Hərbi-diplomatik Qələbənin
təntənəsi
Böyük
Qayıdış
Bir güllə belə atılmadan 2020-ci il
noyabr ayının 25-də Kəlbəcərin işğaldan
azad edilməsi Ali Baş Komandan İlham Əliyevin tarixi,
siyasi qələbəsi kimi xalqımızın Zəfər
salnaməsinə əbədi həkk olunub
Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin 2023-cü il iyulun 31-də
imzaladığı Sərəncama əsasən, 25 noyabr Kəlbəcər
Şəhəri Günü kimi qeyd olunur. Beş il öncə,
qırx dörd günlük Vətən müharibəsində
ölkə başçısı İlham Əliyevin sərkərdəliyi
ilə ordumuzun şanlı Zəfəri Ermənistanı
kapitulyasiya aktını imzalamağa və əraziləri
boşaltmağa məcbur etdi.
Beləliklə, Kəlbəcər və
Laçın rayonları, Ağdam rayonunun işğal
altında qalan hissəsi bir güllə atılmadan mərhələli
şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli
Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər
şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış
məntəqəsi işğaldan azad edildi. Qırx dörd
günlük döyüşlərdən sonra qazanılan Qələbə
onilliklər boyu davam edən işğala son qoyaraq, ölkənin
tarixində yeni bir səhifə açdı.
Kəlbəcərin azad edilməsi bu müharibənin
həlledici mərhələlərindən biri idi. Belə, ki
Kəlbəcərin azadlığı Ermənistanın
işğalçı qüvvələrini ən
mühüm kommunikasiya xəttindən məhrum etdi. Məlumdur
ki, rayon keçmiş Dağlıq Qarabağ regionu ilə Ermənistanı
birləşdirən ən mühüm nəqliyyat
arteriyası olan Laçın dəhlizinə nəzarəti təmin
edirdi. Bu dəhlizin kəsilməsi işğal
altındakı erməni qüvvələrinə hərbi
texnika, silah və ehtiyatların axınının kəskin
şəkildə pozulması demək idi. Beləliklə, Azərbaycan
Ordusu düşmənin arxa cəbhəsini kəsərək,
onu mühasirəyə almaq və digər istiqamətlərdəki
hərbi əməliyyatları sürətləndirmək
üçün fürsət əldə etdi. Bununla
yanaşı, Kəlbəcərin azadlığı Azərbaycanın
təhlükəsizlik mövqeyini əsaslı şəkildə
gücləndirdi. İşğal dövründə rayonun
yüksək dağlıq ərazisi Ermənistan ordusu tərəfindən
Azərbaycanın Gəncə, Tərtər və Goranboy kimi
böyük şəhərlərini təhdid etmək
üçün istifadə
olunurdu. Bu təhlükənin aradan qaldırılması ilə
ölkənin mərkəzi hissələrinin təhlükəsizliyi
təmin edildi və Ermənistanın uzunmüddətli hərbi
təhdidi sıradan çıxarıldı. Bu, yalnız hərbi
deyil, həm də psixoloji qələbə idi.
Kəlbəcəri azadlığına
qovuşduran və 2021-ci ilin avqustunda bu ulu diyara ilk səfərini
edən Müzəffər Ali Baş Komandan İlham Əliyev
bəyan etdi ki, bölgəni cənnətə çevirəcəyik.
Qalib lider İlham Əliyevin bu xoş xəbərindən
ötən qısa zaman dönəmində Kəlbəcərdə
böyük quruculuq, bərpa işləri həyata
keçirilib, yeni sosial-iqtisadi obyektlərin təməlləri
atılıb, uğurlu açılışlar edilib. Dövlət
başçısının birbaşa nəzarəti
altında bu ərazidə infrastruktur layihələr gerçəkləşdirilir,
yollar, tunellər çəkilir, su-elektrik stansiyaları
qurulur, kompleks işlər görülür. Təməli
Prezident İlham Əliyev tərəfindən qoyulan
Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində
Murov dağında inşa olunan 11,6 kilometrlik tunelin özü
bu ərazidə həyata keçirilən misilsiz işlərdən
yalnız biridir. 2023-cü il mayın 27-də - Müstəqillik
Günü ərəfəsində yolunu yenidən Kəlbəcərdən
salan xilaskar lider İlham Əliyev Kəlbəcər rayonunda
ilk kəndlərin - Yanşaq və Zalların, eləcə də
Kəlbəcər şəhərində ilk
yaşayış məhəlləsinin təməlini qoydu.
Ötən ilin sentyabrında birinci xanım Mehriban Əliyeva
ilə birgə Kəlbəcərə növbəti səfərini
edən Prezident İlham Əliyev rayonda yeni
açılışlar etdi, bünövrələr atdı.
Bu səfər zamanı dövlətimizin
başçısı Kəlbəcər şəhərində
ikinci yaşayış kompleksinin, inzibati binanın, İstisu
qəsəbəsinin təməlini qoydu. Həmçinin
"İstisu" mineral su zavodunun açılışı
edildi.
Prezident İlham Əliyevin 2025-ci ildə Kəlbəcərə
səfəri bir tərəfdən Azərbaycanın hərbi-siyasi
Qələbəsinin davamlı təsdiqi, digər tərəfdən
isə işğaldan azad edilmiş ərazilərin bərpası
istiqamətində dövlət siyasətinin real təzahürü
kimi dəyərləndirilir. Bu səfər Böyük
Qayıdış Proqramı çərçivəsində
reallaşan növbəti addımlardan biri idi. Dövlət
başçısı səfər çərçivəsində
Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq
işləri ilə tanış oldu, bir sıra sosial,
infrastruktur və iqtisadi layihələrin
açılışında iştirak etdi, yeni yolların,
körpülərin, elektrik və su təchizatı sistemlərinin
istifadəyə verilməsi, həmçinin kəndlərin bərpası
istiqamətində görülən işlər barədə
məlumatlandırıldı. Prezident İlham Əliyev Kəlbəcərin
zəngin təbiəti, strateji mövqeyi və böyük
iqtisadi potensialının reallaşdırılması
üçün dövlət tərəfindən
bütün zəruri addımların
atıldığını vurğuladı: “Birinci mərhələdə
“Böyük Qayıdış” Proqramı çərçivəsində
Kəlbəcər şəhərində dörd
yaşayış kompleksinin inşası nəzərdə
tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii
ki, lazım olan bütün digər infrastruktur layihələri
də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib,
yollar salınıb, minalardan təmizləmə işi
aparılıb”.
Prezident İlham Əliyev Kəlbəcərin
yaxın gələcəkdə Azərbaycanın turizm, kənd
təsərrüfatı və enerji mərkəzlərindən
birinə çevriləcəyini xüsusi qeyd edib. Bu, sadəcə
tikinti-quruculuq deyil, əslində Böyük
Qayıdış Proqramının reallığa çevrilməsi,
doğma yurdlarından didərgin düşmüş
insanların yeni həyatına verilmiş vəsiqədir.
Sevinc Azadi
İki sahil.- 2025.- 25 noyabr, ¹214.- S.4.