Dostluq və əməkdaşlıq
münasibətlərimizin,
birliyimizin, həmrəyliyimizin təzahürü
Dövlət başçısı İlham
Əliyev «Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq
edilməsi» mövzusunda
D-8 Media Forumunun iştirakçılarına
müraciətində bir
daha bildirdi ki, Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri
ilə çoxşaxəli
tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına
çevrilib
Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu göz qabağındadır. Ölkəmiz ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafına xüsusi önəm verir, yeni əməkdaşlıq formatlarının yaradılmasının müəllifi kimi çıxış edir. Dövlətimizin başçısı İlham Əliyevin hər ilin əvvəlində yeril televiziya kanallarına müsahibəsi ötən ilin uğurları fonunda qarşıdakı dövrün çağırışlarının təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsinə diqqəti yönəldərək bildirmişdir ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.
Təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı. Türkiyənin
təşəbbüsü ilə və səkkiz ölkədən
ibarət idi. Bu illər ərzində
əlavə üzv qəbul edilməmişdi.
Birinci genişlənmə
qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin
nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman
ölkələrini birləşdirən
ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının
60 faizini təşkil
edən bir təşkilatdır. Əgər
biz bu təşkilatın
ümumi daxili məhsulunu götürsək,
bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi
var və məhz Azərbaycan yeni üzv seçildi.
Əlbəttə ki, bu, Azərbaycan üçün həm böyük şərəfdir,
həm də böyük məsuliyyətdir.
D-8 İqtisadi Əməkdaşlıq
Təşkilatının məqsədi
üzv ölkələr
arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirmək, sosial və mədəni əlaqələri
gücləndirməkdir.
Azərbaycanın quruma üzvlüyü uğurlu siyasətinin, beynəlxalq münasibətlər
sistemində möhkəmlənən
mövqeyinin, söz sahibliyinin nəticəsidir.
Azərbaycanın bu təşkilata üzvlüyü digər
üzv ölkələrlə
ticarət əlaqələrini
artırmağa, xüsusən
də enerji, kənd təsərrüfatı,
sənaye və texnologiya sahələrində
daha çox imkan əldə etməyə kömək edəcək. Azərbaycanın
böyük investisiyalar
məkanı kimi mövqeyini daha da möhkəmləndirəcək.
Bu fakt inkaredilməzdir
ki, Azərbaycan beynəlxalq aləmdə böyük investisiyalar məkanı kimi diqqətdədir. Hazırda
ölkə iqtisadiyyatına
yatırılan investisiyaların
həcmi 350 milyar dollara yaxındır. Bunun 200 milyard dolları qeyri-neft sektoruna yönədilib. İqtisadiyyatın düzgün
əsaslar üzərində
qurulması Azərbaycanın
dayanıqlı inkişafının
təmin edilməsində
əsas faktorlardan biridir. Yaxın gələcəkdə Qarabağın
və Şərqi Zəngəzurun malik olduğu iqtisadi resurlarından səmərəli
istifadə ölkəmizin
dayanıqlı inkişafına
töhfələr verməklə
yanaşı, iqtisadi əlaqələrin coğrafiyasını
genişləndirəcək. Azərbaycanın hazırkı
dövrdə əsas hədəflərindən biri
ixrac imkanlarını
genişləndirməkdir. D-8 təşkilatına üzvlük
bu sahədə də imkanlar yaradacaq. Ölkəmiz texnoloji inkişafı, müasir çağırışları
yüksək səviyyədə
yerinə yetirməsi,
daim yeniliyə, təkmilləşməyə meyill
olması ilə dünyanın diqətindədir.
Davamlı inkişafa
yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafı və tətbiqidir. İqtisadiyyatın
inkişafı elmin və yeni texnologiyaların
inkişafı ilə
zəncirvari bağlıdır.
İKT son illər sürətlə inkişaf
edərək iqtisadiyyatın
aparıcı sahələrindən
birinə çevrilmiş,
ölkənin iqtisadi,
sosial və mədəni inkişafına,
dövlət idarəçiliyinin
təkmilləşdirilməsinə və bütövlükdə
ictimai həyatın demokratikləşməsinə mühüm
töhfələr vermişdir.
Ölkə əhalisinin
85 faizdən çoxu
internet istifadəçisidir.
Bu göstəricilərə
görə Azərbaycan
MDB və Mərkəzi
Asiyada liderdir. Azərbaycanda internet mediasının inkişafı
və müasir texnologiyalardan istifadə geniş vüsət alır. İKT sahəsində
əlverişli biznes,
investisiya mühiti mövcuddur və həyata keçirilən
liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə
genişlənməkdədir. Bunun nəticəsidir ki, bir çox
maliyyə qurumlarının,
xüsusilə Azərbaycanı
ən islahatçı
ölkə kimi dəyərləndirən Dünya
Bankının, həmçinin
Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur. Müstəqil Azərbaycan
dövləti sürətlə,
hərtərəfli inkişaf
edir və artıq kosmik klubun üzvüdür. Bu gün Azərbaycan
dünyada müasir texnologiyaların inkişafında
öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində
təkcə region deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və
təşkilatçısıdır. Ölkəmizdə ənənəvi
olaraq hər il keçirilən “Bakutel” Beynəlxalq Sərgi və Konfransının Xəzəryanı
və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən
birinə çevrilməsi,
ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının
tərkibinin genişlənməsi
də deyilənlərin
təsdiqidir. Dünyanın
texnoloji gündəliyinin
Azərbaycanda müzakirə
olunması bir daha bu sahədə
malik olduğumuz imkanların təqdimatıdır.
«XX əsr texnoloji mübarizə əsridir və bizim kadr
potensialımız, texniki
imkanlarımız buna
hazır olmalıdır»
söyləyən dövlət
başçısı İlham
Əliyev bu əminliyi də ifadə edir ki, genişmiqyaslı beynəlxalq tədbirlərin
keçirilməsi istiqamətində
son illər ərzində əldə edilmiş təcrübə
bütün məqamları
özündə ehtiva
edir.
Prezident İlham
Əliyev bu günlərdə Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illik
yubileyinə həsr olunmuş yığıncaqdakı
çıxışında da bu məsələyə
xüsusi diqqət yönəltdi. Azərbaycanda
təhsilin, elmin inkişafından, alimlərimizin
ölkəmizin tərəqqisinə
verdikləri davamlı
töhfələrdən geniş
bəhs edildi.
İllər keçdikcə qarşıda
duran vəzifələr
də dəyişir. Hazırda hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini
onun texnoloji imkanları şərtləndirir.
Dövlət başçısının
çıxışında bildirdiyi kimi, bu gün bunu
iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə görürük.
Cənab İlham Əliyev bu çağırışı etdi ki, ona
görə texnoloji inkişaf üçün
əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük
vəzifə düşür.
Azərbaycan dövlətinin
üzərinə böyük
vəzifə düşür
ki, bu texnoloji
inkişafı bütün
sahələrdə tətbiq
edək və beləliklə, bizim inkişafımız dayanıqlı
olsun. Hər bir ölkənin inkişafını təbii
resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Təbii resurslar sadəcə olaraq bir vasitədir, bir imkandır. Təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəltməklə gələcəkdə
inkişafımızı dayanıqlı
etmək olar. Təbii sərvətlər
tükənən sərvətlərdir.
Tükənməz sərvət
isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır.
Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər.
Bu baxımdan
texnologiya və innovasiya sahəsində əlaqələrin gücləndirilməsi,
sosial-mədəni layihələrin
icrası da Azərbaycanın D-8 təşkilatı
daxilində mövqelərini
möhkəmləndirməsində əhəmiyyətli rol oynayacaq. Qeyd etdiyimiz kimi, Azərbaycan texnoloji yenilikləri ilə daim dünyanın diqqətindədir. Hazırda
işğaldan azad edilmiş ərazilərimizdə
aparılan bərpa-quruculuq
işləri, müasir
idarəçilik sisteminin
tətbiqi də bunu bir daha
təsdiqləyir. Azərbaycan
bütün bu imkanlardan səmərəli
istifadə edərək
həm quruma üzv dövlətlərə,
həm də onlarla əməkdaşlığın
genişləndirilməsinə böyük töhfələr
verə bilər. Əlverişli geosiyasi mövqedə yerləşən,
geniş iqtisadi potensiala və müasir nəqliyyat infrastrukturuna malik olan Azərbaycan özünü etibarlı
regional mərkəzlərdən
biri kimi artıq təsdiqləyib.
Avropa ilə Asiyanın qovuşağında
yerləşən ölkəmiz
həyata keçirdiyi
enerji və nəqliyyat layihələri
ilə ölkələri,
xalqları bir araya gətirir, onlar arasında körpü rolunu oynayır. Azərbaycan, eyni zamanda, müxtəlif
mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərə davamlı
töhfələr verən
ölkə kimi tanınır və nüfuz qazanır. Məhz bu amillər
ölkəmizin D-8 təşkilatına
üzvlüyünü şərtləndirdi.
Azərbaycanın diplmatik
təcrübəsi hədəflərə
doğru inamla irəliləməsində, beynəlxalq
nüfuzunun artmasında
əhəmiyyətli rol
oynayır. Dövlət
başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, bu
gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir
və dəstəkləyir.
Əgər belə olmasaydı, 155 ölkə
bizi BMT Təhlükəsizlik
Şurasına üzv
seçməzdi. Əgər
belə olmasaydı,
120 ölkə bizi Qoşulmama Hərəkatına
sədr seçməzdi.
Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının
Azərbaycanda keçirilməsi
ilə bağlı qərar qəbul etməzdi.
Azərbaycanın D-8-ə üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində,
İslam dəyərlərinin
dünyada təbliğində
və İslamofobiya ilə mübarizə sahəsində böyük
töhfə kimi də dəyərləndirildi.
Dövlət başçısı
İlham Əliyevin qeyd etdiyi kimi,
Azərbaycan həmişə
müsəlman aləminin
dəyərli üzvü
olub. Bütün dövrlərdə bu təşkilat,- hansı ki, bütün müsəlman ölkələrini
birləşdirir, -Azərbaycanla
bağlı çox müsbət fikirdə olub. Azərbaycanın İslam həmrəyliyi ilə bağlı addımları, Azərbaycanda
İslam dininə olan hörmət, dinlərarası münasibətlər,
müsəlman ölkələrinin
xətti ilə bir çox tədbirlərin keçirilməsi,
o cümlədən IV İslam
Həmrəyliyi Oyunlarının
keçirilməsi bunun
bariz nümunəsidir.
«Biz bütün beynəlxalq təşkilatlarda,
o cümlədən BMT-də
daim müsəlman ölkələrinin maraqlarını
müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər
hansısa təşkilatda
rəhbər vəzifəyə
seçim keçirilirsə
və orada müsəlman ölkəsinin
nümayəndəsi varsa,
mütləq avtomatik olaraq, o nümayəndəyə
səsimizi veririk. Yəni, bu, mənim göstərişimdir
və bir dəfə verilmiş göstəriş, yenə
də deyirəm, avtomatik həll olunur. Biz bir
çox müsəlman
ölkələrinə yardımlar
etmişik. Düzdür,
biz bununla öyünmürük və
edəndə də bunu çox da işıqlandırmırıq»
söyləyən cənab
İlham Əliyev onu da qeyd
edir ki, bütün müsəlman
ölkələrinin maraqlarını
biz öz maraqlarımız kimi qəbul edirik. Bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi
siyasətindən sonra
birinci seçim Azərbaycan olmuşdur: «Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır.
Bax, dediyim İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə
alınıbdır və
eyni zamanda, bu təşkilat öz coğrafiyasını
da genişləndirir.
Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq.»
Yada salaq
ki, dövlət başçısı İlham
Əliyev Azərbaycanın
D-8 təşkilatına üzv
qəbul edilməsi ilə bağlı sosial şəbəkə
hesablarında paylaşımında
İqtisadi Əməkdaşlıq
Təşkilatının (D-8) Zirvə toplantısı zamanı Azərbaycanın
təşkilata üzv
qəbul edilməsinə
görə Türkiyə,
Pakistan, Misir, İran,
İndoneziya, Malayziya,
Nigeriya və Banqladeşin dövlət
və hökumət başçılarına təşəkkür
edərək bu mühüm addımı,
diplomatik uğuru, Azərbaycanın namizədliyinə
dəstəyi üzv ölkələr ilə səmimi dostluğun və əməkdaşlığın
göstəricisi kimi qeyd etmişdir. Türkiyənin təşəbbüsü
ilə yaradılmış
D-8 təşkilatı 30 ilə
yaxındır ki, fəaliyyət göstərir
və ilk dəfə olaraq genişlənmə ilə
əlaqədar qərar
qəbul olunub. Bu, bizim üçün
qürur mənbəyidir.
Dövlətimizn başçısı
belə bir əminliyi ifadə etmişdir ki, Azərbaycan digər ölkələrlə birlikdə
təşkilatın daha
da inkişafı, İslam həmrəyliyinin
gücləndirilməsi üçün
öz səylərini
əsirgəməyəcək.
Ölkəmizin D-8-ə üzvlüyü bir daha sübut etdi ki, Azərbaycan
hazırda sürətlə
inkişaf edən, davamlı ictimai-siyasi sabitliyə malik, yüksək iqtisadi göstəricilərə nail
olan və dünya ictimaiyyətinin rəğbətini qazanan dövlətlərdəndir. Təşkilatın
yeni hədəfləri
«2020-2030 illər üçün
yol xəritəsi» sənədində əks
olunub. D-8 təşkilatına
üzvlük Azərbaycanın
beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açır.
Bakıda D-8 İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv
dövlətlərin media
sahəsinə məsul
qurumlarının və
aparıcı media subyektlərinin rəhbərlərinin,
digər yüksəkvəzifəli
nümayəndələrin və sahə üzrə tanınmış
ekspertlərin iştirakı
ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq
edilməsi” mövzusunda
D-8 Media Forumu keçirildi.
D-8 Media Forumu olduqca böyük əhəmiyyət
kəsb edən bir platformadır. Forum ölkələrimiz arasında
mövcud olan dostluğun, əməkdaşlığın
və qarşılıqlı
etimadın bariz təzahürüdür. Dayanıqlı
həllər isə hər bir ölkənin
öz reallıqlarından
irəli gəlir. Məhz buna görə də, medianın inkişafı sahəsində əməkdaşlıq
bizim üçün
strateji önəm daşıyır.
Dövlət başçısı İlham
Əliyev «Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq
edilməsi» mövzusunda
D-8 Media Forumunun iştirakçılarına
müraciətində bildirdi
ki, bu Forumun
Azərbaycanın təşəbbüsü
ilə birinci dəfə Bakı şəhərində keçirilməsi
mühüm hadisədir.
Əlamətdar haldır
ki, otuz ilə yaxın müddət ərzində
fəaliyyət göstərən
bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata
üzv olan hər bir ölkə
ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin,
birliyimizin və həmrəyliyimizin təzahürü
idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv
olan dövlətlər
ortaq dini-mədəni
dəyərləri bölüşürlər.
Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri
ilə mübarizə
və enerji təhlükəsizliyi kimi
mühüm sahələrdə
inkişafı irəli
aparmaq üçün
geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri
ilə çoxşaxəli
tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına
çevrilmişdir.
Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı
ilə bağlı səylər göstərir.
Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində
özünü büruzə
verir. Azərbaycanın
D-8-ə üzvlüyə qəbul
edilməsindən ötən
bir ilə yaxın müddət ərzində ölkəmizin
təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin
QHT-lərinin ilk dəfə görüşü
təşkil olunmuş,
D-8 Həftəsi çərçivəsində
“D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u
baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat
çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə
öz töhfəsini
verməyə davam edəcək.
Cənab İlham
Əliyev həmin müraciətində dost ölkələrin ictimai-siyasi
xadimlərini, kommunikasiya
üzrə mütəxəssislərini,
media nümayəndələrini
bir yerə toplayan bu Forumun
qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə
çatmaq üçün
səmərəli platforma
olacağına inamımı
ifadə edirək bildirdi ki, qlobal
böhranlar, bəşəriyyət
qarşısında duran
yeni sınaqlar və çətinliklər
dövründə ölkələrimizin
bir-birinə qarşılıqlı
dəstək göstərməsi,
o cümlədən media
sahəsində həmrəyliyi
nümayiş etdirməsi
olduqca vacibdir. Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq
münasibətlərin, ictimai
rəyin və iqtisadi inkişafın əsas hərəkətverici
qüvvəsinə çevrilərək
xalqlar arasında etimadın və anlayışın formalaşmasında
mühüm rol oynayır.
Hazırda media mühiti sürətli
transformasiyaya məruz
qalır. Təəssüflər
olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər,
süni intellektin imkanlarından sui-istifadə
və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin
imicinə, daxili həyatına ciddi təsir göstərməklə
yanaşı, bütövlükdə
beynəlxalq sabitliyə
zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən
D-8 Media Forumunun əsas
vəzifələrindən biri doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün
üzv ölkələrin
media qurumları arasında
etibarlı əməkdaşlığın
formalaşdırılmasıdır.
Yeganə Əliyeva
İki sahil.- 2025.- 22 noyabr, ¹213.- S.2.