Cəmiyyətin
inkişaf yolu
məktəbdən
başlayır
Cəmilə İbrahimova: Yaxşı müəllim
peşəsini sevən, geyim və davranış tərzi ilə
nümunə göstərən, mehriban, gülərüz, ədalətli,
daim öz üzərində çalışan və çəkilən
əziyyətin nəticəsini görən, ən əsası
isə şagirdlərinin sevgisini qazanan insandır
Müəllimlik təkcə bir peşə
deyil, ömür boyu insanlara yol göstərmək, onların
şəxsiyyətini formalaşdırmaq və gələcəyə
hazırlamaq sənətidir. Bu müqəddəs peşəyə
ömrünü həsr edən insanlar cəmiyyət
üçün əvəzolunmaz dəyər
daşıyır. Bakı şəhərinin Nizami
rayonundakı Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin
fizika müəllimi Cəmilə İbrahimova da məhz belə
müəllimlərdəndir. O, müsahibəsində müəllimliyin
müqəddəsliyi, şagirdlərin həyatında
buraxdığı iz, pedaqoji fəaliyyətin gətirdiyi
çətinliklər, həmçinin qazandığı
uğurlar və yaşadığı ilhamverici anlar
haqqında danışdı.
-Əvvəlcə özünüzü təqdim
etməyinizi istərdik…
- 27 yanvar 1977-ci ildə Ağdaş şəhərində anadan olmuşam. İlk təhsilimi Ağdaş şəhərindəki Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə almışam. 1993–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini fizika ixtisası üzrə bitirmişəm. 2001-ci ildən Bakı şəhərinin Nizami rayonundakı Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə fizika müəllimi kimi fəaliyyət göstərirəm. 24 illik pedoqoji fəaliyyətim ərzində “Kiçik Akademiya”nın (məktəb və ya liseylərdə fəaliyyət göstərən əlavə təhsil və intellektual proqram) rəhbəri olmuşam. Bu dövrdə şagirdlərim fənn müsabiqələrində, olimpiadalarda və beynəlxalq yarışlarda uğurlar qazanmış, bir çoxu isə ABŞ və Almaniyanın nüfuzlu universitetlərində təhsil almışdır. Şagirdlərimdən bir neçəsi məktəbi qızıl medalla bitirmiş, bu il isə bir şagirdim Dövlət İmtahan Mərkəzinin IV ixtisas qrupu üzrə qəbul imtahanında ən yüksək bal toplayaraq respublika birincisi olmuşdur.2025-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanında 54 bal, müsahibə mərhələsində isə 37 bal toplamışam. Həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən “Onlayn dərs” müsabiqəsinin qalibi olmuşam. Uğurlarımın hər biri mənim üçün önəmlidir,çünki hər bir uğurun arxasında böyük əziyyət və zəhmət dayanır.
- Niyə məhz müəllimlik peşəsini
seçmisiniz?
-Müəllimlik ali və şərəfli peşədir. Müəllim olmaq kimə, nəyi və necə öyrətməyi bilmək, başqasının övladını öz övladın kimi yetişdirmək, onlara yol göstərmək deməkdir. Bu peşəyə sahib olmaqla cəmiyyətə daha çox faydalı ola bilərsən. Mən də bu peşəni seçərkən istədim ki, başqalarının həyatında bir iz qoyum.
- Müəllimliyin çətin və asan tərəfləri
hansılardır?
-Hər bir şagird fərqli ailədə və fərqli mühitdə böyüyür. Buna görə də onların düşüncələri, maraqları və öyrənmə üsulları da fərqlidir. Şagirdlərlə işləməyin çətin tərəfi, onların maraqlarına və fərdi xüsusiyyətlərinə uyğun təlim metodlarını seçməkdə olur. Asan tərəfi isə, onların inkişafını izləmək və əldə etdikləri uğurlarda pay sahibi olmaqdır.
- İlk dərs gününüzü necə
xatırlayırsınız?
-Həyatımda unudulmaz anlar çox olub, amma ilk dərs günümü indiki kimi xatırlayıram. İlk dərsim 7-ci sinifdə idi. Şagirdlərimi görmək üçün necə də həvəslənirdim! Sinifə daxil olduğum an ürəyimdə qəribə bir hiss yarandı — həm həyəcan, həm də məsuliyyət hissi. Şagirdlərin maraqlı və diqqətli baxışları ilə qarşılaşdım. Lövhənin qarşısında durub ilk cümlələrimi dediyim an həyəcanım bir anda keçdi və dərsin içində özümü tam tapdım. O gün həm qürurlu, həm də ümid dolu bir gün idi; bu siniflə birlikdə başlayacaq yeni yolun ilk addımı idi.
- Pedaqoji fəaliyyətiniz dövründə
heç vaxt unutmadığınız bir xatirənizi
bölüşə bilərsinizmi?
-Maraqlı xatirələrim çox olub, amma ən yaddaqalanlardan biri başqa məktəb müəllimləri və rəhbərləri üçün nümunəvi dərs keçdiyim gündür. Sinifdə yalnız şagirdlərin yox, həmkarlarımın və rəhbərlərin də diqqəti mənim üzərimdə idi. İlk anlarda həm həyəcan, həm də məsuliyyət hiss edirdim — hər şeyin uğurlu keçməsini istəyirdim. Dərs başlayanda və mövzunu izah etdikcə içimdə həm qürur, həm də böyük motivasiya hissi yarandı. Dərs çox uğurlu keçdi və həmin an mənim üçün böyük rahatlıq və qürur mənbəyi oldu.
- Əgər müəllim
olmasaydınız, hansı peşəni seçərdiniz?
-Heç bu haqda düşünməmişəm. Yəqin ki, yenə də müəllimlik peşəsini seçərdim, çünki uşaqlıqdan oynadığım oyunlarda belə uşaqları bir yerə toplayıb “müəllimlik” edirdim.
- Tədris prosesində şagirdlərinizə
nələri tövsiyə edirsiniz?
-Şagirdlərimə hər zaman tövsiyə edirəm ki, hansı peşəni seçmələrindən asılı olmayaraq öz sənətlərini sevsinlər. Ölkəmizdə və ya xaricdə təhsil almalarına baxmayaraq, heç vaxt vətənlərini unutmasınlar. Öyrəndikləri yenilikləri və bilikləri ölkəmizin müxtəlif sahələrində tətbiq edərək onun daimi inkişafına töhfə versinlər.
- Heç olubmu ki, bu peşədən
yorulduğunuzu hiss edəsiniz?
-Bəli, hər müəllim kimi, peşəmdə yorulduğumu hiss etdiyim anlar olur. Uzun dərs günləri və fərqli tələbləri qarşılamaq bəzən enerji itkisinə səbəb olur. Amma şagirdlərimin dərsə olan marağını, suallarını, nailiyyətlərini və mənə olan sevgilərini gördükdə bu yorğunluq tezliklə keçərək yerini məmnuniyyət və sevinc hissinə verir.
- Yaxşı müəllim hansı
xüsusiyyətlərə sahib olmalıdır?
-Yaxşı müəllim yalnız dərs verən deyil, həm də şagirdlərinin həyatına təsir edən insandır. Yaxşı müəllim peşəsini sevən, geyim və davranış tərzi ilə nümunə göstərən, mehriban, gülərüz, ədalətli, daim öz üzərində çalışan və çəkilən əziyyətin nəticəsini görən, ən əsası isə şagirdlərinin sevgisini qazanan insandır.
-Fizika qanunlarını şagirdlərə
çatdırmaq sizdə nə kimi duyğular yaradır?
-Fizika bir çox insanlar üçün çətin anlayışlar, düsturlar və riyazi hesablamalardan ibarət bir fənn kimi başa düşülür. Lakin fizika həyatımızın hər anında qarşılaşdığımız hadisələri izah edir. Texnologiya, mühəndislik, tibb və digər sahələrdə fizikanın tətbiqini görmək mümkündür. Şagirdlərimə daim fənnimi həyatla əlaqələndirərək öyrədirəm.
- Sizcə, müəllim–şagird münasibətində
ən önəmli prinsip hansıdır?
-Müəllim şagirdə hər zaman şəxsiyyət kimi, öz övladı kimi və ən əsası insan kimi yanaşmalıdır. Müəllim–şagird münasibətində qarşılıqlı hörmət və əməkdaşlıq olmalıdır. Müəllim dərs zamanı müəllim-şagird münasibətini qorumağı, dərsdən kənarda isə şagirdinə dəstək olan bir dost olmağı bacarmalıdır. Şagirdlər arasında ayrı-seçkiliyə yol verməmək, hər birinə bərabər dərəcədə sevgi və diqqət göstərmək ən əsas prinsiplərdəndir.
- Müəllim kimi çəkdiyiniz zəhmət
və qarşılaşdığınız çətinliklərdən
sonra ən böyük mükafatınızı nə hesab
edirsiniz?
-Müəllim üçün ən dəyərli hiss uğur qazanmış şagirdlərin onu unutmamasıdır. Respublikada və dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan şagirdlərim mənimlə sosial şəbəkə vasitəsilə mütəmadi əlaqə saxlayırlar. Xaricdə təhsil alan şagirdlərim Azərbaycana qayıtdıqda hər zaman görüşürük. Onlar mənimlə oxuduqları ölkələrin təhsil sistemindəki yenilikləri bölüşürlər. Uğur qazanmış şagirdlərlə yeni şagirdlərim arasında da əlaqə yaradıram və onlar öz təcrübələrini bölüşərək digərlərinə motivasiya verirlər. Bir müəllim üçün bundan dəyərli nə ola bilər? Bu çox qürurverici bir hissdir və hər bir müəllimə bu hissi yaşamağı arzulayıram.
- Şagirdlərdə dərsə maraq
yaratmaq üçün hansı innovativ metodlardan və
müasir texnoloji alətlərdən istifadə edirsiniz?
-Dərslərimdə daim müxtəlif internet resurslarından və müasir texnoloji alətlərdən istifadə edirəm. Bu günün şagirdləri üçün texnologiya əsas motivasiya mənbəyinə çevrilib.“Klasnaya fizika”, “Colorado Phet” kimi fizika platformalarından, müxtəlif video resurslardan tez-tez istifadə edirəm. Promethean interaktiv lövhə vasitəsilə dərsləri həm maraqlı, həm də interaktiv şəkildə təşkil edirəm.
- Sizin fikrinizcə, müəllimlər və
məktəb mühiti şagirdin inkişafında hansı
rolu oynayır?
-Hesab edirəm ki, müəllim və məktəb mühiti şagirdin bilik və bacarıqlarının formalaşmasında əsas rola malikdir. Müəllimin dəstəyi şagirdin öyrənmə motivasiyasını artırır, məktəb mühiti isə onun təhlükəsiz və rahat bir şəraitdə şəxsiyyət kimi formalaşmasına kömək edir. Sağlam məktəb mühiti və peşəkar müəllim şagirdin həm akademik, həm də sosial–emosional inkişafının təməlini qoyur.
- Gələcək planlarınız və
şəxsi inkişaf məqsədləriniz nələrdir?
-Fizika müəllimi olaraq gələcək planlarım peşəkar bilik və bacarıqlarımı davamlı şəkildə təkmilləşdirməkdən ibarətdir. Bu məqsədlə mütəmadi olaraq yeni təlimlərə, beynəlxalq konfrans və seminarlara qatılıram. Dərslərimdə yeni tədris metodlarından, pedaqoji yanaşmalardan istifadə edir, fənnimlə bağlı yenilikləri müxtəlif internet resurslarından araşdıraraq şagirdlərimi də bu yeniliklərdən xəbərdar edirəm. Fənnimi tədris edərkən daha çox praktiki və layihə əsaslı dərslərdən istifadə etməyi planlaşdırıram. Bu, şagirdlərimin dərsə olan marağını daha da artıracaq və onların öyrəndiklərini real həyatda tətbiq etməsinə şərait yaradacaq.
- Müəllim olmaq istəyən gənclərə
əsas tövsiyəniz nədir?
-Müəllim olmaq istəyən gənclərə tövsiyəm odur ki, seçdikləri peşənin nə qədər dəyərli və şərəfli olduğunu dərk etsinlər, çünki cəmiyyətin inkişaf yolu məktəbdən başlayır. Biz müəllimlər bu yolu necə çəkəriksə, cəmiyyətin bünövrəsi də elə olacaq. Daim öz üzərlərində çalışsınlar və ali bir peşəyə sahib olduqlarını heç vaxt unutmasınlar.
- Son dərs gününüzü necə təsəvvür
edirsiniz?
-Həmin günün qürurverici və duyğusal bir gün olacağına əminəm. Şagirdlərimlə vidalaşmaq çətin olsa da, onların həyatında iz buraxmaq mənim üçün ən böyük xoşbəxtlik olacaq. Həmin gün müəllimlik yaddaşımda ən qiymətli xatirə kimi qalacaq.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 25 noyabr, ¹214.- S.6.