Zorakılığın “adiləşməsi”:
Bu təhlükəli prosesi necə dayandırmaq olar?
Cəmiyyətdə
aqressiyanın artması
təkcə fərdi problem deyil, sosial- psixoloji mühitin məhsuludur
Son illər
cəmiyyətdə aqressiv
davranışların və
ekstremal halların artması sosial psixoloji mühitin həssaslığını bir
daha gündəmə
gətirir. Fərdlərin
gündəlik həyatında
artan emosional yük, informasiya intensivliyi və sosial-iqtisadi dəyişikliklər
psixoloji sabitliyə birbaşa təsir edir. Bu proseslər
aqressiyanın yalnız
fərdi deyil, həm də kollektiv səviyyədə
formalaşan bir məsələ olduğunu
göstərir.
Mövzunun psixoloji əsaslarını, səbəblərini və mümkün həll yollarını daha dərindən anlamaq üçün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliynin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə həmsöhbət olduq.
-Son zamanlar artan aqressivlik və ekstremal halları necə qiymətləndirirsiniz?
Bunun psixoloji səbəbləri nədir?
-Cəmiyyətdə aqressiyanın
artması təkcə
fərdi problem deyil, sosial- psixoloji mühitin məhsuludur.
Yaşanan qeyri-sabitlik, iqtisadi və emosional gərginlik,
insanların gündəlik streslə baş etmə
bacarıqlarının zəif olması aqressiyanı “kənara
boşaltma”ya gətirib çıxarır. Eyni zamanda, ailədaxili
kommunikasiya problemləri, uşaqların tərbiyəsində
zorakı üsullar, emosiyaların sağlam ifadə
kanallarının olmaması bu halları qidalandırır.
Zorakılığın normal görünməyə
başlaması da davranış baryerlərini zəiflədir.
Yəni, problemin kökü həm sistemli, həm də fərdi
səviyyədədir.
-Sosial şəbəkələrin
və bəzi media
subyektlərinin zorakılığı təbliğ etməsi
real həyatda aqressiv davranışları
stimullaşdırırmı?
-Bəli, psixoloji tədqiqatlar göstərir
ki, zorakılığın bəzi media orqanlarında tez-tez
nümayişi aqressiv davranışın həm qəbul edilməsini,
həm də təkrar olunma ehtimalını artırır.
İnsan beynində “modelləşdirmə öyrənməsi”
deyilən mexanizm var. Yəni, müşahidə edilən
davranışlar daxili repertuara yazılır və uyğun
şəraitdə tətbiq olunur. Əgər zorakılıq
mediada cəzasız, hətta bəzən “cəsarət”,
“kişilik”, “status” kimi təqdim edilirsə, bu davranış
sosial baxımdan legitim görünməyə başlayır.
Sosial şəbəkələrdə belə kontentlərin
viral yayılması zorakılığa emosional həssaslığı
azaldır, onu normallaşdırır və davranış
baryerini zəiflədir. Əlbəttə, bu təsir hər kəsdə
eyni dərəcədə olmur — yüksək empati,
güclü ailə nəzarəti və sağlam şəxsiyyət
strukturu kimi qoruyucu faktorlar təsiri azaldır, lakin psixoloji zəif
zəmində olan fərdlər üçün media
aqressivliyin real tetikçisi rolunu oynaya bilir.
-Uşaqlıq travmaları
və zorakılığa
məruz qalma gələcək aqressivliyə necə təsir
edir?
-Uşaqlıq dövrü
beynin emosional və
davranış sistemlərinin formalaşdığı kritik mərhələdir.
Bu mərhələdə zorakılığa məruz qalmaq və
ya zorakılığın şahidi olmaq beynin “dünya təhlükəlidir
və güc yeganə müdafiə mexanizmidir” kimi disfunksional
şərhlər formalaşdırmasına gətirir. Belə
insanlar sonradan sosial situasiyaları neytral olsa belə təhlükə
kimi qavrayıb, qabaqlayıcı müdafiə kimi aqressiyadan
istifadə edirlər. Travma həm də empati qabiliyyətini zəiflədir,
impuls nəzarətini pozur və emosional tənzimləməni
çətinləşdirir — bu üç faktor birlikdə
kriminal davranış riskini yüksəldir.
Zorakılığı görən uşaq onu “effektiv problem
həlli üsulu” kimi öyrənir və sosial təkrarlama
mexanizmi işə düşür. Başqa sözlə,
çox zaman böyüklərin zorakı davranışı
gələcəyin zorakı böyüklərini “istehsal
edir”.
-Eyni şəraitdə böyüyən iki
insandan niyə biri aqressiv olur, digəri yox?
-Burada fərdi psixoloji faktorlar rol
oynayır: temperament, emosional tənzimləmə
bacarıqları, empati səviyyəsi, mənlik dəyəri,
ailədən və müəllimdən alınan emosional dəstək
fərqlidir. Eyni hadisə iki beynə eyni təsir etmir. Biri travmanı mənimsəyir və
kompensasiya mexanizmi tapır, digəri isə davranışla
boşaldır. Yəni, şəxsiyyət strukturu və
psixoloji dayanıqlıq aqressiyanın inkişafında əsas
ayırdedici faktordur.
-Aqressivlik cəmiyyətin psixoloji mühitinə necə
təsir edir?
-Zorakılıq təkcə
qurbanı deyil,
şahidi olanları da təhlükəsizlik hissindən məhrum
edir. İnsanlar özünü qoruma moduna keçir, güvən
azalır, sosial münasibətlərdə ehtiyatlılıq və
paranoya artır. Bu, uzun müddətdə kollektiv
narahatlıq, depressiv fon, sosial bölünmə və empati
çatışmazlığı yaradır. Belə
mühitdə psixoloji rifah aşağı düşür və
yeni zorakılıq halları üçün zəmin
yaranır.
-Zorakılığın “adiləşməsi” fenomeninə
yanaşmanız?
-Bu, psixologiyada “desensitizasiya” adlanır. Yəni, davamlı təkrar
qarşılaşma nəticəsində emosional reaksiyanın
kütləşməsi. İnsan qorxmağı və təəccüblənməyi
dayandırdıqca, davranışın qəbul baryeri
aşağı düşür. Bu adiləşmənin səbəbi
həm informasiya bolluğu, həm də insanlar
üçün emosional
özünüqatılaşdırmanın (özünü
qoruma mexanizmi kimi) zəruri hala gəlməsidir. Bu, cəmiyyət
üçün təhlükəli siqnaldır,
çünki normallaşan davranış təkrarlanmağa
meyllidir.
-Qarşısının alınması
üçün effektiv
preventiv addımlar hansılardır?
-Fərdi səviyyədə
emosional tənzimləmə,
qəzəb idarəsi və konflikt həlli
bacarıqlarının öyrədilməsi vacibdir. Valideyn səviyyəsində
uşağı zorakılıqsız intizam üsulları ilə
böyütmək, emosional dialoqu gücləndirmək
lazımdır. Məktəblərdə sosial-emosional təhsil
proqramları və zorakılığa sıfır
tolerantlıq mühiti təsirlidir. İcma səviyyəsində
isə media etikası, pozitiv model təqdimatı və
psixoloji dəstək xidmətlərinin əlçatanlığı
zorakılığın azalmasına ciddi təsir göstərir.
Yaqut Ağaşahqızı
İki sahil.- 2025.- 26 noyabr, ¹215.- S.7.