsabiqəsi
elanı ilə rastlaşır. Özünü sınamaq,
sözünü ölkə mətbuatının səhifələrində
yazmaq qərarına gəlir. Çox keçmir ki, səliqə
ilə məktəbli dəftərinə yazdığı
“Çərkəz qızı Tellinin nağılı”
oçerkini zərfə qoyub qəzetin redaksiyasına göndərir.
Yaradıcılığının ilk nümunəsi
böyük uğur qazanır və qəzetin səhifəsində
işıq üzü görür.
Etiraf edim
ki, həyatda və dünyada baş verən hadisələr və
onları canlı olaraq ekrana gətirən, yazılı mətbuata
çıxaran jurnalistləri görəndə mən də
düşünürdüm ki, jurnalistika qadınlar
üçün çox təhlükəli ola bilər.
Çünki bu peşə böyük cəsarət, qətiyyət
və hətta bəzən öz həyatı bahasına olsa
da, həqiqəti insanlara çatdırmaq, açıqlamaq
istəyi tələb edir. Bu, o anlama gələ bilər ki, “bəli,
jurnalistika qadın işi deyil”. Bununla belə,
yarandığı dövrdən bu yana qadınlar həmişə
jurnalistikanı peşə seçiblər və bu sahədə
inanılmaz zirvələr fəth ediblər. Məsələn,
XIX əsrin 60-cı illərində bütün dünyaya
tanınan Nelli ləqəbli Elizabet Ceyn Kokran, Opra Uinfri,
Kristian Amanpur, Dayan Soyer və sairlərin adını çəkmək
olar ki, onlar peşəkarlıqları ilə bu sənəti ən
yüksək səviyyəyə qaldıra biliblər.
Şəmsiyyə
bəlkə də elə bu xanım jurnalistlərin parlaq fəaliyyətindən
ilham almışdı və beləcə, “qadın
üçün olmayan” bu peşə haqqında romantik
düşüncələri onu universitetin jurnalistika fakültəsinə
gətirib çıxarmışdı. Kimsənin
qınağına məhəl qoymayan gənc xanım ötən
əsrin 70-ci illərinin kiçik yaradıcı
laboratoriyasına çevrilmiş jurnalistika fakültəsində
təhsilini uğurla başa vurub arzusuna çatır.
Doğrudur, burada da səmimi, mehriban müəllimlərindən
bu peşənin heç də asan olmadığı fikirləri
ilə qarşılaşır. Amma bu fikirlər onu yolundan
döndərmək üçün deyil, peşəsinə sədaqətli
olmağa, cəmiyyətdə baş verənlərə
qarşı barışmaz mövqe nümayiş etdirməyə,
sözün dəyərini bilməyə və əlbəttə,
ləyaqətli jurnalist olmağa yönəldir.
Şəmsiyyə
xanım deyir: “İlk gündən ustadlarımızın bizə
təlqin etdiyi bir fikir
düşüncəmizə hakim kəsildi:
“Jurnalist öz dövrünün gerçək tarixini ən
tünd və obyektiv ştrixlərlə gələcəyə
daşımalıdır. Əgər bunu bacarmırsa, onun əməyinin
zərrə qədər dəyəri yoxdur”.
Şəmsiyyə
Kərimova harada işləməyindən asılı
olmayaraq, işə peşəkar münasibəti ilə
seçilib, dörün və zamanın tələblərinə
deyil, jurnalistikanın alqoritmlərinə uyğun fəaliyyət
göstərib. İstər radioda çalışarkən
hazırladığı reportajlarda, istər yazılı mətbuatda
qələmə aldığı publisistik məqalə və
oçerklərdə həqiqətən bu günü obyektiv
olaraq gələcəyə daşıyan, informasiya
adlandırıla bilən məhsul yaratmaq üçün
çalışıb. Onun qələmindən çıxan
hər bir məqalə geniş auditoriyaya maraqlıdır,
çünki müəyyən kreativliyə malikdir və
müəllifinin yaradıcı potensialını ortaya qoyur.
Şəmsiyyə öz yaradıcılıq
bacarıqlarını tam mənimsəyən və idarə
edən, ölkəsinin potensial maraqlarını həssaslıqla
tutmağı və reallığa çevirməyi bacaran
jurnalist nümunəsidir. O, öz
yaradıcılığının məsuliyyətini
yaxşı dərk edir.
Bir
müddət Azərbaycan radiosunun “Gənclik” baş
redaksiyasında onunla çalışanda bir çox
müsahibəsinin canlı şahidi oldum. Bu xanım jurnalistin
işində ən üstün cəhət təkcə sual
verməkdə deyil, həm də həmsöhbətini dinləmək
bacarığı idi. Bu, daha çox diqqətimi çəkirdi.
Mübahisələrə qatılmadan, hadisələrə
öz fikrini şərik etmədən qərəzsizlik
nümayiş etdirmədən və eyni zamanda müxtəlif
səssiz yollar tapmaq bacarığı – razılaşaraq
başını tərpətmək, təəccüblə
qaşını çatmaq, istehza ilə gülümsəmək
və ya qollarını açmaq – kiminsə
açıqlamasına münasibət bildirmək. Bunu
jurnalist məktəbi keçməyən, yazımın əvvəlində
adını çəkdiyim müəllimlərimizin ustad dərslərini
əxz etmədən kimsə əsla bacarmaz. Çünki bu
ustad müəllimlər Şəmsiyyə kimi bu məktəbi
keçən onlarla jurnalistə müxtəlif təbəqədən
olan insanlarla, müxtəlif ranqdan olan məmurlarla ünsiyyətdə
olarkən səmimi
və düzgün olmağı, qırmızı xəttləri
keçməməyi, səhvlərdən qaçmağı
bacarmağı öyrədiblər.
Əgər
mənə Şəmsiyyə xanımın jurnalist xarakterini
yığcam ifadə etmək tapşırığı
verilsəydi, mən belə deyərdim: Şəmsiyyə daha
çox maraq, empatiya, analitik təfəkkür, operativlik,
diqqətlik və məlumatı inandırıcı şəkildə
təqdim etmək bacarığı kimi keyfiyyətləri
özündə cəmləşdirən qadın jurnalist
obrazdır.
Şəmsiyyə
illər ərzində inkişaf etdirdiyi dəst-xətti,
üslubu ilə seçilən jurnalistdir. Mətbuatı
müntəzəm izləyən oxucu gözəl bilir ki, əgər
məqalənin müəllifi Şəmsiyyədirsə, onun
özünəməxsu ssüjet xətti olacaq, mövzu ilə
bağlı cəmiyyətin qəbul etdiyi ciddi mütəxəssis
ekspert seçəcək, ancaq onun işlətdiyi ifadələr
məqalədə yer alacaq.
Başqa
bir məqam. Jurnalist Şəmsiyyə Kərimovanın ən
qabarıq xarakteri həyatda baş verən hadisələrə
maraq və sərgilədiyi aktiv vətəndaş mövqeyi,
araşdırmalarını sonuna qədər aparmaq təmkinidir.
Faktları təhlil etmək, səbəb-nəticə əlaqələrini
görmək və nəticə çıxarmaq, vacib təfərrüatları
fərq etmək və hadisələrə tez cavab vermək
bacarığı onu müasir həmkarlarından ciddi fərqləndirən
xüsusiyyətlərdir.
Şəmsiyyə
ilə peşə mövzusunda polemika da həmişə belə
fikrini eşidirəm: “Mən heç vaxt ürəyimdən
gəlməyən bir şey yazmamışam və
yazmayacağam da”. Peşəkar jurnalist üçün bu,
çox mühüm məqamlardan biridir.
Şəmsiyyə
xanım bir insan kimi də çox cəsarətli, mütərəqqi
bir qadındır, həmişə insanlara kömək etməyə
can atır, risk etməkdən qorxmur və daim həqiqəti
axtarır. Elə yeri gəlmişkən deyim ki, Şəmsiyyə
bir insan kimi də sözün düzünü, nə qədər
sərt və acı olursa-olsun, üzə deyən mərd bir
qadındır.
Həyatımın
40 ilə yaxınını jurnalistikaya həsr etmiş bir
insan kimi deyirəm ki, bu peşə həyatda bənzəri
olmayan son dərəcə maraqlı bir peşədir. Əsas
özəlliklərindən biri budur ki, onu atmaq olmur. Əlbəttə,
əgər həqiqətən həmin peşənin
vurğunusansa. Şəmsiyyə xanım bu fikrimi eşidəndə
gülümsədi və dedi:
–
Düşüncələrimiz necə də üst-üstə
düşür. Bilirsiniz, bu, nəyə görə belədir?
Çünki bizim peşəmiz bizim həyatımızdır.
Günün 24 saatı biz jurnalistik və həmişə də
belə olacaq: işdə olanda da, evdə olanda da,
küçədə gəzəndə də. Nəzərimizi
bir hadisə çəkdimi, dərhal onu necə təqdim etmək,
necə yazmaq haqqında düşünürük...
– Səmimi
etiraf et, heç jurnalistikadan bezdiyin olubmu?- deyə xanım həmkarıma
sual edirəm.
– Desəm
yox, əsla düz olmaz. Sovetlər dağılanda çalışdığım
“Azərbaycan gəncləri” qəzeti bağlandı.
Çünki qəzet respublika Komsomol Komitəsinin orqanı
idi. Mən bunu yanlış addım saydım. Bu təşkilat
ömrünü başa vursa da, Azərbaycan gəncliyi
qalırdı, ömrünü
başa vurmamışdı ki. Sadəcə, tələbləri
dəyişib Rusiyada çıxan “Sobesednik”, “Komsomolskaya
pravda” kimi müstəqil qəzet nəşr etmək
mümkün idi. Bunun üçün kreativlik
çatmadı. Nə isə... Həmin ərəfədə
bütün ölkədə
ciddi gərginlik yaşanırdı və bunlar məndən
də yan keçmirdi. Mən də dedim, daha bəsdi, jurnalist
işləməyəcəyəm. Həqiqətən hadisələr
məni peşəmdən bezdirmişdi, məyus olmuşdum.
Bir müddət işləməmək qərarına gəldim
və sonra “yəqin ki, bir daha bu peşəyə
qayıtmayacağam” deyə düşündüm. Bir ay sonra
daxilimdə elə təlatümlər baş qaldırdı
ki, nə istədiyimi, hara getmək
istədiyimi düşünərək, analiz edərək
iş axtarmağa başladım. Anladım ki,
jurnalistikasız yaşaya bilməyəcəyəm. Bu, mənim
qanımda idi və ondan qaçmaq mümkün deyildi. Yenə
də bu peşəyə qayıtdım, çünki bu,
tamam başqa həyat tərzidir. Ona görə də
jurnalistikaya gedirsənsə, anlamalısan ki, sən bu sevginlə
əbədi yaşayacaqsan. İşinizdə müəyyən
nəticələr, uğurlar əldə edəndə bu, elə
bir zövq, elə bir xoşbəxtliyə çevrilir ki,
anlayırsan, başqa cür ola bilməz.
Əbədi
jurnalist, gözəl ifadədir, deyilmi? Bax, Şəmsiyyə
də bu əbədi jurnalistlərimizdən biridir. Müstəqil
düşüncə və azad fikirlilik 2005-ci ildə Şəmsiyyəni
müstəqil qəzet təsis etməyə sövq edir və
elə o vaxtdan da “Yeni təfəkkür” qəzetinin nəşrinə
başlayır. Bu yazımızı qələmə
aldığımız ərəfədə Şəmsiyyə
xanımın yaradıcılığının məhsulu
kimi, sözün əsl mənasında, insanları yeni,
müstəqil düşüncə tərzinə
çağıran “Yeni təfəkkür”ün
20 yaşı tamam olurdu. Bu hadisənin Şəmsiyyə
xanımın yubileyi il eyni vaxta təsadüf etməsinin özü rəmzi bir məna
daşıyır desəm, əsla yanılmaram.
Şəmsiyyə
xanım yaradıcılığı boyu bir çox
mükafata layıq görülüb. Amma adlarını
çəkməyə gələndə ən dəyərli
hesab etdiyi “Əməkdar jurnalist” fəxri adını qeyd
edir. Həmkarım bu ada 2010-cu ildə – Milli Mətbuatımızın
135 illiyində Azərbaycan Prezidenti İlham Əliyevin
müvafiq Sərəncamı ilə layiq görülüb. Zəhmət,
fədakar yaradıcılıq rəsmən
mükafatını alıb. Bu mükafatdan sonra Şəmsiyyə
daha böyük həvəslə fəaliyyətini davam
etdirir.
“Mən əminəm
ki, jurnalistika bəşəriyyətin yolunu
işıqlandıran məşəldir. Məhz onun sayəsində
cəmiyyət ətrafındakı reallıq haqqında məlumat
almaq imkanı qazanır və bu, onun ayrılmaz hüququdur”.
Hansısa məşhur jurnalistin dediyi bu fikrə tam şərikəm.
Amma onu əlavə etmək istəyirəm ki, jurnalistika məşəldirsə,
bu məşəli qaldırıb qaranlıqları yaran
jurnalistlərdir, həm də bütün varlığı
ilə bu peşəyə bağlı olan Şəmsiyyə
Kərimova kimi əbədi jurnalistlər. Nə qədər
ki, belə əbədi jurnalistlər var, o məşəl heç
vaxt sönməyəcək.
İlqar
Rüstəmov,
“Xalq qəzeti”nin məsul
katibi, Əməkdar
jurnalist
İki
sahil.- 2025.- 22 noyabr, ¹213.- S.6.